Müəllif: Sənan NADİROĞLU
İyunun 8-i və 9-da Azərbaycanda ikinci dəfə Hava Şarları Festivalı (“Balloon Festival”) keçirilib. Festival zamanı qonaqlar üçün konsert və əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub. Layihənin iştirakçılar üçün təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib.
Şamaxı səmasında
İyunun 8-də müxtəlif hava şarlarında festivalın əsas uçuşları olub. Bir neçə saat ərzində Şamaxı səması müxtəlif dizaynlı hava şarlarına bürünüb. Şamaxı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi festivalı iki gün ərzində minlərlə insan, o cümlədən turistlər ziyarət edib. Hava şarlarının uçuşlarını peşəkar xarici pilotlar yerli mütəxəssislərlə birgə həyata keçiriblər.
Şamaxıda hava şarları festivalı maraqlı anlarla yadda qalıb. Məhz festivala görə Şamaxı iki gün ərzində müxtəlif bölgələrdən çoxsaylı qonaq qəbul edib. Bura sözün əsl mənasında qələbəlik məkana çevrilib. Yüksək marağı nəzərə alaraq festivalın ənənəvi olacağı proqnozlaşdırılır.
Azərbaycanda ilk dəfə ötən il Şamaxıda Hava Şarları Festivalı baş tutub. Ötən il də tədbir turizm sektorunun inkişafına böyük təkan olub. Azərbaycanın müxtəlif regionlarından, o cümlədən xaricdən çoxlu sayda insan “Balloon Festival”ın qonağı olub.
Hava şarı gəzintiləri dünyanın hər yerində böyük maraqla qarşılanır. Hava Şarları Festivalını keçirməkdə əsas məqsəd turizmin inkişafına töhfə verməkdir. Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların aparıldığı yerə səfər edirlər.
Ən məşhur rekordlar
Hava şarı və ya aerostat - isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə, havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsidir. Hava şarını istifadə edən şəxsin peşəsi “şar pilotu” adlanır. Uçuş minimum 1 saat çəkir. Hava şarı səbəti şarın böyüklüyünə görə 12-16 arası sərnişin qəbul edə bilər.
İlk dəfə 1785-ci il yanvarın 7-də fransız aeronavt Jan-Pier Fransua Blanşar və onun amerikalı dostu, təbiətşünas Con Cefris Fransa ilə İngiltərəni ayıran La-Manş boğazı boyunca təhlükəli uçuşa başladılar. Onlar iki saatdan sonra İngiltərənin Duvr qalasından Fransanın Kale şəhərinə çatmağa bacardılar.
Məşhur Hava Şarları Festivalı sırasında olan və ABŞ-nin Albukerke şəhərində keçirilən festival ilk dəfə 1972-ci ildə baş tutub. Bu tədbir minlərlə iştirakçını cəlb edib və ABŞ-də ən böyük əyləncələrdən birinə çevrilib. Hava şarları ilə uçuşlar hazırda Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-d`O, Kanadanın Kvebek, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə də təşkil edilir.
1981-ci ildə “Double Eagle IV” Sakit okeanı keçən ilk hava şarı olub. Ben Abruzzo, Larri Nyuman, Ron Klark və yapon Rokki Aoki tərəfindən idarə olunan hava şarı 84 saat 31 dəqiqədən sonra Yaponiyanın Naqaşami şəhərindən ayrılaraq Kaliforniyadakı Mendosino Milli Meşəsinə enib. Bununla yeni məsafə rekordu müəyyən edilib: 5768 mil.
1987-ci ildə Atlantik okeanı üzərində ilk isti hava şarının uçuşu həyata keçirilib. Per Lindstrand (İsveç) və Riçard Branson (İngiltərə) 33 saatda 2900 mil uçaraq, isti hava şarları tarixində yeni rekorda imza atıblar. O vaxt o, ən böyük hava şarı idi. Onun tutumu 64 min kvadratmetr təşkil edib.
MƏSLƏHƏT GÖR: