Müəllif: Elçin HÜSEYNOV, Bakı-Bodrum-Bakı
Türkiyənin qərb sahillərində yerləşən Bodrum qeyri-adi kurortdur. Burada qədim və müasir mədəniyyət bir-birinə qarışır, insan burada sakit, tələsmədən dincələ, dənizdən və çox dolğun gecə həyatından zövq ala bilir. Gəlin Bodruma baş vuraraq onu bütün dünyadan olan turistlər arasında hansı cəhətlərinin belə populyarlaşdırdığına diqqət yetirək.
Niyə Bodrum?
Çoxları bu şəhəri Türkiyənin «əyləncə paytaxtı» adlandırır. Şəhərin sakinləri isə iddia edirlər ki, ölkənin rəsmi paytaxtı Ankaradırsa, mədəniyyət və əyləncə paytaxtı məhz Bodrumdur. Bu faktı nəinki Türkiyədə, heç Avropada da mübahisələndirmirlər – turistlər hər il bu şəhərə böyük məmnuniyyətlə axın edirlər. Çoxsaylı böyük və keyfiyyətli barlarına, klublarına görə Bodrumu Yunanıstanın Mikonosu, İspaniyanın İbizası və ya Fransanın Sen-Tropesi ilə müqayisə edirlər. Türklərin özləri isə ölkənin iki ən hörmətli şəhərinin olduğunu deyirlər: İstanbul və Bodrum. Çünki qalan hər yerdə turistlər aşıb-daşır.
Nisbətən kiçik şəhər olan Bodrumu 2023-cü ildə əbəs yerə 1,375 milyondan artıq turist ziyarət etməyib. Buraya ölkənin digər regionlarından yalnız təyyarə və avtobuslarla deyil, nəhəng gəmilərlə də üz tuturlar. Bodrumun digər kurortlardan fərqi ondadır ki, burada Mərkəzi Avropa, Böyük Britaniya və Almaniyadan gəlmiş turistlərin sayı daha çox olur.
Bodrum Türkiyənin cənub-qərb sahillərində, Egey dənizindəki yarımadanın mərkəzidir. Turistlərin buraya üstünlük verməsinin əsas səbəblərindən biri buranın gecə həyatının çox aktiv olmasıdır. Bodrumun yunan adalarına yaxınlığı ona Avropa lətafəti qatırsa, yerləşdiyi mövqe Şərq koloriti verir. Bodrumu aktiv turizm mərkəzi adlandırmaq olar, çünki o, Avropa, Asiya və Afrikanın kəsişməsində, Egey və Aralıq dənizlərinin birləşməsində yerləşir.
Burada hər kəs ürəyincə istirahət edə bilir. İnsanlar Bodruma toy səyahətinə gəlir, burada korporativ tədbirlər keçirir, dostlarla, ailə ilə dincəlirlər. Təbii müalicə resursları insanların sağlamlığına müsbət təsir göstərir, tarixi yerlər isə mədəni ekskursiyalar, maraqlı səyahət imkanı yaradır. Adalar, buxtalar, təbiət və gözəl iqlim bütün dünyadan yaxtsmenləri Bodruma cəlb edir. Bura dəniz istirahəti, aktiv turizm və idman turizmi üçün ideal məkanlardandır. Təbii ki, bütün bunlar ucuz deyil. Lakin ildə heç olmasa bir dəfə belə istirahətə pul xərcləməyə dəyər.
Bodrum küləkli şəhər olduğundan, sörfinq və kaytsörfinq həvəskarları arasında məşhurdur. Dalğıclıq fanatları isə burada saysız-hesabsız riflər, sualtı mağaralar, buxtalardakı qayalarla tanış olmaq imkanı qazanırlar. Balıq tutmaq və ov həvəskarları da Bodrumdan zövq alırlar. Buxtaların üzərində ucalan, hündürlüyü 2000 metrə çatan dağ sütunları isə ekstremal paraplan uçuşu sevənlərin arzularını gerçəkləşdirməsinə şərait yaradır. Və sıx şam meşələri. Safari üçün əla şəraitdir.
Nəzərə alın ki, Türkiyənin Marmaris, Quşadası, Çeşmə kimi bir sıra digər kurortu kimi, «mavi bayrağ»a sahibdir. Söhbət Avropa Komissiyasının himayəsi altında fəaliyyət göstərən Avropada Ətraf Mühitin Müdafiəsi Fondunun təsis etdiyi beynəlxalq ekoloji keyfiyyət nişanından gedir. Bu bayraq ətraf mühitə nəzərəçarpan qulluğa, çimərliklərin və idman limanlarının təmizliyinə görə verilir.
Daha bir vacib amil isə havadır. Hər kəs bilir ki, Türkiyənin əksər kurortlarında yay çox isti keçir. Ölkənin ən isti bölgəsi isə Antalyadır. Lakin Türkiyənin yüksək rütubətliliyin istini dözülməz etdiyi digər kurortlarından fərqli olaraq, Bodrum hər zaman Egey dənizinin sahil küləyi ilə daha yumşaq iqlimi ilə seçilir. Bəli, Bodrumda ənənəvi turizm mövsümü mayda başlayır və həmin vaxt dənizdə suyun hərarəti +18-20°C olur. Halbuki daha rahat hərarət +25-30°C-dir. Lakin bundan sonra hava və su isinməyə başlayır və iyul-avqust aylarında pik həddə çatır. Türkiyə sahillərində istirahət üçün ən yaxşı dövr sentyabr hesab olunur: isti azalır, su isə xüsusilə gecələr kifayət qədər isti olur. Avropalıların çoxu Türkiyəyə məhz payızın əvvəllərində səfər etməyə üstünlük verir. Odur ki, Bodrum hotellərində «pik dövrü» sayılan iyun, iyul və avqustda deyir, payızın əvvəlində yer tapmaq daha çətindir.
Məsələnin qiyməti
Bodrumda istirahət üçün ən müxtəlif variantlar var – sadə pansionlardan tutmuş, rahatlığı, konfortu ilə bir-birindən geri qalmayan dəbdəbəli beşulduzlu hotellərədək. Məzuniyyətə ailəvi istirahət, romantik səyahət və ya eksklüziv dinclik üçün getməyinizdən asılı olmayaraq, Bodrumda sizin təlabatlarınızı qarşılyacaq hotellər tapa bilərsiniz. Hətta bəlkə də tapacağınız hotel gözləntilərinizi geridə belə, qoyacaq.
Bodrumun mərkəzində və ətrafında xeyli sayda rahat pansion, uyğun qiymətə kiçik hotellər var. 2023-2024-cü il mövsümündə Türkiyədə kurortların qiymətinin çox bahalaşdığı haqda hər kəs danışır. Ötən il qiymətlər 20-30% qalxmışdısa, 2024-cü ildə ən azı daha 30%-lik bahalaşma var. Nəticədə, ən sadə hotel və pansionlarda baza rahatlığı və səhər yeməyi ilə gecələməyin qiyməti 70-90 avroya çatıb. Üçulduzlu və sadə dördulduzlu hotellərdə (çimərliklərə yaxın ərazilərdə və ya şəhərin mərkəzində) səhər yeməyi daxil olmaqla, rahat ikinəfərlik otaqların qiyməti 110-180 avro arasında dəyişir. Spa mərkəzi, yüksək səviyyəli restoran, açıq havada hovuz, dənizə mənzərə, özəl çimərlik kimi lüks rahatlıq, yüksək səviyyəli xidməti olan dördulduzlu hotellərdə bu rəqəm 200-400 avrodur. Maksimal komfort və dəbdəbə axtaranlar isə birinci sinif xidmətin, geniş otaqların və möhtəşəm spa mərkəzlərinin olduğu eksklüziv hotellərə üz tuta bilərlər. Belə hotellər əsasən insanların gur olduğu yerlərdən kənarda, sakit məkanlarda yerləşir. Belə beşulduzlu hotellərdə gecələməyin qiyməti 300-400 avrodan başlayır və ən eksklüziv variantlara görə bir neçə min avroyadək artır.
Hotel seçimi zamanı onun yerləşdiyi məkan önəmlidir. Məsələn, gecə həyatı, tarixi yerlər və şopinq həvəskarları üçün ideal yer Bodrumun mərkəzidir. Burada qiymətlər baha ola bilər, amma rahatlıq, hər şeyin əlçatan olması onu turistlər üçün cəlbedici edir. Gümbet, Bitez, Turqut Rəis, Torba və Yalıkavak kimi yaxın qəsəbələrə əsasən sakitlik, dinclik üçün üz tuturlar. Gözəl çimərlikləri olan bu qəsəbələrdə qiymətlər də daha münasibdir. Bu, sakitlikdə dincəlmək istəyən ailələr üçün əla seçimdir.
Bodrumda qiymətlər Antalya, Alanya, Kəmər, Alaçatı, Fəthiyə, Quşadası və Marmaris kurortları ilə müqayisədə bahadır. Onu yalnız Çeşmədəki qiymətlərlə müqayisə etmək olar. Bir çox məqamları nəzərə alsaq, səyahətə tur paketi ilə yollanmaq ayrılıqda bilet alaraq, hotel tutmaqdan daha ucuz başa gəlir. Məsələn, artıq aviabiletiniz varsa (mövsümün pik olmayan dövrlərində belə, Bakıdan Bodruma bilet ən azı 800 manatdır), bir həftəlik «hər şey daxil» hotel bron etmək istəyirsinizsə, ən sadə üçulduzlu mehmanxana iki nəfər üçün 550-650 avroya başa gələcək. Dördulduzlu hoteldə 1 həftə qalmaq orta hesabla 300-400 avro və daha baha, beşulduzlu hotel isə ən azı 900-1000 avroya başa gələcək.
Müstəqil səyahətlə «tərləmək» istəməyənlər hazır tur paketi alsalar daha yaxşıdır. Məsələn, bəxtiniz gətirərsə, Bodruma 6-7 günlük səyahət paketini 800 avroya əldə edə bilərsiniz (uçuş, gecələmə, «hər şey daxil», transfer və sığorta). Beşulduzlu hotellərə tur paketləri isə iki nəfərlik nömrələr üçün adambaşına 100-1200 avroya başa gəlir.
Tur paketiniz varsa, aeroportda sizi turizm operatorları qarşılayaraq, seçdiyiniz hotelə yerləşdirəcəklər. Sərbəst səyahət zamanı isə üç variantınız olacaq: taksi, avtobus və ya hotelə transfer sifarişi. Ən baha, lakin tez başa gələn variant sonuncudur – orta hesabla 50 avro. Adi taksi sizi Bodrumun mərkəzinə ən yaxşı halda 20-30 avroya aparacaq. Bu, yarım saatlıq yol üçün minimal qiymətdir. Ən ucuz variant isə bələdiyyəyə məxsus «Havaş» və ya «Muttaş» avtobuslarıdır.Onlar Milas aeroportu ilə Bodrumun mərkəzi avtobus stansiyaları arasındakı yolu 45-50 dəqiqəyə qət edir. Avtobusla bir istiqamətə biletin qiyməti 150 lirədir (4 avro). Ödənişi istər nağd, istərsə də bank kartı ilə etmək mümkündür. Avtobuslar bu marşrut üzrə 1-1,5 saatdan bir yola düşür.
Necə əylənməli və haraları görməli?
Bodrum antik dövrlərdə Halikarnas kimi tanınıb. O, Türkiyənin ən qədim şəhərlərindəndir. Şəhərin tarixi minilliklərlə ölçülür: onun əsasını qədim yunanlar qoyub. Ardınca romalılar və sonrakı sivilizasiyalar. Şəhərin qədimiliyini göstərən əsas abidələrdən biri Halikarnas Mavzoleyidir. Qədim dünyanın yeddi möcüzəsindən biri olan bu abidənin qalıqlarını bu gün də görmək mümkündür.
Bodrum Egey və Aralıq dənizlərinin kəsişməsində yerləşdiyindən, uzun əsrlər boyu ən vacib tarixi hadisələrə şahidlik edib. Coğrafi nöqteyi-nəzərdən o, əhalinin ən sıx məskunlaşdığı bölgələrdəndir. Qədimdə müasir Muğla və Aydın vilayətlərini də özündə birləşdirmiş bu ərazi Karya adlanıb. Antik zamanlarda burada karyalılar və lələqlər yaşayıblar. Onlar öz kəndlərini hasara alınmış yüksək təpələrin üzərində qurublar.
Şəhərin rəmzlərindən biri Müqəddəs Pyotr qəsridir. O, yarımadanın ən uca nöqtəsində yerləşir. Bu tarixi kompleks limanın müdafiəsi baxımından strateji əhəmiyyətə malik olub. Oradan Egey dənizi və şəhərə, həmçinin heykəllər kolleksiyasının yer aldığı Müasir İncəsənət Evinə möhtəşəm mənzərə açılır. Sualtı arxeologiya muzeyinə malik Bodrum qəsri də turistlərin ən çox baş çəkdikləri yerlərdəndir.
Şəhərin mərkəzində çox sayda kiçik və iri turizm agentliklərinə rast gələ bilərsiniz. Onlar turistlərə bir-birindən maraqlı müxtəlif günlük turlar təklif edir. Tələbatın ən çox olduğu variantlardan biri yaxta ilə 6-7 saatlıq səyahətdir. Naharın da daxil olduğu bu səyahət 20-25 avroya başa gəlir. Bu zaman sizi sahil boyunca gəzdirir, müxtəlif adalara, isti bulaqlara və çimərliklərə aparırlar. Bu tur kristal kimi şəffaf, lakin soyuq suda çimmək istəyənlər üçün əla variantdır.
