Müəllif: Nadir SƏNANOĞLU
Bakı 2026/2027 mövsümünün Çempionlar Liqasının finalını keçirməyə namizəd şəhər olub. Bu oyunun Azərbaycanın paytaxtında keçirilməsinin mümkünlüyü ilə bağlı yekun qərarı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025-ci ilin may-iyun aylarında verəcək.
“San Siro” ilə bağlı problem
Məlum olduğu kimi, UEFA 2027-ci ildə Çempionlar Liqasının finalını İtaliyanın Milan şəhərində yerləşən “San Siro” stadionuna həvalə etmişdi. İtaliya hökuməti də qitənin nüfuzlu klub turnirinin finalını yüksək səviyyədə təşkil edəcəyinə zamin olmuşdu. Amma sonradan italyanlar finaldan imtina etmək istəklərini açıqladılar.
Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin “San Siro” stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 mövsümündə Çempionlar Liqasının finalı üçün tender prosesinin yenidən açılması qərarı qəbul edildi. Problem 2026-cı ilin fevral ayında Qış Olimpiadasının açılış mərasiminin keçiriləcəyi “San-Siro” stadionunun rekonstruksiyaya ehtiyacının olması ilə bağlıdır. Arena Milan şəhərində yerləşir. Milan meri isə şəhərin infrastrukturunun inkişafına pul tapmaqda çətinlik çəkir. UEFA təmir və bərpa işlərindən sonra “San Siro” stadionunun finala tam hazır olmayacağından ehtiyatlanaraq mühüm oyuna ev sahibliyini İtaliyadan geri aldı.
Bakı ilə Madridin mübarizəsi
Hazırda 2027-ci ildə Çempionlar Liqasının final matçını keçirməyə iki namizəd şəhər var. İspanlar yeni təmir edilmiş “Riyadh Air Metropolitano” stadionunu 70 460 nəfər tutumlu tədbir üçün istifadəyə vermək niyyətindədirlər. Bu stadion 2019-cu ildə ÇL-nin final matçına ev sahibliyi edib və UEFA tərəfindən müsbət qiymət alıb.
Madrid şəhərinin əsas rəqibi isə Bakıdır. AFFA tərəfindən Bakının namizədliyi irəli sürülərək finalın Bakı Olimpiya Stadionunda keçirilməsi təklif edilib. Maraqlıdır ki, bu federasiyanın nüfuzlu finalı keçirməklə bağlı ikinci cəhdidir. İlk dəfə 2019-cu ildə AFFA bununla bağlı UEFA-ya lazımi sənədləri göndərib. Həmin ildə də UEFA Bakı və Madrid arasında seçim edərək ispanların xeyrinə qərar qəbul edib. Avropa Futbol Qurumu 2019-cu ildə Bakıya Avropa Liqasının final matçını keçirməyə icazə verdi və Azərbaycan bu oyunu yüksək səviyyədə təşkil etməyi bacardı.
Prestijli final üçün ciddi qaydalar
UEFA Çempionlar Liqası futbol dünyasının ən çox baxılan futbol yarışından biridir. 9 ay davam edən turnir sonda final matçı ilə yekunlaşır. Final matçına ev sahibliyi edən şəhər 10 gün ərzində bütün dünyanın diqqət mərkəzində olur. Finala baxmaq üçün dünyanın ulduz futbolçuları, müğənniləri həmin şəhərə səfər edirlər. On minlərlə turist finala görə yolunu həmin şəhərə salır. Final matçı dünyanın 200-dən çox telekanalında canlı yayımlanmaqla ümumilikdə 1 milyarddan çox insanı əhatə edir.
Çempionlar Liqasının finalı ilə bağlı tələblərdən biri şəhərdə yüksək standartlara cavab verən arenanın olmasıdır. Bakı Olimpiya Stadionu UEFA və FIFA-nın bütün standartlarına cavab verməklə yanaşı, həm də Avropa Oyunları, Avropa Liqasının finalına, həmçinin Avro-2020-nin 4 oyununa ev sahibliyi edib. Azərbaycan tərəfinin Çempionlar Liqasının final matçını keçirməyə kifayət qədər təcrübəsi olması hər kəsə məlumdur. UEFA, adətən, finalın Avropanın mərkəzində yerləşən şəhərdə keçirilməsinə çalışır. Çünki coğrafi baxımından bu halda azarkeşlər Avropanın istənilən nöqtəsindən həmin şəhərə gəlməkdə çətinlik çəkmir. Final matçına gəlmək istəyənlərin təkcə təyyarə deyil, qatar, gəmi və şəxsi maşınlardan istifadə etdiyini unutmayaq. Bu barədə Madrid şəhəri üstünlüyə malikdir. 2019-cu ildəki Avropa Liqasının final matçı, eləcə də Avro-2020-nin oyunları zamanı bəzi əcnəbi azarkeşlər Bakıya yolun uzaqlığından şikayətlənmişdi.
UEFA həm də şəhərində ən azı bir böyük hava limanına malik olmasını şərt kimi irəli sürür. Çünki final günü aeroport yüzlərlə çarter reysini qəbul etməyə hazır olmalıdır. Bu baxımdan Heydər Əliyev Beynəlxalq Aeroportu lazımi tələblərə cavab verir. Bakıda keçirilən mötəbər COP29 sammiti də bunun əyani sübutudur.
Final matçının digər tələblərinə şəhərdə çoxlu sayda ucuz – yəni 2 və 3 ulduzlu hotellərin olmasıdır. Eyni zamanda şəhərin təhlükəsizliyi ön plandadır. Bu və digər amillər Bakının Çempionlar Liqasının final matçını keçirmək şanslarını artırır. Yalnız bir məqam əleyhimizədir: Bakının Avropanın əksər şəhərlərindən uzaqda yerləşməsi.
Qeyd edək ki, 2027-ci ildəki oyun üçün namizəd şəhərlərin qəbulu martın 19-dək davam edəcək. Bütün şəhərlərin namizədliyi müzakirə edəcək UEFA may-iyun aylarında yekun qərarı açıqlayacaq.
MƏSLƏHƏT GÖR: