Müəllif: Sənan NADİROĞLU
Azərbaycan futbolunun çoxsaylı problemlərindən biri də xarici klublarda yerli futbolçuların olmamasıdır. Vətəndə kifayət qədər maddi qazanc əldə edən futbolçular ölkədən kənara çıxmaqda maraqlı deyil. Bunun iki əsas səbəbi var: ilk növbədə, xaricdə yüksək rəqabətdə çıxış etmək çətindir, digər tərəfdən əcnəbi klubların azərbaycanlı futbolçuların transferində maraqlı deyil.
İstisna olaraq yalnız “Qarabağ”ın sabiq hücumçusu Mahir Emrelinin adını çəkə bilərik. Legioner karyerasına Polşanın “Legiya” klubunda başlayan futbolçu sonradan Zaqreb “Dinamo”suna icarəyə verilib. Xorvatiyada karyerası istədiyi kimi alınmayan Mahir Emreli Almaniyanın ikinci liqasında çıxış edən “Nürnberq” klubuna keçib.
Bu məsələnin aktuallığını nəzərə alaraq, “Region plus” futbolçu ilə transfer, həyatı və xaricdəki işi barədə danışmaq qərarına gəlib.
- Almaniyada yaşamaq və futbol oynamaq nə dərəcədə çətindir?
- İlk növbədə, futbol ölkəsi olan Almaniyada çıxış etməyin xoş olduğunu deməliyəm. “Nürnberq”dən maraqlananda komandanın iddialı olduğunu öyrəndim. Üstəlik, komandanın baş məşqçisi ötənlərin məşhur futbolçusu Miroslav Klozedir. Onun zəngindən sonra transferlə bağlı qəti qərarımı verdim. Zədəli olmağıma baxmayaraq, keçidimdə israr etməklə mənə olan diqqəti nümayiş etdirdilər.
- “Nürnberq”in baş məşqçisi Miroslav Kloze və yerli media sizdən çox danışır. Demək, sizə böyük inam var?
- Kloze dünya çempionatının bombardiri olan əfsanəvi futbolçudur. Onun rəhbərliyi altında çıxış etmək xüsusi hisslərdir. Gəldiyim gündən həm futbolçular, həm məşqçi, həm də rəhbərlik tərəfindən diqqət görmüşəm. Mənə qısa zamanda uyğunlaşmaq üçün hər cür köməyi göstərdilər.
- “Nürnberq”də şərait necədir?
- İkinci bundesliqa heç kimi aldatmasın. Burada 7-8 liqada yarışlar keçirilir. “Nürnberq” “Bavariya”dan sonra ölkənin ən titullu klublarından biridir. Çox gözəl bazası və meydançası var. Burada oynamaq və məşq etmək futbolçuya xoşdur. Azarkeşlərin hər oyun nümayiş etdirdiyi dəstək tamam başqa ab-hava yaradır.
- Klubun bundesliqaya yüksəlmək şansları necədir?
- Şanslar az deyil. Hazırda 11-ci pillədə olmağımıza baxmayaraq, liderdən 7 xal geri qalırıq. Bir neçə həftədən sonra daha yaxşı oyun göstərmək imkanımız olacaq. Fikrimcə, son tura qədər iddialı olduğumuzu göstərəcəyik.
- İkinci bundesliqada rəqabət barədə nə deyə bilərsiniz?
- Ağır turnirdir. Zəif rəqib yoxdur. Hətta son pillədə olan komanda liderdən xal almağa qadirdir. Məşqlərdə futbolçudan daha çox tələb olunur. Karyeramda buradakı kimi çətin məşqlərim olmayıb. Hər matçböyük stadionda minlərlə azarkeşin qarşısına çıxırsan. Azarkeşlərin dəstəyi bizi qələbə qazanmaq üçün çox ruhlandırır. Karyeramda Almaniya dövrünün olmasına görə çox şadam.
- Azərbaycanlı futbolçular niyə xaricə getmirlər. Sizcə, bunun əsas səbəbi nədir?
- Bu barədə danışmaq çətindir. Səbəblər müxtəlif olur. Xorvatiyada oynayanda məndən asılı olmayan səbəblər başqa ölkəyə getməyə vadar etdi. Amma hər klubun karyeramda fərqli yerləri olacaq. Kənarda oynamaq çətindir. İnsan ailəsindən ayrılır və bununla bacarmaq üçün dözüm lazımdır. Bu, hər bir insanda alınmaya bilər. Ailəm tez-tez yanıma gələrək darıxmağa imkan vermir. Fikrimcə, Almaniyada yaxşı oyunlarım hələ qarşıdadır.
- Xorvatiya klubunda qala bilməməyinin əsas səbəbi nə olub?
- Futbolda belə hallar olur... Özümü yaxşı tərəfdən göstərmək üçün həmişə maksimum güc nümayiş etdirmişəm. Klubda məşqçi dəyişikliyi olandan sonra vəziyyət dəyişdi. Ardınca mənə də oynamağa şans verilmirdi. Bəzi oyunlarda bir neçə mövqedə çıxış etmişəm, bununla belə məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışmışam.
- Almaniyadan Azərbaycan futbolunu izləyirsən?
- Əlbəttə ki, milli çempionatın oyunlarındakı nəticələrlə maraqlanıram. Eyni zamanda “Qarabağ”ın avrokuboklardakı matçlarına imkan olduqca baxıram. Azərbaycandan çoxlu sayda dəstək mesajları alıram. Zədədən sonra indi tam formanı bərpa edərək azarkeşləri sevindirmək barədə düşünürəm. Tezliklə azarkeşləri qollarla sevindirmək istəyirəm.
MƏSLƏHƏT GÖR: