Müəllif: Elçin HÜSEYNOV
Türkiyənin cənub-qərbində, mənzərəli Muğla vilayətində ölkənin ən gözəl və inkişaf etməkdə olan kurortlarından biri - Datça yerləşir. Egey regionunun bu füsunkar guşəsi özünəməxsus təbii gözəllikləri, tarixi irsi və müasir rahatlığı ilə turistləri cəlb edir. Datça tədricən tək, aktiv istirahət və mədəniyyətə dalmaq istəyənlər üçün ən populyar istiqamətlərdən biri kimi ortaya çıxır.
Datça “daça” deyil
Datça sahili hər iki tərəfdən Egey dənizinin suları ilə yuyulan yarımadada yerləşir. Bu, strateji cəhətdən əlverişli amil kurortu unikal mikroiqlimlə təmin edir. Belə ki, bura orta dərəcədə isti və günəşlidir. Beləliklə, coğrafi mövqe Datçanı bütün ilboyu əla istirahət məkanına çevirir. Sahil boyu dənizdə üzmək və su idman növləri üçün ideal şəraitin olduğu yaşıl qayalarla əhatə olunmuş mənzərəli buxtalar uzanır.
Yeri gəlmişkən, Datçanın özünəməxsus xüsusiyyətlərindən biri çimərliklərdir. Suyun şəffaf və bir qədər sərin olduğu, kiçik qumlu və çınqıllı çimərliklər turistlərə dənizkənarı tətildən tam zövq almaq imkanı verir. Sahil zonasında suyun təmiz olduğu çoxlu cəlbedici buxtalar var. Kurort həm də təbiət yolları və meşəlik əraziləri ilə tanınır. Odur ki, bura gəzinti və velosiped sürmək üçün ideal məkandır.
Bələdçilər tez-tez Datçanı Türkiyənin məşhur kurortları ilə müqayisə edirlər. Reklam broşürlərində qeyd olunur ki, Datça yüksək xidmət və rahatlıq standartlarını qoruyub saxlayaraq daha rahat ab-hava və bənzərsiz təbiət təqdim edir. Bir çox səyahətçi isə təbiət, tarix və mədəniyyətin iç-içə olduğu, insanların çox olmadığı və autentik Türkiyə kurortları axtaranlara Datçanı tövsiyə edir.
Datça təkcə təbiəti baxımdan cənnət deyil, həm də mühüm tarixi mərkəzdir. Kurortun yaxınlığında Türkiyənin mədəni irsinin əhəmiyyətli hissəsini təşkil edən qədim şəhərlərin xarabalıqları var. Xüsusilə Knidos şəhəri antik dövrün ən böyük mədəniyyət və ticarət mərkəzlərindən biri idi və onun xarabalıqları hələ də arxeoloqları və turistləri cəlb edir. Amfiteatr və Afrodita məbədi kimi tarixi abidələr isə regionun əzəmətli keçmişi barədə təsəvvür yaradır.
Buranın digər tarixi xüsusiyyəti isə qədim evlər və dar küçələr ilə təmsil olunan ənənəvi türk memarlığıdır. Yerli sakinlər adət-ənənələri qoruyur və dəstəkləyir, bu da kurorta xüsusi cazibə verir.
Bir sözlə, bura aktiv istirahət həvəskarları üçün cənnətdir. Datça müxtəlif su idman növləri təklif edir: sörfinq, dayvinq, xizəksürmə və yaxtaçılıq. Təbiət yolları trekkinq və velosiped sürmək üçün idealdır. Bundan başqa, ulduzları seyr etmək üçün əla şəraitə görə Datça üzərindəki gecə səması həvəskar astronomları tez-tez özünə cəlb edir.
Daha rahat istirahətə üstünlük verənlər müxtəlif SPA prosedurlarından və rahatlaşdırıcı masajlardan yararlana bilərlər. Eyni zamanda yerli SPA mərkəzlərində və masaj otaqlarında bölgənin özündə istehsal olunan təbii məhsullardan və yağlardan (zeytun, badam) istifadə olunur.
Badam çarlığında
Bölgənin iqlimi, tarixi və mədəniyyəti ilə bağlı bir sıra əsas amillərə görə badam bu kurortda xüsusi yer tutur. Birincisi, burada iqlim mülayimdir, bu da badam yetişdirmək üçün ideal şərait yaradır. Qış fəslinin soyuq keçməməsi və uzun yay ayları onun keyfiyyətinin artmasına kömək edir. İkincisi, burada badamın öz tarixi var və onların əkilməsi və istifadəsi qədim dövrlərə gedib çıxır. Yerli fermerlər nəsildən-nəslə ötürülən ənənələri və emal üsullarını qoruyub saxlayıblar. Bir çox sakinlər üçün badam sabit gəlir gətirən və regionun iqtisadiyyatına dəstək verən mühüm kənd təsərrüfatı məhsuludur. Üçüncüsü, badam yerli mətbəxdə və kulinariya ənənələrində mühüm rol oynayır. Müxtəlif yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunur.
Buna görə də burada badamdan hər şey hazırlamağa uyğunlaşıblar: dondurmadan tutmuş ətirə qədər. Ondan mürəbbə, şirniyyat, un, yağ, süd, makaron, sərinləşdirici və qazlı içkilər, likör, bal-badamlı gözləmə (qutab) və hətta qəhvə hazırlanır. Küçələrdə tez-tez “buzlu badam” satanlara rast gəlmək olar. “Buzlu badam” (Datça) adlanan bu təam son vaxtlar həm Datçanın özündə, həm də qonşu kurortlarda geniş yayılmağa başlayıb.
Badam yağı qidalanma xüsusiyyətlərinə və faydalı elementlərinə görə həm yeməklərdə, həm də kosmetik məqsədlər üçün istifadə olunur. Yeməkdə paxlava, lokum, qurabiyə (peçenye) kimi şirniyyat və xörəklərin, həmçinin piroqların hazırlanmasında istifadə olunur. Badam pastası isə qənnadı məmulatlarında geniş istifadə olunur və onlara özünəməxsus dad verir. Badam, həmçinin ət və tərəvəz yeməkləri ilə təqdim edilə bilən souslarda və ədviyyatlarda istifadə olunur. O, yeməklərə xüsusi dad və tekstura əlavə edir.
Badamdan hazırlanan məhsulları çox vaxt turistik mağazalarda tapmaq mümkündür. Belə ki, badamlı qurabiyənin (250 qr) qiyməti 120 lirə (3,5 avro), badamlı qəhvənin bir paketi (100 q) 100 lirə (2,80 avro) təşkil edir. Bar və kafelərdə 170 lirəyə badamlı sərinləşdirici içki və ya həm isti, həm də soyuq badamlı qəhvə içmək olar: 75-100 lirə.
Ən istəkli kurorta
Qaldığınız yerdən, büdcənizdən və seçimlərinizdən asılı olaraq Datçaya getməyin ən rahat yolunu seçə bilərsiniz: təyyarə, avtobus, bərə, avtomobil icarəsi və ya tur. Bütün bu seçimlər sizə Türkiyənin bu mənzərəli guşəsinə səyahətinizdən həzz almağa imkan verəcək.
Ən yaxın hava limanı Datçadan təxminən 60 kilometr məsafədə yerləşən Bodrum-Milas hava limanıdır. Hava limanından avtobus və ya taksi ilə səyahət vaxtı təxminən 1-1,5 saatdır. Amma Dalaman aeroportu buradan çox uzaqda yerləşir: təxminən 150 kilometr. Buna görə də Bodrum-Milas hava limanı daha yaxşı seçimdir.
Şəhərlərarası avtobuslar sizi İstanbuldan Datçaya 11-13 saata, Ankaradan 10-12 saata, İzmirdən isə 4-5 saatda aparacaq. Ən yaxın Marmarisdir (71 kilometr). Buradan Datçaya bir saat yarıma çata bilərsiniz.
Digər əlverişli marşrut Bodrumdan yola düşən bərələrdir. Onlar hər gün saat 9:00, 12:00 və 15:00-da sahildən yola düşürlər. Bir tərəfə gediş 550 lirədir, bir dəfəyə iki tərəfli bilet götürsəniz, oraya səfər sizə 1000 lirəyə başa gələcək. Təcrübəli turistlər ən yaxşı yerlərdə səfər etmək üçün bərəyə əvvəlcədən minirlər. Belə ki, isti yay günlərində məhdud oturacaqları olan, küləkli və kölgəli açıq göyərtədə əyləşmək çox vacibdir. Çünki kifayət qədər köhnə olsa da, istifadə edilən bərələrin qapalı göyərtələri olduqca havasız ola bilər. Buna görə fərasətli sərnişinlər açıq havada oturmağa və dəniz küləyini “tutmağa” çalışırlar.
Bəzi turistlər şəxsi nəqliyyat vasitələri ilə yarımadanı kəşf etmək üçün avtomobil və motosikletlərini də bərə vasitəsilə Datçaya aparırlar.
Datça limanına çatdıqda sizi pulsuz xidmət avtobusu gözləyir. Bu nəqliyyat vasitəsilə yarımadanın mərkəzi hissəsinə yollana bilərsiniz. Eyni xidmət avtobusları yola düşmədən bir saat əvvəl bərəyə qayıdırlar. Bir çox turist saat 18:00-da dönüşü olan bir günlük turu seçir. Bir tərəfli səyahət 1,5 saat davam edir.
Əgər Yunanıstanın Rodos şəhərindəsinizsə, yayda Datçaya bərələr vasitəsilə gələ bilərsiniz. Lakin 121 kilometrlik məsafə üç saatdan çox vaxtınızı aparacaq.
Köhnə Datça - ən məşhur əyləncə yeri
Kurortun mərkəzindən avtomobillə 15 dəqiqəlik məsafədə Eski Datça (Köhnə Datça) yerləşir. Bura hazırda turistlər arasında ən populyar məkandır. O, Türkiyənin başqa kurortu – Çeşmədən çox da uzaq məsafədə yerləşməyən Alaçatı kimi abadlaşdırılıb.
Köhnə Datçada çox sayda qorunan köhnə ev və dar küçələr var. Bu da keçmişə səyahət hissi yaradır. Bundan başqa, burada zövqlü, autentik kafe, bar, suvenir mağazaları, butiklər və hotellər cəmləşib. Buranın dizaynı, bugenvilleya bitkiləri ilə örtülmüş binalar, maraqlı restoran menyuları, möhtəşəm fotolar çəkilə biləcək yerlər turistlərin könlünü xoş etmək üçün ərsəyə gətirilib. Zeytun yağı və badamdan istifadə edərək yerli məhsullar təklif edən bir çox mağaza da var.
Bu ən məşhur turistik məkanı gəzmək bir neçə saat çəkə bilər. Bu müddət ərzində bir çox turistik məkanlarda foto çəkdirə, dükanları araşdıra və yerli keçi südü dondurmasının dadına baxa bilərsiniz (75 lirə). Turistlərin çoxu bunu edir. Amma nahar etmək və ya soyuq, yaxud isti içkilər içmək istəyirsinizsə, daha çox vaxta ehtiyacınız olacaq. Eyni zamanda yaxınlıqdakı Marmaris və Bodrumla müqayisədə belə, burada qiymətlər olduqca yüksəkdir.
Mərkəzdən buraya taksi ilə maksimum 10 dəqiqəyə çata bilərsiniz. Mərkəzi limandan avtobusla isə 20 dəqiqəyə. Amma nəzərə alın ki, dolmuş avtobusları (24 lirə) hətta mərkəzdə də nizamsız işləyir - təxminən hər 1,5 saatdan bir gəlir. Əgər bərə və ya şəhərlərarası avtobuslarda müəyyən bir saata biletiniz varsa, o zaman ora və geriyə səyahət üçün daha çox vaxt ayırmalısınız. Əks təqdirdə, limana və ya avtovağzala yalnız taksi ilə çata biləcəksiniz.
Bahalı hotellər
Datça nisbətən yeni kurort olsa da, buradakı yerləşdirmə obyektlərinin qiymətləri Türkiyənin məşhur istirahət yerlərindən heç də fərqlənmir. Burada hər büdcəyə uyğun yaşayış variantlarını tapa bilərsiniz - sadə hotellərdən 5 ulduzlu hotellərə, ucuz mənzillərdən lüks villalara qədər. Onların qiymətləri ilin vaxtından, yerləşdiyi yerdən, rahatlıq səviyyəsindən, “Hər şey daxil” qida sisteminin mövcudluğundan (burada bu sistemi bəyənmirlər) və göstərilən xidmətlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.
Beləliklə, səhər yeməyi olmayan ən sadə büdcə səviyyəli obyektlərdə iki nəfərlik qiymətlər 55-60 avrodan başlayır. Bu hotellər çox vaxt ənənəvi xidmətlər təklif edir və çimərlikdən və ya turizm mərkəzlərindən daha uzaqda yerləşirlər. İctimai nəqliyyat infrastrukturunun zəif olduğunu nəzərə alsaq, belə seçimlərin həmişə büdcəli turistlərə uyğun olmayacağını söyləyə bilərik.
Orta səviyyəli hotellərdə adətən daha rahat otaqlar olur, səhər yeməyi verilir, hovuz var və bəzi əlavə xidmətlər də göstərilir. Bu seqmentdə iki nəfərlik otaqların qiymətləri 80-170 avro arasında dəyişir, hotellər şəhərdə yerləşir və çimərliklərə yaxındır. Bəzilərində fitnes mərkəzləri var və SPA prosedurları təklif olunur. Üstəlik, əgər siz hər şey daxil fanatsınızsa, o zaman 150 avrodan (iki nəfərlik) aşağı qiymətə otaq tapmaq çətin olacaq.
Kurortda həmçinin yüksək keyfiyyətli xidmət, eksklüziv şərait təklif edən və çox vaxt prestijli ərazilərdə və ya sahildə yerləşən lüks hotellər var. Belə mehmanxanalarda otaqlarda yaşamağın qiyməti bir mövsüm üçün orta hesabla 220-280 avro təşkil edir.
Datçada daha rahat ab-havanın olduğu mənzillər də tapa bilərsiniz. Bu cütlüklər və ya uzun səfərlər üçün yaxşı seçim ola bilər. Beləliklə, studiya və bir otaqlı mənzilləri 50-80, iki və üç otaqlı mənzillər (bəzən ortaq hovuzlara çıxışı olan) üçün 75-130 avroya tapmaq olar. Əgər ayrı qalmaq istəyir və ya daha böyük yer axtarırsınızsa, özəl hovuzu olan villa və ya kottec kirayəsi gündəlik 120-250 avroya başa gələ bilər. Hər şey villanın ölçüsündən, lüks səviyyəsindən və yerindən asılı olacaq.
Unutmayın ki, “aşağı mövsüm”də (payız-qış-yaz) yaşayış qiymətləri xeyli aşağı ola bilər.
Akvariumdakı kimi ən təmiz çimərliklər
Ümumiyyətlə, turistlər aprel-oktyabr aylarında Datçaya səfər etməyə üstünlük verirlər. Çimərlik tətilləri və üzgüçülük üçün ən əlverişli vaxt iyundan avqusta qədərdir. Daha rahat istirahətə üstünlük verən turistlər sentyabr və oktyabr aylarında burada olmağı sevirlər. Amma nəzərə alın ki, Datçada çimərliklərdə yayda onsuz da sərin olan su (21-21 dərəcə) payız və ya yaz aylarında yalnız Şimali Avropa ölkələrindən gələn turistlər üçün daha əlverişlidir.
Yarımadada çoxlu çimərliklər var. Mərkəzin yaxınlığında (limanın sağında) iki ən məşhur çimərlik var: Kumluk və Taşlık. Kumluk dayaz suları və bir sıra restoran və kafeləri olan qumlu ərazidir. Taşlık çimərliyi qayalı bir səthə malikdir, lakin təmiz su və gözəl mənzərələrlə sevindirir. Bura suları dənizlə birləşən, sahilin düz yanında yerləşən balıqlı termal gölün olması ilə də məşhurdur.
Karqi körfəzi şəhər mərkəzindən cəmi 3 kilometr məsafədə yerləşir. Evkalipt ağacları və təpələrlə əhatə olunmuş tənha buxtadır. Burada kiçik çınqıllı çimərlik və kristal təmiz dəniz var. Karqidən bir neçə kilometr aralıda qeyri-adi təmiz suyu (akvariumdakı kimi) ilə tanınan Akvarium çimərliyi var. Bura üzgüçülük və sualtı həyatı müşahidə etmək üçün ideal yerdir.
Burada Armudlu adlı mənzərəli kiçik buxta yerləşir. Bura Armudlu burnunun qərbindəki dağlarda gizlənib. Akvarium çimərliyi ilə rəqabət aparan bu buxta təmiz suları və heyrətamiz təbiət mənzərələri ilə məşhurdur. Həm də Datçanın ən yaxşı dayvinq yerlərindən biridir.
Aktur çimərlikləri Datçanın mərkəzindən 30 kilometr məsafədə yerləşir və dağlarla əhatə olunmuş Çiftlik və Kovanlık körfəzlərini əhatə edir. Bu çimərliklər qum və çınqıllardan ibarətdir, dəniz suyu isə akvamarin və firuzəyi rənglərdədir.
Datçada bir çox başqa məşhur çimərliklər də var - Hayitbükü, Ovabükü, Palamutbükü, Karaincir, Kurubük, Lindos və s.
Datça kiçik bir guşənin özünəməxsusluğunu və ab-havasını qoruyub saxlayaraq böyük və axtarılan turizm mərkəzinə çevrilməsinin nümunəsidir. Heyrətamiz təbiət mənzərəsi, zəngin tarixi irs və müasir rahatlığın birləşməsi onu Türkiyənin ən çox axtarılan istirahət yerlərindən birinə çevirir. Tezliklə Datça bu ölkənin təbiəti və mədəniyyəti ilə harmoniyada olaraq dincəlmək və güclərini bərpa etmək məqsədilə ideal yer axtaran turistlər üçün daha cəlbedici məkana çevrilə bilər.
MƏSLƏHƏT GÖR: