Müəllif: Leyla ZEYNAL
Azərbaycanla Pakistanı uzun illərdir qardaşlıq əlaqələri bağlayır. Azərbaycanın müstəqilliyinin Türkiyənin ardınca ikinci olaraq tanımış ölkə məhz Pakistan olub. O vaxtdan 30 ildən artıq zaman keçir və bu dövrdə Bakı ilə İslamabad arasında ikitərəfli əməkdaşlıq davamlı olaraq inkişaf edib və dərinləşib. Bu, özünü müxtəlif çoxtərəfli platformalarda, xüsusilə BMT və İslam Əməkdaşlığı Təşkilatında da gösttərib.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin İslamabada səfərini heç bir şişirtməyə yol vermədən, tarixi səfər adlandırmaq olar. Pakistanlılar Azərbaycan liderini mehribanlıqla qarşılamaq üçün əllərindən gələni etmişdilər. Dövlət başçısının təyyarəsi Pakistanın hava məkanına daxil olar-olmaz, xüsusi hörmət olaraq onu Pakistan Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar qarşılayıb və eniş anınadək müşayiət edib.
Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif bildirib ki, İlham Əliyevin İslamabada bu səfəri «vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək».
Qarşılıqlı dəstək
İlham Əliyev ilə Şahbaz Şərif İslamabadda apardıqları danışıqlar zamanı Pakistanla Azərbaycan arasında strateji tərəfdaşlığın olduğunu təsdiqləyib, müdafiə və təhlükəsizlik sahəsində sıx əməkdaşlıqdan məmnunluqlarını bildirib, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatını unikal adlandırıblar.
«Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq», - deyə baş nazir İlham Əliyev ilə mətbuata birgə bəyanatları zamanı bildirib.
Ölkəsinin Bakının Qarabağla mövqeyinə dəstəyinə toxunan Şərif Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədə qazandığı qələbəni ədalətin təntənəsi adlandırıb.
Prezident İlham Əliyev isə öz növbəsində, Azərbaycanın Cammu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyini ifadə edib, BMT Təhlükəsizlik Şurasının bu dəfə kəşmirlilərlə bağlı qətnamələrinin icra olunmadığına diqqət çəkib. «Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalıb, pozulub. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur», - deyə dövlət başçısı qeyd edib.
Bu gün Bakı-İslamabad münasibətlərində bir neçə perspektiv əməkdaşlıq istiqamətlərini ayırmaq olar. Onların arasında hərbi-siyasi və ticarət-iqtisadi, həmçinin turizm sahələri xüsusi yer tutur.
15 yeni razılaşma və 2 milyard dollar investisiya
Təəssüf ki, əməkdaşlığın iqtisadi tərəfi siyasi əlaqələrlə müqayisədə ciddi şəkildə geri qalır, mövcud potensiala cavab vermir. Halbuki münasibətlərin əsası hələ 1995-ci ilin payızında iki ölkə arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq sazişinin, həmçinin dövlət səviyyəsində birgə komissiyanın yaradılmasına dair protokolun imzalanması ilə qoyulub.
Buna baxmayaraq, bu gün qarşılıqlı ticarət həcmi yüksək deyil və Ş.Şərifin sözləri ilə desək, heç 100 milyon dollar olmayan bu dövriyyə «birgə investisiyalar, qarşılıqlı fayda verən birgə əməkdaşlıq sahələrində bizim dostluğumuzun, qardaşlığımızın gücünü əks etdirmir».
Enerji sahəsində əməkdaşlıq da çox irəli getməyib və SOCAR tərəfindən Pakistana mayeləşdirilmiş qaz ixracı ilə məhdudlaşır.
Bu vəziyyət tərəfləri qane etmir və bunu hər iki ölkənin lideri açıq şəkildə dilə gətirib. Görüş nəticəsində əldə olunmuş və vəziyyəti kökündən dəyişəcək razılaşmalar da bunun təsdiqidir. Azərbaycan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi də bu mənada, çox şeydən xəbər verir: müdafiə naziri, müdafiə sənayesi naziri, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, həmçinin xarici işlər nazirinin müavinləri. İslamabadda hansı məsələlərin müzakirə olunduğunu elə bu tərkibə nəzər salmaqla təxmin etmək mümkündür.
Səfər çərçivəsində imzalanmış sənədlərin sayı da öz yerində. Söhbət müxtəlif sahələrdə əməkdaşlığa dair 15 razılaşmadan gedir: konsulluq münasibətləri, özəlləşdirmə, tranzit və preferensial ticarət, mineral resurslar və geologiya, mədəni mübadilə və ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları, tele-radio yayımı, elmi-texniki əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafı və s.
Bu kontekstdə Azərbaycanla Pakistanın ticarət sahəsində əməkdaşlığı ciddi şəkildə dərinləşdirmək cəhdlərini təsdiqləyən razılaşmalar xüsusi vurğulanmalıdır. Bununla əlaqədar olaraq, hər iki ölkənin işgüzar dairələrində canlanma var. Pakistanın baş naziri əbəs yerə deməyib ki, güzəştli və tranzit ticarəti ilə bağlı razılaşma, həmçinin imzalanmış digər razılaşma və protokollar «ikitərəfli ticarətin sürətlə genişləndirilməsi niyyətinin göstəricisidir».
