5 Oktyabr 2024

Şənbə, 11:20

YAXIN ŞƏRQ «PRİZ»İ UĞRUNDA MÜBARİZƏ

ABŞ ilə Çinin region uğrunda mübarizəsinə Səudiyyə Ərəbistanına təsir prizmasından baxış

Müəllif:

01.09.2024

Yaxın Şərqdə gərginliyin davamlı olaraq artdığı bir vaxtda ABŞ ilə Çin arasında bu regionla bağlı nüfuz mübarizəsi özünü daha aydın göstərir. Bu rəqabətin səviyyəsini göstərən markerlərdən biri də Vaşinqtonun Ər-Riyada silah tədarükünə qoyduğu qadağanı aradan qaldırmasıdır. Xatırladaq ki, Co Bayden administrasiyası krallığa hücum silahlarının satışını qadağan etmişdi və buna səbəb Səudiyyə Ərəbistanında insan haqlarının təmininin vəziyyəti idi.

Lakin Ər-Riyadla Pekinin hərbi sektor da daxil olmaqla, müxtəlif sahələrdə sürətlə yaxınlaşması Vaşinqtonu geri addım atmağa məcbur edib. ABŞ zaman keçdikdə bu regionda rolunun azalacağından, onun yerini Çinin tutacağından narahatdır. Hər halda, Pekin son illərdə, həqiqətən də, bu işi kifayət qədər uğurla həyata keçirir.

 

Səudiyyəlilər Şərqə doğru meyillənir

Cəmi bir neçə il əvvəl praktik olaraq, ABŞ-nin köhnə strateji tərəfdaşı olan Səudiyyə Ərəbistanının Çin, Rusiya və anti-Qərb blokuna daxil digər ölkələrin liderlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşula biləcəyini düşünmək belə, olmazdı. Amma Ər-Riyad bu ilin iyulunda ona ŞƏT-də «dialoq üzrə tərəfdaş» statusu verən qarşılıqlı anlaşma memorandumunu təsdiqləyib ki, bu da təşkilatın tamhüquqlu üzvünə çevrilmək yolunda ilk addım sayıla bilər. ŞƏT NATO ilə müqayisəyə gələcək hərbi blok olmasa da, onu sırf iqtisadi birlik saymaq da olmaz. Təşkilatın Nizamnaməsində təhlükəsizlik sahəsində əməkdaşlıq çoxtərəfli əməkdaşlığın mərkəzi elementi kimi göstərilir.

Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi olan «Saudi Aramco» martın 27-də 3,6 milyard dollarlıq razılaşma çərçivəsində Çinin «Rongsheng Petrochemical Co., Ltd» şirkətinin səhmlərinin 10%-ni aldığını bəyan edib. Çinə ABŞ ilə müqayisədə 4 dəfə çox xam neft göndərmiş «Saudi Aramco» artıq bu ölkənin neft emalı zavodlarına gündə 690 min barel «qara qızıl» nəqlinə də razılaşıb.

Səudiyyə Ərəbistanı özü üçün prioritet tərəfdaşları əldə edəcəyi faydaya uyğun seçir. Onun strateji hədəflərindən biri də 2030-cu ilə öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilən dövlətə çevrilməkdir. Qeyd olunmalıdır ki, Ər-Riyad ŞƏT ilə yanaşı, Çinin hökmran olduğu daha bir quruma qoşulmaq üçün rəsmi müraciət edib. Söhbət Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, həmçinin İran daxil olmaqla, yeni üzvlərin yer aldığı BRHÇC-dən gedir.

Nəzərə alsaq ki, BRHÇC-nin ümumi ÜDM-nin 72%-i Pekinin payına düşür, təşkilatın ticarət ödəmələrini yuana keçirməsi tamamilə mümkün görünür. Amma hələlik bu qərar verilməsə belə, Çin Səudiyyə Ərəbistanından karbohidrogenləri yuanla ala bilər. Nəzərə alsaq ki, dünyada neftə olan tələbatın 15%-i, neft ticarətinin isə 10%-i Çinin payına düşür, karbohidrogen istehsalçısı olan qonşu ölkələrin də bu varianta cəlb ediləcəyi istisna deyil.

 

ABŞ ilə stratji tərəfdaşlıq: sınaq

Çin ABŞ-ni, çətin ki, yaxın zamanlarda Yaxın Şərqdən çıxara bilsin. Ən azı ona görə ki, Vaşinqton Fars körfəzinin əksər dövlətləri üçün təhlükəsizlik sahəsində əsas tərəfdaşdır. Səudiyyə Ərəbistanı da öz ərazisində ABŞ-yə məxsus hərbi bazaların yerləşdirilməsini davam etdirir, iyulda isə iki ölkə Ər-Riyaddakı yeni hərbi sınaq mərkəzində ilk dəfə olaraq dronlarla mübarizəyə həsr olunmuş birgə təlim keçirib. Bundan başqa, Səudiyyə Ərəbistanının iki aviaşirkəti Amerikanın «Boeing» şirkətinə ilkin olaraq 78 təyyarə sifariş etmək, daha 43 təyyarəni isə sonradan almaq planını açıqlayıb. Amma Çinin Yaxın Şərqdə nüfuzunu getdikcə artırması Vaşinqtonu hər bir halda narahat edir. ABŞ rəsmiləri Ər-Riyadın ŞƏT-ə qoşulmasının əhəmiyyətini kiçiltməyə çalışsalar da, bunun ABŞ-nin maraqlarına ciddi təhdid yaratmadığını desələr də, Vaşinqton Yaxın Şərq ölkələrinin «Huawei 5G» texnologiyasını qəbul etmələrindən narahatlığını da ifadə edir. Amerikalılar bildiriblər ki, Çinlə belə əməkdaşlıq həmin dövlətlərlə Vaşinqtonun münasibətlərini korlaya bilər.

Beləliklə, ABŞ Səudiyyə Ərəbistanının formalaşmaqda olan panasiya təhlükəsizlik sisteminə inteqrasiyasına necəsə mane olmaq üçün ona hücum silahlarının satışına qoyulmuş məhdudiyyəti aradan qaldırığb. «Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların yaxın strateji tərəfdaşı olaraq qalır və biz bu tərəfdaşlığın daha da güclənməsini səbirsizliklə gözləyirik», - deyə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel jurnalistlərə açıqlamasında bildirib. O, deyib ki, sözügedən məhdudiyyət «Səudiyyə Ərəbistanının Yəmənin böyük hissəsini ələ keçirmiş, İranın dəstəklədiyi husi qiyamçılarına aviazərbələr endirməsi nəticəsində uşaqlar da daxil olmaqla, minlərlə dinc sakinin ölməsindən sonra» tətbiq edilmişdi.

Lakin o vaxtdan bölgədə geosiyasi vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. 2022-ci ilin əvvəllərində BMT ABŞ-nin dəstəyi ilə Yəməndə barışığa nail olub və ötən dövrdə ona əsasən əməl edilir. Barışıqdan sonra «Səudiyyə Ərəbistanı Yəmənə bir dəfə də olsun zərbə endirməyib, Yəməndən qarşı tərəfə transsərhəd atəşi də əsasən dayanıb», - deyə Patel bildirib: «O vaxtdan səudiyyəlilər razılaşmanın özlərinə aid hissəsinə əməl edir və biz də öz üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq».

 

İsraillə razılaşma nüfuz makleri kimi

Maraqlıdır ki, indi ABŞ, Böyük Britaniya, həmçinin İsrail husilərin Yəməndəki mövqelərinə zərbələr endirir, Səudiyyə Ərəbistanı isə bütün bunları kənardan müşahidə etməklə məşğuldur. Husilər də öz növbəsində, HƏMAS-ın 7 oktyabr tarixli hücumundan sonra İsrailin hədəfinə çevrilmiş fələstinlilərlə həmrəylik nümayişi məqsədilə beynəlxalq gəmiçilikdə həyati əhəmiyyətə malik Qırmızı dənizdə üzən ticarət gəmilərini raket atəşinə tutur.

ABŞ-nin dövlət katibi Entoni Blinken problemin uzunmüddətli həllini tapmaq üçün dəfələrlə Səudiyyə Ərəbistanına səfər edib, krallığın İsraili tanıyacağı təqdirdə Vaşinqtonun ona təqdim edəcəyi stimullar paketi haqda müzakirələr aparıb. Ər-Riyad isə öz növbəsində,  təhlükəsizlik zəmanəti, silah tədarükünün artırılması və Amerika texnologiyalarından istifadə etməklə, mülki nüvə proqramının inkişafına dair razılaşma istəyir. Bütün bunlar Təl-Əvivlə münasibətlərin normallaşdırılmasının qarşılığında olmalıdır.

İsrailin baş naziri Binyamin Netanyahu ərəb dövlətləri ilə münasibətlərin normallaşdırılmasını özünün əsas hədəfi elan edib. Səudiyyə Ərəbistanı ilə razılaşmaya isə Təl-Əvivin əsas «priz»i kimi baxılır.

Amma Ər-Riyad İsraillə münasibətlərin normallaşdırılmasını Təl-Əvivin Fələstin dövlətini tanıması ilə əlaqələndirir. Qəzza sektorundakı vəziyyətdən diplomatik çıxış yolunun məhz bundan keçdiyini düşünən Bayden administrasiyası da eyni fikirdədir. Lakin Netanyahu hökuməti qatı sağçı müttəfiqləri ilə birlikdə bu təklifi rədd edir.

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı İsrailin İranın Suriyadakı diplomatik nümayəndəliyinə zərbə endirməsindən sonra Tehranın cavab tədbirlərinin qarşısının alınmasında ABŞ, İordaniya və BƏƏ ilə əməkdaşlıq edib. Bu gün Birləşmiş Ştatlar yenidən ərəb tərəfdaşlarının dəstəyinə bel bağlayır, çünki İran HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavab olaraq, yəhudi dövlətini yeni aviazərbələrlə hədələyir.

 

«Tərs qız» rolunda

Çin baş verənləri diqqətlə müşahidə edərək, güman ki, özünü kifayət qədər nüfuz toplamış, Yaxın Şərqi tərk etmək niyyətində olmayan ciddi siyasi oyunçu kimi təqdim etmək üçün uyğun məqamı gözləyir. Amma bu regionu ABŞ də tərk etməyi düşünmür. O, burada davamlı olaraq hərbi mövcudluğunu gücləndirir, miqyaslı iqtisadi layihələr həyata keçirməyə çalışır. Onlardan biri Hindistandan Avropaya uzanacaq marşrutdur. Amerika administrasiyası bu layihənin həyata keçirilməsinə 500 milyard dollar sərmayə yatırmağı düşünür. Marşrutun bir hissəsi məhz Səudiyyə Ərəbistanının ərazisindən keçməlidir. Lakin Yaxın Şərqdəki müharibə bu planlarda ciddi dəyişikliyə səbəb olub. İndi bu marşrut nadir hallarda yada salınır, Vaşinqton isə regional oyunçuları, xüsusilə Ər-Riyadı maraqlandıra biləcək yeni planlar haqda düşünür.

Belə bir vəziyyətdə hərbi müqavilələr yalnız başlanğıcdır. Ola bilsin ki, onun ardınca investisiya layihələri də gələcək və bu, heç də yalnız dinc xarakterli nüvə proqramının icrası ilə yekunlaşmayacaq. Amma Çin də səudiyyəliləri maraqlandıracaq az ideyaya malik deyil. Məsələn, Çinin Tsindao şəhərində nəhəng neft platforması suya buraxılıb. Tikintisi təxminən 3 il davam etmiş platformanın ağırlığı 17 min ton, hündürlüyü isə 24 mərtəbəli binadan artıqdır. Ehtimal edilir ki, bu nəhəng qurğunun köməyi ilə ildə 24 milyon tondan artıq neft, 7,5 milyard kubmetr qaz hasil etmək mümkün olacaq.

Bu, Səudiyyə Ərəbistanı-Çin investisiya əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdən yalnız biridir. Bu əməkdaşlıq hər il yeni ideyalarla daha da zənginləşir.

Görünən odur ki, Pekinlə Vaşinqtonun krallıq uğrunda mübarizəsi getdikcə Ər-Riyad üçün daha sərfəli sxemlərlə inkişaf edəcək ki, Səudiyyə Ərəbistanı da bundan yalnız qazanacaq. İndi Ər-Riyad eyni zamanda iki kişinin könlünü almağa çalışdığı, lakin onlardan heç biri ilə ailə qurmağı düşünməyən qadına bənzəyir. Niyə? Çünki evli olmaqdansa, hamının diqqətini cəlb edən subay olmaq daha sərfəlidir.



MƏSLƏHƏT GÖR:

33