Müəllif: Kənan Rövşənoğlu
İyunun 30-da Türkiyənin Kayseri vilayətində baş verən və tezliklə ölkənin bir çox şəhərlərinə, daha sonra Suriyanın şimalına yayılan hadisələr əslində son aylarda yenidən sürətlənən Türkiyə-Suriya barışıq prosesinə qarşı təxribat idi.
Nə baş vermişdir?
İyunun 30-da etnik suriyalı Kayseridə qıza təcavüz edib. Xoşagəlməz hadisə sürətlə iğtişaşlara və şəhər əhalisinin suriyalı qaçqınlara hücumlarına, dükanların talanına və vandalizm aktlarına çevrilib.
Qeyd edək ki, bu, Türkiyədə miqrasiya kontekstində baş verən ilk iğtişaş hadisəsi deyil. Buna cavab olaraq suriyalılar Suriya ərazisindən keçən Türkiyə yük maşınlarına hücum etməyə başlayıblar. Türkiyədən Suriyaya yük daşıyan nəqliyyat vasitələri və Türkiyə bayraqları yandırılıb, poçt binalarına və ordu postlarına hücum edilib. Nəticədə, Türkiyə hakimiyyəti sərhəd-keçid məntəqələrini bağlamalı olub. Türkiyədə 500-ə yaxın iğtişaş iştirakçısı saxlanıldıqdan sonra, nəhayət, vəziyyət nəzarətə götürülüb.
Əlbəttə ki, Türkiyədə suriyalı qaçqınlarla bağlı gərginlik daha əvvəldən mövcuddur, üstəlik Suriyanın şimalında, əsasən də müxaliflərin nəzarət etdiyi İdlib vilayətində daha əvvəl də Türkiyəyə qarşı etirazların olduğu məlumdur. Lakin ictimai qəzəbin, xüsusən də Suriyada yayılma sürəti və hadisələrin Suriya və Türkiyə dövlət başçılarının planlaşdırılan görüşü ərəfəsində baş verməsi bunun təxribat olduğunu deməyə əsas verir. Üstəlik, bunun məqsədi Ankara ilə Dəməşq arasında barışığa mane olmaq idi.
Yavaş gedən “barışıq qatarı”
Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası bir neçə il əvvəl başlayıb. Rusiya tərəflər arasında vasitəçi kimi çıxış edir. Ötən il İraq da bu prosesə qoşulub. Hazırda Bağdad həm Ankara, həm də Dəməşq üçün görüşlər və danışıqlar üçün uyğun məkan hesab olunur.
Suriya-Türkiyə yaxınlaşmasının ilkin nəticələri iki il əvvəl özünü hiss etdirdi. 2022-ci ildə əvvəlcə hər iki ölkənin müdafiə nazirləri və kəşfiyyat rəhbərləri Moskvada, bir neçə aydan sonra isə bu dövlətlərin XİN başçıları görüşüblər. Doğrudur, sonradan proses zəifləsə də, bu ilin yazında yenidən sürətlənib. Məlum olub ki, Bağdadda rəsmi səviyyədə müzakirələr keçirilir.
İyun və iyul aylarında Türkiyə və Suriya liderləri dövlət başçıları səviyyəsində görüşün mümkünlüyünü təsdiqləyiblər. Belə ki, ABŞ-də keçirilən NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə barışıq üçün Ankarada aparılan hazırlıq işlərini açıqlayıb. O, həmçinin Suriya Prezidenti Bəşər Əsədi Türkiyədə və ya üçüncü ölkədə keçiriləcək görüşə dəvət etdiyini bildirib və bu prosesə dəstək verilməli olduğunu əlavə edib.
Barışığın zəruriliyi
Əslində, hazırda Türkiyə və Suriya hökumətləri barışığa eyni dərəcədə maraq göstərir. Və bunun səbəbləri var. Rəsmi Dəməşq üçün bu, Türkiyə ordusunun kontingentinin hələ də Ərəb Respublikası ərazisində qalmasına görə zəruridir. Hazırda ölkənin şimalındakı ərazisinin təxminən 10 faizi Türkiyə ordusunun nəzarəti altındadır. Səbəb Türkiyə ordusunun Suriya ərazisində İŞİD və PYD/YPG terror təşkilatlarına qarşı keçirdiyi hərbi əməliyyatlar idi: 2016-cı ildə “Fərat qalxanı”, 2018-ci ildə “Zeytun budağı”, 2019-cu ildə isə “Sülh baharı”.
Məlum olduğu kimi, 2017-ci ildəki Soçi razılaşmasına əsasən, İdlib vilayətində müxaliflərin üzərində nəzarət Türkiyəyə məxsusdur. Odur ki, ölkə daxilində tam suverenliyin bərpası üçün Suriya hakimiyyəti Türkiyə ilə ortaq dil tapmalıdır.
Suriya Ərəb Respublikasının suverenliyinə ikinci ciddi təhlükə ölkənin şimal-şərqindəki kürd qruplaşmalarıdır. Bu isə PYD/YPG-nin yaratdığı “Suriya Demokratik Qüvvələri”nin elan etdiyi “Kürd muxtariyyəti”nin nəzarəti altında olan Suriya ərazisinin beşdə birindən çoxunu təşkil edir.
Qərb ölkələrinin dəstəklədiyi bu muxtar kürd qurumuna Dəməşq faktiki olaraq nəzarət etmir. Bundan əlavə, 30 il əvvəl İraqda olduğu kimi Suriyada daha bir kürd muxtariyyətinin yaranması ehtimalı da istisna oluna bilməz, təbii ki, Əsəd hökuməti bunu qəbul etmir.
Nəhayət, siyasi olaraq Türkiyə ilə barışıq Bəşər Əsəd üçün siyasi iqtidarını legitimləşdirmək yolunda, ümumilikdə münaqişənin həlli istiqamətində böyük bir addım olacaq.
Rəsmi Ankara üçün Suriya ilə barışıq artıq neçə ildir ki, siyasi zərurətə çevrilib. Bu, digər məsələlərlə yanaşı, nəhəng qaçqın kontingentinin (3,7 milyon), Suriyanın şimalındakı nizamlanmamış münaqişənin və kürd probleminin yaratdığı bir sıra problemlərlə bağlıdır. Aydındır ki, qaçqınların geri qayıtması üçün təcili olaraq Ankara ilə Dəməşq arasında hərəkətlərin koordinasiyası lazımdır.
Suriyanın şimalındakı “kürd muxtariyyəti” Dəməşq qədər Ankaranı da narahat edir. Rəsmi Ankara Qərb tərəfindən dəstəklənən Suriyanın şimalındakı PKK-nın Suriya qanadı olaraq qəbul etdiyi kürd ittifaqını özünə qarşı təhdid olaraq görür. Fəratın sahillərindəki “muxtariyyət”in mənbəyini məhv etmək üçün isə Dəməşqlə əməkdaşlıq lazımdır.
Barışığın siyasi əhəmiyyətini də nəzərə alan hər iki tərəf bu istiqamətdə fəal addımlar atır. Məsələn, əvvəllər Türkiyə ordusunun ərazisindən çıxarılmasını tələb edən Suriya hökuməti artıq bu şərti irəli sürmür, onu müzakirələrə açıq saxlayır.
Türkiyə isə ordusunun Suriyadan çıxarılması və Suriya müxalifətinin danışıqlar prosesinə daxil edilməsi müqabilində münaqişənin siyasi həllində israr etmir. Ankara da qaçqınların geri qayıtması məsələsini vurğulamır.
Başqa sözlə, hər iki tərəf mübahisəli məsələləri danışıqlar masasında müzakirə etməyə hazır olduqlarını açıqlayıb. Çünki indi hər kəs anlayır ki, həm Suriyanın şimalında kürd probleminin həlli, ölkənin suverenliyinin bərpası, qaçqınların evlərinə geri dönməsi və digər həyatı əhəmiyyətli problemlərin həlli Ankara və Dəməşq arasında razılaşmadan keçir.
Moskva və Bağdad xətti, amma Tehransız
Maraqlıdır ki, Moskva 7 ildən artıq əməkdaşlığa baxmayaraq, rəsmi Tehranı cəlb etmədən Ankara və Dəməşq arasında sülh əldə etməyə çalışır. Əgər əvvəllər Türkiyə və Suriya rəsmiləri Moskvada görüşüblərsə, son vaxtlar Bağdadda müzakirələr getdikcə artır.
Qərblə münaqişənin kəskinləşməsi fonunda Moskva barışığın gedişatını nəzarətində saxlamaq üçün Türkiyəni öz tərəfinə çəkməyə və Suriyada təşəbbüsü ələ keçirməyə çalışır. Kremlin Tehranı bu məsələdə iştirakdan çəkindirmək cəhdləri, Soçi prosesində olduğu kimi, ona öz şərtlərini tətbiq etməyə imkan verməmək istəyi ilə izah oluna bilər. Məlumdur ki, İranın Suriyada maraqları var, onların təmin edilməsi barışığa təsir göstərə bilər. Lakin Moskva, çətin ki, Tehranı hər zaman baş verənlərdən kənarda saxlaya bilsin. Bəli, İran son aylar daxili siyasi məsələlərin həlli ilə məşğuldur. ABŞ və İsrailin Suriyada artan təzyiqləri İranı bir qədər geri çəkilməyə məcbur edib. Lakin Tehranın yaxın gələcəkdə Suriya istiqamətində aktivləşməsi qaçılmazdır. Əslində, bunu regiondakı vəziyyət diktə edir.
Suriya müxalifəti barışıq yolunda daha bir ciddi maneə olaraq qalır. Hələbin şimalı və İdlib vilayətinə nəzarət edən müxalif qrupların Suriya-Türkiyə barışıq prosesini pozmağa çalışması müəyyən mənada başadüşüləndir. Bunu Kayseri hadisələrindən sonra Suriyanın şimalında artan gərginlik də göstərir. Üstəlik, bu qrupların silahlı olması təhlükəni daha da artırır. İyulun 2-də Türkiyə ordu qüvvələrinə hücum bunun ilkin əlaməti idi. Beləliklə, Ankara müxalif qrupları razı salacaq variant təklif etməyəcəyi təqdirdə Suriyanın şimalında silahlı qarşıdurma qaçılmaz olacaq.
Lakin Türkiyədən asılılıq və qarşı tərəfdə Suriya və İran kimi rəqibin olması Suriya müxalifətinin müqavimət imkanlarını azaldır. Güman ki, Ankara danışıqlar zamanı onun üçün müəyyən hüquqlara zəmanət verməyə çalışacaq. Amma Suriyanın şimalında dalan dirənmiş vəziyyəti “sıfır nöqtəsindən” çıxarmaq üçün Ankara və Dəməşqin masa arxasında oturmasına ehtiyacı var.
Moskvanın himayəsi altında aparılan danışıqlar, təbii ki, Vaşinqtonun maraqlarına cavab vermir. İyulda Dövlət Departamentinin sözçüsü açıq şəkildə bəyan edib ki, Ağ Ev Dəməşq və Ankara arasında danışıqları dəstəkləmir. Başqa sözlə, onların indiki istiqamətdə davam etməsi həm də Vaşinqtonun Suriya kürdlərinə davamlı dəstəyini də nəzərdə tutur.
Ötən il oktyabrın 7-də Qəzza zolağında başlayan müharibə Suriyaya da diqqəti artırıb. Son aylarda İsrail və “Hizbullah” arasında genişmiqyaslı müharibə riskinin artması Vaşinqtonun Suriya Ərəb Respublikasında fəallığını artırıb. Ötən ay yayılan fotolar ABŞ-nin Suriyadakı mövcudluğunun artdığını göstərir. Amerikalı hərbçilər İranın hərbi yüklərinin Suriyaya tədarükünün qarşısını almaq üçün İraqla sərhəddə beton maneələr qurmağa başlayıblar. Qeyd edək ki, bu sərhəd vasitəsilə “Hizbullah”ı silahlandırmaq üçün Livana silah və texnika tədarük olunur. ABŞ-nin nəinki Suriyanı tərk etməyəcəyi, əksinə, qarşıdakı dövrdə bu ölkədəki mövqelərini daha da gücləndirəcəyi gözlənilir. Kürdlərin Vaşinqtonun Suriyadakı əsas müttəfiqləri olaraq qaldığını nəzərə alsaq, yaranmış vəziyyətin Ankaranı da ciddi şəkildə narahat etdiyi aydındır.
Bir sözlə, Suriyada, xüsusən də proseslərin yeni mərhələyə qədəm qoyduğu ölkənin şimalında vəziyyət mürəkkəb olaraq qalır. Ankara və Dəməşq arasında gərginliyin azaldılmasına dair danışıqlar Suriyanın şimalında sülh və sabitliyin bərqərar olması üçün ilkin zəmin yaradır. Qaçqınların əksəriyyətinin Suriyaya qayıtmasının heç bir ilkin şərt olmadan reallaşacağı, Türkiyənin PYD/YPG-yə qarşı antiterror əməliyyatları keçirəcəyi də gözlənilir.
MƏSLƏHƏT GÖR: