19 Sentyabr 2024

Cümə axşamı, 20:45

NİSSƏNIN CAZIBƏSI

Mavi sahilin paytaxtında nə etməli?

Müəllif:

01.09.2024

Fransanın Mavi sahilinin incisi olan Nitsa – dəbdəbə, nəfis mətbəx. Açıq-aydın Aralıq dənizi iqliminə malik bu sahil şəhəri hər kəsə inanılmaz təəssürat və təkrarolunmaz istirahət vəd edir.

 

Ən yaxşı vaxt

Əksəa Aralıq dənizi kurortlarında olduğu kimi, Nitsada da il boyu iqlim yumşaq, xoş olur. Yayda burada havanın orta hərarəti 25-30, bəzən 35°C təşkil edir. Suyun hərarəti isə adətən 20-25°C-dək qalxır ki, bu da onu çimmək üçün ideal vəziyyətə gətirir.

Nitsada hava payızda (sentyabr-noyabr) da gözəldir – təxminən 20-25°C. Bu üzdən də bəzi turistlər oktyabrın sonlarınadək dənizdən çıxmır. Bəs qış? Bəli, bu şəhərdə iqlim qışda da yumşaqdır (10-15°C). Yazda isə havanın hərarəti 15-20, suyun hərarəti isə 15-18°C ətrafında dəyişir. Bir sözlə, Nitsaya səyahət üçün ən yaxşı vaxt turistin zövqünə bağlıdır. Yay əlbəttə ki, daha çox turisti cəlb edir. Bu aylarda çimərlikdə onları isti və çox şəffaf su gözləyir. Yaz və payız isə daha sakit keçdiyindən, şəhərlə tanışlıq, Nitsanın ətrafını gəzib-dolaşmaq üçün daha uyğun vaxtdır.

 

«Kot-d'Azur» aeroportunda

İstirahətinizi Nitsada keçirmək qərarına gəlmisinizsə, ilk işiniz aivabilet almaq olmalıdır. Onların qiyməti ilin fəslindən və aviaşirkətdən asılı olaraq dəyişir. Bakıdan bu şəhərə bir nəfər üçün iki istiqamətə biletin qiyməti təxminən 700 avrodur (qidalanma və yük daxil). Amma ucuz aviaşirkətlə getməyə, yaxud gecə uçmağa hazırsınızsa, üstəlik, özünüzlə böyük ölçülü yük götürməyəcəksinizsə, 300-400 avroya bilet tapa bilərsiniz. Məsələn, hər hansı ucuz aviaşirkətlə Romaya uçmaq, oradan isə 60 avroya gedib-qayıtmaq olar. Əsas şərt bileti əvvəldən bron etməkdir. Bu halda onu daha münasibt qiymətə almaq mümkündür.

Mavi sahilin əsas hava limanı «Kot-d'Azur»dur. O, Nitsanın mərkəzindən 6 kilometrlik məsafədə yerləşir. Şəhərə müxtəlif vasitələrlə çatmaq olar, amma ən rahatı əlbəttə ki, taksidir. Hava limanından Nitsaya taksi bir istiqamətə təxminən 30-40 avroya gedir. Lakin sutkanın saatı və konkret marşrutdan asılı olaraq, qiymət dəyişə də bilər.

Aeroportdan şəhər mərkəzinə 98 («Express») və 99 («Rapide») nömrəli müntəzəm avtobus marşrutları da işləyir. Genişhaqqı təxminən 6 avrodur. Avtobuslar hər 15-20 dəqiqədən bir yola düşür. Yaxınlıqda bir nəfərin Nitsaya 2-3 avroya çata biləcəyi «Aéroport Nice Côte d'Azur» dəmir yolu stansiyası da var. Nəhayət, sürücülük vəsiqəniz varsa və sərbəstliyi xoşlayırsınızsa, elə aeroportdaca icarəyə avtomobil götürə bilərsiniz.

Turistlər və yerli sakinlər arasında ən populyar və rahat hərəkət vasitəsi daha əlçatan və ucuz (1,5 avro) olan «T2» tramvayıdır. O, aeroportun iki terminalının arasından keçərək İngilis bulvarına gedir, oradan bütün mərkəzi dolaşır, Massena meydanı vasitəsi ilə Nitsanın Qədim limanındakı «Port Lympia» dayanacağında dayanır. Bileti dayanacaqlardakı avtomatlardan əldə etmək olar. Tramvaylar arasında interval 10-15, şəhərin mərkəzinədək yol isə 25-30 dəqiqədir.

 

Dəbdəbəli hotel, yoxsa sadə gecələmə yeri?

Nitsada gecələmək üçün seçim çoxdur – dəbdəbəli beşulduzlu hotellərdən tutmuş, ucuz, lakin rahat qonaq evlərinə, hostellərədək. Dəbdəbəyə vərdiş etmisinizsə, Nitsada «cəmi» iki nəfərlik nömrəyə 700-800 avro ödəməklə, gecəni yüksək səviyyəli xidmətin, dənizə mənzərənin olduğu, spa mərkəzi, yüksək səviyyəli restoran, hovuz kimi əlavə xidmətlərin də göstərildiyi hotelləri seçə bilərsiniz. Mavi sahilin paytaxtındakı beşulduzlu hotellər arasında ən məşhuru əlbəttə ki, «Le Negresco»dur. O, sahil kənarındakı İngilis bulvarında yerləşir. Hər gün bu hotelin qarşısında turistlərin kütləvi şəkildə şəkil çəkdirdiklərini görəcəksiniz. Yayda burada ikinəfərlik nömrə 800, payız və qışda isə 300-350 avrodur.

«Le Negresco» Nitsanın ən məşhur hoteli olsa da, beşulduzlu hotellər arasında ən bahası heç də o deyil. Ən bahalı hotellərdə yayda ber gecə qalmaq 1900-2000 avroya başa gəlir.

Nitsanın orta sinfə aid hotelləri də qonaqlara rahat nömrələr, yaxşı xidmət təklif edir. Lakin daha ucuz qiymətə. Onların hər birində restoranlar, fitnes və konfras zalları və s. var. Belə hotellərdə bir gecə qalmaq üçün 100-200 avro ödəmək nifayət edir. Bununla yanaşı, şəhərin düz mərkəzində yayda 60 avroya da normal yer tapmaq olar.

Səyahətə məhdud büdcə ilə yollananlar üçün isə Nitsada hostellər, qonaq evləri və kiçik mehmanxanalar var. Burada qiymətlər 30 avrodan başlayır.

Ümumiyyətlə, bu şəhərdə istirahətin qiyməti çox dəyişik ola bilər. Bu, mövsümdən, bayramlardan və təlabatdan asılıdır. Odur ki, oraya xüsusilə mövsümün pikində yollanmaq istəyənlərin qalacaqları yeri əvvəldən bron etmələri məsləhətdir.

 

Görməli yerlər

Nitsa kurort şəhəri orlsa da, şəhərdə görməli yerlər kifayət qədərdir. Gidlər onlar arasında ilk yeri sahilyanı İngilis bulvarına («Promenade des Anglais») verir. Bulvar Mavi sahil boyunca 5 km uzanır. O, şəhərin ən məşhur yerlərindəndir və buradan dənizə möhtəşəm mənzərə açılır. Sahildə zəngin səyyahın arzulaya biləcəyi hər şey var – ekzotik palmalardan ibarət bağça, kazino, Nitsanın ən yaxşı hotelləri, qəbim saray kompleksləri. Məsələn, turistlərin üzünə hər an açıq olan Ç.Dalmasın «Aralıq dənizi sarayı» kiçik teatr, kazino və hotelləri ilə tanınır.

1913-cü ildə inşa olunmuş «Le Negresco» hotel kompleksi də bu sahildə yerləşir. O, dünyanın ən rahat hotelləri sırasında yer alır. Vaxtilə Elton Con, Salvador Dali, «Bitlz» qrupunun üzvləri kimi əfsanəvi şəxsiyyətlər məhz burada dincəliblər. Binanın xarici görünüşündə diqqəti çəkən əsas hissə Eyfelin şagirdi tərəfindən hazırlanmış çəhrayı günbəzdir. Onun altından asılmış çılçıraq vaxtilə İkinci Nikolaya məxsus olmuş, indi isə Kremldə asılmış çılçırağın anoloqudur.

Məşhur Qədim şəhərin («Vieux Nice») küçələrini də dolaşın. Burada borokko üslubunda tikilmiş çoxsaylı qədimi binalar (XVI-XIX əsrlər), razat kafe və mağazalar sıraya düzülüb. Mərhəmət kilsəsi, Ədliyyə sarayı, Rosetti meydanı, Saatlı qüllə və s. məhz burada yerləşir. Ənənəvi olaraq mədəniyyət tədbirləri və festivalların keçirildiyi Massena meydanına («Place Masséna»), həmçinin Kurs Saleya bazarına («Cours Saleya Market») baş çəkməyi də unutmayın. Bu gözəl bazarda ən müxtəlif çeşiddə tər meyvələr, tərəvəzlər, güllər və yerli ərzaqlar satılır.

Mütləq görməli olduğunuz yerlərdən biri də Nitsa Opera Teatrıdır («Opéra de Nice»). Borokko üslubunda tikilmiş bu möhtəşəm bina şəhərin memarlıq rəmzlərindən biridir. Burada keçirilən konsert və tədbirlərə biletin qiyməti 6-94 avro arasında dəyişir.

Nitsanın ən məşhur görməli yerləri sırasında Müqəddəs Fransisk kilsəsi («Église Saint-François»), Matissa, («Musée Matisse»), Massena («Musée Masséna») və Mark Şaqal («Musée National Marc Chagall») muzeyləri, Kimin monastırı («Monastère de Cimiez»), şəhərə və dənizə möhtəşəm mənzərənin açıldığı Kolline de Şato təpəsi («Colline du Château») də var. Bu şəhərdə muzeylərə giriş adətən, baha olmur – orta hesabla 10 avro.

Nəhayət, əlbəttə ki, çimərliklər. Nitsaya yayda yollanmısınızsa, Aralıq dənizinin ilıq suyunda üzə, sahilində günəş qəbul edə bilərsiniz. Şəhərdə bir neçə məşhur çimərlik var. Onların arasında ilk yerdə birbaşa İngilis bulvarında yerləşən «Promenade des Anglais» gəlir. Mərkəzdə «Beau Rivage» çimərliyi də var. O, müxtəlif kokteyllərdən həzz ala biləcəyiniz rahat klubları və barları ilə tanınır. «Castel Plage» çimərliyi isə ona xüsusi gözəllik verir. «Blue Beach» isə yelkənli qayıq və paraseylinq kimi su idman növlərindən həzz almaq üçün ideal məkandır. «Coco Beach» çimərliyindəki kafe və restoranlarda yerli delikatesləri dada, təzə dəniz məhsullarından hazırlanmış yeməklər yeyə bilərsiniz.

Nitsa çimərliklərinin əksəriyyəti pulludur. Ödənişsiz çimərliklərdə isə yalnız çətirə, şezlonqa, duş qəbuluna və digər xcidmətlərə görə ödəniş edilir. Bəzi çimərliklər isə o qədər çınqıllıdır ki, rahatlıq üçün xüsusi ayaqqabıya ehtiyac olur.

 

Səyahət üçün ideal istiqamət

Nitsadan Mavi sahil və ətrafına çoxsaylı maraqlı tur və ekskursiyalar təşkil edilib. Amma bir məqamı unutmayın – belə gəzintilərə turizm agentlkiləri vasitəsilə yollansanız, bu, sizə çox baha başa gələcək. Yaxşısı budur ki, qatara bilet alın, yaxud icarəyə avtomobil götürün. Nitsada adekvat qiymətə turlar təşkil edən agentlik tapmaq praktik olaraq, mümkün deyil. Şəhərin əsas dəmir yolu vağzalının qarşısındakı turizm agentliyinə müraciət edən qrupumuza məhz bu məsləhəti verdilər. Çünki burada məsələn, qonşu Monako və Monte-Karloya turlar 250-350 avroya başa gəlir. Halbuki, qatar və ya avtobusla hər iki şəhərə gediş-qayıdış 5-11 avrodur. Monakoya qatarla təxminən 20, avtobusla 50 dəqiqəyə çatmaq mümkündür. Beləliklə, knyazlığı gün ərzində təkbaşına gəzib-dolaşa, ciddi məbləğ ödəmədən Knyaz sarayı, Okeanoqrafiya muzeyi, Monte-Karlo kazinosu kimi məşhur yerlərə baş çəkə bilərsiniz.

Nitsada Kanna qatarla 1 saata çatmaq mümkündür və bu sizə iki istiqamətə 17 avroya başa gələcək. Oraya bir günlük səyahət zamanı şəhərin məşhur sahilində gəzin, Kann kinofestivalının qırmızı xalısını görün, Qədim şəhərin küçələrini dolaşın. Yerli elit çimərliklərə də getmək olar.

Bundan başqa, 1,5 saatlıq yola təxminən 30 avro ödəməklə İtaliyanın məşhur musiqi paytaxtı olan San-Remonu da gün boyu gəzə bilərsiniz. Amma bunun üçün sərhəddəki Ventimilya şəhərində nəqliyyat vasitəsini dəyişmək lazımdır. Çünki oraya birbaşa dəmir yolu yoxdur.

Nitsaya səyahət zamanı populyar Sen-Trope kurortuna da yollanmaq olar. Lui de Fünesin rol aldığı jandarmlar haqqında məşhur serial məhz burada çəkilib. Nitsa ilə Sen-Trope arasında məsafə 160 kilometrdir. Amma burada da birbaşa nəqliyyat problemi var. Bir tərəfə San-Rafael şəhəri vasitəsi ilə səfər 2-2,5 saat çəkir və təxminən 35 avroya başa gəlir. Yol Kann, Antib və Frejyusdan keçir.

Ümumiyyətlə, Nitsa Provans regionuna hərtərəfli ekskursiya üçün ideal nöqtədir. Burada müxtəlif turist marşrutları var və şərabçılıq təsərrüfatları, orta əsrlərə aid şəhərlər, gözəl mənzərəli məkanların gəzintisi də bu turlara daxildir. Məsələn, Esterel dağları Nitsa yaxınlığında yerləşir. Oranı piyada və ya velisopedlə dolaşmaq, dağların qoynunda xudmani məclislər qurmaq çox maraqlıdır: möhtəşəm mənzərə, sıldırım qayalar, gözəl çimərliklər. Provansın çaxır zavodlarına turlar zamanı isə yerli şərabların dadına baxmaq, onların hazırlanma prosesi ilə tanış olmaq mümkündür.

Bir gününüzü yaxınlıqdakı qədim Antib və Eze şəhərlərinin gəzintisinə də ayıra bilərsiniz. Hər iki istiqamətdə səfər təxminən 30 dəqiqə çəkir və 6-8 avroya başa gəlir (gediş-qayıdış).

 

Kulinariya həzzi

Nitsa Mavi sahildə yerləşdiyi üçün təzə və ləzzətli dəniz məhsulları ilə də məşhurdur. Restoranlarda balıq yeməklərinin qiyməti 15-20 avrodur. Nitsanın kafe və restoranlarında geniş çeşiddə ənənəvi Provans yeməkləri, məsələn, raratuy, bulabes (balıq şorbası) və bulbanye (buğda bişirilmiş ət) təklif edilir. Bu restoranlarda bir porsiya yeməyin qiyməti alkoqollu içkisiz 20-30 avro təşkil edir. Restoranlarda şam yeməyi adambaşına 30-50 avro və daha bahadır. Yüngül qəlyanaltıların, sendviçlərin qiyməti isə 5-10 avro arasında dəyişir. Koye və ya çay 2-5 avroya başa gəlir.

Qədim həhərdə çox sayda rahat kafe və qəlyanaltı tampaq mümkündür. Burada nahar o qədər də baha deyil. Bəzi restoran və kafelər isə nahar və ya şam yeməyinə endirimlər də təklif edir. Belə hallarda 15-20 avroya lanç tapa bilərsiniz. Bunlan başqa, 25 avroya şam (İsveç masası) təklif edən Asiya restoranları da var. Nitsanın kıüçə bazarları və köşklərində isə kifayət qədər ucuz qiymətə qəlyanaltı və xörək tapa bilərsiniz. Bu, artıq pul ödəmədən yerli delikatesləri dadmağın ən yaxşı yoludur.

Kurs Saleya kimi fermer bazarlarından tər meyvələri daha ucuz qiymətə almaq olar. Mətbəxi olan appartamentdə qalırsınızsa, bu bazara baş çəkdikdən sonra yeməyinizi özünüz hazırlaya bilərsiniz.

Nitsanı dəbdəbə ilə gözəlliyin bir-birinə qarışdığı şəhər adlandırırlar. Bu, həyatında bir qədər dəbdəbə istəyən şsxslərə əla istirahət imkanıdır. Bu gözəllikdən zövq alın, səyahətinizin hər anının dadını çıxarın!



MƏSLƏHƏT GÖR:

25