21 Noyabr 2024

Cümə axşamı, 16:28

ENERJİ KÖRPÜLƏRİ

Bakı və Roma ikitərəfli əməkdaşlıq tarixində yeni səhifə açır

Müəllif:

15.09.2024

Ən mötəbər iqtisadi tədbirlərdən biri olan Beynəlxalq Çernobbio Forumunun 50 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Bu qapalı xarakterli beynəlxalq iqtisadi konfrans hər il İtaliyanın “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunur və adətən, sentyabrın əvvəlində İtaliyanın rəngarəng Komo gölünün sahilindəki “Villa d'Este”də keçirilir.

Bu il forumda altı dünya lideri iştirak edib: Azərbaycan Prezidenti İlham Əliyev, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban və İordaniya Kraliçası Raniya əl-Abdullah.

“Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən forumun gündəliyinə ən aktual məsələlər daxil edilib: Rusiya-Ukrayna və ümumilikdə beynəlxalq münaqişələr və onların diplomatik həlli yolları; yeni dünya nizamı və geosiyasi dəyişikliklər və onların dünya iqtisadiyyatına təsiri. Bundan əlavə, süni intellektə və onun bütün sənaye sahələrinə artan təsiri, həmçinin beynəlxalq təhlükəsizlik və Avropa müdafiəsinə diqqət yetirilməklə, texnoloji yeniliklər müzakirə edilib. Bu il forum çərçivəsində “Dünyaya 50 illik baxış” adlı fotosərgi də təşkil olunub.

 

Yeni əməkdaşlıq istiqamətləri

İtaliya bu gün Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2023-cü ildə ölkələr öz aralarında 15,7 milyard dollar dəyərində ticarət aparıblar ki, bunun da 0,5 milyardı Azərbaycana idxal, 15,2 milyardı isə İtaliyaya ixrac edilib. Azərbaycan 85% payla İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşıdır. 2023-cü ildə İtaliyanın Azərbaycanın xarici ticarət dövriyyəsində iştirakı 30,65% (1-ci yer) təşkil edib. O cümlədən idxalda - 2,76% (7-ci yer), ixracda - 44,86% (1-ci yer). Ölkəmiz İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz tədarükçüsüdür.

İtaliyanın işgüzar dairələri Azərbaycana böyük investisiyalar qoyur və bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, bizim İtaliya kapitalı ilə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox kommersiya strukturumuz var.

Artıq müdafiədən tutmuş enerjiyə qədər bütün sahələrdə strateji tərəfdaşlığı fəal şəkildə inkişaf etdirən iki ölkə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından daha nə edə bilər?! Son danışıqların nəticələri və imzalanmış sənədlər aydın şəkildə göstərib ki, Bakı və Roma ictimaiyyəti necə təəccübləndirəcəyini bilir və tərəflərin can ata biləcəkləri hədəflər mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirakdan bir gün əvvəl İtaliyaya səfər edib və onun səfərinin proqramı, təbii ki, Çernobbioda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışı ilə məhdudlaşmayıb.

Səfər İtaliya Prezidenti Sercio Mattarella ilə birgə işçi nahar ilə başlayıb. İşçi naharda İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayaninin də iştirak etdiyi bildirilib. İki ölkə arasında strateji tərəfdaşlıq, o cümlədən TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyəti müzakirə edilib. Bu məqamda qeyd edək ki, ötən il “Şahdəniz-2”dən hasil edilən 10 milyard kubmetrə yaxın qaz TAP boru kəməri vasitəsilə İtaliyaya ixrac edilib. Yəni Azərbaycandan Avropaya tədarük edilən “mavi yanacağ”ın böyük hissəsi İtaliyanın payına düşüb.

Liderlər iki ölkə arasında humanitar və mədəni əlaqələrin önəminə toxunub, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyətini qeyd ediblər.

Bundan başqa, prezidentlər iqlim gündəliyinə də diqqət yetiriblər. Bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfini təbrik edən S.Mattarella ölkəsinin bu çox əhəmiyyətli tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını qeyd edib. Rəsmi Roma da COP29-un uğurla keçirilməsi üçün lazımi dəstəyi göstərmək niyyətini təsdiqləyib. Prezident İlham Əliyev qarşıdan gələn konfrans çərçivəsində iqlim dəyişikliyi ilə bağlı beynəlxalq məsələlərdə Azərbaycanın İtaliya ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Liderlər, həmçinin çoxsaylı İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinə, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində, muzeylərin tikintisi və digər layihələrin həyata keçirilməsində iştirakına da toxunublar.

Daha sonra İlham Əliyev və Ciorcia Meloni arasında danışıqlar olub. Danışıqları dəyərləndirən İtaliyanın Baş naziri “X” sosial şəbəkəsindəki hesabında görüşün çox məhsuldar keçdiyini, tərəflərin İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyi ətrafında ətraflı müzakirələr apardıqlarını və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdiklərini qeyd edib. Bu kontekstdə İtaliyanın “Eni S.p.A.” şirkəti ilə SOCAR arasında əlaqələrdən, bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakının mümkünlüyündən danışılıb.

Digər ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi məsələsinə də toxunulub. Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadəsi perspektivləri müzakirə olunub.

İmzalanmış sənədlərə əsasən, Bakı və Roma enerji sektorunda əməkdaşlığı yeni istiqamətlər vasitəsilə gücləndirmək qərarına gəliblər. Belə ki, Prezident İlham Əliyevlə Baş nazir Corcia Meloninin görüşündən sonra üç sənəd imzalanıb: SOCAR, “Eni S.p.A.” və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu, SOCAR və “Eni S.p.A” arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və SOCAR və “Eni S.p.A” arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu.

“Prezident İlham Əliyevlə görüşdə ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakteri və Azərbaycanın COP29-a sədrliyi ilə əlaqədar enerjidən başlayaraq maraq doğuran bütün sektorlarda əməkdaşlığın daha da dərinləşdirilməsi öhdəliyi təsdiqlənib”, - C.Meloni vurğulayıb.

“Eni S.p.A.”nın bəyanatında isə qeyd olunub ki, SOCAR ilə imzalanmış sazişlər İtaliya şirkətinin 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün dekarbonizasiya strategiyasına uyğundur və İtaliya və Avropada enerji təhlükəsizliyinin və təchizatının rəqabət qabiliyyətini təmin etmək üçün gələcək əməkdaşlığın müəyyənləşdirilməsinə töhfə verir.

Eyni zamanda İtaliyanın enerji nəhəngi əldə olunan razılaşmaların bəzi detallarını açıqlayıb. Buraya Avropa və İtaliyanın enerji təhlükəsizliyini gücləndirmək üçün karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsi, istixana qazlarının emissiyalarının azaldılması sahəsində əməkdaşlıq və ən qabaqcıl mövcud texnologiyalardan istifadə etməklə Azərbaycanda mədənçıxarma sektorunda enerji səmərəliliyinin artırılması daxildir. Həmçinin bunlara müxtəlif sənaye sektorlarında mövcud zavodlardan karbon qazının tutulması və daşınması, Azərbaycandakı yataqlarda saxlanılması və istifadəsi, bərpa olunan enerjinin inkişafı layihələri üçün imkanların müəyyən edilməsi daxildir.

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə üçtərəfli memorandum çərçivəsində bioyanacaq istehsalı zəncirində əməkdaşlıq imkanları araşdırılacaq, Azərbaycanda və Qafqaz regionunda deqradasiyaya uğramış torpaqlarda enerji bitkilərinin inkişafı layihələri, taxılla əkin dövriyyəsində ikinci əkinlərin tətbiqi və s. qiymətləndiriləcək.

Göründüyü kimi, Bakı və Roma kifayət qədər maraqlı və perspektivli istiqamətlər vasitəsilə ikitərəfli əməkdaşlıq tarixində yeni səhifə açır.

Xüsusilə bioyanacaq üzərində dayanmaq istərdim. Məhsul yenidir, bu istiqamətdə tədqiqatlar davam edir, çünki bioyanacağın tam ekoloji cəhətdən təmizliyi onun yüksək qiyməti ilə yanaşı, suallar doğurur. Lakin bu, gələcək üçün yaxşı təməldir, çünki bu bazarın yaxşı perspektivləri var. Bu gün qlobal bioyanacaq bazarı gündə 1,89 milyon barel neft ekvivalentində qiymətləndirilir. Bu göstəricinin 2029-cu ilə qədər 2,44 milyon barelə çatacağı gözlənilir. Proqnoz dövründə (2024-2029) orta illik artım tempi isə 5,20% olacaq.

Beləliklə, əgər biz birgə səylərlə ekoloji cəhətdən təmiz yanacaq istehsalına nail ola bilsək, bu, yerli neft emalı tarixində inqilab olacaq. Bu, Azərbaycana istixana qazlarının tullantılarının əhəmiyyətli dərəcədə azaldılması və dekarbonizasiya kimi məqsədinə nail olmağa imkan verəcək.

 

Qeyri-standart həllər

Azərbaycan lideri Beynəlxalq Çernobbio Forumunda çıxışında bildirib ki, Azərbaycan COP29-a ciddi hazırlıq görür və qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır.

“Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə, qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”, - İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidentinin çıxışından aydın olub ki, körpülərin qurulması təkcə iqlim gündəmindəki məsələlərin deyil, həm də beynəlxalq münaqişələrin və təbii qaz sahəsi ilə bağlı fikir ayrılıqlarının həlli deməkdir.

Belə ki, moderatorun Azərbaycanın Rusiya ilə Ukrayna arasında münaqişədən çıxış yollarının müzakirəsində iştirakının hipotetik mümkünlüyü ilə bağlı sualına Azərbaycan dövlət başçısı müsbət cavab verib.

“Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq”, - İlham Əliyev əlavə edib.

Bundan başqa, Azərbaycan lideri bir daha təsdiqləyib ki, hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.

“Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır”.

Bununla yanaşı, Bakı gözləyir ki, göstərilən səylər nəticəsiz qalmayacaq və gözlənilən nəticəni verəcək.

“Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə, biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik”, - deyə İlham Əliyev bildirib.

Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilənin başa çatmasına cəmi bir neçə ay qalıb. Odur ki, soyuq ayların ölkələrin bununla bağlı fikirlərinə təsir etməməsi üçün indidən razılığa gəlmək lazımdır.  

Hazırda Azərbaycandan artıq 10 ölkə təbii qaz alır, onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu il Azərbaycan qazının alıcılar klubuna Serbiya, Macarıstan, Sloveniya və Xorvatiya daxil olub. Azərbaycan Prezidenti eyham vurub ki, bu, son hədd deyil və Bakı hazırda azı daha üç Avropa ölkəsi ilə qaz tədarükü ilə bağlı danışıqlar prosesindədir. Bu o deməkdir ki, bizi tezliklə yeni sazişlər gözləyir. Qışın başlamasına az qalıb və çətin ki, “masa”nın o biri tərəfində olanlar müqavilələrin bağlanmasını qış gələnə qədər təxirə salmaq istəsinlər.



MƏSLƏHƏT GÖR:

52