19 Dekabr 2024

Cümə axşamı, 12:49

MƏRAKEŞSAYAĞI ÇAY MƏRASİMİ

Krallar şəhəri olan Rabatda gəzintiyə çıxa, dincələ və krallara layiq yeməklərin dadına baxa bilərsiniz

Müəllif:

15.06.2024

Rabat şəhəri. Atlantik okeanının sahilində yerləşən, ənənəvi Mərakeş mətbəxinin təqdim edildiyi “Dar Naji” restoranı. Azərbaycanla Mərakeş arasında dörd saat fərq var. Bu ölkəyə səfər edən zaman “Gələcəyə qayıdış” filmindəki kimi sanki əks-istiqamətdə sıçrayış edirsən. Ola bilsin ki, bu anlayış bu ölkənin özünə də uyğun gəlir: Afrikaya yollansanız da, bərbər mahnıları və rəqsləri, ədviyyatlı tajin, şirin nanə çayı və canlı Mərakeş mədəniyyətinin heyrətamiz sintezi ilə özünüzü Avropa Şərqində tapırsınız. Burada məni daim bu sual düşündürürdü: “Afrika istisi tam olaraq haradadır?”

 

Müstəqil bərbərlər

Mərakeşin paytaxtı zəngin tarixə malikdir. Rabat şəhərinin adı ərəb dilindən “möhkəmləndirilmiş monastır” kimi tərcümə olunur. Buranın görməli yerlərində finikiyalıların, karfagenlilərin, romalıların, bizanslıların, ərəblərin, portuqalların, ispanların, fransızların izləri var. Hələ ölkənin köklü əhalisi - bərbərlərin izlərindən danışmırıq. Onlar ticarət maraqları Aralıq dənizinə qədər uzanan Avropa xalqlarını üç yüz ildən artıq bir müddətdə dəniz quldurlarının hücumları ilə qorxu içində saxlayıblar. Avropalılar o dövrdə hər kəsə öz şərtlərini qəbul etdirirdilər. Lakin indi “qorxulu” bərbərlər (ölkə əhalisinin 50 faizi) texnologiya əsrində itmiş turistə hər an kömək etməyə hazır olan həssas mərakeşlilərə çevriliblər.

Rabatın 2,5 milyon əhalisi var. Şəhər yüz ildən artıqdır ki, paytaxt statusuna malikdir. 1912-ci ildən Mərakeşdəki Fransa administrasiyasının ilk başçısı Yuber Liotun təşəbbüsü ilə Mərakeşin paytaxtı Fez şəhərindən Rabata köçürülüb. “Ərəb məğribi”nə “avropalılığı” Mərakeşin 50 ilə yaxın Fransanın müstəmləkəsi olması verib.

Yerli əhali heç vaxt xarici nəzarətdən razı olmayıb və mərakeşlilər dəfələrlə silahlı mübarizəyə qalxıblar. Ötən əsrin 20-ci illərində Mərakeşin şimalında bərbər tayfalarının üsyanları xüsusilə geniş yayılmışdı: əvvəlcə ispanlara, sonra isə fransızlara qarşı. Bu üsyanlar amasızlıqla yatırılırdı.

Amma 20-ci əsrin 50-ci illərinin ortalarında mərakeşlilər müstəqillik hüquqlarını müdafiə edə bildilər. O vaxt milli azadlıq hərəkatının lideri Sultan Məhəmməd bin Yusif (V Məhəmməd) idi. 1953-cü il avqustun 20-də Fransa hökuməti bu arzuolunmaz hökmdarı əvvəlcə ailəsi ilə birlikdə Korsikaya, sonra isə Madaqaskara sürgün edib. Bununla Paris bu ölkədə hakimiyyətini gücləndirmək üçün hər cür tədbir görməyə hazır olduğunu göstərib. Lakin sürgündə olarkən devrilmiş Məhəmməd mərakeşlilər arasında getdikcə daha da populyarlaşıb.