Populyar variantlar arasında «Cip-safari» də var. Bu gəzinti nahar daxil olmaqla, 35-40 avroya başa gəlir. Siz gün ərzində üstü açıq «Cip»də dağları, təpələri, kəndləri və çimərlikləri dolaşacaq, yerli sakinlərlə görüşəcək, xalça və zeytun yağı satılan mərkəzlərdə olacaqsınız. Bir çox hallarda bu gəzintiyə su avtomatları ilə «müharibə» də daxil edilir. İsti gündə turistlər qonşu «Cip»ləri məmnuniyyətlə «su atəşi»nə tutur, bu isə yaşından asılı olmayaraq, hər kəsə zövq verir.
Yerli agentliklər sizə çoxsaylı başqa variantlar da təklif edəcək: Dalyanda palçıq vannası qəbulu, Pamukkaleyə, Efesə turlar, balıq tutmaq, atla gəzinti, dalğıclıq, kvadrosikl, akvapark gəzintisi, «Türk gecəsi»ndə iştirak və s. Şengen vizası olanlar isə yaxınlıqdakı Kos yunan adasına da baş çəkə bilərlər.
Bodruma passiv istirahət üçün gedənlər üçün isə ideal məkan Egey dənizinin xırda çınqıllı və tər-təmiz sulu çimərlikləridir. Gümbet və Bitez çimərliklərində ailəvi istirahət üçün ideal şərait var. Bir az kənarda yerləşən Yalıkavak, Gümüşlük, Göltürbükü çimərlikləri isə tənhalığa çəkilərək sakitlikdə dincəlmək istəyənlərin yeridir.
Bodrum çimərlikləri yalnız qaralmaq və çimmək yeri yox, həm də mədəni həyat mərkəzləridir. Burada çox sayda kafe və restoranda yerli delikateslər, içkilər təklif olunur. Açıq səma altında məclislərin qurulduğu klublar da öz yerində.
Yeri gəlmişkən, Bodrumda hər il musiqiyə, incəsənətə və ənənələrə həsr olunan müxtəlif mədəniyyət tədbirləri və festivallar keçirilir. Onlar istər yerli sakinlər, istərsə də bayram əhvalı yaşamaq istəyən turistləri cəlb edir.
Gecə əyləncəsinin mərkəzində
Bodrum Avropada öz dinamik gecə həyatı ilə də tanınır. Dənizə baxan səs-küylü diskoteka və klublarda dünyaca məşhur diceylər çıxış edir – burada gecə zaman keçirməyi sevən hər kəs üçün yer var.
Kurortun əsas gecə həyatı mərkəzi Gümbetdə yerləşən məşhur barlar küçəsidir. Bodrumun mərkəzindən buraya taksi ilə 6-7 dəqiqəyə çatmaq mümkündür. Gecə saatlarınadək işləyən marşrutlarla isə bu məsafəni 10-12 dəqiqəyə getmək olur. Amma bu barlara müştəriləri ən çox kurort hotellərinin animatorları gətirir. Onlar hotel sakinlərini 3-4 saatlıq istirahət üçün bu barlara 15-20 avroya daşıyır və əlavə olaraq, onlara kokteyl də təklif edirlər.
Barlar küçəsi praktik olaraq şəhərin mərkəzində yerləşir və o, barlar, klublar və restoranların qarışığından ibarətdir. Burada kiçik və rahat klublardan tutmuş, böyük rəqs meydançaları olan nəhəng komplekslər də var. Bir sözlə, bu küçədə hər kəs öz zövqünə uyğun əyləncə tapır. Küçə gecə saat 00:00 radələrindən səhər 04:00 radələrinədək gənclərlə, turistlərlə dolu olur. Nəticədə, burada həyat «qaynayır». Barlar küçəsində ən müxtəlif istiqamətlərdə əyləncə tapmaq mümkündür – populyar musiqilərdən tutmuş, elektron və canlı ifayadək. Lakin nəzərə almaq lazımdır ki, klubların əksəriyyətində sərt qaydalar hökm sürür – oraya şort və şap-şapla daxil olmaq mümkün deyil. Bundan başqa, bu məkanlara sırf kişi kampaniyası da buraxılmır. Onların arasında mütləq xanımlar da olmalıdır.
Barlarda geniş çeşiddə içkilər təklif olunur – klassik kokteyllərdən tutmuş, rakı və pivə kimi yerli alkoqollu içkilərədək. Barlar küçəsinə səyahət praktik olaraq, Bodrumun dinamik gecə həyatına baş vurmaq, yerli ənənələrlə tanış olmaq, dünyanın hər yerindən gəlmiş insanlarla ünsiyyət qurmaq imkanıdır. Küçədə əyləncə gecə saatlarınadək davam edir, gecə əyləncəsini sevən hər kəsdə unudulmaz təəssürat yaradır.
Musiqi dinləmək üçün diskotekaya getməyi sevməyənlər isə ətrafdakı çoxsaylı kafe və barlara baş çəkə bilər.
Bahalı restoranlar və şopinq
Türkiyə dünyada zəngin mətbəxi ilə də məşhurdur və bu mənada, Bodrum da istisna deyil. Burada lokal mətbəxin məzə, təzə dəniz məhsulları, kabablar, şirniyyatlar kimi təamlarını dadmaq mümkündür. Onları süfrəyə ənənəvi çay və ya yerli şərabla verirlər.
Bodrumda restoranların əksəriyyəti fəaliyyətini turistlərə uyğun qurub. Onlar Bodrum qəsrindən avtovağzala uzanan yol boyu və sahil boyunca düzülüblər. Gündüzlər bura mərkəz, hotellərə məxsus çimərliklərdirsə, axşam saatlarında sanki hər yer restorana çevrilir. Onlar qonaqları yalnız dadlı yeməkləri ilə deyil, həm də dənizə möhtəşəm mənzərəsi ilə qarşılayır. Menyuda istər milli, istərsə də Avropa mətbəxinin təamları yer alır – pasta, pizza, dəniz məhsulları, lazanya, şirniyyat və müxtəlif içkilər.
Amma bu bahalı restoranlara gedərkən diqqətli olmaq lazımdır. Hər halda, Bodrum yüksək səviyyəli kurortdur və burada qiymətlər ölkədəki orta qiymətlərdən xeyli yüksəkdir. Üstəlik, 2024-cü ildə onlar inflyasiya və ərzaq məhsullarının bahalaşması səbəbilə daha da yüksəlib. Turizm mövsümündə isə qiymət daha da artır.
2024-cü ilin iyulunda sahilyanı bulvardakı orta statistik restoranlarda qiymətlər lirə ilə (mötərizədə manatla) belə idi: balıq şorbası – 190 (10), pendir – 620 (32), çoban salatı – 190 (10), dönər-kabab – 400 (20), Adana-kabab – 400 (20), bir boşqab kabab çeşidi – 950 (45), bolonezli spagetti – 380 (18), toyuq kababı – 380 (18), qrildə bişirilmiş çupra və ya levrək – 350 (17), qrildə bişirilmiş qızıl balıq – 580 (28), dəniz məhsulları ilə fetuçini – 590 (29).
Bundan başqa, Bodrumda balıqçı qəsəbələrində də ailəvi restoranlar tapmaq mümkündür və onlar yeməkləri ilə heç də dəbdəbəli restoranlardan geri qalmır.
Şopinqə gəlincə, təbii ki, burada İstanbulla müqayisə aparmaq mümkün deyil. Hər halda, Bodrum kurortdur və burada əsas diqqət çimərlik istirahəti və əyləncəyə yönəlib. Bununla yanaşı, şəhər mərkəzində Türkiyənin məşhur markalarına aid bir neçə mağaza tapmaq mümkündür.
Şəhərdə fəaliyyət göstərən «Midtown» və «Oasis Mall» ticarət mərkəzlərində də Türkiyənin aparıcı mağaza şəbəkələri, həmçinin bəzi Avropa markaları yer alır.
Alış-veriş üçün mərkəzi bazara da yollanmaq olar. Burada gündəlik tələbat malları ilə yanaşı, yerli modelyerlərin əl işləri də satılır. Turistlər bu bazarda əl işi olan zinət əşyaları, aksessuarlar, təmiz dəridən hazırlanmış çantalar və s. ala bilərlər. Bazarda mağazaların əksəriyyəti səhər saatlarından gecəyədək açıq olur.
Bodrum sadəcə kurort deyil. O, mədəni zənginliklə gözəl təbiətin və müxtəlif əyləncələrin bir arada olduğu yerdir. İstər sakit ailəvi istirahət axtarın, istər romantik səyahət, istərsə də əyləncə dolu axşamlar – Bodrumda hər şey var.
MƏSLƏHƏT GÖR: