14 Noyabr 2024

Cümə axşamı, 18:54

PEYCERLƏRİN HÜCUMU

İsrail yalnız Qəzzada HƏMAS-ı deyil, həm də Livanda «Hizbullah»ı bitirmək qərarına gəlib

Müəllif:

01.10.2024

Livan və Suriyada əsasən iranpərəst «Hizbullah» qruplaşması üzvlərinin peycerlərinin kütləvi şəkildə partlaması bu hücumun İsrail tərəfindən təşkil olunduğuna dair çoxsaylı güman və versiyalara yol açıb. Yəhudi dövləti isə baş verənlərə aidiyyətinin olmadığını bildirir. Hadisə onunla maraqlıdır ki, bəşəriyyət, demək olar ki, unudulmuş peycerləri xatırlamaqla yanaşı, texnoloji inkişafın nə qədər təhlükəli olduğunu da bir daha görüb. Təbii ki, söhbət bu inkişafdan hərbi məqsədlərlə istifadə olunduğu haldan gedir. İndi söhbət faktiki olaraq, proksi-müharibədə yeni səhifənin açılmasından gedir. Artıq bu təcrübəyə başqa münaqişələrdə də əl atılacağı istisna deyil. Çünki o, kifayət qədər effektli alınıb.

 

Proksi təşvişi

İranın bütün Yaxın Şərq boyu dəstəklədiyi proksiləri üzləşdikləri miqyaslı hücumdan sonra tam qüvvələri ilə elektron qurğularını, onların nə qədər qorunduğunu yoxlamağa başlayıblar. Çünki İranın Yaxın Şərqdəki əsas müttəfiqi olan «Hizbullah» üzvlərinin istifadə etdikləri peycer və ratsiyalar kütləvi şəkildə partlamağa başlayıb. Bundan sonra İraqda və İordan çayının qərb sahilində İranla əlaqəli yaraqlılar elektron qurğuların yoxlanılmasına başlanıldığını, şəxsi elektron qurğulardan istifadə ilə bağlı yeni qaydaların tətbiq olunduğunu bəyan ediblər. Analitiklər bildirirlər ki, başqa qruplaşmaların istifadə etdikləri rabitə sistemləri daha təhlükəsiz olsa da, son partlayışlardan sonra onlar da yoxlamalara başlayıblar. Hətta çoxları artıq mobil telefonlardan imtina edir, digərləri ümumiyyətlə, portativ qurğuları istifadədən çıxarır. Bütün bu qruplaşmalar qurğulara hücumun İsrail tərəfindən təşkil olunduğuna əmindirlər.

İsrailin xüsusi xidmət orqanları isə qonşu ölkələrdə baş verənlərə praktik olaraq münasibət bildirmiş, Livan və Suriyada elektron qurğulara edilmiş hücumun arxasında onların dayandığına dair iddiaları şərh etməkdən boyun qaçırır. Əvəzində, ABŞ rəsmiləri «Vaşinqton post»a anonimliyin qorunması şərtilə verdikləri açıqlamalarda əməliyyatın arxasında İsrailin dayandığını etiraf ediblər. Onların sözlərinə görə, Təl-Əvivi bu haqda Vaşinqtona kəşfiyyat kanalları ilə məlumat verib.

Bu hücum nə formasına, nə miqyasına görə hər hansı hücuma bənzəyir. Çünki bu, adi rabitə qurğusunun müharibə silahına çevrildiyi ilk haldır. Hücuma sentyabrın 17-də başlanılıb və bir anda bütün Livan ərazisində, həmçinin qonşu Suriyada «Hizbullah» üzvlərinin istifadəsində olan minlərlə peycer partlayıb. Bu, insanların çox olduğu küçələrdə, mağazalarda böyük təşviş yaradıb. Cəmi bir neçə saat ərzində Livanın iri xəstəxanaları yaralılarla dolub.

Hücum sonrakı bir neçə gündə də davam edib və həmin günlərdə radiostansiyalar da daxil olmaqla, daha çox qurğu partlayıb. Livan Səhiyyə Nazirliyi hücum nəticəsində iki gün ərzində 40 nəfərin öldüyünü, 3 minədək insanın yaralandığını açıqlayıb.

«Hizbullah» lideri Həsən Nəsrullah sentyabrın 19-da etdiyi çıxışında hücumun qruplaşmayan «görünməmiş zərbə» vurduğunu etiraf edib. Qruplaşma tərəfdarlarına peycerləri bu ilin yazından paylamağa başlayıbmış. Hizbullahda düşünürlər ki, İsrail yaraqlıları məhv etmək üçün istifadə etdiyi kəşfiyyat məlumatlarını sındırılmış mobil telefonlardan əldə edə bilər. Yeri gəlmişkən, qruplaşma hərbçilərini hələ iyulda mobil telefonlardan istifadəni dayandırmağa çağırmışdı.

Maraqlıdır ki, «Hizbullah» hər zaman təhlükəsizlik sistemi ilə qürurlanıb, İsrailin «texnoloji ağlı» ilə sadə vasitələrlə mübarizə apardığını bildirib.

 

«Hizbullah»ı zəiflətmək

İsrailin məhsulun istehsalından son istehlakçıya çatdırılmasınadək olan prosesdə texniki qurğuların içərisinə partlayıcı quraşdırmaq bacarığı – həm də bu miqyasda – ən böyük təcrübəyə malik yaraqlıları belə, şoka salıb. İsrail xüsusi xidmət orqanlarının iranpərəst qruplaşma üzvlərinin aşağı texnologiyalı kommunikasiya şəbəkəsinə soxulmaq imkanı Suriyadan tutmuş, İraqa, Yəməndən tutmuş Fələstin ərazilərinədək bütün bölgə qruplaşmalarında ciddi narahatlıq yaradıb. Nəticədə, «Hizbullah» başda olmaqla, bir sıra qruplaşmalar Amerika və İsrail hədəflərinə hücumları gücləndirib. Yəmənin bir hissəsinə nəzarət edən, İran tərəfindən dəstəklənən husilər özlərini nisbətən təhlükəsizlikdə hiss edirlər, çünki İsraildən məsafəcə daha uzaqdadırlar. Onlar ölkənin telekommunikasiya təsisatlarına paytaxt Sanadan nəzarət edir. Bundan başqa, husilərin İsraillə miqyaslı münaqişəsi yoxdur, bu üzdən də yəhudi dövləti kəşfiyyatının orada belə gizli əməliyyat keçirməkdə maraqlı olması ehtimalı azdır.

Livana hücum isə İsraillə qarşıdurmada dönüş anı olub. Bu gün husilər belə, telekommunikasiya qurğuları ilə əlaqəli avadanlıqların tədarükçülər şəbəkəsinə yenidən baxmaq qərarına gəliblər. Çünki qeyd olunanlarla yanaşı, onlar da təhlükəsizliklərinə tam əmin deyillər.

Amma Təl-Əvivin əsas hədəflərindən biri hər zaman məhz «Hizbullah» olub. O, İsrailə coğrafi baxımdan bilavasitə yaxın olduğundan, yəhudi dövləti üçün daha əlçatandır. Başqa sözlə, qonşu Livan ərazisi kəşfiyyat məlumatlarının toplanılması və cənub qonşusuna qarşı əməliyyatların keçirilməsi üçün ideal məkandır. Zəif dövlət strukturları, siyasi parçalanma və iqtisadi kollaps isə qruplaşmanın bu ölkədə əl-qol açmaq üçün əlverişli şərait yaradır. Son günlər Livan məhz bu üzdən İsrailin əsas hədəfinə çevrilib. SAXAL-ın hədəfi «Hizbullah»ın mümkün qədər zəiflədilməsidir və İsrail rəhbərliyi bunu gizlətmir. Yəhudi dövləti peycerlərin partladılması və qruplaşmasının ən fəal üzvlərinin məhvi ilə artıq istəyinə nail olub. «Hizbullah»ın Livandakı infrastrukturuna zərbələr endirməklə isə Təl-Əviv qabaqlayıcı tədbirlər görür, eyni zamanda şimal sərhədində qüvvələr nisbətini dəyişir. «Söz verirəm ki, şimalda təhlükəsizlik balansını, qüvvələr balansını dəyişəcəyik. Biz məhz bununla məşğuluq. İsrail şəhərlərinə və vətəndaşlarına tuşlanmış minlərlə raket və mərmini məhv edirik», - deyə İsrailin müdafiə naziri Binyamin Netanyahu «X» sosial şəbəkəsindən yaydığı videomüraciətində bildirib.

Növbəti atəş Təl-Əvivin avtomatik telefon zəngləri, SMS-lər və hərbçiləri tərəfindən «sındırılmış» Livan radioları vasitəsilə ölkə vətəndaşlarına ünvanladığı müraciətdən sonra başlayıb. Müraciətdə livanlılar «Hizbullah»ın istifadəsində olan binalardan qaçmağa çağırılıb.

Eyni zamanda İsrail hökuməti öz əhalisinə də regionda vəziyyətin qızışa biləcəyinə dair xəbərdarlıq edib. Bu, yəqin ki, «Hizbullah» və İranın digər proksi-güclərinin mümkün qisas cəhdi ilə bağlıdır.

 

Yeni müharibə gözləntisində

İsrail Müdafiə Ordusu artıq bir neçə həftədir ki, bütün Livan ərazisində «Hizbullah»a məxsus olduğunu düşündüyü hədəflərə zərbələr endirir. Təl-Əvivi bildirir ki, bununla o, sərhəd atışması nəticəsində ev-eşiyini tərk etmiş on minlərlə israillinin təhlükəsiz şəkildə geri qayıtmasını təmin edəcək.

Bu arada, ABŞ Prezidenti Co Bayden Livanda sakitliyə nail olmağa çalışdıqlarını bildirib. «Mənə İsrail və Livandakı son hadisələr haqda məlumat veriblər. Komandam həmkarlarımız ilə daimi təmasdadır. Deeskalasiyaya nail olmaq istiqamətində işləyirik ki, insanlar təhlükəsiz şəkildə evlərinə dönə bilsinlər», - deyə Bayden BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Ağ Evdə keçirdiyi görüşbə bildirib.

Prezident seçkisi ərəfəsində olan ABŞ administrasiyası üçün regionda yeni eskalasiya arzulanan deyil. Xüsusilə nəzərə alsaq ki, hazırkı administrasiyanın rəqibi Donald Tramp Amerikanın başına keçəcəyi təqdirdə regionda heç bir miqyaslı müharibənin olmayacağını bildirir.

Bununla yanaşı, Pentaqon Birləşmiş Ştatların Yaxın Şərqlə əlavə qoşun hissələri göndərəcəyini bəyan edib. Lakin müdafiə idarəsinin mətbuat katibi general-mayor Pet Rayder detallara getməyib, bölgəyə neçə hərbçinin göndəriləcəyini, onların vəzifəsinin nədən ibarət olacağını açıqlamayıb. Xatırladaq ki, hazırda regionda təxminən 40 min Amerika hərbçisi var.

İsrail «Hizbullah»a qarşı hücum əməliyyatlarını ABŞ-nin ehtiyatlı dəstəyi ilə həyata keçirir. Bayden administrasiyası artıq bir neçə aydır ki, Qəzza zolağındakı savaşla paralel gedən yəhudi dövləti ilə «Hizbullah»ın qarşılıqlı hücumlarından narahatlığını ifadə edir. Vaşinqtonun narahatlığı əsasən onunla bağlıdır ki, Yaxın Şərqdə münaqişənin daha geniş xarakter alması Amerika qoşunlarını açıq şəkildə İsrailin tərəfinə keçməsini şərtləndirə bilər. İsrailin əməllərini isə Vaşinqtonun NATO-dakı tərəfdaşları belə, tənqid edir. Məsələn, Avropa Komissiyasının nümayəndəsi Peter Stano yəhudi dövlətinin hücum zamanı hədəf baxımından «fərq qoymadan olunan hücum» adlandırıb, Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrel isə deyib ki, baş verənlər son dərəcə ciddi narahatlıq yaradır və Livanın təhlükəsizliyini, sabitliyini sual altına qoyur. O, maraqlı tərəfləri Aİ adından tammiqyaslı müharibənin qarşısını almağa çağırıb, əks təqdirdə, baş verənlərin istər bütün region, istərsə də dünya üçün ağır nəticələr verəcəyini söyləyib.

Müharibə ehtimalının olduğunu «Hizbullah» lideri Həsən Nəsrullah da dilə gətirib. Son partlayışların rəhbərlik etdiyi qruplaşmaya «ciddi zərbə» vurduğunu etiraf edən Nəsrullah İsraili nəinki bütün «qırmızı xət»ləri keçməkdə, həm də «müharibə elan etməkdə» günahlandırıb.

Baş verənlər fonunda Livan sakinləri evlərini tərk etməyə, qonşu Suriyaya üz tutmağa başlayıb. Bu isə regionda növbəti humanitar problemə yol aça bilər.

 

Razılaşma mümkündürmü?

Bu, İsrail ordusu Baş Qərargahının yeni rəisinin Livanda «önləyici hücum əməliyyatları»na başlanıldığını elan etməsi ilə eyni vaxta düşüb. Beləliklə, Livanda artıq sayca üçüncü müharibə başlaya bilər. Görünən odur ki, İsrail yalnız Qəzzada HƏMAS-ı deyil, həm də Livanda «Hizbullah»ı bitirmək qərarına gəlib. İsrail rəhbərliyi açıq şəkildə bildirir ki, Qəzzadakı müharibə kimi, «Hizbullah»la savaş da uzana bilər, çünki hədəf onun infrastrukturunun tamamilə məhv edilməsidir.

Belə bir vəziyyətdə İran Yaxın Şərqdəki proksi-güclərinə yardım göstərməyə tələsmir, onun prezidenti isə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriən toplantısında Qərblə dialoqa hazır olduqlarını bildirir. İranın ali dini lideri ayətolla Əli Xamenei isə deyir ki, İsrailin hücumları nəticəsində Livan qruplaşması üzvlərinin ölməsi «Hizbullah»ı ciddi şəkildə zəiflədə bilməz. Başqa sözlə, bu, İsraillə Livan arasında açıq müharibənin tərəfdarı olmayan Vaşinqtona mesaj da sayıla bilər. Amerika israilli müttəfiqlərinə bu ölkənin dövlət qurumlarına zərbələrin endirilməsinə qarşı olduğunu da çatdırıb. Ən azı o vaxta qədər ki, Tehranın konkret nə istədiyi, ən əsası isə hansı kompromislərə hazır olduğu bilinsin.



MƏSLƏHƏT GÖR:

43