19 Dekabr 2024

Cümə axşamı, 12:49

İĞTİŞAŞLAR FİŞƏNGİ

Böyük Britaniyada bir faciə kütləvi iğtişaşlara necə səbəb oldu?

Müəllif:

01.09.2024

Avqust Böyük Britaniyada kütləvi iğtişaşlar dalğası ilə yadda qalıb. İnsanların küçələrə axışmasına səbəb miqrantlara etiraz, həmçinin Afrika və Yaxın Şərqdən gəlmiş insanların törətdikləri cinayətlərin sayının artımına görə günahlandırılan yerli polisdən narazılıqdır. İğtişaşlar zamanı insanlar hotellərə, məscid və mağazalara hücumlar edib, avtomobillərə, zibil qablarına od vurub, polislə nümayişçilər arasında kütləvi toqquşmalar belə, baş verib. Üzlərini örtmüş nümayişçilər müsəlmanların və miqrantların ünvanına təhqirlər səsləndirib, «İngiltərə!» şüarı səsləndirərək qarşılarına çıxan hər şeyi daş-qalaq edib, havaya fişənglər atıblar. İğtişaşların əsas şüarı isə «#EnoughlsEnough» («Yetər!») həştəqi ilə ifadə olunub.

 

Bıçaqlama katalizator kimi

Baş verənlərə münasibət müxtəlifdir. Kimsə «ultrasağçıların azğınlaşdığından» danışır, kimsə əksinə, etirazları dəstəkləyir. Ekspertlərin bir hissəsi baş verənləri iqtisadi səbəblərlə əlaqələndirir. Əlbəttə ki, demək olar ki, hər kəs multikulturalizm ideyasının «növbəti iflası»ndan danışır.

İğtişaşların ilkin səbəbi Liverpul yaxınlığındakı Sautport şəhərində uşaqların amansızlıqla qətlə yetirilməsi olub. Doqquz yaşlı Elis Dasilva Aqiar, altı yaşlı Bebe Kinq və yeddi yaşlı Elsi Dot Stenkomb Lankaşirdən olan Böyük Britaniya vətəndaşı, rəqs məktəbinə soxulmuş 17 yaşlı Aksel Rudakubana tərəfindən mətbəx bıçağı ilə qətlə yetiriliblər. O, Ruandadan olan mühacir ailəsində doğulub. İnsident zamanı daha 8 uşaq və 2 böyük yaralanıb. Bu haqda xəbər yayılar-yayılmaz, insanlar faciə yerinə toplaşmağa başlayıb və sonda matəm aksiyası kütləvi etiraza çevrilib. Qısa zamanda iğtişaşlar ölkənin müxtəlif hissələrini bürüyüb – İngiltərənin Liverpul, Bristol, Mançester və digər şəhərlərindən Şimali İrlandiyanın Belfastınadək.

Etirazların daha da kəskinləşməsinə səbəb hökumətin əvvəlcə qatilin kimliyini gizli saxlamağa çalışması olub. London bunu miqrantlara, müsəlman və qaradərililərə qarşı millətçiliyin və aqressiyanın baş qaldıra biləcəyindən ehtiyatlandığı üçün edib. Lakin hər şey əksinə alınıb – nümayişçilər bunu hökumətin növbəti ikili standartı kimi qiymətləndirib, onun yerlilərlə müqayisədə gəlmələri daha çox qoruduğu qənaətinə gəliblər. Doğrudur, sonradan məlum olub ki, Rudakubana Britaniya vətəndaşı və xristiandır. Amma bu, anti-miqrant, anti-islam şüarları ilə küçələrə axışmaq qərarına gəlmiş kütlənin qarşısını kəsməyib.

 

Hökumətdən sərt reaksiya

Bu böhran leyborist hökuməti üçün ilk sınaq olub. Yeni baş nazir Kir Starmer isə özünü itirməyərək dərhal bildirib ki, baş verənlər qanuni etiraz yox, «ultrasağçı quldurluğu»dur. O, iğtişaşlarda iştirak edən hər kəsin birbaşa və ya internet vasitəsilə cəzalandırılacağını da deyib. «Bu ölkədə insanların təhlükəsizlik hüququ var. Amma biz müsəlman icmalarına, məscidlərə hücumların, azlıqların təqibinin şahidi oluruq. Küçələrdə nasist salamı verənlər, polisə hücum, irqçi ritorika ilə səbəbsiz zorakılıqlar görürük. Bu, qatı sağçı quldurluğudur», - deyə hökumət başçısı qeyd edib.

Lord-kansler, yeni Nazirlər Kabinetinin ədliyyə naziri Şabana Mahmud bildirib ki, qanunu pozan hər kəs «artıq polis tərəfindən saxlanılmış yüzlərlə insana qoşulacaq». Daxili işlər naziri İvett Kuper isə deyib ki, «etirazçı güruh Böyük Britaniyanı təmsil etmir». O, asayiş keşikçilərinin «iğtişaşçılara qarşı ən sərt addımlar atmaq hüququna malik olduqlarını» söyləyib.

«Küçə müharibəsi»ni yalnız hökumətin sərt həbslər və açıq məhkəmə proseslərinə başlamasından sonra dayandırmaq mümkün olub…

Maraqlıdır ki, tənqidçilər baş verənlərdə Tommi Robinson və Naycel Farac kimi fiqurları günahlandırırlar. Son seçkidə Farac yeni yaratdığı «İslahat» («Reform UK») partiyasından dörd silahdaşı ilə birlikdə parlamentə düşə bilib. O, özünü xalqın səsi kimi təqdim edir və miqrasiyanın qarşısının alınması üçün sərt tədbirlərin görülməli olduğunu bildirir. Tommi Robinson (əsl adı Stiven Yaksli-Lennondur) isə daha qalmaqallı fiqurdur. Ultrasağçı «İngiltərənin müdafiəsi liqası»nın (hazırda təşkilat rəsmən buraxılıb) yaradıcısı olan Robinson indi öz fikirlərini əsasən sosial şəbəkələrdə yayır və kifayət qədər böyük auditoriyaya malikdir.

Yeri gəlmişkən, hökumət sosial şəbəkələrin iğtişaşların təşkilinə təsir səviyyəsindən də nəticə çıxarıb. Söhbət xüsusilə saxta məlumatların yayılması hallarından gedir. Maraqlıdır ki, ölkədə dezinformasiyanın yayılmasında Rusiya resurslarının mümkün rolu da müzakirə edilib. Lakin bununla bağlı ortaya tutarlı dəlillər qoyulmayıb.

 

Həlli tapılmayan miqrasiya problemi

Britaniyada etnik zəmində iğtişaşlar bunadək də olub. 2013-cü ildə Londonda iki qaradərilinin hərbçini qətlə yetirmələrindən sonra baş qaldırmış anti-miqrant aksiyalarını xatırlamaq kifayətdir. Bir sözlə, Böyük Britaniyada miqrant problemi kifayət qədər ciddi olsa da, onun həlli yolu hələ də tapılmayıb.

Milli Statistika Xidmətinin (Office for National Statistics, ONS) məlumatına görə, son iki ildə ölkədə miqrasiya ən pik həddə çatıb. 2021-2023-cü illərdə Avropa qitəsində qayıqla Britaniya ərazisinə keçməyə çalışan insanların sayı 500%-i artıb. Bu, əsasən ailəli gənc kişilərdir. Onların əhəmiyyətli hissəsinin nümunəvi britaniyalı olmaq niyyəti heç zaman olmayıb və olmayacaq. Yaxud onlar həyatlarının böyük hissəsini etnik anklavlarda keçirəcək «başqa» britaniyalı olacaq. Bu insanlar sözün əsl mənasında assimilyasiya olmaq istəmir və ya bacarmırlar. Onlar, sadəcə, öz vətənlərində yaşadıqları reallıqlardan qaçmağı düşünürlər.

Aydındır ki, bu qədər insanı evlə, təhsillə, tibbi xidmətlərlə, iş və ya müavinətlə təmin etmək lazımdır. Bütün bu «təminat» isə britaniyalıların heç də hamısının maddi rifahından məmnun olmadığı şəraitdə dövlət büdcəsi hesabına təmin olunmalıdır. «Brexit» və pandemiyanın nəticələri də öz yerində. Bundan başqa, miqrantlar ölkənin zəngin vətəndaşları ilə eyni bölgədə yaşamırlar. Onlar əsasən iş, ev, tibbi xidmət və keyfiyyətli təhsil problemi olan yoxsul insanlarla yanaşı məskunlaşırlar. Nəticədə, etnik və dini zəmində münaqişələr qaçılmaz olur.

Əlbəttə, miqrantların heç də hamısı müavinət hesabına yaşamır və yalnız əməkhaqqının aşağı olduğu sahələrdə çalışmır. Bir çox miqrant təhsil alaraq yaxşı iş də tapır. Amma yerli əhalini bu da qıcıqlandırır. Bildirilir ki, Britaniya iqtisadiyyatı getdikcə daha «miqrantyönümlü» olur və bu, özünü xüsusilə aşağı səviyyəli tibbi personal arasında göstərir. Artıq Britaniyanın milli səhiyyəsi gəlmə tibb bacıları və hətta həkimlərsiz mövcud ola bilməz.

Britaniya adada yerləşdiyindən, sərhədlərinə daha yaxşı nəzarət edə bilir. Amma yenə də ölkədə vəziyyət Fransa və ya Almaniyada olandan ciddi fərqlənmir. Ümumiyyətlə, Yunanıstandan tutmuş, Portuqaliyayadək bütün Avropada vəziyyət oxşardır. Məhz bu üzdəndir ki, mütəmadi olaraq bu və ya digər Avropa ölkəsində «miqrant etirazları» baş verir, «köhnə» mühacirlərlə (məsələn, Çeçenistandan, Türkiyədən olan) yeniləri (Suriya, Əfqanıstan, Afrika ölkələri (arasında toqquşmalar və yerli əhalinin narazılıqları haqda xəbərlər gəlir.

 

«Ölkəmizi geri qaytarmaq istəyirik»

Bəs bundan sonra necə olacaq? Axı, bu vəziyyət istənilən dövlətin təməli sayılan millətlərarası sabitlik və sosial bərabərlik haqda deyilənlərin üzərindən xətt çəkir. Böyük Britaniyadakı son etirazların iştirakçıları «biz ölkəmizi geri qaytarmaq istəyirik» deyirdilər. Amma bu tələb nə qədər realdır? Bu insanların geri qaytarmaq istədikləri İngiltərə artıq yoxdur və yəqin ki, heç zaman olmayacaq. Bu, reallıqdır və artıq onu qəbul etmək, ona uyğunlaşmaq lazımdır. İndi Böyük Britaniya da belədir, bütünlükdə Avropa da. Bu isə hansısa xarici amillərin nəticəsi yox, Avropa ölkələrinin son hökumətlərinin bilərəkdən etdikləri seçimdir. Halbuki Avropa ölkələrində hər seçki kampaniyasında hakimiyyətə gəlməyə çalışan istənilən siyasi qüvvə miqrantların sayının azaldılacağını vəd etsə də, reallıqda bu, baş vermir. İndi Böyük Britaniyanın leyborist Kir Starmerin başçılıq etdiyi yeni hökuməti yarım il ərzində qeyri-leqal miqrantların deportasiya səviyyəsini 2018-ci ildən bu yana ən yüksək həddə çatdıracağını vəd edir. Bəs bu, problemin həllinə kömək edəcəkmi? Birmənalı demək çətindir. Ümumiyyətlə, baş nazirin komandası bu vədini yerinə yetirə biləcəkmi?

Britaniyada avqustun əvvəllərində baş verənlər nə vaxtsa yenə təkrarlanacaq və bu, yalnız Britaniyaya aid deyil. Çoxsaylı miqrant icmalarının yer aldığı multikultural cəmiyyət istənilən dövlət üçün zəif bənddir. Ondan istər daxili siyasi fikir ayrılıqları, həm də xarici güclərin maraqları üçün istifadə oluna bilər. Əlbəttə, bu, Britaniyada çətin ki, amerikalı sahibkar İlon Maskın dediyi kimi, vətəndaş müharibəsinə yol açsın, amma düşünməyə dəyər…



MƏSLƏHƏT GÖR:

74