5 Oktyabr 2024

Şənbə, 11:24

REANİMASİYA MÜMKÜNSÜZDÜR!

ATƏT-in Minsk qrupunun bədnam fəaliyyətinin bərpası cəhdləri əbəsdir

Müəllif:

01.09.2024

Cənubi Qafqazda ATƏT-in məşhur Minsk qrupunun taleyi yenidən müzakirə olunmaqdadır. Daha doğrusu, Ermənistan illər boyu dəfələrlə iflasa uğramış bu qurumu diriltməyə çalışır. Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi bir müddət əvvəl qrupun taleyinə belə şərh vermişdi: «Ermənistan tərəfi münasibətlərin hərtərəfli nizamlanması, ilk növbədə, sülh müqaviləsinin imzalanması kontekstində Minsk prosesinin davam etdirilməsi məsələsinə baxa bilər».

Bu, tam olaraq «finita la comedia» adlandırıla biləcək haldır! Çünki bilərəkdən, ya yox, amma Ermənistan XİN-nin Minsk qrupuna dair qısa şərhində rəsmi Yerevanın siyasətinə dair kifayət qədər mənfi çalarlar qeyd olunub.

 

«Müharibənin diplomatik vasitələrlə davamı»

Minsk qrupu fəaliyyət göstərdiyi 25 ildən artıq müddətdə nəzərəçarpacaq effektivlik göstərməyib, onun həmsədrləri isə regionda «diplomat turistlər» kimi qəbul edilib. Bu yanaşmanın ədalətli olduğunu isə 44 günlük Vətən müharibəsindən sonra elə Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland da təsdiqləyib. O, bildirib ki, «Dövlət Departamentində bu vəzifəyə heç zaman karyerada irəliləyiş kimi baxılmayıb. Bu postu, adətən, səfir vəzifəsi vəd olunmuş, yaxud pensiya yaşına çatmağı gözləyən diplomatlar tutub». Hoqland heyib ki, «biz beşulduzlu hotellərdə qalır, xüsusi mərtəbələrdəki apartamentlərdə yaşayırdıq və bu, bizə əlavə xərc çəkmədən özəl yeməkxanalara, barlara getmək imkanı verirdi: yeməyimizi ən yaxşı restoranlarda yeyirdik. Amma açığı, nəticə az, çox az idi».

ATƏT-in Minsk qrupu hələ 90-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsinin qızğın vaxtında münaqişənin həlli aləti kimi yaradılıb. Lakin münaqişənin hərbi yolla çözüldüyü, BMT TŞ-nin qətnamələrinin yerinə yetirildiyi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa etdiyi indiki şəraitdə Bakı dəfələrlə və ən yüksək səviyyələrdə bəyan edib ki, bu səhifəni çevirməyin vaxtıdır. Yəni artıq Minsk qrupunun görəcəyi heç bir iş qalmayıb. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev bu qrupu buraxmağın vaxtının yetişdiyini dəfələrlə dilə gətirib. O, iyunun əvvəlində bir daha deyib: «Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək.

Belə bir vəziyyətdə İrəvan hələ də «Minsk prosesinə qayıtmaq»dan danışırsa, bu, onun münaqişəyə son qoymaq niyyətində olmadığını göstərir. Demək, Ermənistanda hələ də revanş ümidləri ilə yaşayırlar və bunun üçün uyğun diplomatik zəmin yaratmağa çalışırlar. Ermənistan XİN-in yuxarıda qeyd olunan və təbii ki, Baqramyan 26-nın iradəsinin ziddinə verilə bilməyəcək açıqlaması əslində, Nikol Paşinyanın guya Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğuna dair əvvəlki bəyanatlarının üzərindən xətt çəkib. Ermənistan məğlubiyyətlə barışa bilmir və orada hələ də qonşu dövlətin ərazilərinin yenidən işğalı planı qurulur.

Ermənistan XİN-in Minsk qrupu çərçivəsində danışıqlara hazır olduqlarını bəyan etməsi İrəvanın dəfələrlə əl atdığı köhnə dələduz sxemini yada salır: guya konstruktiv bəyanatla çıxış edirsən, amma real danışıqlar təşəbbüslərinə məhəl qoymursan. Ermənistanın hazırkı baş naziri 44 günlük müharibə zamanı da məhz belə davranırdı. İlham Əliyev o zaman bildirirdi ki, İrəvan qoşunlarını Azərbaycan ərazisindən çıxaracağı dəqiq qrafiki ortaya qoyarsa, Bakı hərbi əməliyyatları dayandırmağa hazırdır. Paşinyan isə heç bir qrafik təqdim etmir, amma guya ölkəsinin kompromislərə hazır olduğunu deyir, amma bunun Azərbaycanın münasibətindən asılı olduğunu iddia edirdi. Eyni zamanda baş nazir İrəvanın nəyə razı olduğunu söyləmirdi. Daha əvvəl, hələ müharibə başlamamış isə Paşinyan iddialı bəyanatlarla çıxış edir, Qarabağ münaqişəsinin həllini Ermənistan, Azərbaycan xalqları ilə yanaşı, «Dağlıq Qarabağ xalqı»nın da qəbul etməli olduğunu deyirdi. «Dağlıq Qarabağ xalqı»nın nə demək olduğu məlum deyil. Belə xalq heç zaman olmayıb və yoxdur. Söhbət yalnız bu bölgənin əhalisindən gedə bilər ki, orada da münaqişəyədək həm ermənilər, həm də azərbaycanlılar yaşayıblar. Lakin səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində azərbaycanlı əhali etnik təmizləməyə məruz qalaraq, Qarabağdan qovulmuşdu.

Nəhayət, indi, son danışıqlar təşəbbüsünün (Azərbaycanın təklif etdiyi beş prinsipin) və Ermənistan Konstitusiyasından Qarabağa ərazi iddialarının çıxarılmasına dair «yol xəritəsi»nin ortada olduğu bir vaxtda İrəvan qəflətən «Minsk prosesi»nə qayıtmağı təklif edir. Halbuki o, Bakının buna getməyəcəyini yaxşı bilir. Belə olan təqdirdə, Ermənistan bu təkliflə sadəcə, xal və hörmət qazanmağı düşünür. Yəni görün biz nə qədər konstruktivik ki, məlum danışıqlar modelinə qayıtmağa hazırıq, azərbaycanlılar isə buna imkan vermir…

 

«Minsk qrupu» kimi yazılır, bəs necə oxunur?

Ermənistan XİN-in bəyanatında söhbətin sadəcə, Minsk qrupu çərçivəsində danışıqlara deyil, «Minsk prosesi»nə qayıtmaqdan getdiyini görmək çətin deyil. Diplomatiyanı əbəs yerə «nüanslar sənəti» adlandırmırlar. Bəli, İrəvan Minsk qrupunun təklif etdiyi paket və təkliflərə qayıtmağa ümid edir. Həmin təkliflərin əksəriyyəti isə «status qarşılığında ərazi» prinsipinə əsaslanırdı. İlkin mərhələdə Ermənistan keçmiş DQMV ətrafındakı 5 rayondan qoşunlarını çıxarmalı, Şuşa və Hadrut da daxil olmaqla, keçmiş muxtariyyətin ərazisi ermənilərin nəzarətində qalmalı idi. Bundan başqa, təkliflər Kəlbəcərlə Laçının da Ermənistanın nəzarətində qalmasını nəzərdə tuturdu. Guya onların taleyi «nə vaxtsa, sonra» həll olunacaqmış. Beləliklə, Qarabağ ikinci erməni dövlətinə çevrilməli, yerli işğalçı «hökumət» legitim status qazanmalı, xarici əlaqələr qurmaq, «özünümüdafiə qüvvələri» yaratmaq hüququ əldə etməli idi. Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılması və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılması haqda isə ümumiyyətlə, danışılmırdı. Azərbaycana isə azad olunmuş ərazilərə yalnız sərhədçilər və polis qüvvələri yerləşdirmək icazəsi verilməli, ordudan və ağır silahlardan söhbət getməməli idi. Nəzəri baxımdan bu, «müvəqqəti vəziyyət» olmalı, Qarabağın statusu və digər məsələlər sonra həllini tapmalı idi. Bu halda danışıqların nə qədər uzanacağını bir kənara qoyaq, azad edilmiş rayonların tezliklə yenidən işğal ediləcəyi aydın idi.

Bu gün «Minsk prosesi»ndən danışan Ermənistan, güman ki, elə həmin təkliflərə qayıdılmasına ümid edir. Halbuki Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına ən ağır zamanlarda – işğal və humanitar fəlakət dövründə belə, razılaşmayıb. İkinci Qarabağ savaşındakı qələbədən sonra razılaşacaq? Erməni strateqləri ümid edirlər ki, Paşinyanın Minsk qrupunu bərpa etmək ideyası ona həmsədrlik edən ölkələri ruhlandıracaq, nəticədə ABŞ, Fransa və Rusiya Azərbaycanı İrəvanın şərtləri ilə razılaşmağa məcbur edəcək.

 

Moskva, Vaşinqton və s.və i?

Ərazilərinin işğal altında, 1 milyonadək vətəndaşının qaçqın və məcburi köçkün olduğu dövrdə «əyilməyən» Azərbaycanla bağlı bu gün belə planlar qurmağa dəyərmi? Halbuki danışıqlarda hamı Azərbaycanın müharibənin nəticəsini, reallığı və s. nəzərə almalı olduğunu deyirdi.

Moskva Minsk qrupuna mənfi münasibətini çoxdan ifadə edib və bunun səbəbini qətiyyən gizlətməyib – ABŞ və Fransa ilə münasibətlərin gərgin olması. «Amerikanın səsi» radiosunun Ermənistan xidməti Minsk qrupu ilə bağlı sualla ABŞ Dövlət Departamentinə də müraciət edib. Departamentdən bildiriblər ki, Vaşinqton İrəvan və Bakı ilə onların razılaşacaqları istənilən formatda işləməyə hazırdır. Bildirilib ki, ABŞ Ermənistan və Azərbaycanın dayanıqlı sülh razılaşmasının əldə edilməsi səylərini dəstəkləyir. Əslində bu, Amerikanın İrəvanın təşəbbüsünü dəstəkləmədiyi anlamına da gəlir.

Məsələ yalnız onda deyil ki, Ermənistan Vaşinqtonun dəstəyi olmadan ideyasını nəzəri cəhətdən belə, həyata keçirə bilməz. İndi ermənilər onu da anlayır ki, Birləşmiş Ştatlar öz cavabında Bakının mövqeyini nəzərə alıb. Yəni Ermənistanın «əhl-səlib mentaliteti» oyunlarına, etnik ermənilərin səsinin önəminə və s. baxmayaraq, Vaşinqton Azərbaycanın mövqeyini nəzərə almayaraq bu ölkədəki mövqelərini itirmək istəmir.

Ermənistanın «böyük bacısı» olan Ermənistan da susur. Orada da anlayırlar ki, Azərbaycan artıq Parisi vasitəçilikdən kənara atıb və fransızların bu prosesə qayıtmaq istiqamətində istənilən cəhdi onları diplomatik anlamda daha da alçaldacaq. Odur ki, Fransa adının əbəs yerə belə xəbərlərdə keçməsini arzulamır.

Bəs bütün bunlar nədən xəbər verir? Ondan xəbər verir ki, Ermənistan hər bir halda Azərbaycanın şərtlərini qəbul etməli olacaq. Buraya Bakının İrəvanın növbəti siyasi dələzudluq cəhdlərindən sonra edəcəyi «dəqiqləşdirmələr» də daxildir.


MƏSLƏHƏT GÖR:

34