14 Noyabr 2024

Cümə axşamı, 18:46

MƏRKƏZİ ASİYA HƏMLƏSİ

Almaniya kanslerinin Qazaxıstan və Özbəkistana səfərinin nəticələri haqda

Müəllif:

01.10.2024

Mərkəzi Asiya (MA) illərdir nəhəng beynəlxalq oyunçuların diqqət mərkəzindədir. Bunun səbəbi regioun müstəsna təbii zənginliyi, həmçinin beynəlxalq siyasətin «dalğalı sularında» sabitliyini qoruyub saxlamasıdır. Bu gün MA ölkələri ilə dostluğa çalışan güclər arasında Almaniya da var.

Almaniya kansleri Olaf Şoltsun regionun ən iri iki ölkəsi – Özbəkistan və Qazaxıstana sentyabrda etdiyi səfər Avrasiyanın düz göbəyində yerləşən bu bölgənin Berlin üçün nə qədər əhəmiyyətli olduğunu ortaya qoyub. Qeyd edək ki, kansler turnesi çərçivəsində MA-nın beş ölkəsi – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə birgə «S5+1» formatında sammitə də qatılıb.

 

MA uğrunda Paris-Berlin dueli

Xatırladaq ki, düz bir il əvvəl Berlində almanların təşəbbüsü ilə «Mərkəzi Asiya plyus Almaniya» formatında sammit keçirilmiş, toplantı çərçivəsində tərəflər arasında əməkdaşlıq prioritetləri müəyyənləşdirilmişdi. Berlinin MA ölkələri ilə əməkdaşlığa marağını stimullaşdıran daha bir amil bu bölgəyə ABŞ, Avropa İttifaqı və Fransa kimi nəhənglərin də diqqəti artırmasıdır. Onların hamısı regiona Rusiyaya qarşı sanksiyaların tətbiqi və Çin ilə iqtisadi-ticarət rəqabətinin artması fonunda, ilk növbədə, öz iqtisadiyyatları üçün vacib resurs bazası kimi baxır, buranı mövcudluqlarını gücləndirmələri üçün perspektivli meydança kimi görürlər.

Bu, xüsusilə iqtisadiyyatı Rusiya və Çindən əsas xammal, məsələn, nadir torpaq elementləri idxalından son dərəcə asılı olan Aİ üçün aktualdır. Belə şəraitdə MA Avropa İttifaqı üçün daha yaxın xammal mənbəyidir və Çinlə Rusiyanı məhz bu bölgə əhəmiyyətli dərəcədə əvəzləyə bilər. Əslində, bu, artıq qismən belədir. Belə ki, bu gün Aİ-nin uran xammalına olan tələbatının dörddə birindən çoxunu Qazaxıstan ödəyir. Onun əsas alıcısı Fransadır. Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makron da 2023-cü ilin noyabrında Qazaxıstan və Özbəkistana səfər etmişdir.

Doğrudur, bu məsələdə Fransa ilə Almaniyanın mövqeləri üst-üstə düşmür. Bu, ən azı ticarət dövriyyəsində belədir. 2023-cü ilin nəticələrinə görə Almaniyanın MA ölkələri ilə ümumi ticarət dövriyyəsinin həcmi 11 milyard dollar təşkil edib ki, bu da Fransanın analoji göstəricisindən iki dəfə artıqdır. Bənzərlik yalnız ondadır ki, hər iki ölkə üçün aparıcı iqtisadi tərəfdaş Qazaxıstandır. Hər iki ölkənin regionla ticarət dövriyyəsinin 80%-dən çoxu məhz Qazaxıstanın payına düşür.

Ümumiyyətlə, Avropanın bu iki aparıcı ölkəsi arasında MA beşliyinin Aİ-dəki əsas tərəfdaşı adı uğrunda bir yarış, hətta müəyyən rəqabət var. Hələlik bu yarışda Berlin lider görünür. Yalnız ona görə yox ki, onun bölgə ilə ticarət dövriyyəsinin həcmi Fransanın ticarət dövriyyəsini iki dəfə üstələyir. Həm də ona görə ki, Parisdən fərqli olaraq, Berlin artıq MA ölkələri ilə münasibətlərinin formatını institusionallaşdırıb və iki sammit keçirməyə belə, macal tapıb. Fransa prezidenti Emmanuel Makron isə münasibətləri daha çox bölgənin ən nəhəng iki dövləti ilə inkişaf etdirməyə çalışır.

Amma hər şey nisbidir. Hər halda, Almaniya kanslerinin Qazaxıstan torpağına son dəfə ayaq basmasından düz 14 il keçir. 2010-cu ildə «frau kansler» Angela Merkel Astanaya iki səfər etmişdi: biri rəsmi, digəri işgüzar. Özbəkistana səfər etmiş son Almaniya kansleri isə Herhard Şröder olub (2002-ci ildə).

Avropanın hazırkı liderlərindən Şoltsadək regiona Emmanuel Makron, Mark Rutte, Viktor Orban və Şarl Mişel baş çəkiblər. Ədalət naminə demək lazımdır ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok və prezident Valter Ştaynmayer də müvafiq olaraq, 2022 və 2023-cü illərdə Mərkəzi Asiyada olublar.

 

Berlin Astana ilə Daşkənd arasında

Özbəkistanla Qazaxıstan regionun demoqrafik və iqtisadi mərkəzləridirlər. Almaniyanın MA-dakı əsas ticarət tərəfdaşları da məhz bu ölkələrdir. Təsadüfi deyil ki, Şoltsu regiona səfər zamanı iş adamlarından ibarət böyük bir heyət müşayiət edib.

Berlinin 2023-cü ildə Rusiyadan neft idxalını dayandırmasından sonra Qazaxıstan onun üçüncü böyük xammal tədarükçüsünə çevrilib. Lakin qismətdən bu neft Rusiyanın «Dostluq» boru kəməri ilə axır və nəticədə, Moskva tranzitdən pul qazanır.

Səfər çərçivəsində Berlinlə Astana bu boru xətti ilə Qazaxıstan neftinin nəqlini nəzərdə tutan müqavilənin müddətini daha bir il uzadıblar. Bununla yanaşı, Qazaxıstan tərəfinin təklifinə baxmayaraq, Almaniya tədarük həcminin çox cüzi artırılmasına razılıq verib.

Ümumilikdə Almaniya ilə Qazaxıstan arasında ticarət həcmi 2023-cü ildə 41% artıb. Prezident Kasım-Jomart Tokayev ölkəsinin iqtisadiyyatına birbaşa alman investisiyası həcminin 64% artdığını deyərək, bunu alqışlayıb. O, Almaniya şirkətlərinin bu ölkədə mövcudluğunu artıracağına, «Qazaxıstanda alman keyfiyyətinə malik məhsullar» istehsal edəcəklərinə ümidini dilə gətirib.

İki ölkənin biznes və dövlət qurumları ümumi dəyəri 6,3 milyard dollar olan 36 razılaşma və bəyannamə imzalayıblar. Onlar «yaşıl hidrogen» istehsal edən, nadir metalların emalından tutmuş, birgə kənd təsərrüfatı texnikalarının istehsalınadək müxtəlif sahələri əhatə edir. Qazaxıstan Nəqliyyat Nazirliyi Qazaxıstan-Almaniya konsorsiumu ilə Çinlə sərhədin yaxınlığında yerləşən nəhəng logistika mərkəzində – Xorqosda yük və sərnişin aeroportunun inşasına dair 500 milyon dollarlıq müqavilə imzalayıb.

Qeyd edilməlidir ki, Özbəkistanda da əsas diqqət həyati əhəmiyyətli xammal emalı və «yaşıl hidrogen» istehsalı sahəsində əməkdaşlığa yönəldilib.

«Mərkəzi Asiya plyus Almaniya» formatında keçirilən ikinci sammitdə Tacikistanın dövlət başçısı Emoməli Rəhmon almanlara ölkəsinin hidroenergetika potensialından danışıb, «yaşıl» ammonyak, mis və litium istehsalı iddialarını ortaya qoyub.

Qırğızıstan Prezidenti Sadır Japarov isə «yaşıl» potensialdan, iqlim dəyişiklikləri probleminin həllinə regional yanaşmanın vacibliyindən, içməli su çatışmazlığından danışaraq Bişkekdə effektiv enerji və resursqoruyucu texnologiyalar mərkəzinin yaradılmasını təklif edib. Bununla yanaşı, o, Almaniya kanslerindən «yaşıl» layihələrin maliyyələşdirilməsi üçün ölkənin borcunun silinməsini istəyib.

Şolts regionun liderləri, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ticarət və enerji ilə yanaşı, miqrasiya problemini də müzakirə edib. Almaniya üçün son zamanlar, xüsusilə suriyalı və əfqanıstanlı miqrantların saxlanılaraq vətənlərinə deportasiyası fonunda bu problem daha kəskin xarakter alıb. Kansleri Özbəkistana səfər zamanı daxili işlər naziri Nensi Fazerin müşayiət etməsi də təsadüf deyildi. Səfər çərçivəsində tərəflər «Miqrasiya və mobillik üzrə hərtərəfli tərəfdaşlıq haqqında» memorandum da imzalayıblar. Bu sənəd ətrafında danışıqlar təxminən ilyarım idi davam edirdi. O, daha geniş ikitərəfli miqrasiya razılaşması sisteminin bir hissəsidir. Tərəfdaş üzərlərinə ölkələr Almaniyada qalmaq hüququ olmayan vətəndaşları geri qəbul etmək öhdəliyi götürürlər. Bundan bir neçə gün əvvəl Berlin Keniya ilə də analoji sənədə imza atmışdı.

Özbəkistanla münasibətdə problem özbək yox, əfqan miqrantlarla bağlıdır. Almaniya hökuməti bu istiqamətdə aparılan müzakirələrə şərh vermək istəməsə də, Özbəkistanla müvafiq razılaşmanın əldə edilməsi cəhdlərinin olduğuna dair ilk xəbərlər hələ yayda ortaya çıxmışdı. Dünyanın əksər dövlətləri kimi, Almaniya da Əfqanıstanın «Taliban» hökumətini tanımır və beləliklə, onlarla hər hansı rəsmi əməkdaşlığı mümkün saymır. Belə bir vəziyyətdə, Daşkəndin son vaxtlar Əfqanıstanla sabit işgüzar münasibətlərinin yarandığını nəzərə alan Almaniya ona həm də gözlənilən deportasiyaların həyata keçirilməsində mümkün vasitəçi-tərəfdaş kimi baxır. Almaniya Əfqanıstanda «Taliban»ın hakimiyyətə gəlişindən sonra ilk əfqan qurumunu bu ilin avqustunda deportasiya edib və bunu Qətərin köməyi ilə həyata keçirib. Qarşıda növbəti belə deportasiyalar (hətta daha miqyaslı) gözlənilir.

Mətbuatda yer alan məlumatlara görə, imzalanmış sənəddə Əfqanıstandan olan cinayətkarların Özbəkistan vasitəsilə vətənlərinə göndərilməsi haqda da bənd var. Özbəkistana birbaşa reysləri Əfqanıstanın «Kam Air» aviaşirkəti həyata keçirəcək. Əvəzində, Berlin Özbəkistan vətəndaşlarının Almaniyaya səfəri üçün şərtləri yumşaldacaq.

Nəzəri baxımdan bu razılaşma Almaniyanın daha bir ciddi problemini – ixtisaslı işçi qüvvəsi çatışmazlığını da aradan qaldırmalıdır. Bu kontekstdə inşaat, səhiyyə, informasiya texnologiyaları kimi sahələrin adı çəkilir. Amma bu razılaşmanın nə qədər özbəyi əhatə edə biləcəyi açıqlanmır. Özbəkistanlı işçilərin Almaniyanın işçi bazarına inteqrasiyası planı da təqdim olunmayıb. Bu isə Berlinin qeyd olunan məsələdə, həqiqətən, maraqlı olub-olmadığına dair suallar yaradır. Bəziləri düşünür ki, Almaniya səfər şərtlərinin yumşaldılmasından sadəcə, readmissiya üçün istifadə etməyi planlaşdırır.

 

Mərkəzi Asiya, Əfqanıstan və s.

Ümumilikdə Avropa ilə Mərkəzi Asiya arasında viza qaydaları son dərəcə asimmetrikdir. MA ölkələrinin əksəriyyəti Avropa vətəndaşlarına, o cümlədən almanlara 30 gün ərzində vizasız səfər icazəsi verirsə, onların öz vətəndaşları Avropaya səyahət zamanı ciddi məhdudiyyətlərlə üzləşirlər. Bu, təbii ki, ciddi narazılıq yaradır və region ölkələrinin Aİ ilə viza rejiminin liberallaşdırılmasına dair danışıqlara məcbur edir. Bu məsələ Şoltsun Qazaxıstan səfəri zamanı qəbul olunmuş birgə bəyannamədə də əksini tapıb. Almaniya Avropa Komissiyasının Qazaxıstanla bu mövzuda aparacağı danışıqlara dəstək verəcəyini bildirib. Bundan başqa, readmissiya üzrə Almaniya-Qazaxıstan birgə İşçi qrupunun ilk görüşünün 2025-ci ildə keçiriləcəyi də bəyan olunub.

Özbəkistanla razılaşma isə Əfqanıstandakı vəziyyət, tələbatın olduğu istiqamətlər üzrə özbəkistanlı mütəxəssislərin Almaniyada hazırlıq keçməsi üçün «yol xəritəsi»nin hazırlanması da daxil olmaqla, beynəlxalq və regional məsələlərə dair müntəzəm məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur. Bununla yanaşı, Berlin Özbəkistan regionlarında müəllimlərin dil öyrənməsi və hazırlıq keçməsi proqramının genişləndirilməsinə də dəstək verəcək.

Digər beynəlxalq mövzulara gəlincə, belə görünüb ki, Özbəkistan və Qazaxıstan prezidentləri ictimaiyyət qarşısında sərt suallardan qaçmağa çalışıblar. Hər halda, onlar Şolts ilə ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirməyiblər.

Həm Qazaxıstan, həm də Özbəkistanın Rusiya və Çinlə əməkdaşlığı göstərir ki, bu ölkələr Moskva ilə Qərb arasında seçim etmək istəmirlər. Onlar xüsusilə iqtisadiyyatın və infrastrukturun müasirləşdirilməsinə kömək edə biləcək hər bir tərəfdaşla əməkdaşlıqda maraqlıdırlar. Əlbəttə, bu mənada, Avropa həm Qazaxıstan, həm də Özbəkistan üçün çox vacibdir. Lakin Aİ bu ölkələr üçün ABŞ, Türkiyə, Ərəb Şərqi dövlətləri, Yaponiya və Cənubi Koreyanın da yer aldığı çoxsaylı tərəfdaşlardan yalnız biridir.

Özbəkistan və Türkmənistan prezidentləri Almaniyanı Əfqanıstanla münasibətləri normallaşdırmağa, taliblərin rəhbərlik etdiyi bu ölkəyə münasibətdə daha praqmatik mövqedən çıxış etməyə də çağırıblar.

Almaniya tərəfinə gəlincə, Şolts öz istiqamətlərini açıqlamaqdan çox Mərkəzi Asiyadan olan tərəfdaşlarını dinləyib. Tənqidçilərin fikrincə, regional tərəfdaşlıq strategiyasının icrasına nail olmaq üçün Mərkəzi Asiyanın xarici siyasi hədəflərə çatılması üçün növbəti dayanacaq yox, həqiqətən, prioritet olduğu nümayiş etdirilməlidir. Bunun nümayişi üçün isə Almaniya rəhbərliyinin qarşıda da imkanları olacaq. Məsələn, noyabrda Berlində vətəndaş cəmiyyəti konfransının, 2025-ci ilin yazında isə xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi bəyan edilib. İndi əsas bu imkanları qaçırmamaqdır.



MƏSLƏHƏT GÖR:

36