21 Noyabr 2024

Cümə axşamı, 17:00

“YAŞIL VERGİ”LƏR

Azərbaycan karbon qiymətləndirməsində yeni çağırışlara hazır olduğunu bəyan edib

Müəllif:

01.10.2024

Qlobal iqlim böhranının güclənməsi şəraitində dünya karbon emissiyalarını azaltmağın yeni yollarını axtarır. Bu alətlərdən biri iqtisadiyyatı “yaşıl texnologiyalar”a və davamlı inkişafa keçid üçün səfərbər edə bilən karbon qiymətləndirməsidir. Beynəlxalq iqlim təşəbbüslərində fəal iştirak edən Azərbaycan qlobal aşağı karbonlu iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqinə hazır olduğunu nümayiş etdirib. Karbon vergisinin, kvota ilə ticarət sisteminin və iqlim dəyişikliyi ilə mübarizə üçün digər strategiyaların tətbiqi perspektivləri Bakıda keçirilən beynəlxalq forumda müzakirə edilib.

 

Dünya trendləri

Təcrübədə karbon qiymətləndirməsinin iki əsas mexanizmi istifadə olunur: karbon vergisi və kvota ilə ticarət sistemi.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Alix Perinon De Troy qeyd edib ki, “yaşıl iqtisadiyyat” yaratmaq və daha təhlükəsiz və sağlam dünyada yaşamaq üçün belə mexanizmləri inkişaf etdirmək lazımdır. Lakin Asiya İnkişaf Bankının (ADB) nümayəndəsi Sandip Bhattaçarya vurğulayıb ki, bu mənada təkcə karbon qiymətləndirməsi kifayət deyil. Onun sözlərinə görə, bu istiqamətdə beynəlxalq təşkilatların və dövlətlərin strateji dəstəyi daxil olmaqla kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur: “Karbon qiymətləndirməsinin effektivliyinə baxmayaraq, digər strateji alətlər də lazımdır... İqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən ölkələr xüsusi dəstəyə ehtiyac duyur”.

Dünyada artıq istifadə olunan konkret mexanizmlərə gəldikdə, Avropa İttifaqında (Aİ) tətbiq olunan Emissiya Ticarəti Sistemini (ETS) nümunə göstərmək olar. Bu, dünyanın ən böyük və qədim sistemlərindən biridir. O, geniş sənaye sahələrini əhatə edir və şirkətlərə emissiya üzrə kvotaları almaq və satmaq imkanı verir. Aİ-də həmçinin “karbon sızması”nın qarşısını almaq, Avropa və xarici istehsalçılar üçün bərabər şərait yaratmaq məqsədi daşıyan Karbon Sərhədinin Tənzimlənməsi Mexanizmi (CBAM) istifadə olunur. ABŞ-nin bəzi regionlarında kvota ilə ticarət sistemləri və ya karbon vergiləri tətbiq olunur. Çin də öz növbəsində enerji sektorunu əhatə edən dünyanın ən böyük kvota ilə ticarət sistemlərindən birini işə salıb. Bu ölkənin bəzi bölgələrində müxtəlif karbon qiymətləndirmə mexanizmləri ilə sınaqlara da başlanılıb.

Digər nümunələr arasında Kanada, Avstraliya, Meksika da var ki, onlar da qalıq yanacaqlar nəticəsində yaranan emissiyalara maliyyə nəzarətinin yeni alətlərini tətbiq etməyə başlayıblar.

 

Maliyyə mexanizmləri

Azərbaycan üçün karbon qiymətləndirməsi təkcə ekoloji-iqtisadi alət deyil, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal təşəbbüslərə inteqrasiya imkanıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli qeyd edib ki, hazırda Azərbaycanda “karbon vergisi”nin tətbiqi imkanları qiymətləndirilir: “Biz beynəlxalq təcrübədə geniş tətbiq olunan karbon emissiyalarını azaltmaq məqsədilə “karbon vergisi” və ya oxşar verginin tətbiqi imkanlarını qiymətləndiririk”.

O, bu prosesdə beynəlxalq təcrübə və əməkdaşlığın vacibliyini qeyd edib ki, bu da emissiyaların ölçülməsi sistemini səmərəli şəkildə inkişaf etdirməyə və ən yaxşı dünya təcrübələrini uyğunlaşdırmağa imkan verəcək. Hazırda dünyadakı karbon dioksid emissiyalarının 0,13%-i Azərbaycanın payına düşür. O, qarşısına 2040-cı ilə qədər emissiyaları 40% azaltmaq kimi iddialı hədəf qoyub. Bu, təkcə vergi siyasətini deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafını əhatə edən strateji yanaşma tələb edir.

“Hədəflərimizi nəzərə alaraq, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir”, - O.Nəzərli vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, ölkədə dekarbonizasiya və alternativ enerjiyə keçid prosesi vergi siyasəti daxil olmaqla bütün vasitələrlə dəstəklənəcək. O əlavə edib ki, karbon qiymətləndirməsi çərçivəsində karbon vergisindən əldə edilən vəsaitlərin kiçik və orta biznesin inkişafına yenidən investisiya edilməsi xüsusi rol oynayır. Beləliklə, vergi siyasəti təkcə ətraf mühitin qorunması üçün deyil, həm də “yaşıl texnologiya”lar sahəsində iqtisadi artımın stimullaşdırılması üçün alətə çevrilir.

Azərbaycan, həmçinin iqlim maliyyələşdirməsi üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Bunlardan biri noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması olacaq. M.Cabbarov hesab edir ki, iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu Fond mühüm rol oynaya bilər.
Artıq bu gün sahibkarların “yaşıl layihələr”i güzəştli kreditlər, qrantlar, vergi güzəştləri verən startap sertifikatları ilə dəstəklənir.

 

Potensial iqtisadi effektlər

İqtisadiyyatını şaxələndirməyə və karbohidrogen resurslardan asılılığını azaltmağa çalışan Azərbaycan karbon qiymətlərinin tətbiqi imkanlarını fəal şəkildə araşdırır. Amma bunu müvəffəqiyyətlə həyata keçirmək üçün milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaq və mənfi sosial-iqtisadi nəticələrin yumşaldılmasına yönəlmiş tədbirlər kompleksini hazırlamaq lazımdır.

İlk növbədə, karbon vergisinin tətbiqi üçün istixana qazlarının emissiyalarının monitorinqi üçün şəffaf və effektiv sistem yaratmaq lazımdır. Belə bir fiskal tədbirin tətbiqinin enerji resurslarının və malların bahalaşmasına gətirib çıxara biləcəyini nəzərə alsaq, bunun əhalinin aztəminatlı təbəqələrinə mənfi təsir göstərə biləcəyini söyləyə bilərik. Odur ki, belə nəticələrin aradan qaldırılması üçün sosial dəstək mexanizmlərinin hazırlanması zəruridir.

Aşağı karbonlu texnologiyalara keçid zamanı çətinliklərlə üzləşə biləcək müəssisələr, xüsusilə kiçik və orta biznes üçün dəstək tədbirləri hazırlanmalıdır.

Digər tərəfdən emissiyaların artan xərcləri müəssisələri daha “təmiz texnologiya”lara keçməyə və enerji istehlakını azaltmaq yollarını axtarmağa təşviq edəcək. Üstəlik, Azərbaycan aşağı “karbon izi” olan məhsullar istehsal etməklə qlobal bazarda rəqabət üstünlüyü əldə edə bilər. Digər mühüm üstünlük ondan ibarətdir ki, “yaşıl sənaye” sahələrinin inkişafı yeni iş yerlərinin açılmasına səbəb ola bilər. Büdcəyə daxil olan əlavə gəlirlər isə ekoloji layihələrin maliyyələşdirilməsinə, kiçik və orta biznesin və digər sosial əhəmiyyətli proqramların maliyyələşdirilməsinə yönəldilə bilər.

Dövlət isə ölkənin davamlı iqtisadi inkişafına və iqlim yönümlü “yaşıl iqtisadiyyat”a keçidi təşviq etmək üçün tənzimləmə üsullarından istifadə etməyə hazırdır. Dövlət Vergi Xidməti rəisinin vurğuladığı kimi, bu, həm də bərpa olunan enerji mənbələrindən və ya “yaşıl texnologiya”lardan istifadənin təşviqi ilə mümkündür. “Ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Elektrik və hibrid avtomobillərə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına, habelə əhali qrupuna daxil olan aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin müəyyən hədd daxilində elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan təşviqləri nümunə göstərmək olar. Yaşıl enerjinin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsi gündəmimizin prioritetidir”, - O.Nəzərli əlavə edib.

Bəs karbon vergisinin tətbiqi ölkənin iqtisadi strukturunda hansı dəyişikliklərə səbəb ola bilər? Bu alətin enerji sektoruna təsirindən başlayaq.

Neft və qaz sənayesi ən çox təzyiq altında olacaq, çünki istixana qazı emissiyalarının əksəriyyəti bu sənayenin payına düşür. Şirkətlər karbon tutma və saxlama texnologiyalarını tətbiq etmək, daha “təmiz yanacağa” keçmək və ya bərpa olunan enerji mənbələrinə sərmayə qoymaq kimi emissiyaları azaltmaq yollarını axtarmağa məcbur olacaq.

Kömür və ya qazla işləyən ənənəvi istilik elektrik stansiyaları artan xərclərlə üzləşəcək. Lakin bu, bərpa olunan enerji mənbələrinin - günəş və külək enerjisinin inkişafına təkan verə bilər.

Polad və alüminium sənayeləri ən çox enerji və karbon tutumlu sahələrdir. Buna görə də karbon vergisinin tətbiqi bu sənaye sahələrinin məhsullarının bahalaşmasına gətirib çıxara bilər. Bu da onların qlobal bazarda rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Bir çox kimyəvi maddələrin istehsalı yüksək istixana qazı emissiyalarını ehtiva etdiyi üçün şirkətlər daha təmiz texnologiyalar axtarmağa və ya istehsal proseslərinə yenidən baxmağa məcbur olacaqlar.

Tikinti sənayesinə gəlincə, əsas tikinti materiallarından biri olan sementin istifadəsi əhəmiyyətli dərəcədə CO2 emissiyaları ilə əlaqələndirilir. Karbon vergisinin tətbiqi alternativ materialların və tikinti texnologiyalarının axtarışına təkan verə bilər.

Nəqliyyat sektorunda benzin və dizellə işləyən avtomobillərin sahibləri artan yanacaq xərcləri ilə üzləşəcəklər. Bu, elektrik nəqliyyat vasitələrinə və ekoloji cəhətdən” təmiz nəqliyyat”ın digər növlərinə keçidə təkan verə bilər. Aviasiya və gəmiçilik də istixana qazı emissiyalarının əhəmiyyətli mənbələridir. Karbon vergisinin tətbiqi hava nəqliyyatı və daşınma xərclərini artıracaq.

Kənd təsərrüfatında isə kənd təsərrüfatı heyvanlarından metan emissiyaları ümumi istixana qazı emissiyalarının əhəmiyyətli hissəsini təşkil edir. Karbon vergisinin tətbiqi fermerləri daha ekoloji cəhətdən “təmiz heyvandarlıq təcrübələri”ni mənimsəməyə məcbur edə bilər.

Mineral gübrələrin istehsalı və istifadəsi də istixana qazları ilə bağlıdır. Fermerlər torpağın münbitliyini artırmaq üçün alternativ yollar axtarmağa vadar olacaqlar.

Bütün bunlar onu deməyə əsas verir ki, aşağı karbonlu iqtisadiyyata keçid üçün əhəmiyyətli investisiyalar və mövcud istehsal proseslərinin uyğunlaşdırılması tələb olunacaq. Yəni sahibkarlara yeni şəraitə öyrəşmək üçün vaxt vermək üçün verginin mərhələli şəkildə tətbiqi lazımdır.

“Bu strategiyanın uğurla həyata keçirilməsi üçün əlverişli iqtisadi mühitin yaradılması və onun ekoloji baxımdan qiymətləndirilməsi vacibdir. İlk növbədə, müxtəlif sektorlar üzrə emissiyaların həcmini və onların mənbələrini müəyyən etməliyik. Bunun üçün hərtərəfli qiymətləndirmə, optimal ssenarinin seçilməsi və dayanıqlı inkişafa nail olmaq yolunda aydın məqsədlərin müəyyən edilməsi tələb olunur”, - İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov vurğulayıb.

Bir sözlə, Azərbaycan aşağı karbonlu iqtisadiyyata keçid və qlobal iqlim təşəbbüslərinə inteqrasiya ilə bağlı mühüm dəyişikliklərin astanasındadır. Karbon qiymətlərinin tətbiqi və bərpa olunan enerji mənbələrinin inkişafı davamlı inkişaf məqsədlərinə nail olmaq və ölkənin beynəlxalq aləmdə mövqelərini gücləndirmək üçün əsas alətlər olacaq.



MƏSLƏHƏT GÖR:

57