22 Dekabr 2024

Bazar, 05:15

SİCİLİYA SAHİLLƏRİNİN XƏZİNƏSİ

Kataniyanın görməli yerləri, çimərlikləri və ticarət mərkəzləri üçün bələdçi (son hissə)

Müəllif:

15.10.2024

Kataniya təkcə tarixi və mədəni abidələri ilə deyil, həm də şopinq üçün maraqlı seçimləri ilə tanınır. Burada ənənəvi Siciliya məhsullarından tutmuş müasir dizayner kolleksiyalarına qədər hər şey tapmaq olar.

Dəbli əşyalar axtaranlar “Armani”, “Guess”, “Geox”, “Boggi Milano” kimi böyük brendlərin cəmləşdiyi “Corso Italia” küçəsinə getməlidirlər. “Via Umberto” küçəsində isə daha demokratik brendlərin mağazaları təqdim olunur. Mağazalar, restoranlar və suvenir dükanları olan başqa bir maraqlı küçə “Via Etnea”dır. Burada həmçinin məşhur brendlərin məhsullarını endirimli qiymətlərlə satan kiçik ticarət mərkəzləri – “La Rinascente” və “Coin”i də fəaliyyət göstərir.

Lakin əgər siz böyük ticarət mərkəzlərinin həvəskarısınızsa, “Porto di Catania”nı ziyarət etməlisiniz. Burada məşhur beynəlxalq brendlər və İtaliya markaları daxil olmaqla, geniş mağaza seçimi var. Burada geyim, ayaqqabı, aksessuarlar, kosmetika və s. mövcuddur. Mağazalarda müxtəlif qiymət kateqoriyaları var və bu da mərkəzi müxtəlif auditoriya üçün cəlbedici edir.

Kataniyanın mərkəzindən təxminən 50 kilometr məsafədə məşhur “Sicilia Outlet Village” yerləşir. Burada əsasən İtaliya istehsalı olan brendlərin geniş seçimi endirimli qiymətlərlə təklif edilir. İldə bir neçə dəfə, o cümlədən yanvar və avqust aylarında mallara olan endirimlər 70%-ə çatır.

Kataniya, həmçinin antik mağazaları və qalereyaları ilə məşhurdur. Burada unikal antik əşyalar, incəsənət əsərləri və kolleksiya əşyaları da tapmaq olar. Yerli məhsulları və delikatesləri dadmaq istəyirsinizsə, “Piazza Carlo Alberto” market və “A`Piscaria Mercato del Pesce” bazarlarını ziyarət etməlisiniz.

 

Ən yaxşı nəqliyyatı seçirik

Siciliyanın şərqindəki ən böyük şəhərlərdən biri olan Kataniyanın nəqliyyat infrastrukturu yaxşı inkişaf edib və bütün İtaliyada olduğu kimi, həm şəhər daxilində, həm də onun hüdudlarından kənarda hərəkət etmək üçün müxtəlif variantlar təklif edir.

Şəhərin əsas ictimai nəqliyyatı avtobuslardır. Hava limanından mərkəzə (mərkəzi dəmiryol vağzalı) çatmaq üçün də beynəlxalq terminaldan müntəzəm olaraq yola düşən şəhər avtobusundan istifadə etmək daha asandır. Bileti (4 avro) sürücüdən almaq olar, lakin onu dərhal komposterləmək lazımdır. O, 90 dəqiqə ərzində işləyəcək, yəni bu müddət ərzində siz istənilən digər ictimai nəqliyyatdan istifadə edə bilərsiniz. Məsələn, metrodan. O, bir xətt olsa da, şəhər mərkəzindən kənara getmək üçün rahat vasitədir.

İtaliyanın bir çox digər şəhərlərində olduğu kimi, Kataniyada da mərkəzdə yerləşən dəmiryol vağzalı (“Catania Centrale”) mühüm nəqliyyat qovşağı nöqtəsidir. O, şəhəri həm yaxın qonşu şəhərlərlə, həm də ölkənin digər hissələri ilə birləşdirir. Məsələn, regional qatarlarla Sirakuza, Messina, Taormina və Palermoya asanlıqla çatmaq olar.

 

Sirakuzanın maraqlı tarixi və gözəllikləri

Kataniyada olarkən yaxınlıqdakı ən məşhur məkanları ziyarət etmək fürsətindən istifadə etməmək günahdır. Siciliyanın cənub-şərq sahilində yerləşən Sirakuza adanın ən əhəmiyyətli tarixi və mədəni mərkəzlərindən biridir. Eramızdan əvvəl VIII əsrdə əsası qoyulmuş bu qədim şəhər təkcə memarlıq abidələri ilə deyil, həm də heyrətamiz təbiət mənzərələri ilə zəngindir.

Sirakuza Kataniyadan təxminən 70 kilometr cənub-şərqdə yerləşir. Bura avtobusla (6,20 avro) və ya qatarla (6-8 avro) səyahət təxminən 1,5 saat çəkir.

Onun əsas görməli yerlərindən biri Neapol Arxeoloji Parkıdır. Burada 16 min tamaşaçı tutumlu, insanda dərin təəssürat yaradan qədim Roma amfiteatrının xarabalıqları və mükəmməl vəziyyətdə qorunub saxlanılmış qədim yunan teatrı var. O, hələ də teatr tamaşaları və konsertlər üçün istifadə olunmağa davam edir və tarixi kontekstdə qədim yunan mədəniyyətindən zövq almaq üçün unikal imkan təqdim edir.

Apollon məbədi Siciliyada qorunub saxlanılmış ən qədim yunan məbədlərindən biri hesab olunur. Onun tikintisi təxminən eramızdan əvvəl 570-ci ilə aid edilir. Bu da onu qədim yunan memarlığı və dini praktikaların öyrənilməsi üçün əhəmiyyətli məkana çevirir.

San-Covanni katakombaları erkən xristian dövrünün yeraltı tunel və məzarlar şəbəkəsidir. Bu katakombalar Siciliyanın erkən xristian tarixi haqqında unikal təsəvvür yaradır və yeraltı arxeologiyanın öyrənilməsi üçün maraqlı obyektdir. Sirakuzadakı yunan teatrı isə günümüzə qədər qorunub saxlanılmış ən təsirli qədim yunan teatrlarından biridir. Eramızdan əvvəl V əsrdə tikilmiş bu teatr 15 min tamaşaçı tutur. Teatr qədim yunan pyeslərinin səhnələşdirilməsi və digər mədəni tədbirlər üçün istifadə olunmağa davam edir. Sirakuzada, həmçinin Papirus Muzeyi var. O, şəhərdə tapılmış qədim papiruslara həsr olunub.

Sirakuzanın tarixi qəlbi materik hissəsindən körpü vasitəsilə çata biləcəyiniz Orticiya (Ortigia) adasıdır. Qədim divarlarla əhatə olunmuş köhnə şəhər dar küçələr, valehedici meydanlar və qədim binalarla zəngindir. Adanın əsas görməli yerlərindən biri qədim yunan Afina məbədinin xarabalıqları üzərində tikilmiş möhtəşəm Sirakuza Kafedral Kilsəsi və Artemida Fontanının yerləşdiyi Duomo meydanıdır. Bütün bunları piyada 4-5 saata gəzmək olar, lakin yay aylarında Orticiyada olsanız (avqustda temperatur 40 dərəcəyə çata bilər), turist avtobusu (10 avro) və ya kiçik qatar (5 avro) istifadə etmək daha yaxşıdır.

Əgər kifayət qədər vaxtınız varsa, Orticiyadan çoxsaylı turlara çıxa bilərsiniz: “Fontane Bianche” çimərliyi, Noto qoruğu (25 avro), “Türk pilləkənləri” (Scala dei Turchi) sahili, Alkantara çayı və dərəsində macəra gəzintisi (Gole Alcantara), həmçinin “Taormina Isola Bella” çimərliyi və Etna vulkanının zirvəsi (75 avro).

Lakin Sirakuzada yalnız bir gün vaxt keçirəcəksinizsə, Orticiyanın ətrafında şəffaf suyu olan bir neçə pulsuz şəhər çimərliyi tapmaq olar. Yeganə çatışmazlıq isə paltardəyişmə kabinələri və digər rahatlıqların olmamasıdır.

 

Yaşayış yeri axtarırıq

Son vaxtlar təkcə Kataniya ildə təxminən 1 milyon turist cəlb edir. Bu ikinci əhəmiyyətli Siciliya şəhərinə həm italyan, həm də xarici turistlər gəlir. Turistlərin təxminən 60-70 faizini xaricilər təşkil edir. Onların əksəriyyəti isə Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-dəndir. Təbii ki, yay ayları (iyun-avqust) Kataniyada turist axınının pik mövsümüdür. Lakin nəzərə almaq lazımdır ki, yayda Kataniyada və ümumiyyətlə, Siciliyada çox isti, bürkülü və rütubətli olur, dəniz isə “təzə sağılmış süd” kimidir. Buna görə də burada ən yaxşı turizm mövsümü yaz və payız ayları, xüsusilə may, sentyabr və oktyabr hesab olunur. Qış aylarında (noyabr-fevral) turist sayı azalır, lakin bu vaxt tez-tez yaşayış və ekskursiyalar üçün daha sərfəli təkliflər tapmaq olur.

Kataniyada büdcəli hostellərdən tutmuş lüks hotellərə qədər yaşayış yerləri ilə bağlı geniş variantlar var. İki nəfər üçün səhər yeməyi ilə və ya səhər yeməksiz büdcəli variantlar gecəsinə təxminən 50-80 avroya başa gələcək. Üstəlik, onlar şəhərin mərkəzində, dəmir yolu vağzalı və ya limana yaxın yerləşə bilər. Orta seqment hotellər iki nəfər üçün səhər yeməyi ilə gecəsinə orta hesabla 90-150 avro arasında olacaq. Yüksək səviyyəli xidməti olan lüks hotellər (4 və 5 ulduz) azı 150-230 avroya başa gələcək.

Kataniyada digər kifayət qədər rahat mənzillər də tapmaq olar. Məsələn, mərkəzə yaxın yerdə üç-dörd qonaq üçün bütün rahatlıqları olan kiçik mənzilləri 90-120 avroya kirayələmək mümkündür.

Əgər Kataniyada daşınmaz əmlak almaq istəsəniz, qiymətlər rayondan, mənzilin növü və vəziyyətindən asılı olaraq dəyişir. Şəhərin mərkəzində mənzilin 1 kvadratmetri 2000-3500 avrodur. Kənar və az prestijli rayonlar 1200-2000 avro arasında başa gələcək. Eyni zamanda mərkəzdə birotaqlı mənzili 600-900 avroya, kənarda isə 400-600 avroya aylıq kirayələmək olar.

 

Taorminanın cazibəsi

Kataniyadan təxminən 60 kilometr məsafədə, Siciliyanın şərq sahilində populyar turist istiqaməti olan Taormina yerləşir. Taorminaya avtobus və ya qatarla getmək olar. Qatar səyahəti (5,5 avro), adətən, 1 saat çəkir. Avtomobillə də eyni vaxta, avtobus ilə isə (4,8 avro) bir az çox müddətə çatmaq olar.

Əminliklə söyləyə bilərik ki, Taormina İon dənizinin mavi suları və füsunkar dağlar arasında gizlənmiş Siciliyanın incisidir. Adanın şərq sahilində yerləşən bu qədim şəhər tarix, mədəniyyət və inanılmaz mənzərələrin birləşməsini axtaran səyahətçilər arasında çoxdandır ki, məşhurluq qazanıb. Taorminada gəzintiyə yerli dəmir yolu stansiyasına çatan kimi başlamaq olar. Qatar biletini atmağa tələsməyin, çünki onunla ictimai nəqliyyatda mərkəzə pulsuz getmək olar. Yaxşı alternativ - şəhər avtobusudur. Avtobus səfəri zamanı gözəl mənzərələr görəcəksiniz. Buraya 1998-ci ildən Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən qorunan “Isola Bella” çimərliyi və təbiət qoruğu daxildir.

Qeyd etmək lazımdır ki, “Isola Bella” çimərliyi istirahət və üzmək üçün çox rahat deyil - sahil iri çınqılla örtülüb, dənizə giriş daşlıqdır. Lakin dəniz suyu qeyri-adi dərəcədə təmiz və şəffafdır. Çimərlik təkcə Taorminada deyil, həm də Siciliyada ən məşhur və gözəl çimərliklərdən biri hesab olunur. Bu füsunkar körfəz qayalarla əhatə olunub və materikdən dar bərzəxlə ayrılıb. Bura bəzən suyun altında qalaraq ada effekti yaradır. “Isola Bella”dan başqa, Taorminada inkişaf etmiş infrastrukturu və Etna vulkanına mənzərəsi olan “Mazzaro” (Mazzaro) və snorklinq və dayvinq həvəskarları üçün Letoya (Letojanni) kimi məşhur çimərliklər var.

Çimərliklərdə dincəldikdən sonra tarixi mərkəzin yerləşdiyi və dənizə və adaya gözəl mənzərələrin açıldığı Taorminanın yuxarı hissəsinə qalxa bilərsiniz. Bunun üçün funikulyora minmək lazımdır (bir tərəfə 6 avro). Yuxarı hissədə solda avtobus stansiyası olacaq, sağdakı yol isə mağazalar və restoranları olan mərkəzi küçələrə aparır. Onların ətrafında dolaşmaq üçün azı 3-4 saat vaxt ayırın. Həqiqətən, bundan zövq alacaqsınız.

Qeyd edək ki, Taorminanın əsası eramızdan əvvəl 3-cü əsrdə yunanlar tərəfindən qoyulub. Onun böyüklüyünə və şöhrətinə dair bir çox sübutlar qorunub saxlanılıb. Ən məşhur görməli yerlərdən biri Taormina Amfiteatrıdır. Bura Etna dağının və İon dənizinin heyrətamiz mənzərələrinə açılır və açıq havada konsertlərə ev sahibliyi edir.

Amfiteatrın yaxınlığında köhnə şəhərin qəlbi olan Duomo meydanı yerləşir. Burada Müqəddəs Nikolay Kilsəsi daxil olmaqla möhtəşəm memarlıq abidələri var. Meydanda Taorminanın zəngin tarixi və mədəniyyətini araşdıraraq sakitlik və rahatlıqdan zövq ala bilərsiniz.

Taorminanın tarixi abidələri arasında “Villa Comunale” bağları mərkəzdə yaşıllıq və sakitlik oazisidir. Burada ekzotik bitkilər, möhtəşəm fəvvarələr və ətraf ərazinin mənzərələri arasında gəzə bilərsiniz. Şəhərin tarixi və mədəniyyəti haqqında məlumat ala biləcəyiniz Taormina Muzeyini də unutmayın.

Taormina həmçinin regionun zəngin mədəni irsini əks etdirən kulinariya ənənələri ilə məşhurdur. Şəhərin çoxsaylı restoran və kafelərində dəniz məhsulları ilə pasta, kannoli və qranita kimi əsl Siciliya yeməklərini dada bilərsiniz. Kannoli deserti - riçotta kremli, çox vaxt şokolad damcıları və ya şəkərlənmiş meyvələrlə doldurulmuş şirin, xırçıldayan xəmir “borucuqlar”dır. Qranita isə meyvəli şərbətə bənzər, iri buz kristalları olan sərinləşdirici italyan desertidir.

 

Messinaya - dənizin inanılmaz çalarları olan yerə

Messina Siciliyanın ən qədim şəhərlərindən biridir və minilliklərə gedib çıxan zəngin tarixə malikdir. Şəhər romalılar, bizanslılar, ərəblər və normanlar daxil olmaqla bir çox istilaları yaşayıb. Eramızdan əvvəl VIII əsrdə əsası qoyulan şəhər dəniz yollarının kəsişməsində mühüm ticarət və strateji məntəqə olub. Bu gün də Messina Siciliyanın şimal-şərqində strateji əlverişli mövqeyi və gözəl dəniz sahili sayəsində Aralıq dənizində kruiz gəmiləri üçün mühüm dayanacaqdır. Şəhərdə müasir liman var və kruiz gəmiləri üçün körpülər və rahatlıqlarla təchiz edilib. Odur ki, bura sərnişinlər üçün rahat dayanacaqdır. Məhz buna görə də burada müntəzəm olaraq yüzlərlə turistlə böyük laynerlər yan alır. Şəhər sahil xətti və mərkəz limandan piyada məsafədədir ki, bu da Messina və ətrafını asanlıqla kəşf etməyə imkan verir.

Messina Kataniyadan təxminən 90 kilometr məsafədə yerləşir. Kataniya və Messina arasında gündəlik bir neçə avtobus reysi var. Həmçinin hər iki şəhəri 2 saata birləşdirən qatarlardan da istifadə edə bilərsiniz (9,70 avro).

Messinanı ziyarət edərkən turistlər çoxsaylı ekskursiya proqramları arasında seçim edə bilərlər. Lakin şəhərin əsas görməli yeri Duomo meydanında (Piazza del Duomo) yerləşən Kafedral kilsəsidir. O, XII əsrdə inşa edilib və 1908-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra bərpa olunub. Kilsə gözəl mozaikaları, reliktləri (xəzinə muzeyi) və möhtəşəm zəng mexanizmi ilə məşhurdur. Hər gün günorta saat 12-də turistlər və yerli sakinlər unikal astronomik və mexaniki tamaşa - musiqi və mexaniki nümayişlər göstərən “Sordo saatları”nı görmək üçün toplaşırlar.

Kafedralın qarşısında dəniz tanrısı Neptunun oğluna həsr olunmuş Orion fəvvarəsi (Fontana di Orione) yerləşir. O, ağ mərmərdən hazırlanıb və nağıllardakı personajlarla əhatə olunub.

Şəhərin turistləri Etna vulkanına qalxa, Siciliya şərab zavodlarına tur seçə, həmçinin dənizdə istirahət üçün yaxınlıqdakı çimərliklərə təşkil olunmuş səfərlər edə bilərlər. Burada dəniz mavi və firuzəyidən tünd-göyə qədər qeyri-adi çalarlara malikdir. Buna görə də Messinaya gələnlər çimərlikləri ziyarət etməyi səfərin vacib hissəsi hesab edirlər.

Ciardini-Naksos çimərliyi (Giardini Naxos) Messinadan 50 kilometr cənubda yerləşir. Amma bura qızılı qumları və kristal təmiz suyu sayəsində Siciliyanın ən məşhur və çox ziyarət edilən çimərliklərindən biridir. Çimərlikdə bütün rahatlıqlar var: şezlonqlar, çətirlər, restoranlar və kafelər. Bundan başqa, buradan Etna vulkanına gözəl mənzərə açılır ki, bu da istirahəti daha da gözəl edir. Messinadan bir qədər aralıda daha bir məşhur çimərlik – “Spiaggia di Sport Genovese” var. O, daha sakit və rahat yerləri üstün tutanlar üçün uyğundur. Çimərlik şəhər daxilində yerləşir və ora avtomobil və ya ictimai nəqliyyatla asanlıqla çatmaq olar. Növbəti çimərlik “Spiaggia dei Nebrodi” Messinadan təxminən 50-70 kilometr şimalda yerləşir. Vəhşi təbiəti və Nebrodi milli parkının yaxınlığındakı dağlarına möhtəşəm mənzərələri ilə məşhurdur.

Məşhur çimərliklərə getməyə vaxtınız yoxdursa, elə Messina sahil xəttində (Lungomare di Messina) gedə bilərsiniz. Burada təkcə isti Aralıq dənizi günəşi deyil, həm də Messina körfəzi və qonşu İtaliyanın Kalabriya sahilinə möhtəşəm mənzərələr var.

Bir sözlə, Kataniya sadəcə şəhər deyil, öz ziyarətçilərinə tarixin, mədəniyyətin, qastronomiyanın və təbiət gözəlliklərinin unikal birləşməsini təklif edən bütöv dünyadır. Onun hər guşəsi öz hekayəsini danışır və burada keçirilən hər an sizin unudulmaz təcrübənizin bir hissəsi olacaq!

 



MƏSLƏHƏT GÖR:

47