Beləliklə, 1955-ci ilin oktyabrında baş verən azadlıq hərəkatı nəticəsində vəziyyətin gərginləşməsini istəməyən Fransa Məhəmməd bin Yusifi Mərakeş sultanı kimi tanımağa məcbur olub. Həmin ilin noyabrında isə yeni hökmdar Rabata gəlib. Noyabrın 18-də - Krallığın əsas milli bayramı – Taxt-Tac Günündə Sultana tac qoyulub və o, Mərakeş Krallığının sultanı kimi tanınıb. Məhəmməd bin Yusif Fransa rejiminin sona çatdığını və monarxiya sistemi altında demokratiyanın əsaslarının yaradıldığını elan edib. Bu günün şərəfinə Mərakeşdə bayram - Müstəqillik Günü təsis edilib. Mərakeşlilər həmin gün onların taleyində tarixi iz buraxmış hökmdarın xatirəsini xüsusi qürurla yad edirlər. Mərakeş 1956-cı il martın 2-də rəsmən müstəqillik qazanıb.

 

Rabatı görmək və yaşamaq

Rabat kölgəli prospektləri, yaşıl parkları və bağları, mənzərəli məhəllələri və zəngin tarixi abidələri ilə Bu-Reqreq çayının mənsəbində yerləşən gözəl, geniş şəhərdir. Möhtəşəm Rabat kral paytaxtı statusuna tam uyğun gəlir. Mərakeşin hazırkı hökmdarı VI Məhəmmədin ailəsi vaxtının çox hissəsini məhz burada keçirir.

Mötədil islam, Avropa intizamı, hamar yollar, rahat yol qovşaqları, tıxacların olmaması, sərfəli alış-veriş, rabatlıların sakit və ölçülüb-biçilmiş həyat tərzi buraya səfər edənlər üçün cənnət kimi görünür. Rabatda bir-iki gün qaldıqdan sonra artıq bu şəhərin “girovu”na çevrilirsən, çünki bundan sonra Mərakeşin paytaxtına dəfələrlə qayıtmaq istəyirsən. Əslində, bura iki mədəniyyətin - Avropa praqmatizmi və Şərq irrasionallığının harmonik birgəyaşayışının ideal nümunəsidir. Bu, ailə ilə səyahət etmək üçün ideal şəhərdir: orijinallıq, ab-hava, xoş insanlar, bir-birindən o qədər də uzaq olmayan, lakin bir-iki günə ziyarət edilə bilən görməli yerlər.

Mərakeşin rəsmi dilləri ərəb və bərbər dilidir. Müstəmləkəçiliyin mirası olan fransız dili isə hökumət və ticarət sahələrində geniş istifadə olunur. İngilis dili də geniş istifadə edilir. Buna görə də, məsələn, suvenir alarkən endirim əldə etmək üçün yerli sakinlərlə danışmaq zərurəti yaranarsa, turistlər özünü itirməməlidir. Üstəlik, bu zaman “Google Translate”dən də istifadə etmək mümkündür.

Avtobus və taksilərdən başqa, Rabatda ictimai nəqliyyatın diqqət çəkən məqamı 2011-ci ildə fəaliyyətə başlayan tramvaylardır: əla, effektiv, müasir sistem. Şəhərin 19 kilometrini əhatə edən iki əsas xətt var. Sistem, həmçinin Rabatı Sale şəhəri ilə birləşdirir. Tramvaylar və stansiyalar çox gözəl dizayn edilib. Gediş haqqı 6 dirhəmdir və bütün stansiyalarda bilet aparatları quraşdırılıb. Tramvaylar hər 20 dəqiqədən bir, həftənin hər günü səhər saat 6-dan axşam 10-a qədər işləyir. Hava limanı istisna olmaqla, paytaxtın əksər ərazilərinə tramvay sistemindən istifadə etmək olar. Ümumiyyətlə, nəqliyyat çox ucuzdur. Buna görə də gediş-gəlişdə heç bir problem yoxdur.

Şübhəsiz ki, yalnız Rabata səfər etməklə Mərakeşin bütün rəngarəngliyini görmək mümkün deyil. Amma orada bir həftə keçirən kimi turist bütövlükdə ölkə əhalisinin həyatı, adət-ənənələri, ümumi dinə görə azərbaycanlılara kifayət qədər yaxın olan xüsusiyyətləri haqqında səthi də olsa, müəyyən anlayışa malik olur. Yerli əhalinin söylədiyi kimi, okeana yaxın olduğuna görə Rabatın iqlimi ilboyu olduqca yumşaq və əlverişlidir.

Doğrudur, Mərakeş azərbaycanlılar arasında o qədər də populyar istiqamət deyil: birbaşa uçuşlar yoxdur və nəticədə, aviabiletlər bahadır. Amma Azərbaycanın Mərakeşdəki səfirliyi azərbaycanlıların bu gözəl ölkə, mərakeşlilərin isə ölkəmiz və mədəniyyətimiz haqqında biliklərini genişləndirməyə, həmçinin iki dövlət arasında ikitərəfli əlaqələri gücləndirməyə çalışır. Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovun “R+”a müsahibəsində dediyi kimi, bu əlaqələrin potensialı daim genişlənir.

- Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub, səfirliyimiz 2006-cı ildə açılıb. Aydındır ki, iki dövlət arasında ikitərəfli münasibətlərin əsası artıq mövcud idi. Azərbaycanın Mərakeşdə səfiri olmağınızdan bir ildən artıq vaxt keçir. Lakin yeni təyinat hər zaman növbəti mərhələyə bir növ təkandır. Azərbaycan-Mərakeş münasibətlərinin möhkəmlənməsi üçün konkret olaraq nə etmisiniz?

- Suala görə təşəkkür edirəm. Əvvəla səfirliyimizin işinə maraq göstərdiyinizə görə təşəkkür etmək istərdim. Azərbaycanın Mərakeşdəki səfirliyi həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Seneqal və Qambiyada akkreditə olunub. Bir il yeddi aydır ki, Azərbaycanın Mərakeşdəki səfiri vəzifəsində çalışıram və bu müddət ərzində məndə bu ölkə haqqında çox müsbət təəssürat yaranıb. Azərbaycana qarşı dost və tərəfdaşlıq siyasəti yürüdən Mərakeş hər zaman ölkəmizi dəstəkləyib və bu qarşılıqlıdır. Mərakeşli tərəfdaşlarla konstruktiv dialoq hər iki ölkənin maraqlarına uyğun aparılır.

Azərbaycan ilə Mərakeş arasında münasibətlər müsbət siyasi vektorda inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Kasablankaya səfəri və Mərakeşin keçmiş kralı II Həsənlə görüşü bu dostluq və tərəfdaşlıq əlaqələrinin əsasını qoyub. İki ölkə arasında ticarətin həcmi kiçik olsa da, iqtisadi əməkdaşlıqda qarşılıqlı maraq var və səfirliyimizin rolu bu marağı konkret fəaliyyətə çevirməkdən ibarətdir. Turizm, enerji, bərpa olunan enerji mənbələri, su sektoru, qarşılıqlı investisiyalar hər iki tərəfi maraqlandıran mövzulardır. Ölkələr arasında hökumətlərarası komissiya fəaliyyət göstərir. Onun sonuncu iclası ötən il Rabatda keçirilib. 2023-cü ilin fevralında isə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndə heyəti Mərakeşdə səfərdə olub və həmin ilin noyabrında Birinci Azərbaycan-Mərakeş Biznes Forumu keçirilib. Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Rabatda “Şuşa şəhəri günləri” keçirilib. Bu il digər tədbirlərin də keçirilməsi planlaşdırılır.

Ötən il rəsmi səfərlərlə zəngin olub və 2024-cü ilin altı ayı ərzində müəyyən qarşılıqlı səfərlər planlaşdırılır. 2023-cü ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova, ombudsman Səbinə Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin sədr müavini Adil Əliyev, həmçinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 10 müavini Mərakeşə səfər ediblər. Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi əl-Alami, ailə məsələləri üzrə nazir Autif Hayar, əmək naziri Yunes Sekuri və başqaları Azərbaycanda səfərdə olublar.

May ayında isə AZƏRTAC-ın rəhbəri Vüqar Əliyev, Audiovizual Şuranın rəhbəri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Mərakeşə səfər ediblər. Mərakeş Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara və mədəniyyət naziri Mehdi Bensaid Azərbaycana dəvət olunublar. Ümidvaram ki, bu səfərlər ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

- Bəs Azərbaycana Mərakeş, Mərakeşə isə Azərbaycan niyə lazımdır?

- Dost ölkələr nə qədər çox olarsa, hər bir dövlət üçün bir o qədər yaxşıdır. Azərbaycan və Mərakeş xeyli ortaq cəhətləri olan iki dost dövlətdir. Buraya oxşar ənənələr və vahid din daxildir. Üstəlik, hər iki ölkə sivilizasiyaların qovşağında yerləşir. Buna görə də əməkdaşlıq edə biləcəyimiz bir çox mövzu var. İslam həmrəyliyi və ərazi bütövlüyü məsələsi əməkdaşlığımızın əsasını təşkil edir. Azərbaycan Mərakeşin Afrika qitəsində, Mərakeş isə Azərbaycanın Qafqaz və Mərkəzi Asiyadakı nüfuzundan istifadə edə bilər. Bütün bunlar ölkələrimizin xarici siyasəti və inkişafı üçün əlavə imkanlar yaradır.

- Siyasət, iqtisadiyyat, turizm, mədəniyyət, təhsil sahələri arasında hansı daha əsasdır?

- Düşünürəm ki, bütün bu illər ərzində münasibətlərimizin əsasını təşkil edən siyasi əməkdaşlıq bundan sonra da ikitərəfli əlaqələrimizdə üstünlük təşkil edəcək. Mədəni komponent də siyasi dialoqu tamamladığı üçün çox vacibdir. Fikrimcə, turizm sahəsində əməkdaşlığın böyük potensialı var, çünki hər iki ölkə perspektivli turizm istiqamətləridir. Ölkələrimiz arasında məsafənin böyük olmasını, dil fərqini və diasporun olmadığını nəzərə alsaq, ən çətin sahənin iqtisadi əməkdaşlıq olduğunu söyləyə bilərik. Biz bunun üzərində işləyəcək və biznes strukturlarını cəlb edəcəyik.

- Yeri gəlmişkən, mövsüm başlamamış səyahət edən azərbaycanlıları maraqlandıracaq turizmlə bağlı bir sual var: Azərbaycandan Mərakeşə və əksinə turistlərin sayının artması üçün nə etmək lazımdır? Mərakeşlilər Azərbaycanla maraqlanırlarmı?

 

- Fikrimcə, ölkələr arasında turizmin inkişafı mövzusu əməkdaşlıq gündəliyində əsas mövzu ola bilər. Belə ki, artıq ölkələr arasında ümumvətəndaş pasport sahibləri üçün vizaların ləğvi ilə bağlı saziş imzalanıb. Hazırda birbaşa hava əlaqələrinin yaradılması imkanları müzakirə olunur. Ümid edirik ki, bu il ölkələr arasında turist mübadiləsi baxımından sıçrayış olacaq.

Qeyd edək ki, 2023-cü ildə Mərakeş 14,5 milyondan çox turist qəbul edib. Hər iki ölkədən turistlər səyahət etməyi və yeni istiqamətlər kəşf etməyi sevir və pul xərcləməyə hazırdırlar. Ötən il Mərakeşdən Azərbaycana 1740 turist səfər edib və bu da əvvəlki illə müqayisədə 31 faizlik artım deməkdir. Bu istiqamət dövlət və özəl sektorun birgə səyləri ilə inkişaf etdirilə bilər.

- Mərakeşdə Azərbaycan diasporunun olmadığını qeyd etdiniz...

- Bəli. Mərakeşdəki Azərbaycan icması çox kiçikdir və əsasən birgə nikahdan yaranan ailələr, ICESCO və səfirlikdə çalışan soydaşlarımız və onların ailə üzvləri, eləcə də bizneslə məşğul olan şəxslərdən ibarətdir. Azərbaycanlıların ümumi sayı 35 nəfəri keçmir. Səfirlik tərəfindən diasporla birgə Novruz bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər tədbirlər keçirilir. Ümumilikdə isə, Azərbaycanda təhsil almış və işləyən mərakeşliləri də Azərbaycan diasporuna daxil etmək olar. Onlarla işləmək səfirliyimiz üçün prioritetdir.

 

Haşiyə:

Azərbaycan səfirliyi Mərakeş üslubunda inşa edilmiş villa-riadda, Rabatın çox gözəl və prestijli küçəsində - “Ulad Səid”də yerləşir. İnsan burada olarkən Aralıq dənizi mədəniyyətinin, islam, Əndəlüs və Məğrib təsirlərinin kəsişməsində yaranan üslubda inşa edilmiş bu ənənəvi şərq malikanəsinin incə detallarına baxmaqdan yorulmur. Burada həmçinin tağlar - islam memarlığının bu elementi Mərakeşdə xüsusilə geniş istifadə olunur, ənənəvi mozaika - zəlic də var. Bu tağlar binanın daxili dekorasiyasındadır, çoxlu altıbucaqlı və səkkizguşəli elementlərdən ibarətdir və radial naxışlar yaradır. Məlum olduğu kimi, islamda heyvan və insan təsvirinə icazə verilmir. Buna görə Mərakeş plitələri çiçək və həndəsi naxışlarla zəngindir. Burada xüsusi riyazi alqoritmlər və çalarların birləşməsindən yaradılan mürəkkəb simmetrik nümunələrə rast gələ bilərsiniz. Ən çox yayılmış Mərakeş dizaynları abstrakt çiçəklər və altıbucaqlı ulduzlar, həmçinin həndəsi formaların müxtəlif kompozisiyalarıdır.

Azərbaycan səfirliyinin daxili interyerində də görünən digər sevimli Mərakeş motivi radial ornamentli rozetdir. Bu, malikanənin tağ-tavanını bəzəyir və qızıl mücrünün qapağına oxşayır. Yapma üsulu ilə hazırlanmış naxışlar ustanın əlindəki ucuz materialın necə qiymətli krujevaya çevrilə biləcəyinin parlaq nümunəsidir.

 

Məğrib sehri

Rabat şəhərinin tarixi eramızdan əvvəl III əsrə qədər uzanır. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş şəhərdə nə qədər qədim tikililərin və binaların olduğunu təsəvvür etmək olar. Ancaq Rabatın görməli yerləri arasında əsasları hələ də fərqlənir: Mədinə, Kasba Udaya qalası, Əndəlus bağı, V Məhəmmədin məqbərəsi, “Həsən” minarəsi və Şell nekropolu.

Rabatın Mədinəsini ziyarət etmək yerli sakinlərin səs-küylü və hadisələrlə dolu həyatının bir hissəsi olmaq deməkdir: hər şey hərəkətdədir, səs-küy, gurultu. Burada hər şey əsrlər əvvəl olduğu kimidir, həyat sanki donub. Müasirlik bu inanılmaz labirintlərə çox az təsir göstərib. Mədinə şəhərin qədim hissəsidir. Buranın ciddi konstruksiyası var: məscidi, bazarları, eləcə də sakinlərin məskənləri. Bura şəhərin şimal hissəsində yerləşir və 12-ci əsrə aid qala divarı ilə qorunur. Şəhərin bu hissəsinə ictimai nəqliyyatla “Bab Chellah” və “Medina Rabat” dayanacaqları vasitəsilə çata bilərsiniz. Mədinənin səs-küylü bazarlarında, demək olar ki, hər şey ala bilərsiniz: ipək, qızıl, zinət əşyaları, ədviyyatlar, şirniyyatlar, kosmetika, paltar və s. Burada interyer əşyaları da satılır. Buraya əsl dəridən hazırlanmış şərq pufları, çarpayılar, yundan və krujevadan xalçalar, rəngli və ya vitrajdan, oyma metaldan və ağacdan hazırlanmış müxtəlif həndəsi formalı lampalar və kulonlar daxildir. Düzdür, keyfiyyətə yalnız alıcının özü cavabdehdir. Odur ki, ehtiyatlı olun və aldanmamağa çalışın.

Qeyd edək ki, Mədinə 20-ci əsrdə Rabat Fransanın müstəmləkə paytaxtına çevrilənə qədər bütün şəhəri əhatə edirdi. Bu, paytaxtın nə üçün gözəl qorunan qədim şəhərə, həmçinin yaxşı planlaşdırılmış, geniş fransız şəhəri – “Ville Novelle”yə (yeni şəhər) sahib olduğunu izah edir. “Ville Novelle”də isə monumental binalar, müasir kafe və hipermarketlər, kənarlarında palma ağacları olan prospektlər var.

 

Ardı var...

 



MƏSLƏHƏT GÖR:

65