Müəllif: Tofiqəxanım QASIMOVA
Noyabrın 8-dən Budapeşt Avropa diplomatiyasının qəlbinə çevrilib. Macarıstan 2 ay Avropa İttifaqına sədrlik edəcək. Rəsmi Budapeşt bu dövrdə sürprizlərin ola biləcəyini bildirir. Hələliksə Dunay sahilindəki bu şəhər əvvəlcə Aİ-nin qeyri-formal sammitinə, daha sonra isə şərti desək, «Böyük Avropa»ya daxil olan 45 ölkə liderinin iştirakı ilə Avropa Siyasi İcmasının toplantısına ev sahibliyi edib. Toplantının gündəliyi əvvəldən elan olunmuşdu. Proqnozlaşdırıldığı kimi, görüş iştirakçıları Avropanın təhlükəsizliyi məsələsini, o cümlədən Ukraynadakı vəziyyəti, Yaxın Şərqdə davam etməkdə olan eskalasiyanı və qeyri-leqal miqrasiya məsələsini müzakirə ediblər. Bundan başqa, iqtisadi təhlükəsizlik, enerji, nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarət sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Görüşdə gündəlikdə olmayan başqa vacib problemlər də müzakirə edilib.
Avropanın arzuları və iddiaları
Avropa Siyasi İcmasının ideyası Aİ-nin «maraq dairəsi»nin sərhədlərinin müəyyənləşdirilməsi və çizilməsinə bağlıdır. Hələ 20 il əvvəl deyilirdi ki, sıx inteqrasiya etmiş Avropa İttifaqı dünyada alternativ güc mərkəzi roluna iddia edə bilər. Ümumilikdə isə bu iddialar birləşmiş Avropa ideyasının reallığa çevrildiyi andan aktualdır. Aİ-ni, hətta həm ABŞ, həm də Kremlə alternativ görür, onun iqtisadi, demoqrafik, siyasi potensialı davamlı olaraq gündəmə gətirilirdi və s. Sonda «ayırıcı xətlərin olmadığı Avropa» ideyası gözəl arzudan reallığa çevrildi.
Belə vəziyyətdə Brüsselin nüfuz dairələrini ortaya qoyacaq formalar gec-tez ortaya çıxmalı idi. İlk belə məkan «Şərq tərəfdaşlığı» oldu.
Avropa Siyasi İcması isə daha geniş və daha iddialı layihədir. Ona start verilməsi daha çox Aİ-də əsas güc mərkəzi olmaq iddiasını gizlətməyən Fransa ilə bağlıdır. Əvvəllər Paris bu nüfuzunu Londonla bölüşməli olurdusa, Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra o, ittifaqın nüvə silahına malik yeganə ölkəsinə çevrilib. Belə bir şəraitdə Fransa Avropa İttifaqını öz «maraq dairəsinə» çevirmək niyyətindədir. Emmanuel Makron administrasiyasının Fransanın keçmiş qüdrətini geri qaytarmaq iddialarını da nəzərə alsaq, Avropa sousunda Avropa Siyasi İcması kimi şöhrətpərəst layihələr heç kimi təəccübləndirmir.
Amma bu vəziyyət layihə müəllifləri ilə acı zarafatlar da edir. Aİ bir tərəfdən son dərəcə cəlbedici tərəfdaş olaraq qalır (istər ticarətdə olsun, istərsə də təhlükəsizlik, elm, turizm və s. kimi sahələrdə), digər yandan isə bir çox ölkələr avropalı məmurların şıltaqlığını, buyruqlarını qəbul etmək deyil, məhz əməkdaşlıq istəyir. Bu, xüsusilə rəsmi Parisin təsiri altında olan məmurlara aiddir.
Avropa Siyasi İcmasının sammiti genişliyi, böyüklüyü ilə maraq doğursa da, bu, uğur üçün kifayət deyil. Budapeşt sammiti bunu bir daha təsdiqləyib. Hər halda, sammitə mətbuat, demək olar ki, diqqət göstərməyib. İddialı bəyanatlara baxmayaraq, orada hansısa səs-küylü bəyannamə, hadisə və s. də olmayıb. Səbəblər isə çoxdur. Məsələn, «Avropa xətti»nin reallıqlarının yaratdığı məyusluq və Aİ-nin özündə ciddi böhranın yaşanması önəmli səbəblərdən biridir. Əksər avropalı siyasətçi bunu açıq şəkildə etiraf etmək istəməsə də, vəziyyət hər kəsə məlumdur.
Ağaclar dalında «gizlənən» meşə
Budapeşt sammiti ərəfəsində Aİ-nin bir çox ölkəsi ciddi daxili problemlərlə üz-üzə idi. Buna, ilk növbədə, Almaniyadakı hökumət böhranını misal çəkmək olar. Bu ölkənin hakim koalisiyasını istehza ilə «işıqfor» adlandırırdılar. Məsələ ondadır ki, orada rəmzi rəngi qırmızı olan sosial-demokratlar, sarı rəngi özünə rəmz seçmiş azad demokratlar və «yaşıllar» yer alırdı. Lakin azad demokratlar bu günlərdə koalisiyanı tərk etdiklərini açıqlayıblar. Doğrudur, hələlik hökumət fəaliyyətini davam etdirir. Yeni koalisiyanın nə vaxt formalaşdırılacağı və orada kimlərin təmsil olunacağı isə hələ məlum deyil.
Fransada da daxili siyasi problemlər çoxdan qızışmaqdadır. Bu ölkədə hökumət böhranının piki yayda, Emmanuel Makronun tərəfdarlarının əvvəlcə Avropa Parlamentinə seçkidə, daha sonra isə elə Makronun təşəbbüsü ilə keçirilmiş növbədənkənar parlament seçkisində məğlubiyyəti ilə yaşanıb. Odur ki, Fransa Prezidentinin mövqeyi kifayət qədər laxlayıb.
Niderlanda da vəziyyət qarışıqdır. Sammit ərəfəsində bu ölkədə İsrailin «Makkabi» futbol klubunun azarkeşləri ilə Fələstin tərəfdarları arasında toqquşma baş verib. Ölkədə və kənarda siyasi sinif antisemitizmin həddindən, sadəcə, şoka düşüb. İndi ekspertlər Amsterdamda yaşananlarla məlum «Büllur gecə» arasında paralel aparır. Bu, Avropanın miqrantların, o cümlədən Yaxın Şərq ölkələrindən gəlmiş insanların inteqrasiyası üçün etibarlı sistemi yarada bilmədiyinin bariz nümunəsidir.
Əlbəttə, bütün bunların təsadüfən üst-üstə düşdüyünü düşünmək, baş verənləri ümumiləşdirməmək olar. Amma bu «qaynar» ardıcıllığın arxasında Aİ-dəki sistem problemlərini görməmək mümkün deyil.
Genişlənmənin həddi, inteqrasiyanın həddi və Şimal Cənuba qarşı
1990-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində «avropalı» sifəti az qala cənnətə açılan qapı kimi qəbul olunurdu. «Avrocənnət» haqda deyilənlərin reallığa nə qədər uyğun olub-olmadığına dair, əlbəttə ki, mübahisə etmək olar. Keçmiş SSRİ ərazisindəki ərazi münaqişələrinin həlli üçün belə, yerli siyasi liderlərə «daxili sərhədlərin olmadığı Avropadan nümunə götürmələri» istənilirdi. Kimlərsə 44 günlük müharibədə bu mantranı Aİİ-yə münasibətdə tətbiq etmək, Azərbaycanı belə perspektiv vədi ilə oraya cəlb etməyə çalışırdılar.
Bəli, Aİ-də sərhədlərə nəzarət yoxdur, amma sərhədlər tələb olunan dəqiqliklə çizilib, sərhəd dirəkləri dayanmalı olduqları yerlərdədir. Bu sərhədləri «silmək», yaxud onların «yerini dəyişmək» isə heç kimin ağlına da gəlmir. Bu gün qüvvədə olan Şenjen razılaşması sabah ləğv edilə bilər. Odur ki, Belçikanın harada bitdiyini, Niderlandın haradan başladığını bilmək çox vacibdir. Bu gün Aİ-də avrointeqrasiyaya skeptik yanaşanların sayı durmadan artır. İlk növbədə, Aİ-nin hər hansı ölkəni sıralarına qəbul edib-etməyəcəyi aydın deyil. Bunun üçün konkret şərtlərin olması isə ciddi suallar doğurur və heç də hamını qane etmir. Bundan başqa, Brüsseldə onilliklərdir ki, Aİ-nin «genişlənmənin son həddinə çatdığı» deyilir. Bu isə onun cazibə mərkəzi imicinə öz təsirini göstərir. Bir çox ekspert Aİ-də gedən proseslərə də diqqət çəkir. Hələ 2000-ci illərin ortalarında məlum idi ki, «vahid Avropa» ideyası heç də avropalıların arzularında olan deyil. Avropa İttifaqının vahid Konstitusiyasının qəbulundan bir çox ölkənin imtina etməsi ilk siqnallar sayıla bilərdi. Aİ «inteqrasiyanın son həddi»nə çatıbmış. İndi artıq vahid dövlətə çevrilmək məsələsi gündəmdə idi ki, bu da ittifaqın ayrı-ayrı üzvlərinin suverenliyi haqda yalnız müəyyən həddə danışmağa imkan verəcək, yaxud sarkac qanununa görə, inteqrasiyadan izolyasionizmə tərəf atılan addım olacaqdı.
Elə həmin dövrdə – 2000-ci illərin sonlarında ortaya daha bir ciddi problemin əlamətləri çıxmışdı. Bu dəfə Aİ-də Şimalla Cənub arasında «səssiz müharibə» baş qaldırırdı və o, özünü bir çox məsələdə göstərirdi. Məsələn, qeyri-leqal miqrasiyaya münasibətdə. Miqrantlar əsasən qitənin şimalına can atsalar da, bu işdə əsas yük Cənubi Avropanın üzərinə düşürdü. Belə bir vəziyyətdə avrozonada başlamış maliyyə böhranına görə Cənubdakı Yunanıstanı günahlandırırdılarsa, baş verənlərə görə məsuliyyətin böyük hissəsi Şimalın üzərinə düşürdü. Avropanın əksər siyasətçisi bu problemi görməzdən gəlməyə çalışsa da, o var və Aİ-nin populyarlığına, cəzbediciliyinə öz ciddi təsirini göstərir. Aİ-də artıq «dissidend ölkələr» belə, yaranıb. Qismətdən, onlardan biri də son sammitə ev sahibliyi edən Macarıstandır.
Beləliklə, Avropa liderləri kifayət qədər ciddi çağırışa – ABŞ-də keçirilmiş prezident seçkisində Donald Trampın qələbə qazanmasına belə bir fonda cavab verməlidirlər. Bəli, Trampın mümkün qələbəsini Aİ liderləri az qala qorxulu yuxu sayırdılar. ABŞ Avropa İttifaqının üzvü olmasa da, Tramp ən azı Aİ-nin NATO-da təmsil olunan üzvlərini Şimali Atlantika müqaviləsinin tələblərini yerinə yetirməyə, müdafiə və təhlükəsizliyə daha çox vəsait ayırmağa məcbur edə bilər. Ekspertlər Aİ-də ən azı zaman-zaman yaşanan «ticarət müharibələri»ni istisna etmirlər. Fransa Prezidenti hələ sammit ərəfəsində hər kəsi «vahid siyasət» müəyyənləşdirməyə çağırsa da, onun bu çağırışını eşidən olmadı. Aİ-də Fransanın təsir dairəsində olmağı heç də hamı arzulamır. Odur ki, belə bir vəziyyətdə Budapeşt sammiti əvvəldən iflasa məhkum idi.
MƏSLƏHƏT GÖR: