13 Noyabr 2024

Çərşənbə, 02:47

TARİXİ HÜDUD

Gənc Azərbaycan idmançıları dünyanı fəth etməkdə davam edirlər

Müəllif:

15.09.2024

Paris Yay Olimpiya Oyunlarında uğurlu çıxış edən Azərbaycan cüdoçuları qələbələri davam etdirirlər. Bu dəfə yeniyetmə və gənclərdən ibarət komandalar tarixi nəticəyə imza atıblar.

 

Yüksək nailiyyətlərlə

Yeniyetmələrdən ibarət komanda Peruda keçirilən dünya çempionatında yüksək nəticə qazanıb. Dünya çempionatının uzaq Amerika qitəsində keçirilməsi və yarış məkanının dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi nəzərə alınaraq nümayəndə heyəti mühitə adaptasiya məqsədilə Limaya yarışdan 8 gün əvvəl yola salınıb. Mötəbər yarışa yalnız oğlanlardan ibarət olmaqla, 7 nəfərlik heyətlə qatılan millinin dörd üzvü sonda fəxri kürsüyə yüksəlməyi bacarıb. Onlardan Nihad Məmişov (-55 kq) və Cəsur İbadlı (-73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Məhəmmədəli Hüsiyev (-50 kq) və Mehdi Abbasov (-81 kq)  isə bürünc medalçı olub. Bununla da, Azərbaycan komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 48 ölkə arasında 2-ci, oğlanların sıralamasında isə Yaponiyanı da daxil olmaqla, bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutdu.

Nihad Məmişov karyerasında ikinci dəfə dünya çempionu olub. Çempionat ərzində keçirdiyi beş görüşün hamısında “ippon”la qalib gələn 17 yaşlı idmançımızla bağlı daha bir xüsusi qeyd ediləsi məqam onun bütün qələbələrini “ne-vaza” vəziyyətində qazanması olub. Məmişovun Peru paytaxtında göstərdiyi yüksək performans Beynəlxalq Cüdo Federasiyasının da diqqətindən yayınmayıb. Belə ki, BCF-in rəsmi sosial şəbəkə səhifəsində onunla bağlı edilmiş “ne-vaza-baijan” başlıqlı paylaşım maraqla qarşılanıb. O cümlədən digər çempionumuz Cəsur İbadlı yüksək əzmkarlıq və qətiyyətlə mübarizə aparıb, yekunda o, Azərbaycanın - 73 kq çəki dərəcəsində yeniyetmələr arasında ilk dünya çempionu kimi tarixə düşüb. Digər əyarlı medalçılarımıza gəlincə, Məhəmmədəli Hüsiyev cəmi 15 yaşında Dünya çempionatında bürünc medal qazana bilib. Bunadək bir neçə Avropa kuboku turnirində yüksək yerlərlə diqqət çəkən Mehdi Abbasovun bürünc medalı da həmçinin bir ilklə əlamətdardır. Belə ki, o, 81 kq çəki dərəcəsində Dünya çempionatının mükafatını qazanan ilk azərbaycanlı yeniyetmə olub.

 

Avropada böyük müvəffəqiyyət

Azərbaycanın gənclərdən ibarət cüdo yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında ilkə imza atıb. Yarışa 16 (9 oğlan, 7 qız) cüdoçu ilə qatılan komanda fərdi mübarizədə 4 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 8 medal əldə edib. Qızlardan Könül Əliyeva (-48 kq) və Fidan Əlizadə (-57 kq), oğlanlardan Vüsal Qələndərzadə (-73 kq) və Süleyman Şükürov (-81 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. Nizami İmranov (-60 kq), Aslan Kotsoyev (-90 kq) gümüş, Tuncay Şamil (-90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxdılar. İdmançılarımızdan Xədicə Qədəşova (-52 kq) və Ramazan Əhmədov (+100 kq) isə çıxışlarını 7-ci sırada başa vurublar.

Çempionatın son günündə cüdoçular qarışıq komanda yarışının qalibi olublar. Mübarizəyə 1/8 finaldan başlayan tatami ustalarımız həlledici mərhələyə qədər maneəsiz irəliləyiblər. Finalda Fransa millisini 4:3 hesabı ilə üstələyən komanda tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışını qızıl medalla başa vurub.

Milli üzvləri fərdi yarışda 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq Avropa çempionatında ümumi hesabda da birinci yeri tutub. Beləliklə, Azərbaycan komanda hesabında 39 ölkə arasında 1-ci yerə yüksəlib. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərib. Bu münasibətlə milli yığma Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb. Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub, növbəti dəfə ölkəmizin bayrağı ucaldılıb, himni səsləndirilib.

Qeyd edək ki, cüdoçularımız Azərbaycan tarixində ilk dəfə gənclər arasında Avropa çempionatında 4 qızıl medal qazanıblar. Qızlarımız isə 25 illik fasilədən sonra 1999-cu ildə qeydə alınan rekordu təkrarlayaraq ölkəyə qızıl medallar gətiriblər.

 

Məmmədov: “Dörd gün boyunca tonusu saxladıq”

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında nəticəni tarixi uğur adlandırıb: “Avropa çempionatı bizim üçün bundan yaxşı keçə bilməzdi. Azərbaycan millisi Avropa çempionatında dörd gün boyunca öz tonusunu saxladı. Turnirin dördüncü və sonuncu günündə də vəziyyət dəyişmədi. Komanda yarışındakı qızıl bizim üçün taclandırıcı bir uğur idi. Biz doqquzuncu medalımıza, beşinci qızıla inandıq. Həlledici görüş üçün püşkatma zamanı Fidan Əlizadəyə (57 kq) dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan! Bu, mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (73 kq) də qaliblər sırasında idi. Onun ozamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris olimpiadasında iştirak etdi. İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun olimpiada üçün potensialı var”.

E.Məmmədov oktyabrda Tacikistanda keçiriləcək gənclərin dünya çempionatından gözləntilərini də bölüşüb: “Cüdoda bunu proqnozlaşdırmaq çətindir. Rəqabət, əlbəttə ki, daha da güclüdür və işlər həmişə bu dörd gündə olduğu kimi mükəmməl getməyə bilər. Amma medal cədvəlində bir nömrə olmaq azı Düşənbə üçün də hədəfimizdir”.



MƏSLƏHƏT GÖR:

46