Müəllif: Sənan ŞƏFİZADƏ
Paris Olimpiadasından sonra Azərbaycan boksunda gözlənilən dəyişiklik baş verdi. Yay Olimpiya Oyunlarında qazanılan 1 gümüş medalı qənaətbəxş hesab etməyən Azərbaycan Boks Federasiyası kubalı məşqçilərlə müqaviləni artırmadı. Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi özbəkistanlı Ravşan Xocayev oldu.
44 yaşlı mütəxəssis Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib. 2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. Beynəlxalq Boks Assosiasiyasının 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistanın Əməkdar məşqçisidir. “Dostluq” ordeni ilə təltif edilib, 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.
Kubalının uğursuz fəaliyyəti
Müqavilə müddəti başa çatan kubalı Pedro Rokenin işi ölkə boksuna fayda vermədi. Paris Olimpiadasında milliləşdirilmiş Alfonso Dominges (92 kq) gümüş medal qazandı. 2021-ci ildə baş tutan Tokio Olimpiadasında A.Dominges üçüncü yeri tutdu. 2016-cı ildə Braziliyada keçirilən olimpiadada digər kubalı Lorenso Sotomayor Azərbaycana gümüş medalla qayıtdı. Həmin yarışda boksla məşğul olmağa Qazaxıstanda başlayan Kamran Şahsuvarlı da bürünc medal əldə etdi. 12 il əvvəl London Olimpiadasında da boksdan medalları yerli idmançılar qazanmadı. Dağıstanlı Məhəmmədrəsul Məcidov və Rusiyadan dəvət olunan Teymur Məmmədov London Olimpiadasında bürünc medalçı oldu. 2000-ci ildən etibarən boksçular bütün olimpiadalarda medal qazanmağı bacarıblar. Amma 2012-ci ildən bu növdə mükafatları digər ölkələrdən dəvət olunan milliləşdirilmiş idmançılar və ya xaricdə formalaşan boksçular əldə edib. Bu zaman sual yaranır: Pedro Rokenin rəhbərlik etdiyi məşqçi heyəti ölkə boksuna nə verib? Planetin ən böyük yarışında Azərbaycan boksu üçün medalları kubalılar qazanırsa, deməli, yerli boks məktəbi tənəzzülə uğrayıb.
Azərbaycan hər zaman boksda güclü idmançılarla seçilib. Sadəcə son on ildə ölkənin əsas yığmasında daha çox əcnəbi idmançılar çıxış edir. Nəticələr göstərir ki, yeniyetmələr və gənclərdə istedadlı boksçular var. Amma həmin dəri əlcək sahibləri əsas komandaya yüksəlməklə çətinlik çəkir. Səbəb boksçuların hazırlıq planının düzgün tərtib olunmamasıdır. Peşəkar məşqçi heyəti gənclərdə uğur qazanan boksçuların əsas komandaya yüksəlməsinə kömək etməlidir. Bizdə isə əsas komandada bütün diqqət Pedro Rokenin həmyerlilərinə - kubalı idmançılara yönəlib. Kubalı məşqçi yeni yerli boksçuları hazırlamaq əvəzinə, vətənində formalaşan idmançıları dəvət edir. O çalışırdı ki, olimpiya medallarına görə yüksək pul mükafatları məhz həmyerlilərinə çatsın. Kubalı məşqçi Azərbaycanda işlədiyi müddətdə ölkə boksuna heç bir fayda vermədi. Əksinə çoxlu sayda istedadlı gənclərin əsas komandaya vəsiqə qazanmasına mane oldu.
Özbək amili
Tamamilə məntiqlidir ki, Azərbaycan Boks Federasiyası yaranmış vəziyyəti düşünüb, baş məşqçinin dəyişdirilməsinin zəruri olduğu qənaətinə gəlib. Nəticədə, bu məsul posta Özbəkistandan məşqçi dəvət olunub. Paris Olimpiadasında özbək boksçuların əldə etdiyi nəticələr bütün dünyanı təəccübləndirib. Kişi boksçuların yarışında yeddi çəkidən beşində Özbəkistan idmançıları çempionluq sevinci yaşayıb. Üstəlik, Özbəkistan komandasının heyətində yalnız yerli idmançılar mübarizə aparıb. Son illər özbək boksundakı inkişaf təkcə əsas komandada deyil, həm də yeniyetmə və gənclərdə özünü göstərir. Analoji inkişaf strategiyasını Azərbaycanda həyata keçirmək üçün Ravşan Xocayev dəvət olunub.
1904-cü ildə ilk olimpiadadan bu günə qədər bütün yarışlarda proqrama daxil olan boks indi çətin dövrlərini yaşayır. Dünya boksunun gələcəyi çoxlu sayda cavabsız suallar yaradır. Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Boks Assosiasiyası arasında qalmaqal bu idman növünün inkişafını ləngidir. Artıq Beynəlxalq Olimpiya Komitəsi boks ictimaiyyətini narahat edən addım atıb. Bu idman növünün 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları proqramından çıxarıldığı bəyan edilib. Bu məsələ ilə bağlı son qərar 2025-ci ildə veriləcək.
Xatırladaq ki, BOK İBA-nı 2023-cü ildə tanımaqdan imtina edərək, Paris-2024-də boks yarışını özü təşkil edib. Hər iki qurum arasında ciddi problem var. BOK İBA-nı maliyyə şəffaflığı olmamağa, dünya çempionatlarına pul mükafatı ayırmağa görə tənqid edərək boksu 2028-ci il olimpiadasından çıxarmağa qərar verib. BOK tələb olunan standartlara əməl olunacağı durumunda bu idman növünün proqrama daxil ediləcəyini bəyan edib.
MƏSLƏHƏT GÖR: