Müəllif: Ağasəf NƏCƏFOV
İnflyasiya riskləri azaldıldığı üçün Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin payızından etibarən ardıcıl olaraq pul-kredit siyasətini yumşaltmağa başlayıb. Xüsusilə əvvəlki dövrdə ölkənin maliyyə bazarında izafi likvidliyin hökm sürdüyünü nəzərə alsaq, bu istiqamətdə addımların özünü doğrultduğunu söyləyə bilərik. AMB-nin məlumatına görə, 2024-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 12,6% artıb. Üstəlik, verilən biznes kreditlərinin həcmində də artım müşahidə olunub. Bu arada, kredit portfelinin strukturunda böyük payı istehlak kreditləri tutur, bankların iqtisadiyyatın real sektoruna investisiyaları isə hələ də cüzidir.
Zəif transmissiya
Kredit bazarının sabitliyinin ən mühüm şərti əsas makroiqtisadi parametrlərin, ilk növbədə, monetar amilin tarazlığıdır. Azərbaycan bir çox ticarət tərəfdaşlarından fərqli olaraq, artıq səkkizinci ildir ki, manatla dollar arasında məzənnəni dəyişməz saxlamağa nail olub. Bütün bunlar bank sektorumuzun xarici və daxili stresslərə davamlılığına kömək edir.
Tənzimləyicinin uçot dərəcəsini bu və ya digər dərəcədə azaltmaq cəhdləri borc kapitalı bazarına təsir göstərir: bu ilin əvvəlindən bankların kredit aktivliyində artım müşahidə olunur. AMB-nin məlumatına əsasən, 2024-cü il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27 milyard manatı ötüb ki, bu da 2024-cü ilin əvvəli ilə müqayisədə 12,6% çoxdur. Ötən ilin eyni dövründə bank kredit qoyuluşlarının həcmi 21,966 milyard manata çatıb. 2024-cü ildə ötən illə müqayisədə 22,9%-lik artım dinamikası dərin təəssürat yaradır.
Bank kreditləri üzrə faiz dərəcələrinin səviyyəsinə gəlincə, ilin əvvəlindən əvvəlki dövrün göstəricilərinə nisbətən (bir sıra banklar üzrə) yalnız cüzi azalma müşahidə olunub. Ümumiyyətlə, yenidən maliyyələşdirmə dərəcəsinin kredit bazarına transmissiya səviyyəsi, təbii ki, hələ də çox zəifdir. Ədalət naminə qeyd etmək lazımdır ki, yerli bankların güzəştli uzunmüddətli maliyyələşdirmə imkanları məhduddur. Azərbaycanda əslində “ucuz” kapitalın olduğu pensiya və ya pay investisiya fondları bazarı inkişaf etməyib. Sığorta bazarı isə dar olduğu üçün bu seqment bankların tələb etdiyi yenidən maliyyələşdirmə üçün əlverişli vəsaitin həcmini təmin etmir. Xatırladaq ki, yerli sığorta şirkətləri bank sektoru ilə sıx əlaqəlidir və tez-tez ikincini likvidliklə təmin edir.
2015-ci ildəki devalvasiyadan və bunun ardınca bankların ödəmələri həyata keçirməməsi ilə bağlı ciddi böhrandan sonra AMB-nin siyasəti xaricdən valyuta kreditlərinin məhdudlaşdırılmasına yönəlib: bununla bağlı stavka ölkənin maliyyə sisteminin de-dollarizasiyasına qoyulub. Həm də bir faktı da nəzərdən qaçırmamalıyıq: artan inflyasiya yerli bankları əhalinin əmanətləri üzrə faiz dərəcələrini nisbətən yüksək (dünya ölkələrindəki orta göstərici ilə müqayisədə) saxlamağa məcbur edib. Bu gün isə AMB-nin yeni uçot dərəcəsinə baxmayaraq, əmanətlər üzrə faizlər azalmır. Mövcud vəziyyət yerli banklara kredit faizləri ilə bağlı manevr imkanı yaratmır. Kredit faizləri isə mahiyyəti etibarilə əmanətlər üzrə faizdən yüksək olmalıdır. Məhz buna görə də ölkənin maliyyə sektorunda həddindən artıq likvidliyə baxmayaraq, banklar likvidliyi hansısa yolla bölüşdürmək və gəlir əldə etmək üçün marjaları (pulun alış və satış qiymətləri arasındakı fərq) aşağı salmağa məcbur olurlar.
Sadalanan problemlər obyektiv xarakter daşıyır və onların banklara təsiri uzun illərdir müşahidə olunur. Buna görə də, yalnız Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı siyasətində dəyişikliklərlə əlaqədar vəziyyətin keyfiyyətcə dəyişəcəyinə ümid bəsləmək çətindir.
İstehlak kreditləri
Tənzimləyicinin statistikasına əsasən, bu il Azərbaycanda kreditləşmənin həcmi güclü artım zonasındadır, lakin eyni zamanda bank portfelinin strukturunda əhəmiyyətli disbalanslar nəzərə çarpır. Belə ki, Mərkəzi Bankın 31 may 2024-cü il tarixinə hesablamalarına əsasən, ölkədə verilən bank kreditlərinin ən böyük payı (56,9%) ev təsərrüfatlarının (istehlak kreditləşməsi) payına düşüb. Ötən ilin beş ayı ilə müqayisədə bu göstərici bir qədər aşağı olsa da (2023-cü ilin yanvar-may aylarında - 58,8%), kredit kapitalının normal bölgü nisbətləri baxımından hələ də yüksəkdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi illik müqayisədə 22% artıb. Üstəlik, vətəndaşları, xüsusən də gənc nəsli bu növ bank xidmətləri üzrə nisbətən yüksək faiz dərəcələri belə çəkindirmir: milli valyutada orta tariflər 22-25% səviyyəsində qalır.
Bir tərəfdən bankların ev təsərrüfatlarına kreditlərin verilməsində fəallaşması kredit sisteminin inkişafına töhfə verməklə, ticarət tələbatını stimullaşdırmaqla yanaşı, əmtəə istehsalının və xidmətlərin təklifinin artırılmasına kömək edir. Digər tərəfdən istehlak kreditləşməsinin payının artması və bunun nəticəsində pul sisteminin “həddən artıq qızması” fors-major hallar zamanı kredit risklərinin artmasına gətirib çıxarır, inflyasiya dinamikasına təsir göstərir.
On il əvvəl, demək olar ki, bütün neft hasil edən ölkələr kimi, Azərbaycan da enerji resursları bazarının çökməsi və bunun ardınca milli valyutanın devalvasiyası ilə üzləşib və bu, ciddi ödənişsizlik böhranına səbəb olmuşdu. Nəticədə, yerli bankların sayı 45-dən 25-ə düşüb. Bu acı dərsləri daxili maliyyə bazarı yaxşı öyrənib. Ötən illər ərzində Mərkəzi Bankın səyləri nəticəsində daxili kredit sisteminin əhəmiyyətli dərəcədə de-dollarizasiyasını həyata keçirmək, pul-kredit qanunvericiliyinin gücləndirilməsi, bank sektorunda kreditləşmə şərtlərinə və kreditləşmədə müvafiq prudensial standartlara əməl olunmasına ciddi nəzarət mexanizmlərinin yaradılması mümkün olub.
Real sektor üçün
Bununla belə, banklar hələ də iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi risklərinə görə yüksək kredit faizlərini saxlayırlar. Orta hesabla 3-4 il müddətinə verilən, istehlak və ticarət kreditləşməsinə uyğun olan kreditlər, layihələrin geri qaytarılma müddəti və gəlirliliyin xeyli uzun sürdüyü sənayenin maliyyələşdirilməsi üçün qəbuledilməzdir. Kənd təsərrüfatının kreditləşməsi ilə bağlı vəziyyət daha pisdir. Bitkiçilikdə yüksək risklər, likvid girovun olmaması və kiçik fermer təsərrüfatları üçün kənd təsərrüfatı sığortasının zəif əhatə olunması bankların aqrar-sənaye kompleksinin maliyyələşdirilməsində iştirakını genişləndirməyə imkan vermir.
Son zamanlar müşahidə olunan istehlak kreditlərinin nisbətən yüksək səviyyəsi sakit olmaq üçün əsas ola bilməz. Xüsusilə iqtisadiyyatın digər sahələrində kreditləşmənin payının azalması fonunda.
AMB-nin statistikasına əsasən, bankların ümumi kredit portfelində enerji, kimya və təbii ehtiyatların payı 2023-cü ilin yanvar-may aylarında 3,27%-dən 2024-cü ilin 5 ayında 3,2%-ə qədər azalıb. Müvafiq pay kənd təsərrüfatında 2,3%-dən 1,7%-ə, tikintidə 5,23%-dən 4,4%-ə, ticarət və xidmət sahələrində 15,78%-dən 14,5%-ə qədər azalıb.
Eyni zamanda bu ilin 5 ayı ərzində sənaye və istehsalın kreditləşdirilməsi xeyli genişlənib: bu istiqamətə 2 milyard manat vəsait yönəldilib. Ötən ilin 4,9%-lik göstəriciləri ilə müqayisədə sənayenin bank portfelindəki payı 7,5%-ə yüksəlib. Oxşar müsbət dinamika 2024-cü ilin beş ayı ərzində 1,7 milyard manatdan çox investisiya qoyulmuş nəqliyyat və rabitə sektorunda da müşahidə olunur ki, bunun da hesabına pay parametrləri 4%-dən 6,4%-ə yüksəlib.
Sadalanan uğurlar təsadüfi deyil, çünki ötən ildən Mərkəzi Bank İqtisadiyyat Nazirliyi və bank institutları ilə birlikdə maliyyə sektorunun inkişafı üzrə yeni strategiyanın hazırlanması istiqamətində xeyli səy göstərib. Əsas vəzifə ölkə iqtisadiyyatının real sektorunun kreditləşdirilməsində bankların rolunun artırılmasıdır. Strategiya ilə digər məsələlərlə yanaşı, tələb və təklif arasında münasibətlərdə mövcud maneələrin aradan qaldırılması, iqtisadi agentlərin kreditlərə çıxış imkanlarının təkmilləşdirilməsi və sadələşdirilməsi üzrə tədbirlər nəzərdə tutulur. Bu məqsədlər üçün AMB kreditləşməni optimallaşdırmaq üçün tənzimləyici dəyişikliklər edib. Dəyişikliyə əsasən, iri layihələrin maliyyələşdirilməsi üçün bank kreditləri tam təminatlı hesab ediləcək və bu kreditlər üzrə faizlərin ödənilməsi tezliyi həmin layihənin şərtlərinə uyğundur.
Təminatsız kreditlər üzrə konsentrasiya limitindən çıxarılacaq layihələrin maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yüklənməyə müvafiq olaraq düzəlişlər edilib. Həmçinin, ekoloji baxımdan “təmiz avtomobillər”in maliyyələşdirilməsi üçün kredit götürən şəxsin borc yükü ilə bağlı normativ tələblər sadələşdirilib, biznes kreditləri üçün girov kimi çıxış edən sənaye, kommersiya və digər xüsusi avadanlıqlara olan tələblər yumşaldılıb.
Qarabağ regionunda sənaye və kənd təsərrüfatı sektorunun kreditləşməsinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Burada fəaliyyət göstərən biznesmenlərə dövlət zəmanətli və subsidiyalaşdırılmış kreditlərə çıxış var. 5 milyon manata qədər olan kreditin məbləğinin 90%-ə qədəri illik 15%-ə qədər faiz dərəcəsi ilə və 7 ilədək müddətə dövlət zəmanəti ilə verilir. Dövlət bu kreditlər üzrə illik 10% faiz dərəcəsini 36 aya qədər subsidiya edir. İqtisadiyyat Nazirliyinin ilin sonuna kimi sahibkarların əlavə maliyyələşdirməyə çıxışının, o cümlədən Sahibkarlığın İnkişafı Fondunun və Azərbaycan İnvestisiya Şirkətinin resurslarından istifadənin təmin edilməsi prosesinin işlənib hazırlanmasını başa çatdıracağı və prosesə başlayacağı gözlənilir. Digər variant isə ərzaq buğdası istehsalı və qənaətcil suvarma sistemlərinin alınması üzrə öhdəlik götürmüş sahibkarlıq subyektlərinə bankların öz vəsaiti hesabına 2028-ci il yanvarın 1-dək kreditlərə dövlət zəmanətinin verilməsi olacaq.
Beləliklə, sahibkarların dəstəklənməsi sahəsində bu və digər perspektivli addımlar və təminatlar bankları iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini genişləndirməyə həvəsləndirmək məqsədi daşıyır. Yaxın illərdə real sektorun bank portfelindəki payının əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac var.
MƏSLƏHƏT GÖR: