Müəllif: Nigar BAĞIROVA
Lalə Ümidin əsərləri milli mədəniyyət və müasir ədəbi cərəyanların unikal vəhdətidir. Onun mətnlərində təbiətin və insan talelərinin bir-birinə qarışdığı bir həyat nümunəsi olan doğma Abşeronun obrazları canlanır. Məşhur söz xiridarı olan həmsöhbətimiz ən gənc oxucuları parlaq və mehriban fantaziya aləminə qərq edir, o, nağıl personajlarının hiss və duyğularını da məharətlə çatdırır. Lalə Ümidin sözlərinə görə, hətta ictimai nəqliyyatda gedən böyük oxucular belə onun ədəbi dünyasına qərq olurlar. Razılaşın ki, bu, müasir həyatda olduqca nadir hadisədir.
- Əsərlərinizdən hansı ilə daha çox qürur duyursunuz və niyə? “Ağabala”, “İntuisiya”, “Xarıbülbül açanda”?
- Ən çox qürur duyduğum konkret əsəri qeyd edə bilmərəm. İlk kitabım “Sevgi dərsi” hekayələr toplusu, ardınca “Vicdanla sövdələşmə”, “İntuisiya”, “Zənglərin zamanı” və “Ağabala” hekayələri toplusu oldu. Konkret olaraq hər hansı bir əsərlə fəxr etmək çətindir, çünki onların hamısı mənim qələmimin yaratdığı «övladlarımdır» və mənim üçün hamısı eyni dərəcədə əzizdir. Lakin bir halda ki, söhbət qürur duymaqdan düşdü, demək istərdim ki, yazıçılıq karyerama məhz qısa hekayələrlə başladığıma görə fəxr edirəm. Çünki bu, kifayət qədər çətin janrdır. Hekayələr yazmaq əsl sənətdir. Çünki hekayədə başlanğıcı, ortanı və sonu əhatə etmək lazımdır. Hekayəni Anton Çexov kimi, lakonik və mənalı yazmaq lazımdır. Yeri gəlmişkən, Çexov deyirdi ki, lakoniklik istedadın bacısıdır. Bu mənada mənim müəllimlərim Çexov, Saltıkov-Şedrin və Bunin kimi yazıçılar olublar. Baxmayaraq ki, Çexov Buninə qəliz epitetlərdən uzaq durmağı, hekayələri qısa yazmağı məsləhət görürdü. Sualınıza gəlincə, bəlkə də “Heyva çiçəkləri” hekayəsi mənim üçün xüsusilə əzizdir. Bu hekayə “Literaturnı Azerbaydjan” jurnalında dərc olunub və kifayət qədər tanınıb. İnsanlar məni məhz onun sayəsində tanıyır. Bu hekayə bir çox oxucuya təsir edib. Hətta bir qadın onu Azərbaycan dilinə tərcümə etməyimi xahiş etdi ki, daha çox insan oxusun. Mənim yaradıcılığım onunla fərqlənir ki, oxucularla gözəgörünməz söhbət aparıram və “Heyva çiçəkləri” əsərində olduğu kimi, insanların kitablarımdan gözlərini ayırmaq istəməməsi mənim üçün xüsusilə əzizdir. Bu hekayə mənim yazıçı kimi əsl yolumun başlanğıcı olub və mən onu çox yüksək qiymətləndirirəm. Düzdür, o, birinci hekayəm deyil, amma ilk hekayə kimi kitaba daxil edilib.
- Yazıçı olmağın üstünlükləri var?
- Bəli, onlardan biri insanların məni tanıması, həmçinin metroda kitablarımı oxuyan böyüklərin fotolarını mənə göndərmələridir. Bu, mənim üçün çox dəyərlidir, mən emosional və dindar bir insan olduğum üçün kiçik nüanslara fikir verirəm. Mənim üçün hər şeyi Kainat əvvəlcədən müəyyən edir, hər kəsin öz missiyası var. Kitablarımın oxucularda rezonans doğurduğunu, personajlarım üçün narahat olduqlarını, davamını gözlədiklərini, niyə uzun müddət oxunacaq daha həcmli əsərlərin olmaması ilə bağlı suallar vermələrini görmək mənim üçün əzizdir. Bu, yəqin ki, əsas üstünlükdür. Bundan əlavə, mənim öz oxucu auditoriyam var. Söhbət uşaqlardan gedir. Onlar üçün “Yoşkina və Kartoşkina” silsiləsini yazdım. Bu kitablar sayəsində çox sayda uşaq kitab oxumağı sevib və üçüncü cildin çıxmasını gözləyirlər. Oğlumla birlikdə hər birində 39 kiçik nağıl olan birinci və ikinci kitabları yazdıq və indi üçüncü kitabı da nəşr etməyi düşünürük.
- Sizcə, yazıçı ancaq öz xalqının kodunun ifadəçisi olmalıdır, yoxsa ümumbəşəri dəyərlərdən də danışa bilər?
- Hesab edirəm ki, həm yazıçılar, həm də rəssamlar daxil olmaqla istənilən yaradıcı insan ümumbəşəri dəyərlərdən danışa bilər və danışmalıdır. Axı, insani keyfiyyətlərin yaxşı, yaxud pis olmasından başqa nədən yazmaq olar? Yazıçı üçün insanın həm müsbət, həm də mənfi tərəflərini təsvir etmək vacibdir. Yazıçı insanın mənfi tərəfləri ilə bağlı məsləhətlər verir. Bu, normal və təbiidir. Lakin yaxşı yazıçı öz xalqının kodunun daşıyıcısı olmaya bilməz. Dənizin qoxusunu, onun ilin müxtəlif vaxtlarında necə dəyişdiyini, heyva yarpaqlarının necə töküldüyünü, narların necə çiçək açdığını, ya da Abşeron qumunun yağışdan sonra necə göründüyünü yalnız Xəzərin sahilində böyümüş insan sözlərlə ifadə edə bilər. Bu duyğuları yaşamadan çatdırmaq mümkün deyil. Bu yaxınlarda tanınmış sənətşünasdan öyrəndim ki, azərbaycanlı rəssam Əşrəf Murad tez-tez dənizi qara rəngdə çəkirmiş. Həmişə onun niyə belə təsvir edildiyini düşünürdüm və bu yaxınlarda bildim ki, o, dənizə getməyi xoşlayır və ora çatanda artıq dəniz qara idi. O, gördüklərini kətan üzərində çatdırıb. Fikrimcə, yazıçı da, rəssam da gördüklərini, hiss etdiklərini ötürür. Bu torpaqlarda böyümüş insan isə onun ruhunu, ab-havasını ən yaxşı şəkildə çatdıra bilər. İstər hekayələr toplusu, istərsə də romanlar daxil olmaqla hər kitabımda xalqıma, sevimli Abşerona həsr etdiyim əsərlərin olması mənim üçün təbiidir. Son kitabım “Ağabala”da isə xüsusi olaraq Abşeronla bağlı hekayələr var. Mədəniyyətimizi, adətlərimizi beynəlxalq auditoriyaya çatdırmaq üçün onu ingilis dilinə tərcümə etmək istəyirəm.
- Yazıçının günü necə keçir? Günün hansı saatında yazırsınız? Sizə yazmağa kömək edən rituallar varmı?
- Əlbəttə ki, rituallar var. Əsas ritualım odur ki, mən kompüterdən istifadə etmirəm, əllə yazıram. Xüsusi olaraq xətli bloknotlarda. Bu, ən vacib şərtdir. Yazıçının gündəlik iş rejimi bir az bohemdir. Bütün gecəni işləyib səhərlər bir az yata bilirəm. Ancaq bu, ilhamdan asılı məsələdir.
- Kitablarınızı tənqid etməklə bağlı ən yaddaqalan təcrübənizi bölüşün. Tənqid ediləndə inciyir, əsərlərinizə heyranlıq duyulduğunu görəndə xoşbəxt olursunuzmu?
- Oskar Uayldın bir sitatını xatırlayıram: “Pianoçunu güllələməyin, çünki o, əlindən gələni edir”. Bu, bəlkə də tənqidin ən yaxşı xarakteristikasıdır. İnsan yaradıcılıqla məşğul olanda əlindən gələni edir. Hər yaradıcı insan eniş-yoxuşlardan keçir və yazıçılar tez-tez deyirlər ki, onların ən yaxşı kitabı hələ qarşıdadır. Necə ki, aktyor ən yaxşı rolunu hələ oynamadığına inanır. Düzü, tənqidə yaxşı yanaşmıram. İnsanların məni tərifləməsini xoşlayıram, amma tənqidi sevmirəm. Bu, narsist olduğumla deyil, özümü bütün ruhumla işimə həsr etməyimlə bağlıdır. Bəlkə də bu, həm də onunla bağlıdır ki, bütün düşüncələrimi, təcrübələrimi əsərlərimə daxil etmək yolu ilə oxuculara ümid və pozitivlik bəxş etmək istəyirəm. Oxucularımı yormamağa çalışıram və istəmirəm ki, onlar mənim kitabımı oxuyandan sonra məyus halda otursunlar. Onların kitablarımı oxuyandan sonra hər şeyin itirilmədiyini hiss etmələrini istəyirəm. Bu, yəqin ki, mənim üçün ən yüksək motivasiyadır. Bütün əsərlərim arasında ən çətini “Cəhənnəmə gedən yolu necə tapdım?” kitabı olub. Amma narkomaniya ilə bağlı real hadisələrə əsaslandığından onu yazmalı oldum. Bununla belə, digər əsərlərimdə oxucularıma ümid və xoş əhvali-ruhiyyə bəxş etməyə çalışıram.
- “Yaradıcılıq böhranı, ədəbi böhran” anlayışı ilə tanışsınızmı? Bunun öhdəsindən necə gəlirsiniz?
- Təəssüf ki, yaradıcılıq böhranı ilə tanışam. Artıq bir ildir ki, heç nə yazmıram. Doğrudur, yazmağa başladığım bir neçə hekayəm və yarımçıq bir romanım var. Lakin yaradıcılıq böhranı və nəşriyyat, vergi məsələləri ilə bağlı çətinliklər məni həvəsdən salır. Yazıçılara naşirlərlə əməkdaşlıq etməkdə yardım göstərə biləcək ədəbiyyat sahəsi üzrə agentlərimiz yoxdur. Bu, bizim üçün yeni sahədir və çətinliklərlə doludur. Bununla belə, ümid edirəm ki, payızda iki yeni kitabı – “Oriyentir” adlı hekayələr toplusunu və “Şeytanqanqalı” romanını nəşr etdirə biləcəyəm. Çoxları onların nəşrini gözləyir və ümid edirəm ki, bu kitablar Yeni ilə qədər işıq üzü görəcəklər.
- Üç əsas yaxşı və pis cəhətlərinizi sadalayardınız.
- Mən mehriban, emosional və həssasam. Bunlar mənim əsas yaxşı tərəflərimdir. Düşünürəm ki, bunlar həm də mənim əsas çatışmazlıqlarımdır.
- Rəssamlıqla da məşğul olursunuz. Rəssamlar da yazıçılar kimi çox inkişaf etmiş təxəyyülə malikdirlər. Qəhrəmanlarınızın vizual təsviri kitab ərsəyə gətirən zaman kömək edirmi?
- Rəssamlıqla yazıçılıqdam fərqli olaraq ən adi, hətta həvəskar səviyyədə məşğul oluram. Ancaq təxəyyül, əlbəttə ki, böyük rol oynayır. Bəlkə də deyərdim ki, yazıçıların təxəyyülü rəssamlardan güclüdür, çünki rəssamlar öz fantaziyalarını kətan üzərinə qoymalı, yazıçılar isə sözlə təsvir etməli və bunu elə etməlidirlər ki, oxucular onların çatdırmaq istədikləri duyğuları hiss etsinlər. Buna görə də, bəli, yazıçılar digər peşələrin nümayəndələrinə nisbətən daha inkişaf etmiş bir təxəyyülə malikdirlər. Bu, həqiqətən, mənə personajlarımı hiss etməyə kömək edir.
- Yazıçı deyil, oxucu kimi sevdiyiniz, yaxud sevmədiyiniz müəlliflər var?
- Mən kifayət qədər loyal və mehriban insanam və hər hansı yazıçını sevmədiyimi deyə bilmərəm. Hər bir yazıçının öz qavrayışı, öz baxışı var və o, dünyanı özünəməxsus şəkildə görür. Məsələn, mən Kafkanı oxuyuram, amma onun əsərlərini başa düşmək çox çətindir. Amma oğlum Kafkaya heyrandır və onu məmnuniyyətlə oxuyur. Necə deyərlər, nə qədər insan varsa, o qədər də fikir var. Buna görə də sevmədiyim yazarın adını çəkə bilmərəm.
Sevimli müəlliflərə gəlincə, bunlar təbii ki, Çexov, Bulqakov, Saltıkov-Şedrin, Bunindir. Bu yazıçılar rus ədəbiyyatının baniləridir, mən onların əsərlərindən öyrəndim, böyüdüm və şükür edirəm ki, özümü bu ədəbiyyata qərq etmək imkanım olub.
- Güman ki, heç vaxt heç kəsə göstərməyəcəyiniz nə qədər yarımçıq əsərləriniz var?
- Mənim heç vaxt bitirməyəcəyim əsərlərim yoxdur. Yazmağa başlayanda işi bitirməliyəm. Mən mətni bir ildən sonra ona qayıdıb nəyisə düzəltmək və bitirmək üçün bir kənarda saxlaya bilmərəm. Başladığım işi bitirməliyəm ki, sonradan nəyisə yenidən oxuyum, düzəlişlər edib çapa hazırlayım. Oxucularıma göstərməyə utanacağım əsər yoxdur. Başladığım bütün əsərlər çap olunacaq və öz oxucusunu tapacaq.
- Yaradıcılığınızda sizə rahatlıq verməyən, bəlkə də nifrət etdiyiniz, amma əsəri onsuz görə bilmədiyiniz qəhrəman varmı? Ən yaxşı antaqonist xarakteriniz haqqında danışardınız.
- Mənim yaradıcılığımda klassik qəhrəman-antaqonist yoxdur. Baş qəhrəmanım – Ağabala abşeronlu, ürəyiaçıq, öz ideyası və xəyalları olan sadə oğlandır. Əsərlərimdə kəskin künclərdən qaçmağa çalışıram - hiylədən, xəyanətdən... Əlbəttə ki, əsərlərimdə onlar da var. Amma meşşan səviyyədə və həmişə onları qınayıram. Hələ antaqonist obrazım yoxdur, amma bəlkə gələcək kitablarımın birində olacaq.
- Sirr deyilsə, hazırda yazdığınız və ya yazmağı planlaşdırdığınız kitabın ideyası barədə məlumat verərdiniz.
- “Şeytanqanqalı” əsəri qadından, onun dünyagörüşündən, hisslərindən, həyatın eniş-yoxuşlarından bəhs edən romandır. Məsələ ondadır ki, son vaxtlar oğlumun sayəsində rəssamlıqla daha çox məşğul olmağa başlamışam. Əvvəllər haqqında səthi bildiyim rəssamlarımızın yaradıcılığı ilə tanış oldum. Abşeron rəssamlıq məktəbi mənə xüsusilə yaxındır, baxmayaraq ki, burada “məktəb” ifadəsi kifayət qədər şərtidir. Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov kimi ustadlarımız haqqında kitab yazmağı çox istərdim. Bu rəssamlar mənim üçün çox əzizdirlər, onların yaradıcılığına heyranam və hesab edirəm ki, onlar haqqında çox az yazılıb. Elə kitabın ideyası da buradan qaynaqlanıb. Abşeronda hansı dahilərin yaşayıb-yaratdığını dünya öyrənməlidir. Kitabımı bu rəssamlara həsr etmək istərdim, amma başa düşürəm ki, bunun üçün bizim sənət tarixçilərimiz, onları daha yaxşı tanıyan, yaxından tanış olan insanlar var. Oğlum bu rəssamlar haqqında məlumat toplayır, onların övladları, nəvələri ilə görüşür, emalatxanalarına baş çəkir və hissə-hissə mühüm detalları, xatirələri, təəssüratları toplayır. Bütün bunları bir kitabda toplamaq arzusu var və mən bu işdə ona bacardığım qədər kömək edəcəyəm.
MƏSLƏHƏT GÖR: