14 Noyabr 2024

Cümə axşamı, 18:36

«SÜRPRİZ» DOLU YARIŞ

ABŞ prezidentliyinə namizədlərin qələbə şansları praktik olaraq, eynidir

Müəllif:

01.10.2024

ABŞ-də prezidentlik uğrunda yarış həlledici mərhələyə qədəm qoyur. Dövlət başçısı seçkisinə bir aydan bir qədər çox vaxt qalır və onun necə nəticələnəcəyini təxmin etmək, demək olar ki, mümkün deyil. Elektorat faktiki olaraq, parçalanmış vəziyyətdədir, tərəflərin bir-birinə qarşı ən sərt ittihamlar səsləndirməsi, ard-arda baş verən xoşagəlməz insidentlər isə daxili siyasi mübarizədə ehtirasların nə qədər coşduğunu göstərir. Son ayların ən xoşagəlməz insidentlərindən biri, təbii ki, namizədlərdən birinə – eks-prezident Donald Trampa ikinci dəfə sui-qəsdin edilməsidir.

 

Debatlar və sorğular

Birləşmiş Ştatların hazırkı prezidenti Co Baydenin seçkidən çəkilməsindən, Demokratlar Partiyasının namizədi kimi onu vitse-prezident Kamala Harrisin əvəzləməsindən sonra yaranmış tendensiya yalnız sentyabrın 10-da Filadelfiyada təşkil olunmuş debatdan sonra möhkəmlənib. İndi sosioloji sorğuların əksəriyyəti Harrisin Respublikaçılar Partiyasının namizədi Trampı cüzi üstələdiyini göstərir. Məsələn, «NBC News» telekanalının keçirdiyi sorğunun nəticələrinə görə vitse-prezident rəqibindən 5 bənd üstündür. Hazırda onu 49, Trampı isə 44% seçici dəstəkləyir. CNN telekanalının sifarişi ilə keçirilmiş sorğu isə Xarris dəstəkləyənlərin 48, Trampı dəstəkləyənlərin isə 47% olduğunu göstərir.

Əlbəttə ki, bu nəticələrdə müəyyən xəta dərəcəsi də var, lakin istənilən halda, yaranmış mənzərə demokratların uğuru sayıla bilər. Belə ki, cəmi bir neçə ay əvvəl onların namizədi Bayden rəqibindən əhəmiyyətli dərəcədə geri qalırdı. Xarris vəziyyəti dəyişə bilib və hazırda onun Trampı cüzi də olsa üstələməsi demokratların uğura ciddi şəkildə ümid etməsinə imkan verir.

Amma Tramp seçkidə qalib gələcəyinə əmindir. Maraqlıdır ki, o, Harris ilə ikinci debata çıxmaqdan imtinasını yalnız «artıq çox gec olması» ilə deyil (belə ki, Pensilvaniya da daxil olmaqla, bir sıra ştatlarda səsvermə vaxtından əvvəl başlayıb), həm də «onunla yenidən mübahisəyə ehtiyac duymaması» ilə əsaslandırıb. Tramp «ilk debatlarda qalib gəldiyini» deyərək, bunun kifayət olduğunu bildirib. Amma eks-prezident bu zaman özünün ilk debatlarda qalib gəldiyini göstərən sorğuların nəticələrinə istinad edib.

Yeri gəlmişkən, indiyədək dəfələrlə sübut olunub ki, ABŞ-də keçirilən ümumxalq sorğuları heç də hər zaman son nəticə ilə üst-üstə düşmür. İlk növbədə, Amerikanın seçki sisteminin özəlliyi özü hər hansı «dəqiqlik»dən danışmağa imkan vermir. Bu sistemin vacib elementi ştatları təmsil edən seçicilər kollegiyasıdır (onlar 538 nəfərdirlər). Adətən, nəticələrə həlledici təsiri «tərəddüddə olan» ştatlar göstərir. Həmin ştatlarda seçimin istənilən an dəyişə bildiyi məlumdur. Hazırda 7 belə ştat var – Pensilvaniya, Şimali Karolina, Corciya, Miçiqan, Viksonsin, Arizona və Nevada. Bu Ştatlarda, ümumiyyətlə, ümumxalq səviyyəsində namizədlərin göstəriciləri bir-birinə o qədər yaxındır ki, qalibin kim olacağını təxmin etmək praktik olaraq, mümkünsüzdür.

Bununla yanaşı, Harris-Tramp qarşıdurmasının tematik aspekti də maraqlıdır. Trampın əsas mövzuları iqtisadiyyat, immiqrasiya və beynəlxalq siyasətdirsə, Harris diqqəti, ilk növbədə, demokratiyanın müdafiəsi, xalqın birliyi, abort hüququ kimi məsələlərə çəkir. Namizədlərin önə çəkdikləri «problem»lər isə əlbəttə ki, onların elektoral dəstəyinə də təsirini göstərir. Belə ki, Trampı daha çox iqtisadi vəziyyətdən narazı olan vətəndaşlar dəstəkləyirlər.

 

Qəzza və Ukrayna

ABŞ prezidentliyinə namizədlərin beynəlxalq problemlərə münasibəti haqda ayrıca danışmaq lazımdır. Məsələn, Yaxın Şərq münaqişəsinə. Hər iki namizəd rəqibinin bu problemi həll etmək gücündə olmadığını deyir. Amma onların heç biri ortaya konkret həll planı qoymur, Qəzzada savaşın hansı yolla dayandırıla biləcəyini söyləmir.

Namizədlərin Rusiya-Ukrayna müharibəsilə bağlı mübahisəsi daha böyük ajiotaj yaradır. Donald Tramp hər dəfə bildirir ki, o, Ağ Evə rəhbərliyini davam etdirsəydi, «Rusiya heç zaman Ukraynaya hücum etməzdi». Sabiq dövlət başçısı bu münaqişəyə sadəcə, Rusiya və Ukrayna liderlərinə zəng etməklə, 24 saat ərzində dayandıra biləcəyini deyir. Bununla yanaşı, Tramp Ukraynaya hərbi yardımların dayandırılmalı olduğunu düşünür və bildirir ki, seçkidə qalib gələcəyi təqdirdə ABŞ-ni bu münaqişədən çıxaracaq. Sabiq prezident hazırkı administrasiyanı, Prezident Baydeni və vitse-prezident Harrisi Amerikanı bu müharibəyə sürükləməkdə günahlandırır: «İndi onlar bizi bu savaşdan çıxarmaq iqtidarında deyillər».

Harris və onun seçki qərargahı isə hesab edir ki, «Amerika Ukraynanı tərk edərsə, Putin gedib Kiyevdə əyləşəcək, oradan artıq Avropanın qalan hissəsinə, o cümlədən NATO-dakı müttəfiqlərimizə tərəf boylanmağa başlayacaq».

Demokratlar administrasiyasının Rusiya-Ukrayna müharibəsilə bağlı mövqeyini bu günlərdə Bayden növbəti dəfə dilə gətirib. BMT Baş Assambleyasına müraciət edən Ağ Evin sahibi üzv dövlətləri «sakit şəkildə kənarda dayanmamağa», «Ukraynanın azadlığını qorumaq üçün Kiyevə dəstək olmağa» çağırıb.

İki namizəd arasında Kiyevə hərbi yardımların göstərilməsi, Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsində iştirakı məsələsindəki fikir ayrılıqları fonunda Ukrayna mövzusu daha bir ciddi hadisə ilə önə çıxıb. Söhbət Donald Trampa edilmiş növbəti sui-qəsddən gedir.

 

Sui-qəsd və «oktyabr sürprizi»

İnsident sentyabrın 15-də, Tramp Uest-Palm-Biçdə (Florida ştatı) qolf-klubu tərk edən zaman baş verib. Məxfi Xidmətdən olan mühafizəçi kolluqdan qolf-kluba tərəf tuşlanmış silah lüləsi görüb və dərhal həmin istiqamətdə atəş açıb. Cinayətkar qaçmağa macal tapsa da, qısa müddət sonra onun maşını qonşu dairədə polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs 58 yaşlı Havay sakini Rayan Uesli Rautdur. Ona qarşı ABŞ prezidentliyinə namizədə sui-qəsd cəhdi ilə bağlı cinayət işi açılıb. İndi 58 yaşlı kişini ömürlük həbs cəzası gözləyir.

Məlum olub ki, Raut sosial şəbəkələrdə kifayət qədər fəal imiş və o, daha çox Ukrayna müharibəsindən yazırmış. Raut Rusiya ilə savaşa əcnəbi könüllüləri cəlb etməyə belə, çalışırmış. Rayan Uesli Rautun Kiyevə səfər etməsi, Ukraynaya dəstək məqsədilə pul yığması onun nə qədər ukraynapərəst olduğunu göstərir.

Bütün bunlar, yəqin ki, Məxfi Xidmət əməkdaşının sayıqlığı nəticəsində baş tutmayan sui-qəsd cəhdinin motivini ortaya qoyur. Tramp bu şəxsin qəzəbinə, yəqin ki, Amerikanın Ukraynaya hərbi dəstəyinə ehtiyac duymadığı üçün gəlib.

Ağ Evin insidentə reaksiyası Trampın üzləşdiyi ilk sui-qəsd vaxtı verilmiş reaksiyanın analoqu olub. Xatırladaq ki, bu hadisədən iki ay əvvəl Trampa 20 yaşlı Tomas Metyu Kruks da sui-qəsd etmişdi. Bu, Pensilvaniyadakı mitinq zamanı baş vermiş, o zaman Respublikaçılar Partiyasının prezidentliyə namizədi möcüzə sayəsində sağ qalmışdı: güllə Trampın qulağına dəymişdi. Cinayətkar isə mühafizəçi snayper tərəfindən yerindəcə zərərsizləşdirilmişdi.

Prezident Bayden Trampın üzləşdiyi ikinci sui-qəsd cəhdindən sonra bir daha bildirib ki, ABŞ-də «siyasi zorakılığa yer yoxdur». O, Məxfi Xidmətin eks-prezidentin təhlükəsizliyini təmin etməsi üçün bütün lazımi resurs və müdafiə vasitələrilə təmin olunacağını da deyib.

Bənzər bəyanatla vitse-prezident, prezident seçkisində Trampın rəqibi olan Kamala Harris də çıxış edib. «Faktları toplamaqla məşğul olduğumuz bir vaxtda açıq şəkildə bildirmək istəyirəm ki, mən siyasi zorakılığı pisləyirəm. Bu hadisənin yeni zorakılıq aktlarına yol açmaması üçün hər şeyi etməliyik».

Donald Tramp isə üzləşdiyi ilk sui-qəsddən sonra olduğu kimi, bu dəfə də bildirib ki, onu heç nə dayandırmayacaq və o, heç bir halda geri çəkilməyəcək. Bununla yanaşı, prezidentliyə namizəd baş vermiş insidentdən təbliğat vasitəsi kimi istifadə etmək şansını da qaçırmayıb: «Onların hədəfi mən deyiləm, sizsiniz. Mən sadəcə, sizə gələn yolu kəsirəm». Bununla, Tramp amerikalıları «milli maraqların davamlı müdafiəçisinə» səs verməyə çağırır, «Amerikanın düşmənləri»nin onu aradan götürməyə çalışdıqlarını deyir.

Baş verənlərin fonunda Trampın tərəfdarları maraqlı suallarla çıxış edirlər. Bu mənada, milyarder İlon Maskın «X» sosial şəbəkəsində yazdığı fikir böyük marağa səbəb olub. Mask yazır ki, Trampın növbəti sui-qəsdə məruz qaldığı bir vaxtda niyə Bayden və ya Harrisi heç kim öldürməyə çalışmır?

Beləliklə, Trampın üzləşdiyi sui-qəsd cəhdləri getdikcə daha da qızışan prezidentlik yarışının tərkib hissəsinə çevrilib. Amma bu məqamın seçkinin yekun nəticəsinə ciddi təsir göstərəcəyini, məsələn, Trampın populyarlığını əhəmiyyətli dərəcədə artıracağını gözləmək doğru olmazdı. Ekspertlər bildirirlər ki, seçkidə, güman ki, əsas həlledici məsələ Birləşmiş Ştatların seçki kampaniyaları üçün ənənəyə çevrilmiş «oktyabr sürprizi» olacaq. Söhbət noyabrda keçirilən seçkilərə adətən bir ay qalmış baş verən və seçicilərin qərarına təsir göstərən hadisələrdən gedir. Seçkinin nəticəsinə «oktyabr sürprizi»nin bu dəfə də təsir göstərib-göstərməyəcəyi yaxın həftələrdə bəlli olacaq. Bu, sürprizlərlə onsuz da zəngin olan bu ilkin yarışa əlavə intriqa qatacaq.



MƏSLƏHƏT GÖR:

41