19 Dekabr 2024

Cümə axşamı, 10:15

TÜRK DÜNYASININ İSTEHKAMI

TDT-nin Bişkek sammitində vacib qərarlar qəbul olunub

Müəllif:

15.11.2024

Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən XI sammiti yalnız üzv dövlətlərin deyil, Kiçik Asiya, Qafqaz və Mərkəzi Asiyanı əhatə edən böyük bir regionun həyatında vacib hadisə sayıla bilər. Toplantı bir sıra vacib qərarların qəbulu ilə yadda qalıb ki, onların da türk birliyi çərçivəsindəki proseslərin dinamikasına müsbət təsir göstərəcəyi, eyni zamanda həmsərhəd ölkələr və regionlara da təsirinin olacağı gözlənilir.

 

Türk Dünyasının Xartiyası və digər qərarlar

Söhbət, ilk növbədə, Türk Dünyasının Xartiyasından gedir. O, özündə bu formatda dövlətlərin əməkdaşlığının əsas prinsiplərini əks etdirir. Bununla yanaşı, toplantıda bir sıra digər qərarlar da qəbul olunub: türk dünyasının «yaşıl» yanaşması haqqında; Birləşmiş Dayanıqlı Gələcək  haqqında; 2025-ci ildə Bişkek şəhərinin TDT-nin rəqəmsal paytaxtı elan olunması haqqında; Macarıstanın baş naziri Viktor Orbanın «Türk dünyasının Ali Ordeni» ilə təltif edilməsi haqqında.

Bəzi qərarlar isə TDT-nin təşkilati strukturlarının gələcək təkmilləşdirilməsinə dairdir. Məsələn, söhbət qurumun baş katibinin müavininin təyin olunması və TDT-nin daimi nümayəndələri haqqında Əsasnamənin təsdiqlənməsindən gedir. Türk dövlətləri əməkdaşlığının bayrağının təsdiqlənməsi haqqında da qərar qəbul edilib.

Maraqlıdır ki, sammit iştirakçıları Macarıstanın baş naziri Viktor Orbanın bu formatın inkişafına töhfəsini qiymətləndirmək qərarına da gəliblər. Macarıstanın TDT-də müşahidəçi statusunda olmasına baxmayaraq, Orban qurumun bütün sammitlərinə qatılır və burada qəbul edilən qərarlara dəstəyini göstərir. Macarıstanın baş naziri həm də xarici siyasi kurs yürütdüyü üçün Aİ-dəki həmkarları tərəfindən davamlı olaraq ciddi təzyiqlərlə üzləşsə də, türk dünyasında o, böyük nüfuza malikdir.

Macarıstana Avropa İttifaqı ilə türk dövlətləri arasında körpü kimi baxılır, Viktor Orbanın bu formatda irəli sürdüyü təşəbbüslər isə beynəlxalq arenada təşkilatın çəkisinin artırılması baxımından vacib hesab olunur. Orbanın mükafatlandırılması isə türk dövlətlərinin onun siyasi kursuna tam dəstəyinin göstəricisi, eyni zamanda Macarıstanın baş nazirini beynəlxalq arenada təcrid vəziyyətinə salmağa çalışanlara bir mesajdır. Türk birliyinin tribunası onun üzünə hər zaman açıqdır.

 

Əliyevin Türk dünyasına mesajı

Sammit iştirakçısı olan liderlər çıxışlarında hər zaman olduğu kimi, bu dəfə də qurumun fəaliyyətini qiymətləndirib, üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin güclənməsinə yönəlmiş təşəbbüslər irəli sürüblər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında TDT-nin təşkilatı strukturlarının gücləndirilməsinin vacibliyinə xüsusi diqqət çəkilib. Bakı hesab edir ki, bu gün qarşıda duran vəzifələrə cavab verə bilməsi üçün onların fəaliyyətinin effektivliyi artırılmalıdır. Azərbaycan bu məqsədlə TDT Katibliyinin işinin dəstəklənməsinə 2 milyon, onun Ağsaqqallar Şurasına isə 100 min dollar ayırmağa hazırdır.

Təhlükəsizlik sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyinə xüsusi diqqət çəkilib. Məlum olduğu kimi, TDT-nin sərhədləri boyunca ciddi geosiyasi gərginlik müşahidə olunmaqdadır və təşkilat üzvləri üçün bu gərginliyin bilavasitə iştirakçısına çevrilmək riski var. Türkiyə ilə Macarıstanın NATO üzvləri olmalarına baxmayaraq, hər iki dövlət Ukrayna (Qərb) ilə Rusiya arasındakı münaqişədən maksimum uzaq dayanmağa çalışır, həm Moskva, həm də Kiyev ilə münasibətləri davam etdirirlər. Eyni sözləri TDT-nin digər üzvləri haqda da demək olar. Bununla yanaşı, təşkilat üzvləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi aktuallığını itirmir, çünki onların müxtəlif bəhanələrlə bu münaqişəyə cəlb olunması cəhdləri bitmir.

Azərbaycan Prezidenti bildirib ki, son zamanlar TDT üzvü olan dövlətlərin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq genişlənib. O, təşkilat üzvlərinin silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirildiyini də xatırladıb. «Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir», - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra Bakının öz təhlükəsizliyi ilə bağlı problemi həll etməsi Türk dövlətlərinin güc strukturları arasında məhsuldar əlaqələrin qurulmasında özünəməxsus stimula çevrilib.

Prezident İlham Əliyev son zamanlar Azərbaycan vasitəsilə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımaların daha da artdığına da diqqət çəkib. O bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tranzit daşımalarının həcmində təxminən 15%-lik artım qeydə alınıb. Söhbət TDT üzvü olan və qurumda müşahidəçi statusuna malik ölkələr arasındakı daşımalardan gedir. «Orta dəhliz»in rəqəmsallaşdırılması və ticarətin sadələşdirilməsi layihəsi isə rentabelliyin artırılmasına, marşrutun daha cazibəli olmasına imkan verəcək.

Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etdiyini xatırladan İlham Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Bakıya qardaş türk dövlətləri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan) və Macarıstan ciddi yardım göstərirlər.

Dövlət başçısı yaxın günlərdə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xatırladaraq, həmkarlarını bu tədbirdə iştirak üçün bir daha Bakıya dəvət edib.

 

Qazaxıstan, Türkiyə və Özbəkistan: bənzər mövqelər və ümumi hədəflər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışında iqtisadi əməkdaşlıq mövzusuna daha çox üstünlük verilib. Dövlət başçısı bildirib ki, son 10 ildə TDT üzvləri arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib. 2024-cü ildə onlar arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard dolları ötüb və «bu göstəricinin daha da artırılması üçün bütün imkanlar var».

Qeyd olunmalıdır ki, milli statistika xidmətlərinin qarşılıqlı ticarət dövriyyəsi ilə bağlı açıqladığı rəqəmlərə diqqət yetirdikdə onun ümumilikdə 30 milyard dollar təşkil etdiyi görünür. Bu baxımdan, Qazaxıstan Prezidentinin açıqlamasında başqa məlumatlara da istinad etdiyi istisna deyil. Bununla yanaşı, o, Macarıstanın Türk dövlətləri ilə ticarət dövriyyəsini də nəzərdə tutub ki, bu da 5 milyard dollardan çoxdur.

Tokayev ticarət-iqtisadi əməkdaşlığın güclənməsində nəqliyyat kommunikasiyalarının rolunu xüsusi vurğulayıb. Prezident onu da bildirib ki, rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlığa dair imzalanmış razılaşma TDT üzvləri üçün çox vacibdir. Tokayev Türk dünyasında vahid informasiya məkanının yaradılması üçün qarşılıqlı kabel televiziyası yayımının təşkilini təklif edib.

Qeyd olunmalıdır ki, bu, Astananın TDT çərçivəsində vahid informasiya-telekommunikasiya şəbəkəsinin yaradılması ilə bağlı ilk təşəbbüsü deyil. Ötən forumlardan birində o, vahid media platformasının yaradılması təklifi ilə çıxış etmişdi və bu təklif hazırdı aktiv şəkildə reallaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə forumda daha çox türk dövlətlərinin əməkdaşlığının regional və qlobal siyasətə təsirindən danışıb. Məsələn, o, Bakı-İrəvan danışıqlarındakı irəliləyişi alqışlayıb, eyni zamanda Türk dünyası ölkələrini Qəzza sektorunda baş verənlərlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıb. «Biz bu günlərə müxtəlif maneələri aşaraq gəlmişik, amma qarşımızda hələ getməli olduğumuz uzun yol var. Qarşıdakı dövrün «Türk dünyası əsri» olması üçün əlimizdən gələni edəcəyik», - deyə Ərdoğan qeyd edib.

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin çıxışında da eyni tonallıq müşahidə olunub. O, türk dövlətlərinin birliyini möhkəmləndirmək üçün strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında müqavilə imzalanmasını təklif edib. Prezident hesab edir ki, bu sənədin qəbulu siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığın effektivliyini artıracaq, beynəlxalq problemlərlə bağlı TDT dövlətlərinin ümumi maraqlarına uyğun vahid və dəqiq mövqedən çıxış edilməsinə imkan verəcək.

Beynəlxalq problemlərlə bağlı ortaq siyasətin vacib olduğunu deyən Mirziyoyev Yaxın Şərqdə davam edən müharibəyə diqqət çəkərək bildirib ki, onun qiymətləndirilməsində ikili standartlardan çıxış edilir. Özbəkistan Prezidentinin mövqeyi xüsusilə Qəzza sektoru və Livanda görünməmiş humanitar faciənin yaşanması məsələsində Türkiyə rəhbərliyinin fikirləri ilə tam üst-üstə düşüb. Bu kontekstdə Özbəkistan və Türkiyə rəhbərliyi BMT-nin Yaxın Şərq Agentliyinin fələstinli qaçqınlara yardım göstərməsinə məhdudiyyətlərin qoyulmasını qəti şəkildə pisləyib.

 

Qırğızıstandan Macarıstanadək: birliyi gücləndirərək

Türkiyə və Özbəkistan prezidentlərinin fikirlərini sammitə qatılmış digər dövlət başçıları da dəstəkləyiblər. Bu isə sonda yekun bəyannamədə də öz əksini tapıb. Sənəddə bildirilir ki, uzun illərdir davam edən bu münaqişənin həllinin yeganə yolu beynəlxalq aktlara və qətnamələrə uyğun olaraq, 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

Bundan başqa, bəyannamədə iqtisadi əməkdaşlıq məsələləri də yer alıb. Məsələn, bildirilir ki, TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi vacibdir. Sənəddə o da deyilir ki, qurum üzvləri kosmik fəaliyyət sahəsində əməkdaşlığı, həmçinin TDT-nin geniş dil modelinin hazırlanmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumları imzalamalıdırlar.

Sammit çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlər də olub. Belə görüşlərdən birində sammitə ev sahibliyi edən Qırğızıstan Prezidenti Sadır Japarov ilə Macarıstanın baş naziri Viktor Orban 2025-ci ildə TDT-nin qeyri-formal sammitinin Budapeştdə keçirilə biləcəyini vurğulayıblar. Japarov bildirib ki, rəsmi Bişkek TDT-yə sədrliyi çərçivəsində Budapeştin bu təklifini dəstəkləyəcək.

Sammitin yekunlarından danışarkən bir məqamı xüsusi vurğulamamaq olmaz: iştirakçılar qurumun təşkilati strukturlarının gücləndirilməsini prioritetlər sırasına daxil edib. Belə ki, TDT-nin daimi nümayəndələr institutunun yaradılması müxtəlif ölkələrlə təşkilatın katibliyi arasında koordinasiyanın gücləndirilməsinə imkan verəcək, üzv dövlətlərin maraqları əsasında qəbul olunmuş qərarların daha işlək olmasını təmin edəcək.



MƏSLƏHƏT GÖR:

38