11 Dekabr 2024

Çərşənbə, 22:32

AVROPALILARIN TOPLANTISI

Aİ sammiti – Avropa ümidlərinin iflası?

Müəllif:

01.11.2024

Postsovet auditoriyasının Avropa İttifaqı sammitlərinə münasibətinin necə dəyişdiyini müşahidə etmək maraqlıdır. Əvvəllər, «Şərq tərəfdaşlığı» ifadəsi siyasi leksikona yeni daxil olduqda Avropaya ümidlər pikdə idi. Aİ-nin Brüsseldə keçirilmiş növbəti sammitini isə «Avropa ümidlərinin iflası sammiti» adlandırmaq olar.

 

Ukraynaya kömək edəcəklər, amma…

Brüssel sammitinə dəvət olunmuş Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə öz «Qələbə planı»nı təqdim edib. Ona kifayət qədər vədlər də verilib. «Biz nəyin bahasına olursa olsun, sonadək bir olacağıq. Bilirik ki, sizin böyük hərbi və maddi dəstəyə ehtiyacınız var və bu yardımlar təcilidir. Ukrayna xalqına miqyaslı hərbi və maddi yardımı sürətləndirməyin yollarını nəzərdən keçiririk», - deyə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel hələ sammitdən əvvəl Zelenskiyə bildirib.

Aİ sammitinin yekun sənədlərində isə «Ukrayna əhalisinin və kritik enerji infrastrukturunun müdafiəsi üçün vacib və təcili olan hərbi dəstəyin gücləndirilməsinə, silah, xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsinə» çağırışlar yer alıb. Amma Kiyev hələ də avropalılardan vəd olunduğu qədər silah-sursat ala bilmir.

Kiyevə hərbi yardım məsələsi ən müxtəlif meydançalarda müzakirə olunur. NATO-da, Avropa İttifaqında, «Ramştaynda»… Amma real yardım kəmiyyətinə görə müzakirələrdə ifadə olunandan çox fərqlənir. Məsələn, 65 milyard avroluq yardım məsələsi Aİ daxilindəki fikir ayrılıqları üzündən hələ də həllini tapmayıb. Bəzi ölkələr hesab edir ki, Ukraynaya birbaşa hərbi dəstək verməməlidir. Brüsseldə Ukraynaya Dəstək Fonduna ödəmələrin könüllülük əsasında olması təklifləri eşidilir. Lakin Avropa bürokratiyası bu məsələni yalnız ilin sonlarında həll edə biləcək. Halbuki Kiyev hələ də Avropanın hərbi yardımına ciddi ehtiyac duyur. Nəzəri baxımdan düşünmək olar ki, Aİ hərbi təşkilat deyil, amma Kiyevə qeyd edilən vədləri məhz bu təşkilat verir.

Ukraynaya «G7» tərəfindən verilmiş 50 milyard avroluq kredit də hələ ki, «görünmür». Onun 35 milyardı məhz Aİ-nin payına düşməlidir. Amma burada da Brüssellə Vaşinqton fikir ayrılıqları yaşayır: avropalılardan Rusiyaya 6 aylıq deyil, 36 aylıq sanksiyaların tətbiqi tələb olunur. Avropa isə yenə razılığa gələ bilmir. Ukrayna isə bütün bu bürokratik əngəllərə sözün birbaşa mənasında, qanla cavab verir.

 

Ehtiyatlı olun, qapılar bağlanır

Bu arada, Gürcüstan trekində baş verənlər əsl sensasiyadır. Brüssellə Tbilisi arasında münasibətlər əməlli-başlı «laxlayır». Bu dəfə Tbilisinin ünvanına ittihamlar tam fərqli səviyyəyə qalxıb. Avropa İttifaqının sammitində Gürcüstan Avropa dəyərlərini pozmaqda günahlandırılıb və onun Aİ-yə qəbulu prosesinin faktiki olaraq, qapandığı bildirilib. Ali səviyyədə görüşün yekun sənədlərində bildirilir ki, «Avropa İttifaqı Şurası Gürcüstan hökumətinin Aİ-nin əsaslandığı dəyərlər və prinsiplərə zidd siyasətindən ciddi narahatlıq keçirir. Bu kurs Gürcüstanın Avropa yolunu bağlayır və faktiki olaraq, onun Aİ-yə üzvlüyü prosesini dondurur». Prosesin hansı halda bərpa oluna biləcəyi də açıqlanıb. Tbilisidən «Avropaya inteqrasiya prinsiplərinə uyğun demokratik, hərtərəfli və dayanıqlı islahatlar» tələb olunur.

Aİ-nin Gürcüstana etirazı «demokratik, hərtərəfli və dayanıqlı islahatlar» tələbilə bitmir. Tbilisidə Aİ-nin LGBT üzvlərinin hüquqları ilə bağlı tələbləri daha kəskin müzakirə edilir. Bu, kifayət qədər mübahisəli və ağrılı məsələdir. Qeyd olunmalıdır ki, bu məsələyə Aİ ölkələrinin özlərində belə, münasibət birmənalı deyil. Odur ki, Tbilisi ilə dialoqda məhz bu məsələyə «ilişməyin» nə qədər doğru olub-olmadığı özü də bir o qədər mübahisəlidir.

Daha bir problem Aİ və ABŞ-nin Gürcüstan hökumətindən QHT-lərin şəffaflığı ilə bağlı qanunvericilikdə dəyişikliklər tələbidir. Tbilisi haqlı olaraq bu sektoru, daha doğrusu, onun xarici qrantlar hesabına yaşayan bir hissəsini ölkədə müxtəlif təxribatlar hazırlamaqda, yaxud az qala ikinci «rəngli inqilab» təşkil etmək cəhdində şübhəli bilir. Odur ki, hökumət bu məsələdə güzəştə getməyi düşünmür.

Bundan başqa, Qərbin aparıcı güc mərkəzləri, ilk növbədə, Aİ və ABŞ Gürcüstandan Rusiyaya qarşı sanksiyalar rejiminin daha ciddi dəstəklənməsini tələb edir. Tbilisi bununla da razılaşmır. Birincisi, bu ölkədə hesab edirlər ki, sanksiyalara qoşulmaq elə Gürcüstanın öz iqtisadiyyatına ciddi zərbə vuracaq, ikincisi isə Tbilisi Aİ üzvü deyil.

Gürcüstan Moskva ilə qarşıdurmaya getmək də istəmir. Burada 2008-ci ilin «beş günlük müharibə»sini yaxşı xatırlayırlar. O zaman Avropa Gürcüstanda Saakaşvilinin rəhbərlik etdiyi hakimiyyəti və aparılan islahatları alqışlayırdı. Amma müharibə zamanı Tbilisi onlardan heç bir yardım görmədi. O günlərdə Avropa Rusiyaya sanksiyalar da tətbiq etmədi, hətta Gürcüstana atəşkəs razılaşması heç də ən yaxşı şərtlərlə təklif olunmadı. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Hillari Klinton üzərində «Peregruzka» yazılmış rəmzi düyməni təntənəli şəkildə basaraq, Rusiya-Qərb münasibətlərində «yenilənmə»yə başlanıldığını elan etdilər.

Amma bu «yenilənmə» də uzun sürmədi – 2014-cü ildə onu «Krım bizimdir» əvəzlədi, 2022-ci ilin fevralından sonra isə Moskva ilə Qərb arasında qarşıdurma pik həddinə çatdı. İndi Gürcüstan 2008-ci ilin hadisələrindən lazımi nəticəni çıxarıb: «rus ayısı»nı qızışdırmağa ehtiyac yoxdur. Üstəlik, ölkənin başı üzərində NATO üzvlüyü kimi «çətir» də yer almır. Bundan başqa, Aİ-nin Gürcüstanla bağlı qərarlarında onu «yerinə otuzdurmaq», itaətə məcbur etmək cəhdləri kifayət qədər açıq görünür. Postsovet məkanında vəziyyət isə çox dəyişib.

 

«Moldova xəbərdarlığı»

Formal olaraq Moldovada keçirilən prezident seçkisinin Aİ sammitinə birbaşa aidiyyəti yoxdur. Bu ölkədə səsvermə ilə paralel, referendum da keçirilirdi və seçicilər Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyib-dəstəkləmədiklərinə cavab verməli idilər.

Doğrudur, Moldovanı hələ ki Aİ-yə dəvət edən olmayıb. O, birliyin «Şərq tərəfdaşlığı» proqramının iştirakçısı olsa da, Aİ-yə üzvlük kifayət qədər uzun prosesdir. Güman etmək olar ki, Moldova Prezidenti Mayya Sandu iki səsverməni eyni vaxta «Avropa arzuları» fonunda öz reytinqini artırmaq üçün salıb.

Lakin referendumun nəticəsi şok effekti yaradıb.  Moldovada Avropaya inteqrasiya arzusunda olanlar 50%-dən azca çox imiş. Əlbəttə, bu, formal olaraq qələbədir. Reallıqda isə yəqin ki, əməlli-başlı iflas sayıla bilər – Moldovadakı qərbpərəstlər və xanım Sandudan çox, Avropa bürokratiyasının özü üçün. Bəli, postsovet məkanında Avropa perspektivi ilə bağlı məyusluq getdikcə artır.

Bir vaxtlar «Avropaya inteqrasiya», «Avropa perspektivləri» kimi ifadələr postsovet məkanı vətəndaşlarına sanki ovsunlayıcı təsir bağışlayırdı. Kimlərsə Avropaya inteqrasiyası Rusiyanın inteqrasiya layihələrinə alternativ kimi dəstəkləyirdi, çünki həmin layihələrdə haqlı olaraq, SSRİ-nin bərpası istəyini hiss edirdi. Əksəriyyət üçün isə Avropa rifah rəmzi, az qala «Yer kürəsində cənnət», demokratiyadan tutmuş, insan haqları, yüksək pensiyalar, güclü sosial dəstək sistemi kimi siyasi «təamlar» idi. Avropa İttifaqına üzvlük də real görünürdü. Hər halda, həmin illərdə Aİ Şərqi Avropa ölkələrini sürətlə və həvəslə öz sıralarına qəbul edirdi. Sonradan o, «Şərq Tərəfdaşlığı» proqramını da yaratmış, yeni qonşuları olan Belarus, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanı bu proqramda birləşdirmişdi. Bütün bu ölkələrə «Avropaya inteqrasiya»nın eyni variantı təklif olunurdu: Aİ kreditlər ayırır, hansı islahatların aparılmalı olduğunu deyir və postsovet məkanının bu ölkələri özlərini yaxşı aparsalar, Aİ üzvünə çevrilmək imkanı qazanırlar. Doğrudur, söhbət üzvlüyə dərhal qəbuldan yox, bu perspektivdən gedirdi. Bir çoxu məhz bu «işıqlı gələcək» naminə ən mübahisəli islahatlara getməyə razılaşır, bu məqsədlə riskli siyasi addımlar atır, sosial qərarlar qəbul edirdi və s.

Amma «Avropa arzuları» heç də hamı üçün cazibədar, vazkeçilməz təsir bağışlamırdı. Məsələn, Azərbaycan ilk andan bildirirdi ki, o, suverenliyini heç kimlə bölüşmək niyyətində deyil – nə Moskva ilə, nə də Brüssel ilə. İrəvanla Minsk istiqaməti Moskvaya tərəf götürmüş, Kiyev, Kişineu və Tbilisi isə açıq şəkildə Avropaya inteqrasiya yolu seçmişdilər.

Lakin bu gün Moldova və Gürcüstanda «Avropadan məyusluq» özünü ən ciddi şəkildə göstərməkdədir və bu, əlbəttə ki, gözlənilənr idi. Aİ-yə arzulanan üzvlük yolu çox dumanlı görünür, Aİ-nin tələbləri isə gündən-günə daha sərt, daha ağrılı xarakter alır. Nəticədə, «Avropa arzusu»nu praqmatizm əvəzləyir: Aİ-yə üzvlüyün şərtləri nədir? Məsələn, Böyük Britaniya birliyi nədən tərk etdi? Avropaya inteqrasiyanı hazırkı formada davam etdirməklə nə qazanır, nə itiririk? Əgər tərəzinin bir gözündə ağrılı islahatlar, Rusiyadan gələ biləcək sərt addımlar və s., digər gözündə isə Avropaya turist kimi iki həftəlik vizasız səyahət dayanırsa, istər-istəməz düşünməli olursan: buna dəyərmi?

Avropalı siyasətçilər bir şeyi anlamalıdırlar: ən azı Avropa yolunu seçmiş postsovet ölkələrinin qəbul otağında usanmadan gözləməyə, Brüsselin istənilən göstərişini icra etməyə hazır olduğu dövrlər arxada qalıb. İndi postsovet məkanında daha ciddi diplomatiya aparılmalıdır: razılaşmaq, ehtiyacları və yerli cəmiyyətlərin ənənələrini nəzərə almaq, ən başlıcası isə verilən vədləri yerinə yetirmək.

Əks halda «Moldova xəbərdarlığı» davam edəcək.



MƏSLƏHƏT GÖR:

44