24 Dekabr 2024

Çərşənbə axşamı, 09:02

BİTMƏYƏN MÜHARİBƏ

İsraillə HƏMAS sülh razılaşmasını pozur?

Müəllif:

15.09.2024

İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında müharibə davam edir. Qəzza sektorunda hərbi əməliyyatların başlamasından keçən 11 ayda savaş daha amansız xarakter alıb. Tərəflərin mövqeyinin bir-birinə tam zidd olduğu şəraitdə əsasən maraqlı xarici güclərdən gələn bütün sülh təşəbbüsləri nəticəsiz qalır.

 

Girovların qətli

İsrail sentyabrın 1-də hərbçilərin Rəfah rayonundakı yeraltı tuneldən HƏMAS-ın əlinə keçmiş 6 girovun cəsədini tapdıqlarını bəyan edib. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat katibi kontr-admiral Daniel Xaqari bildirib ki, ilkin qiymətləndirmələr onların «HƏMAS terrorçuları tərəfindən qəddarlıqla qətlə yetirildiklərini» göstərir. Xaqarinin sözlərinə görə, girovlar israilli hərbçilərin onların olduğu yerə yetişməsinə az qalmış öldürülüblər.

İsrail Prezidenti İshak Hersoq qətlə yetirilmiş girovların ailələrindən «onları sağ-salamat evlərinə qaytara bilmədikləri üçün» üzr istəyib.

Girovlarla bağlı növbəti faciəvi fakt Fələstin-İsrail münaqişəsi tərəfləri arasında düşmənçiliyin nə qədər dərin olduğunu bir daha ortaya qoyub. Bu gün bu düşmənçilik tarixinin ən qanlı səhifələrindən birini yaşayır.

HƏMAS-ın İsrailin cənubuna 2023-cü il oktyabrın 7-də etdiyi və təxminən 1200 nəfərin ölümü, daha 251 israillinin girov götürülməsilə nəticələnmiş hücumundan sonra SAXAL Qəzza sektorunda miqyaslı hərbi əməliyyata başlayıb. O, artıq demək olar ki, bir ildir davam edir. Bu dövrdə 40 mindən artıq fələstinli dünyasını dəyişib, 95 minədək insan isə yaralanıb. Bununla yanaşı, qətlə yetirilən və yaralanan şəxslərin əhəmiyyətli bir hissəsini dinc sakinlər təşkil edir. Qəzza sektorunun 2,3 milyon nəfərlik əhalisi demək olar ki, tam şəkildə oradan köçüb. Hazırda xarabalığa çevrilmiş sektorda görünməmiş humanitar böhran, yaşanır, aclıq hökm sürür, müxtəlif xəstəliklər yayılır.

İsrail HƏMAS-ın hərbi potensialına və infrastrukturuna ciddi zərbə vurub. Lakin görünən odur ki, yəhudi dövləti Fələstinin bu radikal qruplaşmasını tam məhv etmək hədəfinə nail ola bilmir. Müharibə hər gün dinc sakinlər arasında yeni qurbanlara səbəb olur, bu səbəbdən də Qəzzada atəşkəsə nail olunmasının vacibliyinə heç bir şübhə yoxdur.

Belə bir vəziyyətdə tərəflər arasında ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aylardır davam edən danışıqlar ciddi nəticə vermir. İsrail ilə HƏMAS atəşin dayandırılması və girovların azad olunması məsələsində də razılığa gələ bilmirlər.

Danışıqlarda razılaşmanın əldə edilməsinə mane olan məqamlardan biri İsrailin Qəzza ilə Misir arasındakı sərhəd zolağında yerləşən və strateji əhəmiyyətə malik «Filadelfiya dəhlizi»nə öz qoşunlarını yerləşdirmək istəyidir. Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu hesab edir ki, «müharibədə qarşıya qoyulmuş məqsədə çatılması «Filadelfiya dəhlizi»ndən keçir». Onun fikrincə, bu dəhlizə nəzarət girovların Qəzzadan çıxarılmasının və HƏMAS-ın silahlanmasının qarşısını alacaq.

Amma tərəflər arasında əsas fikir ayrılığı girovlarla bağlıdır. Məsələn, İsrail türmələrində saxlanılan konkret fələstinlilər var ki, HƏMAS yəhudi girovların azadlığı qarşılığında onların sərbəst buraxılmalarını tələb edir. Qəzza sektorunda atəşkəsə nail olunması da bu məsələnin həllindən keçir. Lakin altı israilli girovun cəsədinin tapılması haqda xəbər danışıqları tam iflas həddinə gətirib. İndi çox şey ABŞ Prezidenti Co Bayden administrasiyasının əzmindən asılı olacaq. Birləşmiş Ştatlarda davam edən seçki kampaniyasının qızğın dövründə yalnız daxili deyil, həm də xarici siyasi dividendlər qazanmaq istəyən Bayden administrasiyası İsrail və HƏMAS-a onları atəşkəs razılaşmasına yaxınlaşdıracaq təzyiqlər göstərmək əzmində olduğunu nümayiş etdirir.

 

Getdikcə sərtləşən mövqelər

Aydındır ki, İsrailin strateji müttəfiqi olan, ona maksimum hərbi dəstək göstərən Birləşmiş Ştatlar Netanyahu hökumətindən müəyyən kompromislər də tələb edir. Çünki bu olmadan, HƏMAS ilə hər hansı razılaşma mümkün deyil. Məsələn, qruplaşma bildirir ki, İsrail dəhlizlər də daxil olmaqla, Qəzzanı tam tərk etməzsə, onunla hər hansı razılaşma imzalanmayacaq. Belə bir vəziyyətdə Ağ Evin mövqeyi ondan ibarətdir ki, atəşkəs razılaşması SAXAL-ın Qəzza sektoru ilə Misirin sərhədindən çəkilməsini nəzərdə tutmalıdır. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Prezident Baydenin irəli sürdüyü və BMT TŞ-nin 2735 saylı qətnaməsi ilə təsdiqlənən atəşkəs prinsipləri «bizim üzərində çalışdığımız, aralıq təklifləri də özündə birləşdirən razılaşmadır». Kirbinin sözlərinə görə, sənəd İsrail ordusunun «Filadelfiya dəhlizi» boyu və ətrafı da daxil olmaqla, əhalinin sıx yaşadığı bütün rayonlardan çıxarılmasını nəzərdə tutur».

Kirbi bu bəyanatı Netanyahunun İsrailin Fələstin-Misir sərhədini heç zaman tərk etməyəcəyinə dair bəyanatından bir gün sonra verib. Bu məsələdə ABŞ ilə İsrail arasında müəyyən fikir ayrılıqlarının olduğunu Amerika Prezidentinin Netanyahu ilə bağlı suala cavabı da təsdiqləyir. Ağ Ev sahibi yəhudi dövlətinin baş nazirinin sülh razılaşmasına nail olunması üçün kifayət qədər iş görüb-görmədiyinə dair suala mənfi cavab verib. Baydenin bu fikrinə münasibət bildirən Netanyahu isə Vaşinqtonu «İsrailə deyil, HƏMAS-a təzyiq göstərməyə» çağırıb. Bununla yanaşı, baş nazir mövqeyini bir daha təsdiqləyərək deyib ki, «Qəzza sektorunda müharibə HƏMAS-ın bu ərazilərdən qovulmasından sonra başa çatacaq».

Fələstin-İsrail razılaşmasına nail olunması üçün səylərini davam etdirən Vaşinqton eyni zamanda, «HƏMAS və İsrailin danışıqlarda mövqelərini getdikcə sərtləşdirmələrindən» əsəbləşdiyini də gizlətmir. Amerika tərəfləri «çətin seçim etməyə, ağır kompromislərə getməyə» səsləyir. Hər halda, Netanyahu üçün problemlər yalnız xarici cəbhədə artmır.

 

Netanyahu əleyhinə etirazlar

Altı israilli girovun cəsədinin tapılmasından sonra ölkəni etiraz aksiyaları bürüyüb. Nümayişçilər fələstinlilərlə dərhal barışığa gedilməsini, hələ də HƏMAS-ın əlində qalan girovların azad olunmasını tələb edirlər. Yarım milyonadək insanın qatıldığı aksiyaların təşkilatçısı Girov Ailələri Forumudur. Bununla yanaşı, İsrailin Həmkarlar İttifaqları Federasiyası – «Qistadrut Klalit» də tətil elan edib. Etirazçılar baş nazir Netanyahunu «girovların taleyin ümidinə buraxılmasına görə məsuliyyəti öz üzərinə götürməsini» tələb edirlər.

Belə bir vəziyyətdə İsrail hökumətinin daxilində də ciddi bölünmə var. Baş nazirin siyasətilə razılaşmayanlardan biri müdafiə naziri Yoav Qalant hesab edir ki, «Netanyahunun HƏMAS üzərində tam qələbə qazanılması hədəfi cəfəngiyyatdır». Nazir etiraf edib ki, «girovların azad olunması ilə bağlı danışıqların «dalana dirənməsi»nin səbəbi əsasən İsraillə bağlıdır». İsrailin atəşkəs razılaşması ilə müharibənin daha da qızışması arasında hansı seçimi etməli olduğuna gəlincə, müdafiə naziri deyib: «Mən və bütünlükdə müdafiə idarəsi birinci variantı dəstəkləyirik». Bundan başqa, Qalant İsrail qoşunlarının «Filadelfiya dəhlizi»ndə qalmasının da əleyhinədir.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan tərəfindən Netanyahu ilə birlikdə hərbi və bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunan Qalantın bəyanatı heç də onun «sülh göyərçini» olduğu anlamına gəlmir. Onun baş nazirlə mübahisəsi sadəcə, İsraili bürümün parçalanmanın göstəricisidir. İndi yəhudi dövlətində HƏMAS-ın barışmaz düşmənləri belə, Qəzzada müharibəyə tezliklə son qoyulmalı olduğu qənaətindədir.

Amma Netanyahu mövqeyində israrlıdır. Qalantı «anti-İsrail ritorikasından istifadədə» günahlandıran hökumət başçısı hesab edir ki, bu ritorika «razılaşma şansına zərbə vurur». Netanyahu bir daha deyib ki, İsrail üçün müharibənin əsas məqsədi «tam qələbə», HƏMAS-ın tam məhvi və sağ qalan girovların azad olunmasıdır. Baş nazirin ofisinin rəhbəri isə deyib ki, «bu, baş nazir Netanyahu ilə təhlükəsizlik kabinetinin konkret göstərişidir və bu, Qalanta da aiddir».

Yaxın Şərq münaqişəsində son günlər regionu və dünyanı şoka salan yalnız girovların cəsədlərinin tapılması deyil. SAXAL-ın Qəzza sektoruna yeni zərbələri və nəticədə, onlarla dinc sakinin həlak olması da bu qəbildəndir. Bütün bunlar İsraillə Fələstin arasında sülhə nail olunması şansını daha da azaldır. Nəzərə almaq lazımdır ki, yəhudi dövləti ilə Livan və İran arasında da qarşıdurma qızışır və demək, bütünlükdə Yaxın Şərq miqyaslı geosiyasi partlayışın bir addımlığındadır.



MƏSLƏHƏT GÖR:

70