Müəllif: NURANİ
ABŞ-də seçki marafonu başa çatıb. Onun nəticəsini eyni dərəcədə həm gözlənilən, həm də sensasion adlandırmaq olar. Seçkidə Donald Tramp qalib gəlib. O, 2016-cı ildə artıq bir dəfə dövlət başçısı seçilmiş, 2020-ci il seçkisində Co Baydenə məğlub olmuşdu. İndi Tramp yenidən Ağ Evə qayıdır. Əksəriyyət onun rəqibi Kamala Harrisi darmadağın etdiyi qənaətindədir: 226 səsə qarşı 295 səs.
Seçkidən sonra iğtişaşların yaşana biləcəyilə bağlı narahatlıqlar və proqnozlar özünü doğrultmayıb. Bəlkə də ona görə ki, Tramp seçkidə böyük səs üstünlüyü ilə qalib gəlib və bu, kütləvi aksiyaların keçirilməsini mənasız edib. Beləliklə, dünya tarixi təntənəli siyasi dönüşə şahidlik edir ki, bu dönüşün nəticələri tarixə kifayət qədər təsirli ola bilər.
«ABŞ-də prezidentliyin şəxsiyyət deyil, institut olduğu» haqda uzun-uzadı danışmaq olar. Amma Trampın qələbəsi tam fərqli haldır.
Hər bir halda, bu gün prezidentlik yarışının qalibi istər onun Ağ Evə qayıdışından məmnun olan, istərsə də şok, məyusluq yaşayan liderlərdən təbriklər qəbul edir.
Amerikadakı yarışın Azərbaycan ölçüsü
Donald Trampa Azərbaycan Prezidenti İlham Əliyev də təbrik məktubu göndərib. «Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini» vurğulayan dövlət başçısı daha sonra qeyd edib: «Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim». Məktubda daha sonra deyilir: «Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik».
Bu protokol təbrikində əslində çox vacib diplomatik məqamlar var. Donald Trampın əvvəlki prezidentliyi dövründə Bakı ilə Vaşinqton arasında münasibətlər, həqiqətən də, son dərəcə müsbət və dinamik inkişaf edib. Sirr deyil ki, Amerika trektində bütün administrasiyaların dövründə müəyyən «qığılcımlanmalar» olub. Lakin artıq «ən ermənipərəst prezident» adlandırılan Co Baydenin hakimiyyətə gəlişindən sonra Bakı-Vaşinqton münasibətlərində böhran başlamasa da, ciddi soyuqluq, getdikcə artan fikir ayrılıqları yaranıb. Bu baxımdan, Azərbaycanda Donald Trampın qələbəsi ilə Vaşinqtonla münasibətlərin normallaşacağına ümidlərin yaranması təəccüblü deyil. Hər halda, demokratlar administrasiyası münasibətlərdəki «düyünləri açmaq» bacarığında deyildi.
Tramp o qədər də qorxulu deyil…
Azərbaycanlı ekspertlər Prezident İlham Əliyevin Trapmla bağlı daha bir fikrini yada salırlar. Dövlət başçısı Donald Trampın Ağ Evə rəhbərlik etdiyi illərdə ABŞ-nin heç bir yeni müharibəyə başlamadığını xatırladıb. Bu, əlbəttə ki, böyük plyusdur. O, son seçki kampaniyası zamanı da «Ukrayna müharibəsini 24 saata bitirəcəyi» vədini verib. Doğrudur, buna necə nail olacağını açıqlamayıb…
Bir çox politoloq Donald Trampın qələbəsini Ukrayna üçün az qala faciə kimi qiymətləndirir. Halbuki Birləşmiş Ştatların Ukrayna trektindəki ən böyük uğursuzluqları Ağ Evə Trampın deyil, demokratların rəhbərlik etdiyi illərə düşüb. Məsələn, 2014-cü ildə «Krımın qaytarılmasından» sonra ABŞ Budapeşt memorandumu ilə üzərinə götürdüyü öhdəlikləri «unudub». O zaman ölkəyə Barak Obama rəhbərlik edir, Co Bayden isə onun vitse-prezidenti postunu tuturdu. Ukrayna müharibəsinin başladığı anda Ağ Evdə oturan Co Bayden isə Kiyevə verdiyi vədləri sadəcə, tutmayıb. Bəli, Vaşinqton savaşın ilk günlərində gözləmə mövqeyi seçərək, Ukraynaya hər hansı yardım göndərməyib.
ABŞ-də keçirilmiş seçkidən sonra Ukrayna Prezideti Vladimir Zelenski, nəhayət, Donald Trampla danışmağa nail olub və söhbətin nəticəsindən son dərəcə məmnun qalıb. Yəqin ki, Tramp Ukraynaya demokratların təqdim etdiyi qədər qorxulu gəlməyib. Yeri gəlmişkən, çoxları Rusiyaya qarşı ilk sanksiyalar paketinin məhz Trampın dövründə tətbiq edildiyini də xatırladır. Odur ki, onun Moskvaya qarşı çox yumşaq davrandığını demək olmaz. Trampın ilk prezidentlik dövrünün bu təcrübəsi hər kəsi onun ikinci səlahiyyət müddətindən ehtiyatlanmağa vadar edir.
Bəs «Donald Tramp ABŞ-ni NATO-dan çıxaracaq» tipli fikirlərə ciddi yanaşmağa dəyərmi? Doğrudur, o, hələ ilk prezidentliyi dövründə buna eyham vurur, Şimali Atlantika Alyansını «köhnəlmiş» adlandırırdı. Lakin 2017-ci ilin yazında NATO-nun ozamankı baş katibi Yens Stoltenberq ilə görüşündən sonra Tramp gözlənilmədən əvvəlki fikirlərindən imtina edib, artıq Alyansı köhnəlmiş hesab etmədiyini bildirib. Bu gün o, NATO haqda ilk prezidentliyi dövründəki qədər də radikal danışmır. İndi Tramp Alyans üzvləri ilə «sərt danışacağını» deməklə kifayətlənir. Söhbət isə Şimali Atlantika müqaviləsinin maddələrindən birinin tələbinin yerinə yetirilməsi məsələsindən gedir – Tramp NATO üzvlərinin büdcələrinin ən azı 2%-ni müdafiə və təhlükəsizliyə ayırmalı olduqlarını deyir. Bu maddənin tələbinə «soyuq müharibə» illərində birmənalı şəkildə əməl edilirdisə, Berlin divarının sökülməsindən sonra hərbi xərclər azalmağa başlayıb. Ölkələr həmin vəsaitləri sosial proqramlara, başqa sözlə, seçicilərin dəstəyinin qazanılmasına xərcləməyə başlayıblar. Hərbi xərclərin artırılması zərurəti haqda hələ Krım hadisəsindən sonra danışılmağa başlanılsa da, ortada real nəticə yoxdur. İndi Donald Tramp avropalılara ABŞ-dən təhlükəsizlik zəmanəti almaları üçün bu öhdəliyin yerinə yetirilməsini tələb edəcəksə, bu, heç də «NATO-nu dağıtmaq arzusu» kimi qiymətləndirilməməlidir. Makronun təşviş içərisində verdiyi bəyanat, onun Avropa İttifaqında «birgə siyasət» formalaşdırmaq cəhdi də izah tələb edir. Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra birlikdə məhz Parisin «birinci əl» olmağa, Aİ-ni öz bostanına çevirməyə çalışdığı sirr deyil. Makronun «Avropa ordusu» yaratmaq cəhdləri də bundan qaynaqlanır. Məsələ ondadır ki, NATO-da Fransa heç də əsas rollarda deyil. Aİ-də isə o, nüvə silahına malik yeganə dövlətdir. Belə bir vəziyyətdə Makronun Aİ-də «vahid anti-Tramp siyasəti» formalaşdırmaq cəhdi Trampla, Fransa Prezidentinin iddiaları ilə bağlıdır.
«Çəhrayı poni»lərin məğlubiyyəti
Yəqin ki, yaşananlar və yaşanacaqlarla bağlı fikir söyləmək üçün Donald Trampın inauqurasiyasını, yeni konmandanın formalaşmasını və s. gözləmək lazımdır. Onun ilk prezidentliyi dövrünü yada salsaq görərik ki, o dövrdə bir çox apokaliptik proqnozlar yumşaq desək, doğrulmamışdı. Amma bununla yanaşı, bir vacib məqamı unutmaq olmaz. ABŞ-də prezidentə səs verən insanlar üçün Ukrayna, Gürcüstan, Aİ heç də ən maraqlı məsələlər deyil. Onlara daha çox təsir edən «Amerikanı yenidən qüdrətli edəcəyik!» şüarıdır. Amerikalılar demokratların siyasi eksperimentlərindən yorulub. İndi ölkədə çoxu 80-ci illərin siyasi ritorikasının geri qayıtmasını istəyir. Həm də şoumen, teleaparıcı olan Donald Tramp isə Massaçusets və ya Kaliforniyanın hansısa universitetində «auditoriyanı idarə etməyi» deyil, məhz geniş kütlənin alqışlarını qazanmağın yolunu bilir. Bəli, «danışan başlar»ın çoxu onu sevmir. Amma deyəsən, demokratlar ictimai rəyi məhz bu «danışan başlar»ın formalaşdırdığını unudurlar.
Tramp «sistem siyasətçisi» deyil. Amma o, siyasətə «soyuq müharibə»nin bitiməsindən sonra gəlmiş simalardan bezmiş elektoratın diqqətini çəkə bilib. Söhbət «qırğı»dan sonra istehza ilə «çəhrayı ponilər» adlandırılan şəxslərdən gedir. Qlobal qarşıdurma dövründə Qərb ölkələrinin hakimiyyət strukturlarının dəhlizləri, kabinetləri tədricən hələ də «Qorbi-Yeltsin eyforiyası»ndan çıxmamış şəxslərlə dolub. Onlar ağızdolusu demokratiyanın inkişafından danışır, ən müxtəlif siyasi cərəyanların – LGBT-dən tutmuş, BLM-ədək («qaraların həyatı vacibdir») böyük hüquqlar tələb edirdilər. Reallıqda isə onlar Amerikanın qarşısında, ilk növbədə, iqtisadi və sosial sahələrdə dayanan ciddi problemləri həll edə bilməyiblər. Bu gün bu haqda danışmağı çox sevirlər. Lakin Donald Tramp «çəhrayı ponilər»i əvvəlcə Respublikaçıların düşərgəsində keçirilən praymerizdə, daha sonra isə ümumxalq səsverməsində darmadağın edərək, demokratların namizədinə ikinci dəfə qalib gəlib.
Demokratlar seçki kampaniyası dövründə həddindən çox zərbə almışdılar. Əvvəlcə Baydenin Tramp ilə iflas sayıla biləcək debatları və yarışın gedişində demokratların namizədi dəyişmək məcburiyyətində qalması, daha sonra Donald Trampa sui-qəsdə görə günahın dolayısı ilə də olsa Baydenin, daha doğrusu, onun ehtirasları coşduran uğursuz ifadələrinin üzərinə atılması. Çoxları əmin idilər ki, demokratlar sadəcə, sadə seçicilərlə danışmaq, daha pis olanı isə, onları eşitmək vərdişini unudublar. Bütün bunlar sonda demokratların darmadağın olması ilə nəticələnib.
Əlbəttə, ənənəvi siyasi dairələrin baş verənlərdən nəticə çıxarmaq şansı var. Lakin təcrübə göstərir ki, «çəhrayı ponilər» öz xülyalarından ciddi müvəffəqiyyətsizliklərdən sonra belə, əl çəkmirlər.
MƏSLƏHƏT GÖR: