5 Oktyabr 2024

Şənbə, 09:58

ƏBƏDİ BİRLİK

İlham Əliyev ilə Şavkat Mirziyoyev iki xalqın münasibətlərindən «yeni kitab» yazırlar

Müəllif:

01.09.2024

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana avqustun 23-24-də etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərin tarixinə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ilə düşüb. Bu, tərəflər arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

 

Regional transformasiya fonunda səfər

Səfərin əsas xüsusiyyəti onun Mərkəzi Asiyada siyasi eyniliyin fəal şəkildə formalaşdığı dövrə təsadüf etməsidir. Regionun aparıcı dövlətləri aktiv şəkildə əməkdaşlıq formatı qurur, müttəfiqlik münasibətləri haqqında ikitərəfli müqavilələr, yaxud strateji əməkdaşlığa dair razılaşmalar imzalayır.

Məsələn, 2022-ci il dekabrın 22-də Daşkənddə Qazaxıstan və Özbəkistan prezidentləri müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıblar. Azərbaycanla da analoji sənədin imzalanması əhəmiyyətinə görə müstəsna faktdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, bu hadisənin mahiyyətini hələ heç də hər kəs dəqiqliklə anlamır. Azərbaycan kimi, Özbəkistan da belə sənədi çox az sayda ölkə ilə imzalayıb. Bakı üçün Özbəkistan Qazaxıstan (2005), Türkiyə (2021) və Rusiyadan (2022) sonra dördüncü belə ölkədir.

Prezidenet İlham Əliyevin fikrincə, Özbəkistanla Azərbaycan arasındakı bu effektiv əməkdaşlıqdan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionundakı müsbət proseslər çox asılıdır.

Dövlət başçılarının Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası və birgə mətbuat konfransında səsləndirdikləri digər bəyanatlar da diqqət çəkir. Onlar prezidentlərin müttəfiqlik mərhələsinə qədəm qoymuş ikitərəfli münasibətlərin gələcək inkişafı ilə baxışlarını ortaya qoyub.

Maraqlıdır ki, tərəflər bəyanatlarında təhlükəsizlik məsələsinə toxunmayıblar, halbuki müttəfiqlik bu vacib sahədə də əməkdaşlığı nəzərdə tutur. Bununla yanaşı, müzakirələr zamanı xarici siyasət və iki ölkənin beynəlxalq strukturlarda əməkdaşlığından da danışılıb. Bildirilib ki, Daşkəndlə Bakı arasında regional və beynəlxalq səviyyəli aktual məsələlərlə bağlı fikir ayrılığı yoxdur.

Xatırladaq ki, tərəflər artıq bir müddətdir ki, birgə hərbi təlimlər formatını təcrübədən keçirir, bu isə hər iki ölkənin Silahlı qüvvələrinə hərbi hazırlıq vəziyyətinin, operativ şəkildə uyğunlaşa bilmək bacarığının artırılması imkanını yaradır. Yəni ehtiyac yaranacağı təqdirdə onlar ümumi əməliyyatlarda iştirk edə biləcəklər.

Eyni zamanda bu, tərəflərin müxtəlif görüş və məsləhətləşmələr zamanı qəbul etdikləri fəaliyyət alqoritminə uyğun inkişaf edən fərqli əməkdaşlıq formatıdır.

 

Əsas məsələ iqtisadiyyatdır

Özbəkistana yollanmış nümayəndə heyəti sosial-iqtisadi blokun təmsilçilərindən ibarət olub. Bu, qarşıya qoyulmuş əsas vəzifənin iqtisadi əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, müttəfiqlik münasibətləri haqqında Müqavilədə yer almış hədəflərə cavab verməsidir.

Prezident Şavkat Mirziyoyev iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıqda perspektiv addımlar haqda fikirlərini bölüşüb və azərbaycanlı həmkarı İlham Əliyev onun bu fikirləri ilə razılaşıb. Söhbət ən müxtəlif fəaliyyət sahələrinə aid prioritet istiqamətlərdən gedir. Onların arasında əsas yerləri kənd təsərrüfatı, turizm, inşaat, əczaçılıq və avtomobil istehsalı tutur. Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya «yaşıl» enerji ixracı layihəsi də diqqət çəkir.

Bununla yanaşı, enerji sahəsində əməkdaşlıq qaz sahəsini də əhatə edir. Məlum olduğu kimi, Özbəkistanın təbii qaz yataqlarında ehtiyat tükənməkdədir və belə vəziyyətdə yeni mənbələrə ehtiyac yaranır. Bu mənada, «Özbəkneftqaz» Səhmdar Cəmiyyətinin SOCAR ilə birlikdə Üstyurd platosunda apardığı geoloji kəşfiyyat işləri diqqət çəkir. Bundan başqa, SOCAR Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi preparatlar və buruq məhlulları istehsalı ilə məşğul olmağı da planlaşdırır.

Ticarət dövriyyəsinin bir neçə dəfə artırılması, üçüncü ölkələrdə layihələrin reallaşdırılması yolu da daxil olmaqla, sənaye kooperasiyasında yeni mərhələyə keçilməsi də razılaşdırılıb. Maraqlıdır ki, tərəflər bir-birinə həm də birgə istehsal olunacaq məhsulların həmsərhəd regionların bazarlarına çıxarılması üçün əlverişli məkan kimi baxır. Bunun üçün aidiyyəti qurumlar dəyəri 2 milyard dollardan artıq olan perspektivli layihələr portfeli hazırlayıb. Səfər çərçivəsində iki ölkənin işgüzar daiərələrinin nümayəndələri onun reallaşdırılması yollarını müzakirə ediblər. Bu forumun keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi münasibətlərə yeni dinamika qazandıran önəmli hadisələrdən olub. Belə ki, görüşdə enerji, təhsil, logistika, inşaat sektorlarında əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb, həmçinin Quba ilə Cizak, Beyləqanla Şəhrisəbz arasında qardaşlıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib. Biznes-forum B2B (biznes üçün biznes) görüşləri və Daşkənddə Azərbaycan-Özbəkistan investisiya şirkətinin ofisinin açılışı ilə başa çatıb.

 

Əməkdaşlığın perspektivləri

Müxtəlif sahələrdə kooperasiyaların dərinləşdirilməsi imkanlarının öyrənilməsi üçün Özbəkistan İqtisadi Təhlil Mərkəzinin mütəxəssisləri ən yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər. Onlar azərbaycanlı həmkarları ilə birlikdə mövcud imkanları, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün potensialı yerində dəqiqliklə öyrənəcəklər.

Prezident İlham Əliyev iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafının sürətləndirilməsi təşəbbüsünü dəstəkləyib, Azərbaycan-Özbəkistan birgə investisiya fondunun kapitalının artırılması zərurətinə xüsusi diqqət çəkib. Onun Nizamnamə kapitalı 500 milyon dollardır və artıq müxtəlif istiqamətlərdə bu məbləğə uyğun layihə təşəbbüsləri var.

Özbəkistan lideri 2025-ci ilin Özbəkistan və Azərbaycanın iqtisadi kooperasiya ili elan olunmasını təklif edib. Bununla yanaşı, qarşıdakı il üçün nəzərdə tutulmuş işlərin reallaşdırılması istiqamətində ahəngli addımların atılması üçün intensiv siyasi əlaqə, həmçinin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərlə bağlı qrafikin hazırlanması qərarlaşdırılıb. Bildirilib ki, iki ölkənin xarici siyasət idarələri Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı tədbirlər proqramı üzərində də işləyir. Yubiley iki ölkənin rəsmən müttəfiq olduğu dövrə təsadüf etdiyindən, ona xüsusi önəm verilir.

İkitərəfli münasibətlərin inkişaf formatında Qarabağ və Zəngəzurun bərpasına xüsusi diqqət ayrılır. Özbəkistan bunadək işğaldan azad olunmuş ərazilərdə tədris kompleksinin tikintisi təşəbbüsü ilə çıxış edib, indi isə tərəflər Xankəndidə nəhəng toxuculuq fabrikinin yaradılması imkanlarını öyrənir.

Qeyd edilməlidir ki, Sovet İttifaqı illərində burada toxuculuq kombinatı fəaliyyət göstərib və o, həmin illərdə xammalı həm də Özbəkistandan alırdı. Bu gün bu əməkdaşlıq yenidən, yeni təməl üzərində qurulur və o, Xankəndinin yenilənmiş təsərrüfat profilinin formalaşmasına kömək edəcək.

Daşkənd Azərbaycanın ərazi bütövlüyünə hər zaman açıq dəstək verib. O, İkinci Qarabağ müharibəsinin nəticəsini, həmçinin Qarabağda 2023-cü ilin sentyabrında keçirilmiş və Azərbaycanın sərhədlərini bərpa etməsi ilə nəticələnmiş lokal anti-terror tədbirlərinin ədalətli olduğunu qəbul edib. İndi rəsmi Daşkənd Azərbaycanın azad olunmuş ərazilərinin bərpası ilə bağlı proseslərdə yaxından iştirak etmək istəyir.

 

Humanitar dialoqun inkişafı

Səfər proqramının mədəni hissəsi də kifayət qədər zəngin alınıb. Azərbaycan Prezidenti Özbəkistan idmançılarının Paris Olimpiadasındakı nailiyyətlərini yüksək qiymətləndirib, bunu ölkə idmanının inkişaf səviyyəsini göstərən əlamətdar hadisə adlandırıb.

Avqustun 23-də Azərbaycan və Özbəkistanın birinci xanımları Mehriban Əliyeva ilə Ziroatxon Mirziyoyeva Daşkənddə «Mexrli» məktəbi ilə tanış olublar. Burada uzun müddət xəstəxanalarda müalicə alan və adi məktəbə gedə bilməyən uşaqlara məktəbəqədər və orta təhsil verilir. Bu prosesə valideynlərin də cəlb olunması sayəsində məktəb eyni zamanda uşaqların tam bərpasına, sosiallaşmasına kömək edir. Tədris prosesində yalnız rəqəmsal dərsliklərdən və kitablardan istifadə olunur.

Elə həmin gün Mehriban Əliyeva və qızı Leyla Əliyeva Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birlikdə Özbəkistanın xalq rəssamı Akmal Nurun işlərindən ibarət sərgi ilə tanış olublar, Özbəkistan milli kostyumlarından ibarət kolleksiyaya baxıblar.

Bir neçə ay əvvəl bənzər ekspozisiya Heydər Əliyev Mərkəzində də nümayiş olunmuş, Azərbaycan auditoriyasının Özbəkistan milli kostyumlarının koloritini duymaq imkanı yaratmışdı.

Prezident İlham Əliyevin Özbəkistana səfərinə həsr olunmuş qala konsert isə səfər proqramının mədəni hissəsinin kulminasiyası olub. O, iki xalqın mədəniyyətinin, ənənələrinin nə qədər doğma olduğunu bir daha nümayiş etdirib.

Özbəkistan və Azərbaycan prezidentlərinin tarixi səfər kimi qiymətləndirdikləri bu səfəri iki xalqın münasibətlərində «yeni kitab» adlandırıblar. Yaxın illərdə bu kitabın ilk səhifələri yazılacaq və Azərbaycan-Özbəkistan müttəfiqliyinin xarakteri bu səhifələrdən çox asılı olacaq.



MƏSLƏHƏT GÖR:

34