19 Dekabr 2024

Cümə axşamı, 12:49

ETİMAD İNDEKSİ

Azərbaycanda sığorta sektorunun bundan sonra da ildə azı 10% artacağına əmindirlər

Müəllif:

01.07.2024

Azərbaycanın sığorta sektoru kifayət qədər böyük artım templəri nümayiş etdirir. Vaxtilə itirilmiş imkanların kompensasiyası üçün inamlı addımların atıldığı göz önündədir. Son 3 ildə Azərbaycanın sığorta sektorunun məcmu aktivlərində artım 34,2%, məcmu kapitalında isə 7,7% təşkil edib. Tənzimləyici bu il bazarın daha 10-15% artacağını gözləyir. Belə ki, 5 aylıq məlumatlara əsasən bu hədəfə nail olunacağını deyə bilərik. Əsasən icbari sığorta növlərinə “stavka” edilib, lakin yeni məhsullar artıq müəyyən nəticələr verir. Həm tənzimləyici, həm də bazar iştirakçıları bu sahədə etimadın artmasını əsas uğur amili hesab edirlər. Onlar Bakıda keçirilən 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” - AIIF-2024) məhz bu göstəricinin daha da yaxşılaşdırılmasının yollarını müzakirə ediblər.

 

Tənzimləyicinin prioriteti

Bu sahənin inkişafını müəyyənləşdirən amillər kimi sığortada risk əsaslı nəzarətin təmin edilməsi və sığorta şirkətlərində korporativ idarəetmənin təşkili istiqamətində mühüm tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir.

Qısa dövr ərzində sığortaçıların investisiya fəaliyyətinin tənzimlənməsi, təkrarsığorta fəaliyyətinin təkmilləşdirilməsi, sığorta ehtiyatlarının formalaşdırılması, həmçinin bu sahədə müstəqil ekspert institutunun gücləndirilməsi istiqamətində işlər aparılıb. Müştərilərə ədalətli münasibətin təmin edilməsi üçün xidmət infrastrukturu təkmilləşdirilib, cəmiyyətdə sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib.

“Satış kanallarının genişləndirilməsi, normativ-institusional vasitələrlə könüllü sığortanın innovativ növlərinin təşviqi, icbari sığortanın mexanizmləri təkmilləşdirilir. Bundan başqa, sığorta və istehlakçıların hüquqlarının müdafiəsi üzrə vahid məlumat mənbələrinə çıxış gücləndirilir”, - Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov forumda bildirib.

“Görülən işlər nəticəsində bu sahədə etimad indeksinin 66%-dən 80%-ə yüksələcəyini gözləyirik. Üstəlik, biz adambaşına düşən ümumi sığorta haqqını hazırkı 121 manatdan 195 manata, yəni 61% artırmaq niyyətindəyik”, - o əlavə edib.

T.Kazımovun sözlərinə görə, bu gün maliyyə sektorunun digər sahələrində olduğu kimi sığortada da innovasiyaya əsaslanan biznes modelindən istifadə edilir və onun məqsədi müştəri yönümlü optimal qiymətlə maksimum keyfiyyətin təmin edilməsidir: “Müasir texnologiyaların tətbiqi nəticəsində sığorta xidmətlərinin əlçatanlığı genişləndirilir və yüksək müştəri məmnuniyyəti təmin edilir. Bu sektorda innovativ həllərdən istifadə həm də xərclərin optimallaşdırılmasına imkan yaradır”.

Cari göstəricilərin yaxşılaşmasına ümid yaradan mühüm amil Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminin tətbiqinə başlamasıdır. Bununla maliyyə sektorunun innovativ potensialını dəstəkləmək və potensial riskləri preventiv formatda səmərəli şəkildə idarə etmək nəzərdə tutulur.

T.Kazımovanın fikrincə, müsbət dinamikaya baxmayaraq, bazar imkanları yüksək olaraq qalır. Bununla əlaqədar sığortanın inkişafı və onun müasir tələblərə uyğunluğunun təmin edilməsi Mərkəzi Bankın strateji prioritetləri sırasındadır.

Qanunvericilik təşəbbüslərinin tərkib hissəsi kimi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ilə sığorta məhsullarının yayılması kanallarının genişləndirilməsi, icbari və könüllü sığorta növlərinin təsir səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur. Bu təşəbbüslərə rəqəmsal transformasiyanın həyata keçirilməsi də daxildir.

“Bu gün sığorta bazarımız böyüyür, lakin qlobal bazarlarda olduğu kimi müəyyən zəruri istiqamətlər üzrə islahatları bizim də davam etdirməyimizə böyük ehtiyac var. Bu zəruri tələblər sırasında ilk yeri rəqəmsallaşma və elektron innovasiyalar tutur ki, bu da əlçatan və keyfiyyətli xidmətin təmin olunmasında əvəzolunmaz vasitədir. Digər istiqamət məlumat bazasıdır. məlumat bazası zəngin olan bazar iştirakçısı hər zaman bir addım öndədir. Daha sonra biz bu sırada informasiya təhlükəsizliyini vurğulaya bilərik. Biz sektor olaraq rəqəmsal mühitdə böyük həcmli informasiyalarla işləyirik. Məhz buna görə də kiberdayanıqlılığın təmin olunması bizim başlıca məqsədimizdir”, - “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova bildirib.

Bazar iştirakçıları xüsusilə sığorta sahəsini rəqəmsallaşdırmaq üçün səylərə ehtiyac olduğunu vurğulayırlar. “Rəqəmsallaşma və rəqəmsal optimallaşdırma 20-30 ildir müzakirə olunur. Süni intellekt bu gün populyarlığının zirvəsində olsa da, rəqəmsallaşma məsələləri bütün dünyada sığorta şirkətləri üçün ciddi məsələ olaraq qalır”, - aparıcı sığorta şirkətlərindən birinin rəsmisi Murad Məmmədzadə bildirib.

Həqiqətən də, müasir dünyada effektiv rəqəmsal həllərin mövcudluğu şirkətlər üçün rəqabət baxımından üstünlük yaradır və müştərilərin gözləntilərinə cavab verir. Bazar iştirakçıları hesab edirlər ki, lakin yaxın illərdə rəqəmsal transformasiya həyata keçirilməsə, bu, istehlakçıların narazılığına səbəb ola bilər. 

“COVID-19 pandemiyasından sonra, xüsusən də gənclər arasında sığorta şirkətləri ilə qarşılıqlı əlaqə yaratmaq məqsədilə rəqəmsal kanallardan istifadənin artması tendensiyasını müşahidə etməyə başladıq. Onlar telefon danışıqlarına və üzbəüz görüşlərə deyil, rəqəmsal ünsiyyət üsullarına üstünlük verirlər. Beləliklə, indi yüksək keyfiyyətli rəqəmsal həllərin olması rəqabət üstünlüyünü təmin edir. Odur ki, gələcəkdə onların olmaması müştərilərin narazılığına səbəb olacaq. Biz bu dəyişiklikləri nəzərə almalı və onlara aktiv şəkildə uyğunlaşmalıyıq”, - M.Məmmədzadə əlavə edib.

 

Yeni növlər

Son 2-3 ildə Azərbaycanda meydana gələn, dövlət səviyyəsində dəstəklənən yeni sığorta növləri bütövlükdə bu sahəyə diqqəti artıran amillərdən birinə çevrilib.

Bu yeniliklərin əsasında, əlbəttə ki, icbari tibbi sığorta dayanır. Onun sayəsində hər bir ölkə vətəndaşı sözün əsl mənasında sığorta xidmətlərinin istehlakçısına çevrilib. Hər bir yenilik kimi icbari tibbi sığorta da bir tərəfdən narazılıq və problemlərlə, digər tərəfdən müsbət nəticələrlə zəngin çətin yoldan keçir.

Yeri gəlmişkən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə görə, ölkədə tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinin əsasını icbari tibbi sığortanın maliyyə dayanıqlılığının tam təmin olunması təşkil edir. Maliyyələşmə mənbələrini təhlil edərkən aydın olur ki, bu sığorta növünün əhəmiyyətli bir hissəsini dövlət büdcəsindən və İcbari Tibbi Sığorta Fondundan ayırmalar təşkil edir.

“İcbari Tibbi Sığorta Fondunun maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir. Bu istiqamətdə mövcud qanunvericiliyə də dəyişikliklər edilir”, - Z.Əliyev əlavə edib.

Onun sözlərinə görə, dövlət tərəfindən bu sahəyə göstərilən diqqətin göstəricisi son illərdə dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan vəsaitlərin artırılmasıdır.

“Bütün bunlar bizə tibbi xidmətlərin keyfiyyətini və çeşidini yaxşılaşdırmağa imkan verir. Keçən il uzun müddətdir ki, təklif edilən qaraciyər, böyrək və sümük iliyi transplantasiyasını, həmçinin digər bahalı cərrahi əməliyyatları icbari tibbi sığortaya daxil etdik. Nəticədə, əhalinin tibbi xidmətlərə, xüsusilə də bahalı cərrahi əməliyyatlara əlçatanlığı artıb”, - Z.Əliyev vurğulayıb.

Bu gün icbari tibbi sığorta 3300-dən çox tibbi xidmətdən pulsuz istifadə etməyə imkan verir.

Son illərdə sığorta sektorunda digər inqilabi yenilik ölkədə kənd təsərrüfatı sığortasının tətbiqi olub. Kənd təsərrüfatında risklərin yüksək dərəcəsini nəzərə alsaq, bu proses də kifayət qədər mürəkkəb və problemli idi. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, yaxın gələcəkdə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi, iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirinin minimuma endirilməsi məqsədilə daha innovativ sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, dünyada müşahidə olunan qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinə mənfi təsiri artırır. Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması və ya qeyri-normal paylanması, daşqınlar və sürüşmələr, davam edən torpaq eroziyası və şoranlaşma bu sahə ilə bağlı ciddi problemlər yaradır. Azərbaycan hökuməti də ekoloji cəhətdən təmiz kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. Ekoloji təmiz kənd təsərrüfatı və bağçılıqda müasir texnologiyalardan istifadə təşviq edilir.

Bu sahənin dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm məsələlərdən biri də kənd təsərrüfatının sığortası mexanizmidir.

“Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb. Ölkəmizdə aqrar sığorta sistemi qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Belə ki, məhsulları Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətlərinin birgə sığortalaması investisiya risklərini azaldır, fermerlərə dövlət dəstəyini gücləndirir, məşğulluğa müsbət təsir edir, ərzaq təhlükəsizliyinə töhfə verir və sığorta bazarını gücləndirir. Bu baxımdan ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir”, - M.Məmmədov söyləyib.

Azərbaycanda kənd təsərrüfatı sığortası modelinin əsas xüsusiyyətlərindən biri onun kifayət qədər geniş tətbiq dairəsinə malik olmasıdır. Fermerlərə 41 bitki növü üzrə 14, heyvandarlıq üzrə 8 riskdən sığorta təklif olunur. Təklif olunan xidmətlər ölkədə fəaliyyət göstərən fermerlərin 96%-nə xidmətlərin əlçatanlığını təmin edir. Hazırda ölkənin kənd təsərrüfatı sahəsinin 25%-i sığortalanıb. Fermerlərə ödənilən kompensasiyalar ildən-ilə artır. Bu amil zərər görən fermerlərə fəaliyyətlərini bərpa etməyə və fasiləsiz davam etdirməyə imkan verir.

Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov isə bildirib ki, Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin sığortalanmış hissəsini hazırki 25%-dən 31%-ə çatdırmaq planlaşdırılır: “Biz iqlim dəyişikliyinin təsirinə həssas olan əlavə kənd təsərrüfatı ərazilərini sığortalamağı planlaşdırırıq. Bu təşəbbüslər quraqlıq kimi risklərin mənfi nəticələrini azaltmaqla fermerlər üçün hərtərəfli müdafiə təmin etməyi hədəfləyir”.

O, həmçinin qlobal proqnozlar nəzərə alınmaqla fermerlərin son illərdə üzləşdiyi təbii amillərlə bağlı risklərin gələcəkdə daha da artacağını diqqətə çatdırıb.

 

İqlim dəyişiklikləri

Bu gün iqlim dəyişikliyi mövzusu sığorta sektoru üçün olduqca aktualdır. Bu problem təkcə fermerləri deyil, həm də həyatın digər sahələrinin nümayəndələrini dəstəkləmək üçün yeni mühüm qərarlar qəbul etməyə vadar edir, çünki onların yaxın gələcəkdə ciddi problemlərlə üzləşəcəyi proqnozlaşdırılır.

“Dünya sığorta sənayesində olduğu kimi bizi də dərindən düşündürən daha bir mövzu məhz ekoloji mühit, yaşıl dünya və iqlim dəyişikliyi anlayışıdır. Dünya ölkələrinin nüfuzlu təmsilçiləri bu mövzunu bu ilin sonunda COP29 çərçivəsində məhz Azərbaycanda müzakirə edəcəklər”, - Ülviyyə Cabbarova deyib.

Yeri gəlmişkən, İsveçrənin “Swiss Re” təkrarsığorta şirkətinin vitse-prezidenti Gepa Yansen-Klaus hesab edir ki, yaxın 10 ildə sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərcləri iki dəfə arta bilər.

O, qeyd edib ki, son 30 ildə təbii fəlakətlərlə bağlı sığorta ödənişləri cəmi 30% artıb: “Ancaq dünyada iqlim dəyişikliyi getdikcə daha geniş yayılacaq. Təhlillərimizə görə, keçən il iqlim dəyişikliyi Asiya və Şimali Amerikanın 36 ölkəsinə ciddi təsir göstərib. Təbii fəlakətlər bu ölkələrə təqribən 200 milyard dollara başa gəlib. Məsələn, Türkiyə və Suriyada baş verən zəlzələlərin iqtisadi ziyanı 8 milyard dollara çatıb və bu zərərlərin 90%-i sığorta olmadığı üçün ödənilməyib”.

Bir sözlə, sığorta sektoru bazarının uzun müddət ərzində dayanıqlı və sabit artım templəri əldə etməsi üçün bu sahə ilə bağlı bu gün mövcud çağırışlar çərçivəsində hətta qısamüddətli inkişaf strategiyası qurulmalıdır.


MƏSLƏHƏT GÖR:

67