11 Dekabr 2024

Çərşənbə, 23:34

KATOLİK KİLSƏSİNİN QƏLBİNDƏ

İnsanlığın yaddaş qoruyucuları

Müəllif:

01.11.2024

Vatikan İtaliya paytaxtının mərkəzində yerləşən müstəqil dövlətdir. Bura Roma Katolik Kilsəsinin ruhani və inzibati mərkəzi, Roma Papasının iqamətgahıdır. Cəmi 44 hektar ərazini əhatə edən Vatikan dünyanın ən kiçik dövlətidir, lakin onun dünya siyasətinə, dinə, hətta mədəniyyət və incəsənətə təsiri ərazisi ilə müqayisə edilməzdir.

 

Tarixdən gələcəyə

Vatikanın tarixi erkən xristianlığa gedib çıxır. Rəvayətə görə, İsa Məsihin həvarilərindən biri olan Müqəddəs Pyotr bu ərazidə çarmıxa çəkilib və onun məzarı üzərində ilk Müqəddəs Pyotr kilsəsi tikilib. XIV əsrdə papalar Fransadakı Avinyonu iqamətgahları kimi nəzərdən keçirməyə başlasalar da, 1377-ci ildə yenidən Romaya qayıdıblar ki, bu da papalığın hakimiyyətinin güclənməsinə gətirib çıxarıb. 1929-cu ildə Müqəddəs Taxt-Tac və İtaliya dövləti arasında uzun münaqişələrə son qoyan və Vatikanı müstəqil dövlət kimi təsdiqləyən Lateran sazişi imzalanıb.

Hazırda Vatikan dünyada bir milyarddan çox katolik üçün mənəvi mərkəzdir. Katolik kilsəsinin başçısı kimi Roma Papası kilsə siyasətinin formalaşmasında və digər dinlərlə qarşılıqlı əlaqədə əsas rol oynayır. Onun müraciətləri və qərarları katoliklər üçün böyük əhəmiyyət kəsb edir və sosial və siyasi məsələlərə təsir göstərir.

Vatikan beynəlxalq siyasətdə də fəal iştirak edir. O, BMT-də müşahidəçi statusuna malikdir və bir çox dövlətlərlə, o cümlədən Azərbaycanla diplomatik əlaqələri inkişaf etdirir. Bu halda təkcə siyasi qarşılıqlı əlaqələr deyil, həm də humanitar əməkdaşlıq əlavə səviyyədə saxlanılır. Xüsusilə Heydər Əliyev Fondu ilə.

Ümumiyyətlə, Vatikan unikal memarlığı və tarixi abidələri ilə məşhurdur. Bernini kolonnadası ilə əhatə olunmuş Müqəddəs Pyotr meydanı kütləvi ibadətlər və ictimai tədbirlər üçün məkan rolunu oynayır. Kolonnada möhtəşəm döngə yaradan 284 sütun və 88 pilondan ibarətdir. Bu, Müqəddəs Pyotrun inanclı insanlara açdığı qucağı simvolizə edir. Bu memarlıq kompozisiyası meydanın giriş hissəsini təsirli edir və Müqəddəs Pyotr Kafedralının ümumi ansamblının mühüm hissəsi kimi xidmət edir.

Burada əsas görməli yer məhz kafedraldır. Xristianlığın ən böyük məbədlərindən biri olan bu kilsə öz günbəz arxitekturası və zəngin interyeri ilə məşhurdur. Mikelancelo tərəfindən layihələndirilmiş günbəz Romanın ən hündür nöqtələrindən biri və dünyanın ən böyük günbəzlərindən biridir. Kilsənin daxilində Mikelancelonun “Pyeta” daxil olmaqla bir çox şedevrləri var. “Pyeta” heykəlində İsa peyğəmbərin cəsədi Məryəmin qolları üstə təsvir olunub. Bu, heykəltaraşın imzasını qoyduğu yeganə əsərdir. Onu kafedralın hissələrindən biri olan xüsusi vitrində görmək olar. Bu da heykəli zədələnmədən və dağılmadan qorumağa imkan verir.

Ümumiyyətlə, kafedral bir çox mühüm mərasimlərin, o cümlədən papaların tacqoyma mərasimlərinin və mühüm dini hadisələrin keçirildiyi məkandır. Onun altında katakomba və qədim məzarlıqlar, o cümlədən Müqəddəs Pyotrun məzarı var. Bu da onu katoliklər üçün vacib ziyarətgaha çevirir. Məhz Müqəddəs Pyotr Kafedralı hər il 7 milyondan çox turist və zəvvarı cəlb edərək mənəvi həyat və mədəniyyət mərkəzinə çevrilir.

Kafedrala giriş pulsuzdur. Lakin böyük növbədə dayanmalı olacaqsınız. Bəzi internet platformaları, o cümlədən Vatikanın rəsmi saytı kilsəyə növbəsiz giriş hüququ verən satır. Biletlərin qiyməti biletlər 20-30 avrodur. Növbələr böyük və uzun görünsə də, insanlar kifayət qədər sürətlə hərəkət edirlər. Adətən, 1-1,5 saatdan çox gözləmək lazım olmur. Amma “növbəsiz biletlər” satmaq üçün bilet satış saytları hətta yarım gün gözləmək lazım olacağı barədə “qorxulu hekayə”lər yayırlar.

 

Unikal qvardiyaçı

Vatikanın bəzi yerlərində qəribə formalı hərbçiləri görmək olar. Bu, İsveçrə qvardiyasıdır: zəngin tarix və ənənələrə malik olan məşhur Vatikan mühafizəsi. Qvardiya 1506-cı ildə II Papa Yuli tərəfindən Roma Papasını, Müqəddəs Taxt-Tacı qorumaq və bu qurumun ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.

Əvvəlcə qvardiya hərbi şücaəti və sədaqəti ilə tanınan İsveçrə muzdlularından ibarət idi. Hazırda qvardiyada İsveçrə vətəndaşı və katolik olan 135 nəfər xidmət edir. Qvardiyada xidmət etmək üçün hərbi iş və kilsə etikasının daxil olduğu xüsusi kurslardan keçmək lazımdır.

Qvardiyaçılar xarakterik zolaqların və gerbin təsvir olunduğu parlaq uniformaları ilə seçilirlər. Onların geyimi XVI əsrin əvvəllərində hazırlanıb və bu günə qədər dəyişməyib. Qvardiyanın gerbində İsveçrə bayrağının rəngləri (qırmızı və ağ) və papalıqla bağlı simvollar təsvir olunub.

Qvardiya gündəlik xidmətlə yanaşı, tacqoyma və messalar daxil olmaqla rəsmi mərasim və təntənələrdə iştirak edir. Üstəlik, qvardiyaçılar işdən çıxarılmayacaqları təqdirdə ömürlərinin sonuna qədər xidmət etməyi öhdələrinə götürürlər.

 

Vatikan haqqında maraqlı faktlar

Vatikan cəmi 44 hektar ərazini əhatə etdiyinə görə o, planetin ən kiçik müstəqil dövlətidir. Onun daimi əhalisi təxminən 800 nəfərdir, onların əksəriyyəti isə keşişlər və kilsə rəhbərliyinin üzvləridir.

Statistikaya görə, sakinlərin son dərəcə az sayda olması səbəbindən burada adambaşına düşən cinayətlərin sayı ən yüksəkdir. Bunların əksəriyyəti turistlərin özləri tərəfindən törədilən xırda cinayətlər və ya cibgirlikdir.

Vatikan sakinləri şərab içməyi çox sevirlər: adambaşına düşən istehlak səviyyəsi dünyada ən yüksəkdir - ildə 74 litrə qədər. Bu rekord da əhalinin az sayı və dini mərasimlər üçün lazım olan çoxlu miqdarda şərabla bağlıdır.

Vatikan rəsmi dilin latın dili olduğu dünyanın yeganə dövlətidir. Burada hətta latın dilində bankomat var. Bununla belə, gündəlik həyatda Vatikanda italyan dilindən istifadə olunur.

Papa Fransisk dindarlarla ünsiyyət qurmaq və mesajlarını paylaşmaq üçün “Twitter” və “Instagram” kimi sosial şəbəkələrdən fəal istifadə edir.

Bu ölkədə “Vatikan məxfi arxivləri” kimi tanınan böyük arxiv sənədləri var. Burada on iki əsrdən çox tarixi əhatə edən sənədlər saxlanılır. Həmçinin ən bahalı sikkələrdən biri olan “Vatikan dukatı” var. O, 1929-cu ildən dövriyyəyə buraxılır və üz tərəfində Roma Papası təsvir olunub. 2011-ci ildə bu dukat hərracda 5,8 milyon dollara satılıb.

Burada filatelistlər arasında məşhur olan öz poçt xidmətləri var. Vatikan tərəfindən buraxılan bəzi markalar əsl nadir nümunələrə çevrilib.

Diqqətəlayiq haldır ki, burada əhalidən vergi tutulmur ki, bu da dövləti bu baxımdan unikal edir.

Pontifikin Vatikan və digər İtaliya şəhərləri arasında hərəkəti üçün istifadə olunan papa qatarını da qeyd etmək lazımdır.

Konklavların keçirildiyi Sikstin Kapellası isə dünyanın ən məşhur incəsənət əsərlərindən biri olan freskaları ilə məşhurdur.

 

Ən çox ziyarət edilən muzeylər

Hər il Vatikan milyonlarla turist cəlb edir, onun muzeyləri dünyada ən çox ziyarət edilənlərdir. Təsəvvür edin ki, təkcə bu cırtdan dövlətin muzeyləri bir gündə təxminən 20-25 min ziyarətçi qəbul edir. Burada Rafael, Mikelancelo, Cotto və Karavacco kimi rəssamların əsərləri daxil olmaqla 70 mindən çox sənət əsəri saxlanılır.

Vatikan kitabxanalarında dünyanın ən böyük əlyazma kolleksiyası - 1,1 milyondan çox kitab və 75 min əlyazma var. Bunların arasında indiyədək məlum olan ən qədim Bibliya mətni də var. Geniş incəsənət kolleksiyasına təkcə rəsmlər deyil, həm də heykəllər və antik əşyalar daxildir.

Vatikan və onun muzeylərində incəsənət əsərlərinin qiymətləri hər zaman ictimaiyyətə açıq deyil. Vatikan kolleksiyalarını satmır, çünki onlar onun mədəni və dini irsinin bir hissəsidir. Bununla belə, bəzi sənət əsərlərinin dəyəri onların tarixi əhəmiyyəti, vəziyyəti, müəllifliyi və digər amillər əsasında qiymətləndirilə bilər. Bəzən şəxsi kolleksiyalarda olan və Vatikanla əlaqəli olan bəzi əsərlər hərraclarda görünə bilər. Yalnız bu zaman onların dəqiq qiymətləri məlum olur. Məsələn, Rafael və ya Mikelancelonun əsərləri milyonlarla dollara satıla bilər.

Roma Papasının qızıldan olan taxtı ilə bağlı çoxlu dedi-qodular gəzir. Bəzi mənbələr göstərir ki, 310 funt (təxminən 140 kq) çəkisi olan qızıl taxtın real qiyməti təxminən 6,4 milyon dollar ola bilər. Lakin ekspertlərin qeyd etdiyi kimi, taxtın dəyəri onun hazırlandığı materialla deyil, Vatikana və Roma Papasına məxsus olması ilə müəyyən edilir. Məhz bu, onun əsas dəyərini təşkil edir.

İzdihamdan qaçmaq üçün görməli yerləri günün əvvəlində, ya sonunda, həftə ortasında və ya Romada turizm mövsümünün aşağı olduğu qış aylarında ziyarət etmək daha yaxşıdır. Qeyd edildiyi kimi, Müqəddəs Pyotr Kafedralına giriş pulsuzdur. Ümumiyyətlə, bir neçə bilet variantı mövcuddur (75 avroya qədər) ki, bu da sizə giriş hüququ verəcək (növbəsiz biletlər, ekskursiyalar və kombinasiya edilmiş biletlər). Ən ucuzu 31 avroya başa gələcək. Bu, muzeylərə növbəsiz giriş təmin etdiyi üçün ən populyar variantdır. Vatikan muzeylərinin biletlərinə həmişə çox yüksək tələbat var. Buna görə də son dəqiqə məyusluqlarından və ya satılmış tarixlərdən qaçmaq üçün biletləri planlaşdırılan ziyarət tarixindən bir neçə ay əvvəl sifariş etmək tövsiyə olunur. Yadınızda saxlayın: Vatikan muzeylərini hər ayın son bazar günü pulsuz ziyarət etmək olar.

Yeri gəlmişkən, onları ziyarət etmək üçün ciddi dress-kod qaydaları var. Yəni bu muzeyləri ziyarət edərkən təvazökar geyim geyinmək tövsiyə olunur. Belə ki, dizlər (şort və dizüstü ətək olmaz), çiyinlər örtülü olmalıdır (qolsuz geyimlər və köynəklər olmaz). Açıq, cəlbedici geyim geyinmək olmaz, qarın örtülü olmalıdır, papaq və kepkaları çıxarmaq lazımdır. Tələblərə əməl etməyən ziyarətçilərin girişinə icazə verilməyə bilər.

 

Əsas şedevrlər

Vatikan muzey kompleksini tam gəzmək üçün bir həftə belə kifayət deyil. Kompleks 1400 zalda yerləşən təxminən 70 min sənət əsərini əhatə edən 54 muzey və qalereyadan ibarətdir. Papalar XV əsrdən etibarən incəsənət kolleksiyalarını aktiv şəkildə toplamağa başlayaraq müasir Vatikan muzeylərinin əsasını qoyublar.

Vaxta qənaət etmək üçün ekspertlər əsas görməli yerlərə diqqət yetirməyi tövsiyə edirlər. Bu, məşhur “Adəmin yaradılışı” daxil olmaqla Mikelancelonun 500-dən çox freskası ilə məşhur olan Sikstin Kapellasıdır. Bundan başqa, bu kapellada mehrabın divarını bəzəyən “Məşhər günü” freskaları var. Papa konklavının müqəddəs məkanı olaraq, kapella mühüm dini əhəmiyyətə malikdir.

“Rafael otaqları” isə din, fəlsəfə və poeziya mövzularını əhatə edən, rəssamın möhtəşəm freskalarının nümayiş olunduğu dörd bitişik otaqdan ibarətdir. Ziyarətçilər Rafaelin üslubunu onun rəqibi Mikelancelonun işləri ilə müqayisə edə bilərlər.

Pinakotek qalereyası XII-XV əsrlərin intibah və barokko dövrünün sənət əsərləri ilə məşhurdur. Burada Ciottonun unikal “Stafaneski Triptix” və İsa Məsihin göyə yüksəlişini təsvir edən Rafaelin məşhur “Transformasiya” əsərini görə bilərsiniz.

Pio-Klementino Muzeyi XVIII əsrdə Papa II Yuliyin şəxsi kolleksiyasından müxtəlif sənət əsərlərini əhatə edən ən böyük Vatikan muzeyidir. Rotonda zalında bənövşəyi porfirdən hazırlanmış “Neron Vannası”, həmçinin Belvedere Apollonu və Belvedere Torsu kimi məşhur qədim Roma heykəlləri var.

“Bramante pilləkəni” Donato Bramante tərəfindən yaradılmış ikiqat spiral pilləkəndir. Orijinala giriş bağlıdır, lakin siz onu yuxarıdan və Pio-Klementino Muzeyində Cüzeppe Momo tərəfindən hazırlanmış surətini görə bilərsiniz.

İkinci mərtəbədə yerləşən “Xəritələr” qalereyası 1581-ci ildə XIII Qriqorinin sifarişi ilə yaradılmış İtaliyanın regionlarının 40 böyük xəritəsindən ibarətdir. Onlar müstəsna və coğrafi cəhətdən dəqiqdir.

57 akr ərazini əhatə edən, fəvvarələr, heykəllər və müxtəlif bitkilərlə zəngin olan Vatikan bağlarını ziyarət etməyi unutmayın. Bu möhtəşəm kompleksdə rahat hərəkət üçün Vatikan muzeylərinin xəritəsini almaq məsləhətdir.

Vatikanda məhdud infrastruktura malik kiçik əraziyə görə restoran və hotellər yoxdur. Lakin bu unikal dövləti ziyarət edən turistlərə və zəvvarlara xidmət göstərən çoxlu restoran, kafe və hotellər Romada, yəni yaxınlıqda yerləşir. Onların çoxu Vatikandan piyada məsafədədir ki, bu da turistlər üçün əlverişlidir.

Vatikan təkcə dini mərkəz deyil, həm də xüsusi mədəni, tarixi və siyasi fenomendir. Onun təsiri kiçik ölçülərindən çox uzaqlara yayılır və o, dünya üzrə milyonlarla insanın həyatında mühüm rol oynamağa davam edir. Vatikan onun zəngin tarixi və əhəmiyyətini dərk etməyə can atan turistləri, tədqiqatçıları və dindarları cəlb edir.



MƏSLƏHƏT GÖR:

39