11 Dekabr 2024

Çərşənbə, 22:50

«ARZU»NUN SEÇİMİ

Gürcüstanda hakim partiya hakimiyyətdə qaldı

Müəllif:

01.11.2024

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkisini heç bir şişirtməyə yol vermədən, ölkənin müstəqillik qazandığı vaxtdan bu yana təşkil olunmuş ən həyati əhəmiyyətli seçki adlandırmaq olar. Onun nəticəsi, şübhəsiz ki, ümumilikdə Cənubi Qafqazda vəziyyətin gələcək inkişafına öz təsirini göstərəcək.

 

Mübarizə gedir

Gürcüstan parlamentinə seçki bu Cənubi Qafqaz ölkəsi uğrunda aparıcı geosiyasi mərkəzlərin sərt mübarizəsi fonunda baş tutub. Bu səbəbdən, seçkiqabağı mübarizənin praktik olaraq bütün əsas süjetlərinin Tbilisinin xarici siyasi oriyentasiyası ilə əlaqəli olması heç kimi təəccübləndirmirdi. Məsələn, Gürcüstanın siyasi qüvvələrinin parlamentin qəbul etdiyi xarici təsirlərin şəffaflığı haqqında, həmçinin LGBT-nin təbliğatını qadağan edən qanun ətrafındakı çəkişməsi buna bariz nümunədir. Qlobalist mediada bu qanunların tərəfdarları Gürcüstanın Avro-Atlantik məkana inteqrasiyasının əleyhdarları kimi təqdim olunurdusa, həmin sənədlərin tərəfdarları ölkənin Qərbə inteqrasiyası uğrunda mübarizə aparan qüvvələr kimi göstərilirdi. «Gürcü arzusu» hökuməti isə Prezidenti Salome Zurabişvili arasında gedən amansız çəkişmə də bu kontekstdə təqdim olunurdu.

Lakin bir məqamı anlamaq vacibdir: Gürcüstandakı daxili siyasi mübarizə guya rusiyapərəst hökumətlə qərbpərəst müxalifət arasındakı mübarizə kimi təqdim olunsa da, əslində söhbət Avropa meyilli Gürcüstan elitasının ikiyə bölünmüş düşərgəsi daxilində gedir. Bu iki düşərgə arasında əsas fərq ondadır ki, əsasən müxalif düşərgədə yer alan radikal qərbpərəstlər Tbilisinin Avropaya neoliberal mövqe ilə inteqrasiyasını istəyir və bu, avratlantizmin aparıcı mərkəzlərinin məqsədlərinə tam cavab verir. Hakim qüvvə isə ölkənin Aİ üzvü olmasını istəsə də, Gürcüstanın suverenliyini, milli eyniliyini qoruyub saxlamasını vacib hesab edir.

Gürcüstan hökumətinin mövqeyini anlamaq üçün baş nazir İrakli Kobaxidzenin Budapeştdə hələ bu ilin aprelində keçirilən Mühafizəkarların Siyasi Qüvvələrinin Konfransındakı çıxışını yada salmaq yerinə düşər. Bu, Gürcüstanı xarici təsir, yaxud liberal medianın adlandırdığı kimi, «xarici agentlər haqqında» qanunun qəbuluna etiraz edən müxalifətin nümayişlərinin bürüdüyü vaxt idi.

«Bu gün özlərini liberal adlandıranlar bütün dünyada ölkələrin və xalqların eyniliyini təhlükə altına qoyur. Belə risklərlə ən çox üzləşən isə Avropa və ABŞ-dir», - deyə Kobaxidze bildirib. «Gürcüstanda özünü liberal adlandıranlar bir neçə gün əvvəl ölkənin milli eynilik konsepsiyasının dəyişdirilməsinə cəhd edirdilər. Onlar «dil, vətən və inanc» sözlərini «dil, vətən və eynilik» sözləri ilə əvəzləyərək, inanc ifadəsini bu üçlükdən çıxarırlar», - deyə baş nazir qeyd edib: «Lakin Gürcüstan öz milli-dini eyniliyini, həmçinin ənənəvi dəyərlərini uğurla qoruya bildi».

Bununla yanaşı, seçki yarışında Gürcüstan siyasi qüvvələrinin Avro-Antlantika oriyentasiyası ilə yanaşı, ölkənin Qərb-Rusiya qarşıdurmasına mümkün cəlbi mövzusu da aparıcı yer tutub. Faktiki lideri milyarder Bidzina İvanişvili olan «Gürcü arzusu» güclü seçki kampaniyası apararaq, əhalini müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Tbilisinin radikal amerikapərəst, avropapərəst siyasət yürüdəcəyinə, bununla da Gürcüstanın Rusiya-Ukrayna müharibəsinə cəlb ediləcəyinə, Moskvaya qarşı ikinci cəbhəyə çevriləcəyinə inandıra bilib. «Gürcü arzusu» və Kobaxidze hökuməti isə özünü Gürcüstanı Avropa İttifaqına aparacaq, lakin Rusiya ilə qarşıdurmadan yayına biləcək qüvvə kimi göstərir.

Gürcüstanda parlament seçkisi məhz bu ideya mübarizəsi fonunda keçirilib.

 

Müxalifətin resursları varmı?

Bu dəfə Gürcüstanın 150 yerlik parlamentinə seçki ilk dəfə olaraq tam proporsional sistem üzrə keçirilib. Ekspertlər bildirirlər ki, bu, kifayət qədər monolit heyətə malik «Gürcü arzusu»nun xeyrinə işləyib. Tbilisinin tezliklə Aİ-yə inteqrasiyasının tərəfdarı olan müxalifət isə daxili siyasətlə bağlı fikir ayrılıqları üzündən yarışa vahid siyahı ilə qatıla bilməyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, «Gürcü arzusu» seçkini seçicilərin 53,92%-nin səsini qazanaraq, qalib başa vurub. 5%-lik keçid minimal həddi aşmış 4 müxalifət partiyası isə ümumilikdə 37,78% səs yığıb. Onlardan «Dəyişikliklər uğrunda koalisiya»ya 11,04, «Birlik – Milli Hərəkat»a 10,16, «Güclü Gürcüstan»a 8,81, «Gürcüstan uğrunda»ya isə 7,77% seçici səs verib. Beləliklə, seçkinin nəticəsi 12 ildir hakimiyyətdə olan «Gürcü arzusu»na hökuməti başqa partiyalarla koalisiyaya getmədən formalaşdırmaq hüququ verib.

Müxalifət MSK-nın elan etdiyi nəticələri tanımayıb. Onlar seçkinin saxtalaşdırıldığını iddia edirlər. Bununla yanaşı, «Dəyişikliklər uğrunda koalisiya» qazandığı mandatlardan imtina edib, eks-prezident Mixail Saakaşviliyə bağlı «Birlik – Milli Hərəkat» isə «parlamentə getmək fikrində olmadıqlarını» açıqlayıb.

Səlahiyyət müddəti 2024-cü ilin sonunda başa çatacaq Prezident Salome Zurabişvili bu qarşıdurmada birmənalı olaraq, müxalifətin yanında yer alıb. Parlament seçkisinin nəticəsini «total dələduzluq» kimi qiymətləndirən Zurabişvili yaranmış vəziyyətə belə xarici siyasi izah verib: «Biz Rusiyanın xüsusi əməliyyatının şahidi və qurbanı olduq. Bu, xalqımıza və dövlətimizə qarşı aparılan hibrid müharibənin yeni formalarından biridir». Prezident «Gürcü arzusu» hökumətini növbəti dəfə rusiyapərəst adlandırıb. Bununla yanaşı, radikal qərbpərəst düşərgədə parlaq liderin olmadığı bir vaxtda o, bu statusa iddiasını ortaya qoyub. Zurabişvilinin parlament seçkisinin nəticələri açıqlanar-açıqlanmaz, müxalifət liderləri ilə görüşməsi, əhalini onların elan etdiyi etiraz aksiyasına çağırması da bundan xəbər verir.

Tbilisidə, parlament binasının qarşısında təşkil olunmuş mitinqdə isə müxalifət hökumətdən yeni seçki tələb edib, onun «beynəlxalq seçki administrasiyası» tərəfindən keçirilməli olduğunu bildirib. Hökumət isə öz növbəsində, seçkinin nəticələrinin saxtalaşdırıldığına dair iddiaları rədd edir. Baş nazir Kobaxidze Gürcüstanın belə vəziyyətlə ilk dəfə üzləşmədiyini xatırladaraq bildirib ki, ölkə müxalifəti və onları dəstəkləyən qeyri-hökumət təşkilatları bundan əvvəl də seçkinin nəticələrini qəbul etməkdən boyun qaçırıb. O, hökumətin öklədə konstitusion düzənin laxladılmasına imkan verməyəcəyini deyib. «Müxalifətin etiraz üçün heç bir resursu yoxdur. Odur ki, yeni parlamentin ilk iclası ən yaxın vaxtlarda keçiriləcək, hökumətin tərkibi təsdiqlənəcək və ölkədə bütün proseslər adi qaydada davam edəcək», - deyə baş nazir bildirib.

Hökumətin seçkidə qələbəsinin sarsılmazlığına əminliyi, eyni zamanda «Gürcü arzusu»nun ictimaiyyətin böyük hissəsi tərəfindən dəstəklənəcəyini gözləməyən müxalifətin ciddi məyusluğu göstərir ki, etiraz aksiyaları miqyaslı olmayacaq və ciddi siyasi dəyişikliklərə yol açmayacaq. Müxalifət anlayır ki, elektoratın əhəmiyyətli hissəsinin seçkidə hökuməti dəstəkləməsi onların ölkə rəhbərliyinin «Rusiyanın maraqlarına xidmət edən anti-Qərb qüvvəsi» kimi təqdim olunaraq gözdən salınmasına yönəlmiş informasiya kampaniyasının işə yaramadığını göstərir. Bu isə təbii ki, Gürcüstanda açıq-aydın yeni «rəngli inqilab»a ümid edən Qərbi də məyus edir.

 

Qərbin məyusluğu

Gürcüstanda parlament seçkisinə cəmi bir neçə gün qalmış Avropa İttifaqı bu ölkənin təşkilata qəbulu prosesinin faktiki olaraq, dayandırıldığını bəyan edib. Aİ-nin Brüssel sammitinin yekun bəyanatında «Gürcüstan hökumətinin siyasi kursundan ciddi narahatlıq» ifadə olunur, bu kursun «Aİ-nin əsaslandığı dəyərlərə və prinsiplərə zidd olduğu» bildirilir. Sənəddə o da bildirilir ki, Tbilisinin bu mövqeyi onun «Avropa yolunu bağlayır».

Səsvermədən sonra isə Avropa strukturları və ABŞ seçkini sərt tənqid edib. Onlar «Gürcü arzusu» hökumətini «demokratiya prinsiplərini pozmaqda», «seçicilərə təzyiq göstərməkdə», «seçicilərin ələ alınmasında və fiziki güc tətbiqində» günahlandırıblar. ABŞ-nin dövlət katibi Entoni Blinkenin bəyanatı isə daha maraqlıdır. O, Gürcüstanın siyasi rəhbərliyini «əsas azadlıqları pozan qanunvericiliyi ləğv etməyə, seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa» çağırıb.

Özlərində başqa dövlətlərin daxili işlərinə qarışmaq haqqı görən Qərb institutları və fövqəldövlətlərin bu reaksiyası bir daha göstərir ki, onlar ayrı-ayrı ölkələrin, o cümlədən Gürcüstanın Avropaya inteqrasiya cəhdlərinə yanaşmada milli suverenlik, eyniliyin, ənənəvi mənəvi dəyərlərin qorunması kimi məsələlərə əhəmiyyət vermirlər. Qərbin siyasi-iqtisadi sistemində kiməsə, məsələn, Gürcüstana bu sistemin bərabərhüquqlu üzvünə çevrilmək imkanı vermək heç bir halda prioritet deyil. Aİ-yə üzvlüyə namizəd ölkələr qarşısında müasir Qərbin neoliberal dəyərlərinə uyğunlaşma tələbinin qoyulması da bundan irəli gəlir. Onlar namizədlərin hər hansı sahədə özbaşına hərəkət etməsi ilə razılaşmırlar: nə daxili siyasətdə, nə qanunvericiliyin hazırlanmasında, nə ənənəvi dəyərlərin, milli eyniliyin qorunmasında, nə də xarici siyasətdə. Son məqamın bir cəhəti də var: Qərbin düşməni mütləq şəkildə Avro-Atlantik sistemə qoşulmuş ölkələrin, yaxud Gürcüstan kimi, buna cəhd edən dövlətlərin də düşməni olmalıdır. Qərbin Gürcüstandan aşkar və qəti anti-Rusiya siyasəti yürütməsini tələb etməsi də bundan irəli gəlir.

Başqa sözlə, qlobalist Avro-Atlantik mərkəzlər üçün Qərb və qərbpərəst ölkələrin suverenliyini qoruması, həmçinin öz maraqlarına uyğun balanslı xarici siyasət yürütməsi qəbuledilməzdir. Gürcüstanın seçiminin əhəmiyyəti də məhz bu reallıqdan irəli gəlir.

Gürcüstanın hakim partiyasının da seçimi olan «Avropa yolu» heç də Gürcüstan ictimaiyyətinin böyük hissəsinin arzuladığı kimi deyil.  Axı Qərbə nə idealist şəkildə təsəvvür edilən, nə də suveren maraqlar və ənənəvi dəyərlər prizmasından müdafiə olunan “Avropa yolu” ilə getməyə ehtiyac yoxdur. Ona lazımdır ki, Aİ üzvlüyünə namizəd olan ölkələr üzərlərinə qoyulmuş «öhdəliklər»ə qeyd-şərtsiz əməl etsin. Gürcüstan hökuməti də son illər, xüsusilə də son aylar məhz bu üzdən bu qədər tənqidə məruz qalır. Halbuki o, Avro-Atlantik məkana inteqrasiya tərəfdarı olduğunu dəfələrlə bəyan etməklə yanaşı, 2030-cu ildə Aİ üzvü olmaq hədəfini də açıq şəkildə dilə gətirib.

Parlament seçkisində «Gürcü arzusu»nun qalib gəlməsi o deməkdir ki, Tbilisi bundan sonra da «Avropa yolu» ilə gedəcək, lakin o, bu yolu öz anlayışına uyğun getmək niyyətindədir. Bu anlayış isə Brüsselin anlayışından fərqlənir. Odur ki, Brüsselin Tbilisiyə təzyiqləri artıracağı gözləniləndir. Hətta bu təzyiqlər Gürcüstanın Avropa İttifaqı üzvü olmaq perspektivinin üzərindən, ümumiyyətlə, xətt çəkilməsinədək gedib çıxa bilər.

Qərb, şübhəsiz ki, məyusdur. Çünki seçkidə radikal müxalifətin qələbəsi nəinki Gürcüstanda hakimiyyət dəyişikliyi olacaq, həm də ABŞ və Aİ-yə Cənubi Qafqazda mövqelərini gücləndirmək imkanı verəcəkdi. Gürcüstanın özü üçün isə bu, Avro-Atlantik mərkəzlərin buyruqları ilə oturub-duran ölkəyə çevrilmək perspektivi vəd edirdi.

Amma Gürcüstanın və bütünlükdə Cənubi Qafqazın təhlükəsizliyi üçün önəmli olan Tbilisinin, ilk növbədə, üçtərəfli formatda (Azərbaycan və Türkiyə ilə birlikdə) strateji tərəfdaşlığa sadiq qalmasıdır. Hər üç dövlətin milli maraqlarına cavab verən bu format regional təhlükəsizlik və əməkdaşlıqda aparıcı amillərdən birinə çevrilib. Odur ki, onun qorunub saxlanması və daha da möhkəmlənməsi Bakı, Ankara və Tbilisinin xarici siyasi prioritetləri arasında ən önəmli yerdədir.

Bakı üçün Tbilisi ilə strateji əməkdaşlıq yaxın perspektivdə həm də ona görə xüsusi dəyər qazanacaq ki, Gürcüstan ABŞ və Fransanın Ermənistanı silahlandırmasında tranzit əraziyə çevrilməsin. Gürcüstan bu məsələdə Vaşinqtonla Parisin təzyiqlərinə boyun əyərsə, bu, nəinki Bakı-Tbilisi-Ankara üçtərəfli formatı üçün, həm də bütünlükdə region üçün, həmçinin Gürcüstanın təhlükəsizlik sahəsindəki maraqları üçün ciddi sınağa çevriləcək.

Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə parlament seçkisində «Gürcü arzusu – Demokratik Gürcüstan» partiyasının qalib gəlməsi münasibətilə ünvanladığı məktubda yer almış fikirlər də maraqlıdır. «Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər» deyən İlham Əliyev bildirib ki, «seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm».



MƏSLƏHƏT GÖR:

42