23 Noyabr 2024

Şənbə, 12:13

ERMƏNİ MEYDANINDA «FRANSIZ ÜMİDLƏRİ»

Paris ilə «xüsusi münasibətlər» İrəvanı haraya aparır?

Müəllif:

01.10.2024

Parislə İrəvanın «siyasi qucaqlaşmalar»ı davam edir. Sebastyan Sejurne xarici işlər naziri kürsüsünə əyləşməyə macal tapmamış, tələm-tələsik Ermənistana səfər edib, orada ölkəsinin yeni hökumətinin də İrəvana hərtərəfli dəstək verəcəyini bildirib. Bununla yanaşı, o, Moskvanın ünvanına bir neçə sərt fikir də səsləndirib. Həmin fikirlərə cavab Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovadan gəlib: «Müttəfiqlərimizin, dostlarımızın, qardaşlarımızın, tərəfdaş və qonşularımızın buna reaksiya verməməsi təəccüblüdür. Mən Ermənistanın siyasi rəhbərliyini, rəsmi şəxslərini və ictimaiyyət nümayəndələrini nəzərdə tuturam».

Fransa son dövrlərədək «Rusiyanın forpostu» sayılmış Ermənistana təsirini getdikcə artırır. Sejurne Ermənistanı «Rusiyanın təzyiqindən qoruyacaqlarına» belə, söz verir. Sanki “Paşinyan kabab inqilabı xarici siyasət şərhini aldı” mövzusunda növbəti ekspert hesablamalarının vaxtı çatıb. Amma hər şey bu qədər sadədirmi?

 

«Napoleon ümidləri» və Azərbaycanın «Dəmir yumruğu»

İrəvanla Paris arasında «xüsusi münasibətlər» yeni deyil. Bunun təməlini Fransadakı böyük və nüfuzlu erməni icmasının təşkil etdiyi də heç kimə sirr deyil. Fransa siyasətçiləri ermənilərin səsinə etinasız yanaşa bilməzlər. Səfərlər, «erməni soyqırımı» mövzusunda bəyanatlar və s. məhz bunun nəticəsidir. Ermənistan isə öz növbəsində, əksəriyyəti Fransanın keçmiş müstəmləkələrindən ibarət Frankofoniya təşkilatına üzv olmağın belə, yolunu tapıb.

Bununla yanaşı, Fransa əvvəlki prezidentlərinin dönəmində İrəvanla «xüsusi münasibətlər»ə rəğmən, ümumilikdə balanslı siyasət yürüdür, Bakı ilə əlaqələri kifayət qədər uğurla inkişaf etdirirdi. Üstəlik, Ermənistan trekində əsasən gözəl jestlərə rast gəlinirdisə, Azərbaycanla münasibətlər özünü milyardlarla investisiyada, «Total» şirkəti ilə əməkdaşlıqda, Azərbaycan peyklərinin fəzaya Fransa raketləri ilə Fransa kosmodromlarından buraxılmasında və s. göstərirdi.

Lakin Emmanuel Makron və komandasının hakimiyyətə gəlişi ilə hər şey dəyişib və İrəvanla «xüsusi münasibətlər» Azərbaycanın ərazi bütövlüyünə, dövlət suverenliyinə qarşı açıq hücumları da özündə ehtiva etməyə başlayıb. Bakı, əlbəttə ki, buna göz yuma bilməzdi və yummayıb. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Fransa ilə münasibətlər praktik olaraq, kəsilib.

Bəs Fransanın Cənubi Qafqazda belə «manevr» etməsi nə qədər məntiqli, nə qədər ağıllı gedişdir?

Bu yaxınlaradək Parisin Ermənistanla bağlı, həqiqətən, «Napoleon planları» var idi. Makron bir neçə il əvvəl Fransanın keçmiş qüdrətini, nüfuzunu geri qaytarmaq fikrinə düşmüşdü. Amma təcrübədə bu, yaddaşlarda yalnız bir-birini əvəzləyən iflaslarla qaldı. Onun Liviya və Suriyada öz oyununu oynamaq cəhdləri biabırçı qaçışla bitdi, Fransanın Afrikadakı keçmiş müstəmləkələrində isə Parisin nüfuzu domino effekti ilə darmadağın olur. Sakit okeandakı iflas da öz yerində. ABŞ-nin burada Böyük Britaniya və Avstraliya ilə qurduğu anti-Çin alyansında Fransaya yer tapılmayıb. Bundan başqa, Avstraliya Fransa ilə bir neçə miqyaslı silah müqaviləsindən imtina edərək, onları ABŞ silahları ilə əvəzləyib.

Bütün bunların fonunda 44 günlük müharibə ərəfəsində Makron ciddi cəhdlə Paşinyana nəvaziş göstərməyə başlamışdı. Sanki İrəvanın qılığına girmək Paris üçün «geri dönüş» imkanı yaradacaqdı: Fransa Moskvanın Qafqazdakı sevimli forpostunu uğurla Rusiyadan qoparacaqmış. Hələ də Birinci Qarabağ müharibəsinin nəticələrində ilişib qalmış ekspertlər düşünürdülər ki, bu halda Fransanın müttəfiqi «Qafqazın döyüş qabiliyyəti ən yüksək ordusu»na malik dövlət olacaq. Bundan sonra Ermənistan vasitəsilə Azərbaycanı, Gürcüstanı, hətta Türkiyə və İranı da hədələmək mümkün olacaqdı. Hədəflərə çatmağa lap az qalırdı: Cənubi Qafqaza aparan «erməni qapısı»nı açmaq…

Lakin Ermənistan meydanı ilə bağlı bu xəyali arzular Azərbaycanın «Dəmir yumruğu»nun zərbəsi ilə darmadağın olub. 44 günlük müharibənin reallıqları hər kəsə göstərib ki, Ermənistan ordusunun «döyüş qabiliyyəti»ni ekspertlər çox şişirdiblərmiş. Ermənistan Silahlı Qüvvələri Qarabağda qələbə qazandıqları doxsanıncı illərdə ilişib qalıbmış, Azərbaycan isə əsl müasir ordu qurubmuş. O, bunu döyüş meydanında sübut etdi. Nəticədə, Paris hər kəsi hədələmək üçün istifadə edə biləcəyini düşündüyü «erməni dəyənəyi» əvəzinə darmadağın edilmiş ordu ilə üz-üzə qalıb. İndi bu nəhəng dəliyi doldurmaq lazım idi. Başqa sözlə, yaxın gələcəkdə Ermənistanda «təhdid amili» kimi istifadə etmək mümkün olmayacaqdı. Doğrudur, indi Fransa sanki ona müəyyən silah-sursat verir. Lakin dəfələrlə deyildiyi kimi, bu «damcı»lar 44 günlük müharibə və 2023-cü ilin antiterror reydləri zamanı verilmiş itkilərin yerini doldura bilməz. Bu halda belə, söhbət Azərbaycanın darmadağın etdiyi ordudan gedəcək.

Parisin «qapını açmaq» istəyi də baş tutmayıb. Ermənistan dalandır. Orada «erməni yolayrıcı» haqda çox danışa bilərlər. Amma bu yolayrıcının işləməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşdırılmalı, Gürcüstan isə Suxumi və Sxinvali münaqişələrini çözməlidir. Bu isə hələ yaxın görünmür. Fransanın Ermənistanı Rusiyadan qoparmağa olan ümidləri də böyük sual altındadır.

 

Moskva ilə Paris arasında

Ermənilər Moskvadan çox inciyib və bu, Fransanı əməlli-başlı ruhlandırır. Amma İrəvan Kremldən uzaqlaşmaq istiqamətində heç bir real addım atmır. O, hələ də KTMT və Aİİ üzvü olaraq qalır, ən əsası isə Ermənistanın Rusiyadan iqtisadi asılılığı zərrə qədər də azalmır. Məsələ heç də onda deyil ki, Ermənistanda bu gün yaşanan iqtisadi artımlar tam olaraq Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan yayınmasının nəticəsidir. Ermənistan Rusiyadan neft, qaz və emal olunmamış almazı hələ də daxili qiymətlərlə alır. Nəticədə, onun dövlət büdcəsi ən azı 1 milyard dollar qazanır. Simic Maron Ermənistanın bu maliyyə itkisini qarşılamağa hazırdırmı? Çətin.

Amma İrəvan Fransaya həddindən artıq yaxınlaşacaqsa, Rusiyanın bu ölkəyə neft və qaz ixracını hər hansı bəhanə ilə dayandırması Moskva üçün heç bir çətinlik yaratmayacaq. Ermənistanın dənizə çıxışı yoxdur, Azərbaycandan oraya neft və qaz tədarükü isə real görünmür. Tərəflər arasında sülh müqaviləsi imzalanmadan, bu haqda düşünməyə belə, dəyməz. Nəzəri baxımdan Ermənistana karbohidrogen tədarükünü İran təmin edə bilər. Amma bunun üçün də lazımi infrastruktur yoxdur. Üstəlik, bu, baş versə belə, İrəvan İrandan enerji daşıyıcılarını beynəlxalq qiymətlərlə almalıdır. Ermənistan iqtisadiyyatı bunu bacaracaq gücdə deyil.

Beləliklə, bütün bunlar Paşinyanı Moskva-İrəvan-Paris üçbucağında son dərəcə ehtiyatlı davranmağa məcbur edir.

Bu gün Ermənistanın bütün infrastrukturu da Rusiyanın idarəçiliyindədir – elektrik və qaz xətləri şəbəkəsi, dəmir yolları, mobil rabitə və s. Demək, Rusiya oliqarxları, şirkətləri və monopolistləri bu infrastrukturun həyatda qalmasına külli miqdarda vəsait xərcləyirlər. Bəs bu xərcləri necə, Fransa öz üzərinə götürməyə hazırdırmı?!

Bütün bunlarla yanaşı, Parisin siyasi iradəsinə, onun Ermənistanın xətrinə Moskvaya qarşı sərt gedişlər etməyə hazır olduğuna da əminlik yoxdur. Fransa Prezidenti Emmanuel Makron səsindəki metal və Kremlə qarşı sərt görünən tonuna rəğmən, demək olar ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Qərbin ümumi mövqeyinə zidd olan bəyanatlar verdi.  O, gah «Kremlin simasını xilas etməsinin» vacibliyini bildirir və bu zaman, təbii ki, Kiyevin ərazilərini güzəştə getməsi nəzərdə tutulur, gah Ukraynaya ordu göndərilməsinin zəruriliyindən danışır ki, burada da məsələ bəyanatdan o tərəfə keçmir. Daha sonra Fransanın müdafiə naziri Sebastyan Lekornyu rusiyalı həmkarı Sergey Şoyquya zəng edərək «Krokus»da törədilmiş terror aktına görə başsağlığı verir, əksər ekspertlər isə bunu «sınaq şarı» kimi qiymətləndirir.

2021-ci ilin dekabrında məşhur Valeri Pekress ilə birlikdə Xankəndiyə qanunsuz səfər etmiş Mişel Barnyenin baş nazir təyinatını xatırlatmaq da yerinə düşər. Maraqlıdır ki, o, Kreml, hətta Rusiya xüsusi xidmət orqanları ilə «xüsusi əlaqələr»də açıq şəkildə ittiham olunmuş şəxsdir.

Müttəfiqlik öhdəliklərinə birmənalı əməl olunması Fransaya xas xüsusiyyət deyil. Onun Kremlə münasibətdəki «xüsusi mövqeyi» çoxları tərəfindən Ukraynaya və öz müttəfiqlərinə açıq xəyanət kimi qiymətləndirilir. Belə bir vəziyyətdə Makronun «NATO-nun beyin ölümü», «Avropa Ordusu»nun yaradılması zərurəti haqda davamlı olaraq verdiyi bəyanatları müttəfiqlik öhdəliklərinə sadiqlik kimi qiymətləndirmək çətindir.

Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən asanlıqla vurulub çıxarılması da çox şeydən xəbər verir. Odur ki, belə vəziyyətdə Makronun Ermənistan meydanında sərtlik göstərəcəyini, Moskvanın hələ də «kənardan söndürə biləcəyi» ölkəni Rusiyanın təsir dairəsindən çıxaracağını gözləmək çox sadəlöhvlük olardı.

Amma sürprizlər Paşinyandan da gələ bilər. Bu, indiyədək yaşanmamış hal deyil. Məlumatlı dairələr bildirirdi ki, 2020-ci ilin 10 noyabrında məlum Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Makron Paşinyanın onunla əlaqə saxlayacağını gözləyirmiş. O, baş nazirə öhdəliklərdən yayınmağın yollarını izah etməyi də düşünürmüş. Görəsən, Makron o zaman kapitulyasiyaya heç də öz xoşu ilə imza atmamış Paşinyan üçün bunun hansı riskləri yaradacağını düşünürmüşmü? Məlum deyil. Paşinyan özü isə bu çətin məqamda Rusiyanın ətəyindən yapışmağa üstünlük verdi. Mənbələr bildirir ki, o vaxt Makron Ermənistanın baş nazirini «qeyri-adekvat» adlandırıbmış.

Bütün bunlara rəğmən, bütün istiqamətlərdə iflasa uğramış Makronun ermənilərin səsinə ehtiyacı var. Demək, «qeyri-adekvat»ın başçılıq etdiyi Ermənistana nəvaziş davam etməlidir. Bəs Fransanın bu oyunlarının Ermənistana faydası olacaqmı? Çətin.



MƏSLƏHƏT GÖR:

48