11 Dekabr 2024

Çərşənbə, 23:00

HAZIRKI “YAŞIL ÇAĞIRIŞ”

Azərbaycan hökuməti ekoloji keçid prosesində kiçik və orta biznesə bundan sonra da dəstək göstərmək öhdəliyi götürüb

Müəllif:

15.09.2024

Bu il Azərbaycanda ən populyar rəng yaşıldır, son ayların əsas təşəbbüsləri məhz bu rəngə “boyanıb” ki, bu da anlaşılandır: 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, müvafiq olaraq bütün mühüm təşəbbüslərin gündəliyində “yaşıl iqlim” mövzusunun olması məntiqə uyğundur. Xüsusilə də bütün bu tədbirlərin tacı noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 olacaq.

Ətraf mühitin çirklənməsinin səbəblərinin, demək olar ki, əsas hissəsini təşkil edən sənaye və digər müəssisələri prosesə cəlb etmədən ekoloji problemlərin həlli mümkün deyil. Eyni zamanda dünyada şirkətlərin 90%-dən çoxu kiçik və orta biznesin (KOB) nümayəndələridir. KOB-ların ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda onların payına istixana qazı emissiyasının 50%-i və biznes sektorunun ümumi enerji istehlakının 30-60%-i düşür. Azərbaycan müəssisələrinin “yaşıl keçidi” ilə bağlı planlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil edilmiş “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” adlı konfransda müzakirə edilib.

 

Sürətli adaptasiya üçün

“Yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi əsasən Azərbaycanda müəssisələrin təxminən 99%-ni özündə birləşdirən KOB-ların ekoloji transformasiyası hesabına həyata keçirilir. Onların bir çoxu tikinti, nəqliyyat, sənaye, energetika və kənd təsərrüfatı kimi sektorlarda cəmləşib. İstilik effekti yaradan qazların emissiyasının böyük hissəsi məhz onların payına düşür. Buna görə də “yaşıl gündəliyin” təşəbbüskarı olan strukturlar tərəfindən onlara diqqət və istehsal prosesinin ekoloji standartları üzərində daha sərt nəzarət zərurəti tamamilə anlaşılandır. “Dünya təcrübəsi göstərir ki, KOB-lar çox vaxt “təmiz texnologiya”lar və biznes modelləri baxımından daha irəlidədirlər, bu müəssisələrin çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları tətbiq etməyə imkan verir. KOB bazar və istehlakçı üstünlüklərindəki dəyişikliklərə tez reaksiya verə bilər və bu da “yaşıl iqtisadiyyat”ın mühüm amilidir”, - iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Bəs KOB müəssisələri ekologiyanın yaxşılaşdırılması üçün nə edə bilərlər? Ən azından enerji qənaətli texnologiyaların tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadə hesabına enerji səmərəliliyinin təmin edilməsindən başlamaq olar. İnsan resurslarının inkişafı və personalın təkmilləşdirilməsi də diqqət yetirilməli olan vacib məqamlardır, çünki innovasiyalar müasir bilik və bacarıqlara malik personal tərəfindən tətbiq edilə bilər. Tullantıların emalı və miqdarının azaldılması, ekoloji cəhətdən təmiz materiallardan istifadə üzrə tədbirlər də mühüm rol oynayır.

“Biznes fəaliyyətində ekoloji amillərin daim nəzərə alınması, sosial layihələrdə iştirak və bu sahədə təşəbbüslər yeni dövrün sahibkarının əsas biznes prinsiplərindən birinə çevrilməlidir”, - M.Cabbarov bildirib. COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə xatırladıb ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə davamlı inkişaf və ətraf mühitin mühafizəsi əsas məqsədlərdən biri kimi müəyyən edilib: “Bu sənəddə ölkəmizin yaşıl iqtisadiyyata keçidinin sürətləndirilməsi, təbii sərvətlərin səmərəli idarə olunması, karbon emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və enerji səmərəliliyinin artırılması kimi konkret ekoloji məqsədlər yer alıb”.

O, həmçinin hesab edir ki, KOB yeni texnologiyaların və biznes modellərinin tətbiqi imkanlarına daha çevik reaksiya verən kimi innovasiyalar sahəsində unikal imkanlara malikdir. “Yaşıl iqtisadiyyat”a keçid zamanı “təmiz enerji” mənbələrinə, enerji səmərəliliyi texnologiyalarına və tullantıların azaldılmasına investisiyaların artırılması üçün bu çeviklikdən istifadə etmək lazımdır. “KOB-ların “yaşıl resurs” mərkəzlərinin yaradılması onların daha dayanıqlı təcrübələrə keçidinə kömək edəcək və onlara lazımi bilik, məsləhət və texnologiyalar təqdim edəcək", - deyə COP29-un müəyyən edilmiş prezidenti bildirib.

Onun sözlərinə görə, COP29-un əsas prioriteti iqlim maliyyəsidir: “Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bu tədbir çərçivəsində Azərbaycan sədrliyi 14 təşəbbüs irəli sürüb. Məqsədimiz qlobal səviyyədə yeni yanaşmalar və innovativ həllər təklif etmək və etibarlı, məsuliyyətli tərəfdaş kimi mövqeyimizi daha da möhkəmləndirməkdir”.

 

Dəstək tədbirləri

Bununla yanaşı, Azərbaycan hökuməti başa düşür ki, yalnız ekoloji normalara riayət etməyə çağırış kifayət etmir. Biznes bu keçidin ağrılı və onlara maddi baxımdan zərər vurmamasına əmin olması üçün bunu real addımlarla dəstəkləmək lazımdır. Bu baxımdan son bir neçə ildə həyata keçirilən vergi siyasətinə “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi ilə bağlı qanunvericilik təşəbbüsləri daxil edilib. Buraya ətraf mühitin mühafizəsi üzrə vergi güzəştləri, ölkəyə köhnə avtomobillərin gətirilməsinə məhdudiyyətlər, avtomobillərin utilizasiyası, elektrik və hibrid avtomobillərin idxalının stimullaşdırılması, alternativ enerji sahəsində güzəştlər və s. daxildir. Məlum olduğu kimi, orta müddətli perspektivdə ölkəmizin vergi siyasətində “yaşıl enerji”nin dəstəklənməsi prosesi davam etdiriləcək.

“İqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir”, - M.Cabbarov qeyd edib.

Konfransda maraqlı bir fakt açıqlanıb: bu gün qlobal miqyasda emissiya olunan karbon vahidlərinin 24%-i hər hansı formada karbon qiyməti ilə əhatə olunur. Rəqəm kiçik görünə bilər, lakin 10 il əvvəl bu göstərici cəmi 7% idi. Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın fikrincə, bu onu göstərir ki, artıq ölkələr arasında emissiyaların azaldılması ilə bağlı hədəflərə çatmaq üçün karbon qiyməti tətbiq etmək daha populyar olub. Bundan başqa, dünyada adaptasiya proqramlarını maliyyələşdirmək üçün bu maliyyə alətinin zəruri olduğu görünür. Belə ki, Dünya Bankının məlumatına görə, bu gün milli hədəflərini elan edən 100-dən çox ölkədə karbon qiymət qoyma ilə bağlı müddəaların tətbiqi birbaşa hədəf kimi müəyyən edilib. Azərbaycan hökuməti hesab edir ki, ölkədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız aqressiv vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə və yaxud “yaşıl texnologiyalar”dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür: “Azərbaycan “yaşıl iqtisadiyyat”ın qurulması üçün vergi tənzimlənməsi və biznesin stimullaşdırılması arasında optimal balans axtarır. Beynəlxalq təcrübə və ekspertiza ölkəyə davamlı inkişafın effektiv vergi strategiyasını hazırlamağa kömək edəcək”, - S.Musayeva qeyd edib.

“Yaşıl iqtisadiyyat”ın dəstəklənməsi tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə də tullantıların emalı sahəsində ixtisaslaşmış Balaxanı parkını da qeyd etmək olar. Onların əsas xüsusiyyətlərindən biri məhz regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalının genişləndirilməsidir.

“Yaşıl layihə”lər KOBİA tərəfindən qrant, startap sertifikatı, daxili bazar araşdırması, təlim, sərgilərə çıxış, maliyyə imkanları kimi alətlərlə də dəstəklənir. Eyni zamanda, təbii ki, keçid prosesi hələ yolun başlanğıcındadır və burada hələ kifayət qədər problemlər var.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, ümumilikdə onları 3 qrupa bölmək olar: məlumat və bilik çatışmazlığı; potensial və bacarıqların aşağı olması; maliyyə resurslarına çıxış imkanının məhdud olması.

“KOB-ların “yaşıl transformasiya” sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd qlobal şəbəkə və institusional koordinasiya platformasını təmin etmək üçün KOB-ların “yaşıl resurs” mərkəzlərinin yaradılmasına təşəbbüs edir”, - o qeyd edib.

Onun sözlərinə görə, hər bir ölkədə yaradıla biləcək yuxarıda qeyd olunan mərkəzlərin rolu milli səviyyədə ölkədə KOB-ların üzləşdiyi konkret problemlər barədə məlumatların toplanması, onların təhlili və dünya təcrübəsini nəzərə almaqla texniki, ekspert və digər dəstəyin göstərilməsi də daxil olmaqla konkret addımların müəyyən edilməsindən ibarət olacaq. Yuxarıda qeyd olunan vəzifələrin və mövcud problemlərin həlli üçün konfrans çərçivəsində KOBİA ilə “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında “yaşıl keçid” sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Xüsusi taksonomiya

BMT-nin COP29-da İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai də hesab edir ki, dövlət və özəl maliyyə resursları arasında əməkdaşlığın təşviqi iqlim dəyişikliyinin təsirlərinin səmərəli şəkildə azaldılmasına kömək edir. “COP29 Rəyasət Heyətinin komandası olaraq, biz özəl sektorun qlobal iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətlərinə cəlb olunmasına xüsusi diqqət yetiririk. Bu istiqamətdə biz “yaşıl iqtisadiyyat”ın yaratdığı imkanlar və çağırışlara uyğunlaşma məsələsini həm böyük şirkətlərlə, həm də kiçik və orta biznes nümayəndələri ilə daim müzakirə edirik”.

Bu baxımdan, biznes nümayəndələrinin “yaşıl keçid” standartları haqqında aydın təsəvvürə malik olması da vacibdir. Xüsusilə də qlobal gündəm artıq ekoloji prinsiplərə yönəlmiş müəssisələrin güzəştli maliyyələşdirilməsi üçün xüsusi çərçivələrin tətbiqini şərtləndirib. Azərbaycanda bir sıra kommersiya banklarının reklam plakatlarında artıq “yaşıl kredit”lər haqqında məlumatlar görünməyə başlayıb. Lakin müəssisənin belə maliyyələşdirmə əldə etmək üçün nə təqdim etməli olduğu barədə dəqiq təsəvvür hələ yoxdur. Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı “yaşıl taksonomiya” üzərində fəal işləyir və hətta onun formalaşdırılmasını tamamlayır. Bu taksonomiya əsasında ölkədə iqtisadi fəaliyyət “yaşıl standartlar”a əsaslanaraq təsnif ediləcək ki, bu da müəssisələrə davamlı və ekoloji cəhətdən təmiz investisiyalar üçün daha çox dəstək almağa imkan verəcək.

Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov deyib ki, taksonomiyanın hazırlanmasına yerli və xarici ekspertlər, həmçinin müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Qeyd etmək lazımdır ki, hazırda təxminən 50 ölkədə “yaşıl istiqraz və kreditlər”lə bağlı taksonomiya var. Lakin onlar arasında əlaqə yoxdur, onlar milli xarakter daşıyır. Bu səbəbdən, AMB-də belə bir fikir yaranıb ki, Azərbaycan bütün ölkələri birləşdirəcək taksonomiya prinsiplərinin hazırlanmasında təşəbbüskar olmalıdır. Hazırda Mərkəzi Bank iki beynəlxalq institutla işləyir. Hazırlanmış taksonomiyanın noyabrda COP29-da təqdim edilməsi planlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən banklar yaxın illərdə iqlim dəyişikliklərinə davamlılıq haqqında hesabatlar təqdim etməyə başlayacaqlar. İqlim dəyişikliyinə Milli ekoloji, sosial və korporativ idarəetmə (ESG) risklərinin inteqrasiyası nəzərdə tutulur. “Bununla əlaqədar risk menecmentinin stress-testləri aparılır və risk amilləri qiymətləndirilir. Əsas diqqət şəffaflığın və bazar intizamının təmin edilməsinə yönəldilir”, - K.Məmmədov bildirib.

Beləliklə, iqlim dəyişikliyi və maliyyələşdirmə ilə bağlı KOB-ların zəruri məlumat və biliklərinin, müvafiq bacarıq və potensialının artırılması, həmçinin iqlim maliyyələşdirməsi və texnologiyalarına çıxışın təmin edilməsi, ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi “yaşıl iqtisadiyyat”da səmərəliliyin daha da artırılmasına kömək edəcək. Bu baxımdan Azərbaycanın KOB nümayəndələri “yaşıl texnologiyalar”ın tətbiqini artırmaqla hökumətin iqtisadi siyasətinə töhfə verəcək, həmçinin rəqabət qabiliyyətini və gəlirlərini artıracaqlar.



MƏSLƏHƏT GÖR:

63