5 Oktyabr 2024

Şənbə, 09:53

SONU BƏLLİ OLMAYAN YARIŞ

ABŞ-dəki daxili siyasi çəkişmədə millətçilər qalib gələcək, yoxsa qlobalist-neoliberallar?

Müəllif:

01.08.2024

ABŞ-də noyabrın 5-də keçirilməsi nəzərdə tutulan prezident seçkisi ilə əlaqədar kampaniya həlledici mərhələyə qədəm qoyur. İndi hadisələr 81 yaşlı hazırkı prezident Cozef Baydenin yarışdan çəkilməsi ilə yaranmış intriqa fonunda davam edir.

 

Baydenin «son akkordları»

Bayden prezidentlik uğrunda yarışdan çıxmaq qərarını Demokratlar Partiyasından olan silahdaşlarının təzyiqi nəticəsində qəbul edib. Onun qatı rəqibi, Respublikaçılar Partiyasının prezidentliyə namizədi, sabiq dövlət başçısı Donald Tramp ilə debatda məğlub olması və koronavirusa yoluxması demokratların səbrini daşıran son damla olub. Ağ Ev sahibinin xəstələnməsi ilə onun səhhətinin qaydasında olmadığına dair söz-söhbətlər daha da artıb.

Beləliklə, Bayden iyulun 21-də prezidentlik yarışından çəkildiyini bildirib və əvəzində vitse-prezident Kamala Harrisin namizəd olmasını təklif edib. İyulun 25-də qərarını təsdiqləyən dövlət başçısı xalqa müraciət edib. «Belə qərara gəldim ki, irəli getmək üçün ən yaxşı yol estafetin yeni nəslə ötürülməsidir. Bu, xalqımızı birləşdirmək üçün ən yaxşı yoldur», - deyə C.Bayden qeyd edib. O, prezident postuna hörmət etdiyini, lakin ölkəsini daha çox sevdiyini deyib.

Bayden vəzifəsinin başında olacağı yarım ildə səylərini ABŞ-nin iqtisadi inkişafına, «əməksevər ailələr üçün» xərclərin azaldılmasına, vətəndaşların hüquqlarının müdafiəsinə, ekstremizmlə mübarizəyə yönəldəcəyini bildirib. Xarici siyasətdə isə prioritet Ukraynanın dəstəklənməsi, Rusiya ilə mübarizə, NATO-nun birliyini və qüdrətinin gücləndirilməsi, Qəzza sektorunda atəşkəs razılaşması üzərində iş olacaq.

Bayden amerikalıları Demokratlar Partiyasının prezidentliyə namizədi olacaq vitse-prezident Harrisi dəstəkləməyə çağırıb. «Kamala təcrübəlidir. O, sərt siyasətçidir. Bacarıqlıdır. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmizin lideridir», - deyə Ağ Evin sahibi qeyd edib.

Aydındır ki, Trampın qarşıdan gələn seçkidə qələbə qazanacağına, demək olar ki, şübhənin qalmadığı şəraitdə Harris seçimi Demokratlar Partiyasının yeganə yolu idi. Bəs bu seçim mövcud vəziyyəti dəyişə bilərmi? Bu suala cavab tapmaq üçün respublikaçıların düşərgəsində yaşanan proseslərə nəzər salmaq lazımdır. Eyni zamanda Baydenin yarışdan çəkilərək Harrisi önə verməsi ilə demokratlarda da müəyyən ruh yüksəkliyi yaranıb. Sosioloji sorğuların nəticələri də öz yerində.

 

Tramp yaralansa da, gücünü itirməyib

Hazırkı seçki kampaniyası ABŞ-nin müasir tarixində prezidentliyə namizədə sui-qəsdin edilməsi kimi dramatik hadisə ilə də yadda qalacaq. Bu, Trampın Pensilvaniyada seçki mitinqindəki çıxışı zamanı baş verib. Odlu silahdan açılan atəş nəticəsində qulağından yaralanan Tramp möcüzə sayəsində sağ qalıb. Sui-qəsdi həyata keçirən 20 yaşlı Tomas Metyu Kruks hüquq-mühafizə orqanları tərəfindən elə hadisə yerindəcə zərərsizləşdirilib.

Tramp insidentin ardından amerikalıları birliyə çağırıb: «Sarsılmaz qalmaq, qərarlı olmaq və şərin qələbəsinə imkan verməmək üçün bu, vacibdir», - deyə prezidentliyə namizəd bildirib.

Respublikaçılar Partiyasının Miluokidə keçirilən qurultayına o, qulağında sarğı ilə qatılıb. Orada Trampı vitse-prezidentliyə namizəd, Ohayo ştatından senator olan 40 yaşlı Cey Di Vens müşayiət edib.

Qurultayda Tramp Respublikaçılar Partiyasından rəsmi olaraq prezidentliyə namizəd elan edilib. O, çıxışını yenə də birliyə çağırış üzərində qurub, «istənilən irqə, dinə, inanca, dəri rənginə malik vətəndaş üçün yeni təhlükəsizlik, çiçəklənmə və azadlıq erası» başladacağını bildirib. Tramp deyib ki, o, «Amerikanın yarısının deyil, hamısının prezidenti olmaq» uğrunda yarışır. Prezidentliyə namizəd çıxışında demokratların administrasiyasını sərt tənqid etməyi də unutmayıb. O, Baydeni tarixin ən pis prezidenti adlandırıb, bildirib ki, hazırkı dövlət başçısının «ölkəyə vurduğu zərər ağlasığmazdır, sadəcə, ağlasığmaz».

Trampın yenidən dövlət başçısı seçiləcəyi təqdirdə yürüdəcəyi siyasətə gəlincə, onun üçün qeyri-leqal immiqrasiya probleminin həllinin prioritet olaraq qaldığı məlumdur. Bu problemi «ölkəyə ildə yüz minlərlə insanın ölümünə son qoyan basqın» adlandıran sabiq prezident deyir ki, yenidən Ağ Ev rəhbəri seçiləcəyi təqdirdə ABŞ ilə Meksika arasında sərhəd divarının tikintisini başa çatdıracaq. Ən əsası isə o, prezident Duayt Eyzenhauerin 1954-cü ildə həyata keçirdiyi deportasiyanın daha miqyaslısını həyata keçirəcəyini də bildirib. Xatırladaq ki, həmin vaxt Birləşmiş Ştatlardan 1 milyondan artıq meksikalı mühacir çıxarılmışdı.

Trampın xarici siyasi prioritetləri arasında Ukrayna müharibəsinə son qoyulması xüsusi yer tutur. O, sui-qəsdə məruz qaldıqdan sonra telefonla Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb və söhbət zamanı Rusiya ilə hərbi qarşıdurmaya son qoyulmasının vacibliyini bildirib. Sabiq dövlət başçısı tərəflər arasında tezliklə atəşkəsə nail olmaq iqtidarında olduğunu deyir. Bununla yanaşı, o, hesab edir ki, Moskva ilə Kiyev «zorakılığa son qoyacaq, çiçəklənməyə yol açacaq razılığa gələ bilərlər».

Prezidentlik yarışının gedişindən danışarkən isə Tramp demokratların namizədinin Kamala Harris olacağına əminliyini təkrar-təkrar dilə gətirdi. Harris haqda ən xoşagəlməz fikirlər səsləndirən Donald Tramp bildirir ki, onu məğlub etmək Baydenə qalib gəlməkdən daha asan olacaq. Lakin müşahidəçilər demokratların Baydeni Harrislə əvəzlənməsindən sonra respublikaçıların düşərgəsində müəyyən çaşqınlığın yarandığına diqqət çəkirlər. Məsələ ondadır ki, Trampın əsas seçkiqabağı strategiyası Baydenin «zəif cəhətləri»nin tənqidinə yönəlmişdi və bu zaman o, «çox qoca» prezidentin səhhətindəki problemlərə xüsusi diqqət çəkirdi. Halbuki Tramp hazırkı dövlət başçısından cəmi 4 yaş kiçikdir.

Harrisin meydana çıxması ilə indi Trampın özü «qoca namizəd»ə çevrilib. Onun enerjisi, bacarığı heç kimdə şübhə doğurmasa da, artıq «yaş» arqumenti işə yaramır. Harris nəinki Trampdan 18 yaş kiçikdir, həm də irqi və gender mənsubiyyətinə görə başqa ciddi «kozır»lara da malikdir.

 

Harris nəyə qadirdir?

Maraqlıdır ki, Kamala Harris özünü «qara qadın» kimi təqdim edir. Baydenin 4 il əvvəlki prezidentlik kampaniyası zamanı Harrisin ölkənin əhəmiyyətinə görə ikinci postuna namizəd göstərilməsində məhz bu xarakteristikanın xüsusi rolu olmuşdu. O vaxt Harrisin vitse-prezident postunu tutması eyni vaxtda həm feminist, həm də anti-irqçi hərəkatın böyük qələbəsi kimi qiymətləndirmişdi.

Harrisin rəsmi olaraq Demokratlar Partiyasının prezidentliyə namizədi olması onun siyasi karyerasında yeni dönüş sayılacaq. Partiya onu avqustdan elan etməyi düşünsə də, xanım siyasətçi artıq indidən partiya rəhbərliyinin, həmçinin sabiq prezidentlər Bill Klinton və Barak Obama kimi nüfuzlu fiqurların dəstəyini alıb.

Seçki kampaniyası çərçivəsində Viskonsin ştatının Miluoki şəhərində – Trampın rəsmən prezidentliyə namizəd elan olunduğu şəhərdə – təşkil olunmuş ilk mitinqində Harris Demokratlar Partiyasının birliyini bərpa edəcəyinə söz verib, eyni zamanda Trampı sərt tənqid edib. Amma bu zaman o, Tramp və «trampçılar»ı Amerika demokratiyasına təhdid sayan Baydenin ritorikasından istifadə etməyib. Xanım siyasətçi siyasi karyeraya başlamazdan əvvəl işlədiyi vəzifəyə uyğun ittihamlar səsləndirib. Kaliforniyanın baş prokuroru çalışarkən topladığı təcrübəyə istinad edən Harris bildirib ki, o, «Tramp kimi insanları yaxşı tanıyır». «Mən ən müxtəlif cinayətkarları görmüşəm. Qadınların başına oyun açmış yırtıcıları da, istehlakçıları aldadan dələduzları, öz maraqları üçün qaydaları pozan dələduzlarıda», - deyə  Harris qeyd edib.

Trampa qarşı cinayət işinin olduğunu nəzərə alsaq, bu bəyanatın nə demək olduğu anlaşılır. Bəs Harrisin «ifşa»ları hələ ki, Trampın xeyrinə olduğu görünən seçki kampaniyasının gedişini dəyişə biləcəkmi?

Aydındır ki, Harrisin prezident seçiləcəyi təqdirdə yürüdəcəyi siyasət əsas göstəricilərinə görə Baydenin siyasətindən fərqlənməyəcək. Məsələn, xarici siyasətdə Ağ Evin Rusiya-Ukrayna müharibəsilə bağlı mövqeyi dəyişməyəcək: ABŞ Ukraynanı «nə qədər lazım gəlsə dəstəkləyəcək».

Güman ki, amerikalıların noyabr seçkisi daha çox şəxs deyil, ideya xarakterli olacaq. Hər halda, bu gün Birləşmiş Ştatlarda ölkədə daxili həyat və Vaşinqtonun beynəlxalq arenadakı rolu ilə bağlı iki görüş var. Son illər Trampın aid olduğu mühafizəkar, millətçi siyasətə üstünlük verən düşərgə ilə Demokratlar Partiyasının qlobalist, neoliberal tərəfdarları arasında qarşıdurma pik həddinə çatıb. Bu məsələ qarşıdan gələn prezident seçkisi nəticəsində həll olunmalıdır.

Baydenin prezidentlik yarışından çəkilməsindən sonra keçirilən müxtəlif ictimai rəy sorğuları göstərir ki, Trampla Harrisin şansları təxminən eynidir. Bu, öz-özlüyündə demokratların taktiki uğuru kimi qiymətləndirilə bilər, çünki əvvəllər Tramp reytinqdə Baydeni çox üstələyirdi. Bəs bu, Harrisə strateji uğur qazandıracaqmı?

İstənilən halda, ABŞ-də bu payız hər dörd ildən bir olduğu kimi, çox «isti» keçəcək. Amma bu dəfə «stavka» daha yüksəkdir. Çünki Birləşmiş Ştatların üzləşdiyi problemlər getdikcə daha sistemli xarakter alır. Buraya Vaşinqtonun qlobal liderliyinə son qoya biləcək beynəlxalq məsələlər də daxildir.



MƏSLƏHƏT GÖR:

46