19 Dekabr 2024

Cümə axşamı, 11:48

QAÇILMAZ OLMAYAN MÜNAQİŞƏ

Rusiyanın nüvə doktrinasının yeni redaksiyası dünyaya nə vəd edir?

Müəllif:

15.10.2024

Son dövrlər ayrı-ayrı ölkə liderlərinin ritorikasında, diplomatik və akademik səviyyələrdə aparılan siyasi diskussiyalarda nüvə müharibəsinin başlaması ehtimalı haqda çox danışılır. Bu, heç də təsadüf olmamaqla yanaşı, həm də kifayət qədər narahatedicidir.

 

Moskva nüvə doktrinasını dəyişir

Ukraynanın NATO ölkələri tərəfindən təqdim olunan uzaqmənzilli silahlardan Rusiyanın dərinliyindəki hədəfləri vurması ehtimalının artması fonunda Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də kifayət qədər vacib sayılacaq bəyanatla çıxış edib. Dövlət başçısı bildirib ki, Moskva nüvə doktrinasını dəyişərək nüvə silahından istifadəni zəruri edəcək əsasların siyahısını əhəmiyyətli dərəcədə genişləndirir. Söhbət «Nüvə yayındırıcılığı sahəsində dövlət siyasətinin əsasları» adlı sənəddən gedir. Onun mövcudluğu haqda ilk dəfə 4 il əvvəl, Ukrayna müharibəsinin başlamasından iki il öncə, sənədin hazırkı redaksiyasının qəbulu zamanı açıqlama verilmişdi. Yəni Rusiya rəhbərliyi ölkənin ətrafında hərbi-siyasi vəziyyətin sürətlə dəyişdiyi şəraitdə nisbətən yeni olan bu sənədin də əsas maddələrinin köhnəldiyini düşünür və onların təkmilləşdirilməsinə, daha doğrusu, ciddi şəkildə dəyişdirilməsinə ehtiyac duyur.

Yeni sənəddə bildirilir ki, Rusiyaya qarşı hər hansı qeyri-nüvə dövlətinin nüvə dövləti tərəfindən dəstəklənərək və ya onun iştirakı ilə təcavüzü Rusiya Federasiyasına birgə hücum sayılır. Putin bildirib ki, nüvə silahının tətbiqi üçün «hərbi-kosmik vasitələrlə miqyaslı hücuma, yaxud dövlət sərhədlərinin keçildiyinə dair dəqiq məlumat»ın əldə edilməsi kifayət sayılacaq. Buraya Rusiya Federasiyası sərhədlərinin «strateji və taktiki aviasiya, qanadlı raketlər, pilotsuz uçuş aparatları, hipersəs və ya digər uçuş vasitələri ilə keçid» də daxildir.

Rusiya Federasiyasının Strateji Nüvə Qüvvələri və ya «nüvə triadası» ən nəhəng analoji qüvvə sayılır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Rusiya nüvə arsenalının həcminə görə dünyada liderdir. İnstitut bildirir ki, 2023-cü ilin yanvarına aid məlumata görə Moskva 4500 nüvə başlığına malik olub. Bu, ABŞ ilə müqayisədə 800 ədəd çoxdur. Ümumilikdə isə dünyada mövcud olan nüvə silahının təxminən 90%-i Rusiyanın payına düşür. Bu, dünyanın Moskvanın son qərarı haqda daha ciddi düşünməsini zəruri edir.

Bu gün Vaşinqton və müttəfiqlərinin Kiyevə Rusiyanın dərinliklərinə onların silahları ilə zərbə endirmək icazəsi verməməsinin başlıca səbəbi məhz Rusiyanın məhdud şəkildə olsa belə, nüvə arsenalından istifadə edə biləcəyi ehtimalıdır. Hər halda, belə razılıq rəsmən yoxdur. Amma onun gizli şəkildə verildiyi istisna olunmur.

 

Nüvə partlayışına «yox»

NATO-nun yeni baş katibi Mark Ryuttenin bu vəzifədə ilk bəyanatlarından biri də məhz bu mövzuda olub. Ukraynanın özünümüdafiə hüququnu dəstəklədiyini deyən Ryutte bildirib ki, NATO-nun hər bir üzvü Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsinin verilməsində sərbəst qərar qəbul etməlidir. Bununla, o, bu addıma görə kollektiv məsuliyyətdən boyun qaçırıb.

Bu məsələdə Qərb ölkələrini Rusiyanın gizli müttəfiqlərinin mövqeyi bir qədər sakitləşdirə bilər. Söhbət BRHÇC üzvlərindən gedir. Moskvanın nüvə doktrinasına dəyişiklik etmək qərarının açıqlanmasından sonra onlar Rusiyanı Ukraynaya nüvə zərbəsi endirməkdən və ya bununla hədələməkdən çəkinməyə çağırıblar. «Kütləvi qırğın silahından, xüsusilə nüvə, kimyəvi və bioloji silahlardan istifadə ilə hədələmədən imtina» çağırışının yer aldığı sənədi Çin və Braziliya ilə yanaşı, Boliviya, Türkiyə, CAR, Kolumbiya, Misir, İndoneziya, Qazaxıstan, Keniya, Zambiya və Əlcəzair də imzalayıb. Bəyanatda o da bildirilir ki, «mülki infrastruktur, o cümlədən AES və digər enerji obyektləri hərbi əməliyyatların hədəfinə çevrilməməlidir».

Hadisələri ilk günlərdən müşahidə edənlər üçün Qlobal Cənubu təmsil edən ölkələrin bu reaksiyası yenilik deyil. Məsələn, elə həmin Çin rəhbərliyi hərbi-siyasi məqsədlər üçün nüvə silahından istifadənin yolverilməz olduğunu dəfələrlə bəyan edib. Hələ ötən ilin iyununda Britaniyanın «The Financial Times» qəzeti Qərb və Çin məmurlarına istinadən yazırdı ki, Si Cinpinin Moskvaya 2023-cü ilin martında etdiyi səfər zamanı o, Rusiya Prezidenti Vladimir Putini Ukrayna münaqişəsində nüvə silahından istifadədən çəkinməyə şəxsən çağırıb. Yazıda bildirilirdi ki, nüvə silahından istifadənin yolverilməzliyi yenə də Pekinin istəyi ilə iki liderin birgə bəyanatına da salınıb.

Si Cinpinin Moskvanı bu çağırışa məhəl qoymayacağı təqdirdə bunun ikitərəfli münasibətlərdə nəzərə alınacağı ilə hədələdiyi belə, istisna olunmur.

 

Çin pis sülhü seçir…

İlk növbədə, anlamaq lazımdır ki, istənilən nüvə müharibəsi Çinin öz təhlükəsizliyinə də ciddi problemlər yarada bilər. Məlum olduğu kimi, Pekin Mərkəzi Asiya ölkələri ilə əlaqələrini gücləndirmək, Aİ ilə ticarət-iqtisadi münasibətlərin effektivliyini artırmaq üçün «Bir kəmər, bir yol» kimi təşəbbüslə çıxış edib, bütün detalları incəliklə işləyərək, bu proqram çərçivəsində nəhəng kommunikasiyalar sistemi qurub. Nüvə müharibəsinin bütün bu işlərin üzərindən xətt çəkməsi riski, əlbəttə ki, böyükdür. Bu gün Pekin üçün Birləşmiş Ştatlarla rəqabətin getdikcə dərinləşməsi fonunda Avropa ilə əlaqələr daha aktual xarakter alır. Mümkün nüvə müharibəsində Avropa hərbi əməliyyatların əsas poliqonuna çevrilə bilər.

Çinin özü də hələ qlobal nüvə qarşıdurmasına hazır deyil. Onun xarici siyasət doktrinasında Qərblə rəqabət önəmli fakt olsa da, o, Pekinin ABŞ ilə nüvə qarşıdurmasına getməsini, həmçinin ümumilikdə qlobal nüvə qarşıdurmasının iştirakçısına çevrilməsini nəzərdə tutmur. Birincisi, çinlilər nüvə başlıqlarının sayına görə Rusiya və ABŞ-dən xeyli geridədirlər. İkincisi, istənilən qlobal savaş Çinin dünyanın aparıcı iqtisadiyyatın çevrilmək səylərini poza bilər. Çünki bu, Pekinin əsas iqtisadi tərəfdaşlarının onunla effektiv tərəfdaşlığına çox ciddi zərbə vuracaq.

Ümumilikdə Çinin nüvə strategiyası «zəmanətli məhv» strategiyasıdır. O, Pekinin təcavüzkarın nüvə hücumunu əngəlləməsini, bundan sonra cavab zərbəsi ilə düşmənin hərbi əməliyyatları davam etdirmək imkanına son qoymasını nəzərdə tutur. Hazırkı nüvə arsenalı ilə qeyd olunan vəzifənin öhdəsindən gəlinməsi heç də asan görünmür.

Bütün bunlarla yanaşı, hər kəsə aydın olan mənzərəni Pekin də görür. Nüvə silahına malik dövlətlər bu potensiallarını getdikcə artırır, mümkün qlobal nüvə savaşına hazırlaşır. Belə bir vəziyyətdə Çin istəsə də, istəməsə də kənarda qala, sadəcə bəyanatlarla kifayətlənə bilməz. Belə ki, bu il sentyabrın 25-nə keçən gecə o, təlim başlıqlı qitələrarası ballistik raket sınağı həyata keçirib. Çin Müdafiə Nazirliyinin məlumatında deyilir ki, raket Sakit okeanda «dəqiq müəyyənləşdirilmiş nöqtəyə» düşüb.

Qeyd edək ki, çinli hərbçilər uzun illər sonra ilk dəfədir ki, sınaq istiqamətini dəyişərək, Sakit okeana tərəf çevriliblər. Onlar, adətən, sınaqları öz hava məkanları çərçivəsində həyata keçirirdilər. Çin qitələrarası ballistik raketləri Sintsyan regionundakı Takla-Makan səhrasında yerləşən poliqondan atır. Son belə səs-küylü sınaq 1980-ci ildə həyata keçirilmiş, o zaman 9070 kilometr uçan raket Sakit okeana düşmüşdü. İndi düz 44 il sonra eyni ssenarinin təkrarlanması mesaj kimi qəbul oluna bilər: qlobal nüvə müharibəsi ssenarilərini proqnozlaşdıranlar Pekini unutmamalıdırlar. Qeyd edək ki, okeana raket atılması üçün region ölkələri ilə əvvəlcədən əməkdaşlığa getmək tələb olunur. Odur ki, mesaj kifayət qədər konkret ola, Sakit okeanı hövzəsi ölkələrinə, ilk növbədə isə ABŞ və müttəfiqlərinə yönəlmiş ola bilər.

 

…Lakin müharibəyə hazırlaşır. Həm də tək Çin yox

Müxtəlif mənbələr bildirir ki, Çinin arsenalında 15 min kilometrədək məsafəni (Yerin ekvatorial çevrəsinin uzunluğu təxminən 40 min kilometrdir) qət edə bilən çox sayda qitələrarası ballistik raket var. Demək, Çin raketləri Sakit okeanı aşaraq ən uzaq məsafələrdə istənilən mümkün hədəfi vura bilər.

Pekin nüvə silahına, ilk növbədə, potensial təcavüzkarların qarşısının alınması vasitəsi kimi baxsa da, 2020-ci ildən ölkənin keçmiş yüksək rütbəli diplomatları və məmurları bu doktrinanın dəyişdirilə biləcəyinə eyhamlar vurmağa başlayıblar. Məsələn, bildirilir ki, ABŞ və müttəfiqlərinin Sakit okean regionunda hərbi mövcudluğunu artırmaları Pekini nüvə zərbəsini ilk endirən tərəf olmamaq prinsipinə yenidən baxmağa, onu yeni reallıqlara uyğunlaşdırmağa vadar edə bilər. Bəzilərinin fikrincə, Çinin nüvə silahından istifadəyə yanaşmasını dəyişməsi «Tayvan məsələsi»nin güc yolu ilə həllinə mümkün cəhdlərindən də irəli gələ bilər. Onların fikrincə, Çin Ukrayna və Yaxın Şərq istiqamətlərində vəziyyətin daha da ağırlaşacağı təqdirdə Tayvan və Cənubi Çin dənizində miqyaslı hərbi əməliyyatlara başlamağa hazır olduğunu nümayiş etdirməyə çalışır. Bununla yanaşı, bu, ABŞ və Yaponiyanı «əl-qolunu bağlamağa» da hesablana bilər.

Lakin Çin Müdafiə Nazirliyi 2022-ci ilin dekabrında bir açıqlama ilə də çıxış edib: əvvəlki strategiya qüvvədə qalır, Pekin nüvə arsenalını «minimal» həddə saxlayır və nüvə silahı yarışına qoşulmur.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə daha konkret danışır. O, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin tələbələri ilə görüşdə bildirib ki, ölkəsinin hücuma məruz qalacağı təqdirdə Minsk Rusiya ilə müqavilə əsasında Belarus ərazisində yerləşdirilmiş nüvə silahından istifadə edəcək. Lukaşenko hesab edir ki, Minskin bu addımı atmasından sonra Moskva nüvə münaqişəsinə qarışmaq məcburiyyətində qalacaq.

NATO-nun yeni seçilmiş baş katibi Mark Ryutte isə dünyanı Rusiyanın nüvə təhdidlərinə fikir verməməyə çağırıb, müttəfiqlərin nüvə silahı təhlükəsi hiss etmədiklərini deyib.

Onun haqlı çıxmasını çox istərdik.



MƏSLƏHƏT GÖR:

44