19 Dekabr 2024

Cümə axşamı, 12:50

KƏDƏRLİ YUBİLEY

Sammit Ukrayna münaqişəsi ilə bağlı dəqiq strategiyanı yenə də müəyyənləşdirə bilmədi

Müəllif:

15.07.2024

NATO-nun Vaşinqtonda keçirilən yubiley sammiti heç də yubiley əhvali-ruhiyyəsində keçməyib. Alyansın bir sıra üzvlərinin liderləri partiyalarının Avropa Parlamentinə seçkidə uğursuzluğa düçar olması, öz ölkələrində isə siyasi nüfuzunu itirməsi fonunda bu sammitə daha zəif mövqedə qatılmışdı. Sayca daha az olan, lakin səsləri daha yüksək çıxmağa başlayan digər iştirakçılar isə gündəmdə olan əsas məsələ – Ukrayna münaqişəsi ilə bağlı strategiyanın müəyyənləşdirilməsi işində müstəqil addımlar atmaq qərarına gəlmişdilər. Üstəlik, toplantı Alyansın özündə rəhbərlik dəyişikliyi ilə üst-üstə düşmüşdü. Odur ki, sammitdən kimsə birmənalı qərarlar gözləmirdi.

 

Yubiley «hədiyyə»si

Sammit ərəfəsində – iyulun 8-də Rusiya qoşunları Kiyevə və Ukraynanın bir sıra digər şəhərlərinə ard-arda zərbələr endirib. Görünən odur ki, hədəf həyati əhəmiyyətli enerji infrastrukturu olub. Nəticədə, Kiyevin Holoseyev və Şevçenko rayonlarında transformator yarımstansiyaları dağılıb və ya ciddi ziyan görüb, həmçinin elektrik şəbəkələri sıradan çıxıb. Paytaxtdakı hərbi zavoda da zərbələrin endirildiyi deyilir. Bununla yanaşı, Ukrayna mətbuatı sosial infrastruktur obyektləri və yaşayış evlərinin də dağıldığını xəbər verir. Məsələn, aviareyd nəticəsində Kiyevin «Oxmatdet» xəstəxanası zərər görüb, iki nəfər həlak olub, ən azı 16 insan yaralanıb. Bu, Ukraynanın ən böyük uşaq tibb mərkəzidir.

Güman olunur ki, bu zərbələr NATO-nun Vaşinqton sammitinə «həsr edilib» və Alyans ölkələri liderlərinə Moskvanın qarşıdurmada «stavka»nı yüksək tutduğunu göstərmək məqsədi daşıyıb. Başqa sözlə, Kreml göstərir ki, münaqişəyə son qoyulması üçün Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi tələblərə əməl olunması vacibdir.

Qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynada sülh arayışları istiqamətində görünməmiş fəallıq nümayiş etdirməyə başlamışdı. Kiyevə yollanan Orban Prezident Volodimir Zelenski ilə danışıqlar aparmış, münaqişəyə «real şərtlər çərçivəsində» son qoyulmasına nail olmaq niyyətini dilə gətirmişdi. Daha sonra Moskvaya yollanan Orban Putinlə görüşmüş, NATO sammiti ərəfəsində isə Çinə səfər etmiş, orada Pekinin Ukrayna ilə bağlı sülh planına açıq dəstəyini ifadə etmişdir.

Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 4-də Astanada başlamış növbəti sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin sədri Si Cinpin, həmçinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Hər iki görüşdə qarşılıqlı ticarət dövriyyəsi həcminin artırılması yolları ilə yanaşı, Ukrayna münaqişəsi də müzakirə edilib.

Macarıstanla Türkiyənin NATO-nun Ukrayna ilə bağlı strategiyası çərçivəsində fəaliyyət göstərdiklərini söyləmək şişirtmə olardı, çünki Alyansın digər üzvləri üçün Ukrayna münaqişəsinə son qoyulması prioritet hədəf deyil.

 

Köhnə Alyansın yeni kadrları

Sammitə bir neçə gün qalmış NATO-nun iki aparıcı ölkəsi – Böyük Britaniya və Fransada parlament seçkiləri keçirilib və onların hər ikisi ölkədə hakimiyyət dəyişikliyinə səbəb olub. Seçkinin nəticəsinin bu iki ölkənin xarici siyasətində kəskin dəyişikliyə yol açacağını söyləmək olmaz, amma onların istər Britaniya, istərsə də Fransada siyasi sistemi «silkələdiyinə» şübhə yoxdur. İstər London, istərsə də Parisdə yeni hökumətlərin seçki öncəsi verdikləri vədlər onları əvvəlcə daxili siyasətlə məşğul olmağa, Ukraynaya yardım haqda yalnız bundan sonra düşünməyə vadar edəcək.

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemminin əvvəlcə Almaniya, daha sonra isə Polşaya ilk xarici səfərləri tanışlıq xarakteri daşıyıb. O, hər iki ölkədə bildirib ki, London Kiyevi köməksiz qoymayacaq. Güman ki, Britaniya mühafizəkarların Aİ-nin Şərq ölkələri bloku ilə hərbi-siyasi ittifaq yaratmaq siyasətini davam etdirəcək. Britaniyalı nazir Berlində olarkən təsadüfən deməyib ki, onun hökuməti Aİ ilə münasibətləri yeniləmək fikrindədir. Britaniyanın Avropa İttifaqı ilə münasibətlərə dair yeni xarici siyasi strategiyasında Ukrayna mövzusu, güman ki, fon xarakteri daşıyacaq.

NATO sammitinə qayıtsaq, qeyd etməliyik ki, o, yalnız Ukrayna münaqişəsinin müzakirəsinə həsr edilməmişdi. ABŞ-nin Alyansdakı daimi nümayəndəsi Culian Smit hələ forum ərəfəsində bildirmişdi ki, orada Hind-Sakit okean regionundakı vəziyyətin müzakirəsinə xüsusi diqqət ayrılacaq. Bununla yanaşı, NATO bu region dövlətlərinin koalisiyaya qoşulmasını müzakirə etməsə də, onlarla «yaxınlaşmağa» ümid edir.

Elə həmin günlərdə Vladimir Putin Moskvada Hindistanın baş naziri Narendra Modini qəbul edirdi. Onların görüşündə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Məlum olduğu kimi, Hindistan ABŞ-nin və Cənubi Asiya və Hind okeanı regionlarındakı «anti-Çin» blokunun aparıcı tərəfdaşıdır. Onun Rusiya ilə yaxın münasibətləri yalnız Qərbin deyil, Çinin də diqqət mərkəzindədir.

Modinin «dostum» deyə müraciət etdiyi Putinlə sıx dialoqunun davam etməsi, şübhəsiz ki, NATO-nun uzunmüddətli strategiyasına uyğun deyil.

ABŞ və Ukrayna bu səfərin nəticələrindən narahatlığını gizlətmir. Ukrayna Prezidenti Vladimir Zelenski isə daha da irəli gedib. O, Modinin Rusiyanın Ukraynaya genişmiqyaslı hücum etdiyini bilməsinə rəğmən, Putinlə qucaqlaşmasını tənqid edib. Halbuki Hindistanın baş naziri Moskvada Rusiya Prezidentini açıq şəkildə tənqid də edib. Baş nazir bildirib ki, «müharibə həll yolu ola bilməz. Bombalar, raketlər, tüfənglərin sülhü təmin etməsi mümkün deyil. Bu üzdən də biz dialoqa üstünlük veririk. Dialoq qaçılmazdır». Hindistanın baş naziri qeyd edib ki, Putinlə Ukrayna mövzusunu «açıq şəkildə» müzakirə ediblər, lakin bu zaman bir-birinin mövqeyinə hörmətlə yanaşıblar. Görüşün nəticələrilə bağlı o da məlumdur ki, Hindistan tərəfinin istəyi əsasında Rusiya hərbi əməliyyatlarda iştirak edən hindistanlılarla müqavilələri ləğv edəcək.

 

NATO sammitində qiyabi Bayden-Tramp dueli

Vaşinqtonda hökm sürən əhvali-ruhiyyəni şərh edən “British Guardian” qeyd edib ki, sammitdə Baydenlə və onun seçkilərdə Trampı məğlub edə biləcəyi ilə bağlı çox narahatlıq hiss olunurdu. İştirakçıları narahat edən odur ki, Trampın hakimiyyətə qayıdışı ilə Vaşinqtonun Alyansa dəstəyi azalacaq. Sabiq prezident əvvəllər dəfələrlə bildirib ki, o, müdafiəyə ÜDM-in 2%-dən az vəsait ayıran ölkələri dəstəkləməyəcək.

NATO ölkələrinin liderləri 32 üzvdən 23-nün 10 il əvvəlki razılaşmaya əməl etdiyini bir neçə dəfə dilə gətirməsi də təsadüf deyildi. Söhbət məhz ÜDM-in 2%-nin müdafiə sahəsinə xərclənməsinə dair razılaşmadan gedir.

Vaşinqton görüşü ərəfəsində Trampın müttəfiqləri iddia edirdilər ki, o, təkrarən ABŞ prezidenti seçiləcəyi təqdirdə müdafiə xərclərinin artırılmasını tələb edəcək, Vaşinqtonun özü isə diqqəti daha çox Çinə yönəldəcək. Birləşmiş Ştatların müdafiə büdcəsinin həcmi bütün NATO üzvlərinin müdafiə xərclərinin üçdə ikisini təşkil edir (860 milyard dollar). Odur ki, Avropa ölkələri üçün ABŞ-ni əvəzləmək, Ukraynaya ildə 40 milyard avroluq yardımı olduğu kimi davam etdirmək çətin olacaq.

Nümayəndələr palatasının spikeri və Trampın baş məsləhətçisi Mayk Conson iyulun 8-də bildirib ki, respublikaçılar hərbi alyansı yüksək qiymətləndirir və münaqişələrin qarşısının alınmasında üzv dövlətlərə dəstək olacaqlar. «Eyni zamanda hesab edirik ki, NATO-nun daha çox iş görməsi vacibdir», - deyə o, qeyd edib. Bununla yanaşı, Conson deyib ki, «hər kəs Ukraynanın 2025-ci ildən sonra da dəstəklənməsinə hazır olmalıdır».

Maraqlıdır ki, Tramp özü belə düşünmür və hakimiyyətə qayıdışının ilk ilindəcə müharibəyə son qoymağı hədəfləyir. O, tərəflərə öz sülh planını təklif etmək niyyətindədir.

Sammitdə bu haqda danışılmayıb. Əvəzində, Baydenin çıxışı onun Trampla iflas sayıla biləcək teledebatının davamına bənzəyib. O, nitqini gümrah əhvalda söyləməyə çalışıb, birlik ruhundan, Ukraynada qələbədən danışıb. Amma çıxışda konkret təkliflərə çox az rast gəlinib.

 

Qərar və məyusluq

Kiyevə 4 «Patriot» sisteminin (ABŞ, Almaniya və Rumıniya), bu sistemlər üçün komponentlərin (Niderland və digər tərəfdaşlar), həmçinin bir ədəd SAMP/T (İtaliya) sisteminin verilməsi qərarını Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə konkret töhfə saymaq olar. Bundan başqa, Danimarka bu ölkəyə 19, Niderland isə 42 «F-16» qırıcısı vəd edib.

Lakin sammitdə o da məlum olub ki, münaqişənin bitmədiyi şəraitdə Kiyev NATO-ya tamhüquqlu üzvlüyə ümid edə bilməz. Demək, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı yoxdur.

Qəbul olunmuş qərarlar arasında Ukraynanın təhlükəsizliyinə dəstək verilməsi və təlimlərin keçirilməsi üçün NATO Qrupunun (NSATU) yaradılması haqda razılaşmanı da göstərmək olar. Məqsəd Kiyevə verilən hərbi texnikanın koordinasiyasının təmini və ukraynalılara təlimlərin keçirilməsidir. Bununla yanaşı, NSATU NATO-nu münaqişə tərəfinə çevirmir. Qərarın 15-ci maddəsində deyilir ki, o, Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinin transformasiyasını dəstəkləyəcək, bununla da onun NATO-ya inteqrasiyasının davam etməsinə təkan verəcək.

Bundan başqa, NATO-Ukrayna Birgə Analitik, Təlim və Təhsil Mərkəzinin (JATEC) yaradılması prosesi davam etdiriləcək. Alyansın baş katibinin təklifi ilə bu ölkəyə NATO-nun böyük nümayəndəsi də təyin olunub.

Nəhayət, sammit Ukrayna Prezidentini növbəti dəfə məyus edib. Bir daha məlum olub ki, müharibə davam etdikcə, Kiyev NATO-ya üzvlük haqda düşünə bilməz. Bununla yanaşı, Ukrayna ordusuna yaxın zamanlarda texniki baxımdan daha təkmil silah növlərinin verilməsi qərara alınıb ki, bu da Kiyevin hərbi əməliyyatlarının effektini yüksəldəcək.

 

Sülh haqda həyəcanlı fikirlər

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, NATO-nun Ukrayna münaqişəsində artan iştirakı getdikcə daha ciddi təhlükə yaradır, Şimali Atlantika Alyansının özü isə ilkin hədəflərindən uzaqlaşır və daha çox hərbi bloka çevrilir. Baş nazir hesab edir ki, Alyansın Ukrayna münaqişəsində getdikcə daha fəal rol oynaması onun davamlı şəkildə hərbiləşməkdə olduğunu göstərir. Orbanın fikrincə, bu, son dərəcə təhlükəlidir, hətta məsuliyyətsizlikdir. Çünki bu prosesin nə ilə bitəcəyini heç kim söyləyə bilməz.

Zelenski isə ölkəsinin 1991-ci il sərhədlərini bərpa etmək fikrində qəti olub-olmadığına, danışıqlarda hansısa fərqli qərarın qəbul edilə bilib-bilməyəcəyinə dair suala belə cavab verib: «Siz ərazidən danışırsınızsa, anlamalısınız ki, bizim, ilk növbədə, insanlarımızı və dövlətimizi qorumağımız lazımdır». Daha sonra o, Kiyevin Rusiyanın məğlubiyyətində maraqlı olduğunu bildirib. Dövlət başçısı ölkəsinin bu iki işin öhdəsindən hansı formada gəlmək fikrində olduğunu açıqlamayıb.

Orban isə «Bild» nəşrinə müsahibəsində deyib ki, «qarşıdakı 2-3 ay daha sərt keçəcək, qurbanların sayı son yarım ildəkindən daha çox olacaq».

Orban NATO-nun Vaşinqton sammitində aşkar azlıq olub. Bəlkə də, toplantıda iştirak edənlərdən kimlərsə onun narahatlığını bölüşüb, lakin mövcud əhvali-ruhiyyəni nəzərə alaraq, bitərəf qalmağa üstünlük verib. Bu gün açıq siyasi meydanlarda hərbi əməliyyatların davam etməsinin və Ukraynaya dəstəyin vacibliyi haqda danışmaq daha çox qəbul edilir. Amma bu, sülh haqda heç kimin düşünmədiyi anlamına gəlmir. Belə təəssürat yaranır ki, çoxluq ABŞ-də noyabrda keçirilməli olan seçkini gözləyir ki, sülh təşəbbüsü haqda bu seçkidə qələbə qazanmaq şansı olan danışsın.



MƏSLƏHƏT GÖR:

78