Şərif bildirib ki, İlham Əliyev ilə danışıqlarda ilkin mərhələdə qarşılıqlı faydalı layihələrə 2 milyard dollar investisiyanın yatırılması müzakirə olunub və tərəflər bununla bağlı sənədləri noyabrda Bakıda imzalamağı düşünürlər. Baş nazir həmin vaxt COP29-da iştirak üçün Azərbaycana gəlməyi planlaşdırır.
«Bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq üçün hər iki tərəfin böyük potensialı var. Əminəm, hər iki tərəf, xüsusilə Pakistan tərəfi qardaş ölkəmiz olan Azərbaycanın bu sürətinə çatmaq üçün gərgin işləyəcək ki, biz bu müzakirəni həqiqi fəaliyyətə çevirə bilək», - deyə Ş.Şərif qeyd edib.
Azərbaycan Prezidenti isə deyib ki, müzakirələr zamanı enerji, infrastruktur rabitə, müdafiə sənayesi və s. sahələrdə layihələr nəzərdən keçirilib: «Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq».
Prezident bildirib ki, ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən edilib: «Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq».
İki ölkə liderlərinin birgə bəyanatından bir maraqlı fakt da ortaya çıxıb: Azərbaycan tərəfi İslamabadın abadlaşdırılması planını hazırlayaraq Pakistan hökumətinə təqdim edib (Pakistan mediasının məlumatına görə, Ş.Şərif onu “bərpa planı” adlandırıb) və hətta bu istiqamətdə fəaliyyətə başlayıb.
Cəlbedici təkliflər
İlham Əliyevin İslamabada səfəri ərəfəsində Pakistan mətbuatında bir sıra maraqlı faktlar yer alırdı. Məsələn, Pakistan Neft Departamenti Azərbaycanla əməkdaşlıq üçün müxtəlif potensial layihələr və sahələri özündə əks etdirən təkliflər hazırlayıb. Onların arasında yerin altında qaz ehtiyatının saxlanılması, «White Oil Pipeline» neft boru xətti, mayeləşdirilmiş qaz infrastrukturu, «Pakistan Refinery Limited»də (PRL) iştirak payı, mis və qızıl hasilatı, Pakistan State Oil (PSO) ilə SOCAR arasında birgə müəssisənin yaradılması, dənizdə və quruda kəşfiyyat bloklarına Azərbaycanın investisiya qoyması kimi layihələr var.
Telekommunikasiya sahəsində əməkdaşlıq isə o cümlədən Azərbaycanda IT kampusların yaradılması imkanlarının öyrənilməsini nəzərdə tutur. Bununla yanaşı, ticarətin Pakistandan Azərbaycana əczaçılıq məhsulları və smartfonların idxalı ilə də artırılması planlaşdırılır. Eyni zamanda mal-qara üçün yem bazalarının yaradılması, korporativ fermerçilik və Azərbaycana düyü və taxıl ixracı sahəsində layihələr də nəzərdən keçirilir.
Pakistanın federal neft və su resrusları naziri Musadik Malik özəl kanallardan birinə müsahibəsində Azərbaycanın neft və qaz daxil, mineral resurslara böyük marağından danışıb, mayeləşdirilmiş təbii qaz sektoruna investisiyaların artırılması planlarından söz açıb.
Yeri gəlmişkən, İlham Əliyevin İslamabada səfəri çərçivəsində iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığa dair ayrıca müzakirə energetika naziri Pərviz Şahbazovun Musadik Malik ilə görüşündə də davam etdirilib. Pakistan tərəfi ticarət və investisiya sahəsində münasibətlərin yaxşılaşdırılması imkanlarını göstərən xüsusi təqdimat edib. Bildirilib ki, İslamabad regionda bazarların şaxələndirilməsində, Mərkəzi Asiyadan Avropaya uzanacaq iqtisadi dəhlizlərdə (güman ki, söhbət «Orta dəhliz»dən gedir – «R+») iştirakda maraqlıdır.
M.Malik bildirib ki, iki ölkənin mədən sənayesi, xüsusilə mis və qızıl hasilatı sahəsində böyük investisiya potensialı var. İslamabadda hesab edirlər ki, Azərbaycan dağ-mədən sənayesi sahəsində böyük təcrübəyə malikdir və bu istiqamətdə birgə fəaliyyət üçün səylərin birləşdirilməsi yaxşı nəticələr verə bilər.
Federal energetika naziri Sərdar Avays Xan Leqari isə enerji sektorunda Azərbaycan investisiyalarının böyük gəlir gətirə biləcəyi istiqamətlərindən danışıb.
Pakistan hökumətinin rəsmi məlumatında bildirilir ki, görüş son dərəcə uğurlu alınıb: «Azərbaycan tərəfi Pakistanın ticarətin genişləndirilməsi ilə bağlı verdiyi təkliflərin icrası istiqamətində işə başlamaq niyyətini ifadə edib, bununla əlaqədar olaraq, iki ölkə arasında işçi qrupların fəaliyyətinin gücləndirilməsi qərara alınıb. Tərəflər məsul şəxslərin təyin olunması, layihələrin qısa siyahısının hazırlanması və onların təsdiqlənməsi üçün ən tez bir zamanda rəhbərliyə təqdim edilməsinə dair razılığa gəlib».
Pakistan Xarici İşlər Nazirliyi isə Prezident İlham Əliyevin İslamabada səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığın katalizatoruna çevriləcəyini bəyan edib.
Güman ki, belə də olacaq. Əldə olunmuş razılaşmalar kağız üzərində çox qalmayacaq və yaxın gələcəkdə praktiki icra mərhələsinə qədəm qoyacaq.
MƏSLƏHƏT GÖR: