Müəllif: İlahə MƏMMƏDLİ
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya gündəminin əsas hadisələrindən birinə çevrilərək, iqlim dəyişikliyi ilə qlobal mübarizədə daha bir mühüm mərhələni qeyd edib. O, “təmiz enerji”yə keçid, istixana qazı emissiyalarının azaldılması və yeni şəraitə uyğunlaşma üçün müəyyən edilmiş hədəflərə doğru yeni imkanlar açıb. Konfrans iştirakçıları qlobal istiləşmənin məhdudlaşdırılması üzrə “Paris Sazişi”nin məqsədlərinə sadiq qaldıqlarını təsdiqləyiblər. İstixana qazı emissiyalarının azaldılması və ölkələrin enerji balansında bərpa olunan enerji mənbələrinin (BEM) payının artırılması üzrə yeni öhdəliklər qəbul edilib.
Bu mühüm tədbirin ev sahibi rolunu üzərinə götürən Azərbaycan da “yaşıl enerji”yə və dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirərək, iddialı planlar və təşəbbüslər təqdim edib.
Məqsədlər və reallıq arasındakı fərq
İqlimşünaslar bu il qalıq yanacaqlardan qlobal karbon qazı emissiyasının rekord səviyyəyə çatacağını gözləyirlər. “Təmiz enerji” istehsalının artmasına baxmayaraq, pik nöqtəsi ilə bağlı “aydın əlamətlər yoxdur”. “Global Carbon Budget” layihəsinin son hesabatına əsasən, enerji yanması və sənaye proseslərindən yaranan emissiyalar 2024-cü ildə 37,4 milyard metrik ton CO2 ekvivalentinə çatacaq və bu da əvvəlki illə müqayisədə 0,8% çoxdur. Bu o zaman baş verib ki, dünya liderləri və siyasətçilər ötən il Dubayda keçirilən COP28-də ölkələr “qalıq yanacaqlardan imtina etməyə” söz verdikdən sonra qlobal fəaliyyətləri sürətləndirmək üçün COP29-da əlavə tədbirlər görməli idilər.
“Təmiz enerji” sahəsində irəliləyişlərə baxmayaraq, təbii qaz və neftin istifadəsinin artması qalıq yanacaqlardan qlobal emissiyaların artmasına səbəb olur. Kömürdən emissiyaların da artacağı gözlənilir. Lakin bunun daha az miqdarda olacağı proqnozlaşdırılır”, - “Global Carbon Budget”in hesabatında vurğulanıb. Hesabata görə, 2024-cü ildə qalıq yanacaqlardan gözlənilən emissiya artımı 2023-cü ildəki 1,4%-lik artıma əlavə olunur və qlobal emissiyaların gözlənilən və zəruri pik nöqtəsini daha da gecikdirir.
2024-cü ildə gözlənilən artım qazdan emissiyaların davamlı artımı (2,4%) ilə əlaqədardır. Kömür və neftdən emissiyalarda isə müvafiq olaraq 0,2% və 0,9% kimi cüzi artım müşahidə olunub. 2024-cü ildə kömürdən emissiyalar qlobal emissiyaların 41%-ni təşkil edəcək, neft və qazdan emissiyalar isə müvafiq olaraq 32% və 21%-ə çatacaq. Beynəlxalq aviasiya və gəmiçilikdən bu göstəricinin 2024-cü ildə 7,8% artacağı, lakin pandemiyadan əvvəlki səviyyədən aşağı olacağı gözlənilir.
DNV konsaltinq şirkəti beş əsas “təmiz enerji” texnologiyasının - günəş fotovoltaik qurğuları, külək, nüvə enerjisi, istilik nasosları və elektromobillərin artan tətbiqi sayəsində 2024-cü ildə emissiyaların pik nöqtəsinə çatacağını bəyan edib. DNV-nin enerji keçidi ilə bağlı son proqnozunda vurğulanıb ki, 2025-ci ildə enerji ilə əlaqəli CO2 emissiyalarının azalması cüzi, yəni 0,4% olacaq.
“S&P Global Commodity Insights”ın analitikləri isə hesab edirlər ki, qlobal istixana qazı emissiyaları bir neçə il ərzində maksimuma çata bilər: “Bir neçə böyük iqtisadiyyat 2050-ci il üçün istixana qazları hədəflərinə çata və ya demək olar ki, çata bilsə də, siyasi və praktiki məhdudiyyətlər əksər ölkələrin iqlim və karbon neytrallığı hədəflərinə çatmasına imkan vermir”.
“Commodity Insights”ın əsas ssenarisinə görə, qlobal istixana qazı emissiyaları 2020-ci illərin ortalarında 50 milyard metrik ton CO2 ekvivalenti pik nöqtəsindən sonra tədricən azalacaq və 2050-ci ilə qədər təxminən 30 milyard metrik ton CO2 ekvivalentinə düşəcək.
Həm Avropa, həm də Asiya
Konfrans zamanı Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra BEM-ə keçidi sürətləndirmək üçün fəal tədbirlərə çağırış edib. O, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün əhəmiyyətli investisiyaların və enerji şəbəkələrinin modernləşdirilməsinin vacibliyini vurğulayıb.
V.Hukstranın fikrincə, dünyada BEM istifadəsinin üç qat artırılması enerji şəbəkələrinin genişləndirilməsini (2030-cu ilə qədər əlavə 25 milyon kilometrlik elektrik ötürücü xətləri çəkilməlidir), həmçinin litium, kobalt və digər resurslara tələbatın üç qat artmasına səbəb olan həyati əhəmiyyət kəsb edən mineralların hasilatı və emalının inkişafını tələb edir.
Onun sözlərinə görə, bundan başqa, əhəmiyyətli dövlət maliyyələşdirməsinə baxmayaraq (Aİ-dən ildə 31 milyard dollar), əlavə investisiyalar lazımdır: “2023-cü ildə Aİ-də istixana qazı emissiyaları bərpa olunan enerjinin sürətli inkişafı sayəsində 8% azalıb. Avropada elektrik enerjisinin yarıdan çoxu indi BEM vasitəsilə istehsal olunur”. O hesab edir ki, birgə fəal tədbirlər şərtilə 2030-cu ilə qədər qlobal emissiyaların 10 milyard ton azaldılması tamamilə realdır.
Asiyaya gəlincə, Çinin Baş nazirinin müavini Din Süesən konfransda deyib ki, ölkəsi 2060-cı ilədək karbon neytralına nail olmağa çalışacaq. Son COP iqlim konfranslarında Çin bərpa olunan enerji mənbələrindən istifadəni artırmaq qabiliyyəti nəzərə alınaraq, 2030-cu ilədək emissiyaların pik həddə çatması və 2060-cı ilədək sıfır səviyyəsinə çatması üçün xüsusilə inkişaf etmiş ölkələr tərəfindən təzyiqlə üzləşib. Baş nazirin müavini söyləyib ki, Çinin 2035-ci il üçün yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) iqtisadiyyatın bütün sektorlarını əhatə edəcək və təkcə CO2 deyil, bütün istixana qazlarını əhatə edəcək.
D.Süesən Pekinin digər inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşməsinə töhfəsindən də danışıb: “2016-cı ildən bəri Çin digər inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə səmərəli dəstək olaraq 177 milyard yuandan (24,5 milyard dollar) çox vəsait təmin edib və səfərbər edib”.
Mövcud vəziyyəti nəzərə alaraq, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı COP29 çərçivəsində ilk karbon kvotaları ticarəti birjasını işə salıb. Səudiyyə Ərəbistanı Regional Könüllü Karbon Bazarı Şirkətinin (RVCMC) idarə etdiyi birja platforması bu bazarın genişləndirilməsi üzrə milli strategiyanın bir hissəsidir. “COP-dakı mesajımız aydındır: qlobal dekarbonizasiyanın sürətləndirilməsi üçün iqlim layihələri üçün iri miqyasda maliyyə axınını təmin etmək lazımdır. Yüksək dürüstlüyə malik könüllü karbon bazarları bu onillikdə iqlim maliyyələşdirilməsindəki boşluğun aradan qaldırılmasında mühüm rol oynaya bilər. Lakin bazarın potensialını reallaşdırmaq üçün özəl sektorun daha aktiv iştirakına imkan verəcək institusional infrastruktur lazımdır”, - RVCMC-nin baş direktoru Riham Əl-Gizi deyib.
Platformanın açılışında Səudiyyə Ərəbistanı və digər ölkələrdən 22 şirkətin iştirak etdiyi hərrac keçirilib. Hərracda 2020-ci ildən bəri “Verra”, “Gold Standard” və “Puro.earth” sertifikatlı 17 layihədən 2,5 milyon yüksək keyfiyyətli karbon krediti hərraca çıxarılıb. Kreditlərin əksəriyyəti Qlobal Cənub ölkələrindəki, o cümlədən Banqladeş, Braziliya, Efiopiya, Malayziya, Pakistan və Vyetnamdakı layihələrdən daxil olub. Bu, RVCMC-nin Nayrobi və Ər-Riyaddakı tədbirlərdən sonra üçüncü karbon krediti hərracıdır. Keçən il RVCMC Keniyadakı ikinci hərracda 2,2 milyon metrik ton karbon krediti sataraq Səudiyyə Ərəbistanının karbon sektorundakı mövqeyini gücləndirmək öhdəliyini nümayiş etdirib. Səudiyyə Ərəbistanı və BƏƏ kimi Yaxın Şərq ölkələri könüllü karbon bazarında iştirakını fəal şəkildə genişləndirir.
Azərbaycanın “yaşıl enerji”si
Azərbaycan COP29-da 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının üç dəfədən çox artırılması ilə bağlı iddialı planlarını bir daha təsdiqləyib.
Energetika naziri Pərviz Şahbazov konfransda qeyd edib ki, ötən il dünyada 473 gVt yeni bərpa olunan enerji güclərinin quraşdırılması və 570 milyard ABŞ dolları investisiya yatırılması kimi rekord nəticələrə baxmayaraq, “yaşıl enerji”yə keçid üçün bu göstəriciləri təxminən iki dəfədən çox, enerji səmərəliliyinə investisiyaları isə 7 dəfə artırmaq lazımdır.
Nazirin sözlərinə görə, COP28-də qəbul edilmiş bərpa olunan enerji və enerji səmərəliliyinə dair dünya ölkələrinin kollektiv öhdəliyi iqlim dəyişikliyi ilə mübarizədə və qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq məqsədinə nail olmaqda dönüş nöqtəsi olub: “COP29-da isə bu öhdəliklərin həyata keçirilməsinə, maneələrin aradan qaldırılmasına və “təmiz enerji”yə sürətli keçid üçün qlobal tədbirlərin gücləndirilməsinə diqqət yetirmək lazımdır”. P.Şahbazov Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədi çərçivəsində Avropa Komissiyası, COP28, Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Bu arada, IEA və IRENA-nın məlumatına görə, 11 min gVt bərpa olunan enerji istehsal gücünə nail olmaq və qlobal enerji səmərəliliyini ildə 4%-dən çox artırmaq üçün 31,5 trilyon ABŞ dolları məbləğində maliyyə vəsaiti lazımdır. “Mövcud olan bütün milli ambisiyalar tam şəkildə həyata keçirilsə belə, 2030-cu ilə olan hədəflərimizə çatmaqdan 30 % geri qalacağıq və bu, enerji keçidi səylərinin daha da genişləndirilməsini tələb edir”, - Azərbaycanın energetika naziri qeyd edib.
P.Şahbazovun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək “yaşıl artım” və “təmiz enerji” təchizatçısı ölkəsinə çevrilmək üçün milli və beynəlxalq layihələri həyata keçirməyi planlaşdırır. Belə ki, Şərqi Zəngəzurda BP ilə birlikdə dünyanın ən böyük neft-qaz terminallarından biri olan “Səngəçal” terminalının dekarbonizasiyasını dəstəkləyəcək 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlanılacaq. Ümumilikdə 2030-cu ilədək 2250 MVt gücündə günəş və külək elektrik stansiyaları ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını əvvəlki 30% hədəfini əhəmiyyətli dərəcədə üstələyərək 35,5%-ə çatdırmağa imkan verəcək.
Nazir, həmçinin 5 gVt əlavə güc yaratmaq və onun Xəzər-Qara dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri vasitəsilə Avropaya ixracı, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin təchizatı üçün Azərbaycan-Mərkəzi Asiya “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi strateji məqsədini vurğulayıb. “Bu regional “yaşıl enerji dəhlizləri” bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin “yaşıl enerji”yə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”, - nazir bildirib.
COP29-un əsas hadisələrindən biri BP ilə birgə həyata keçirilən irimiqyaslı layihə - Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması olub. Regionun ən böyük günəş elektrik stansiyasının ildə təxminən 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi və bununla da karbon dioksid emissiyalarının ildə 260-330 min ton azalacağı gözlənilir. Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) tətbiqi stansiyada istehsal olunan enerjinin “Səngəçal” terminalına ötürülməsinə və neft-qaz sektorunun dekarbonizasiyasına töhfə verəcək.
Eyni zamanda Azərbaycan BEM sahəsində digər ölkələrlə əməkdaşlığını da fəal şəkildə genişləndirir: COP29-da Bolqarıstan, İtaliya, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Özbəkistanla müqavilələr bağlanıb.
“Paris Sazişi” çərçivəsində Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) enerji planlaşdırması üzrə Anlaşma Memorandumu imzalayıblar. Bundan əlavə, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi”ndə Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən və Azərbaycanla “yaşıl enerji” əməkdaşlığını genişləndirən bir neçə vacib sənəd imzalanıb. Buraya “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş, “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji əməkdaşlığı üzrə Yol Xəritəsi və Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu daxildir.
Azərbaycan, həmçinin aparıcı enerji şirkətləri ilə əməkdaşlıq qurur. Bu da ölkəyə bərpa olunan enerji sahəsində qabaqcıl texnologiyalara çıxış əldə etməyə və enerji sistemlərinin səmərəliliyini artırmağa imkan verəcək. Belə ki, SOCAR və Bolqarıstanın “Asarel Energy” şirkəti arasında Birgə İnkişaf Sazişi imzalanıb. SOCAR, həmçinin İtaliyanın “Italgas” şirkəti ilə enerji keçidi, rəqəmsallaşma və infrastrukturun dekarbonizasiyasının sürətləndirilməsi üçün təcrübə və texnologiya mübadiləsini nəzərdə tutan əməkdaşlıq sazişi imzalayıb.
Azərbaycan nümunəsi göstərir ki, enerji keçidi təkcə texniki deyil, həm də siyasi məsələdir, həmçinin ənənəvi və yeni enerji mənbələrini uğurla birləşdirmək mümkündür.
Ümumilikdə, bu gün qəbul edilən qərarlar göstərir ki, dünya energetika sahəsində genişmiqyaslı dəyişikliklərə hazırdır, lakin qarşıya qoyulan məqsədə gedən yol, əlbəttə ki, hələ uzundur. Əsas məsələ iqlim dəyişikliyinin ayrı-ayrı ölkə və ya xalq üçün deyil, bütün bəşəriyyət üçün real təhlükə olduğunu dərk edərək, problemləri birlikdə aradan qaldırmaqdır.
MƏSLƏHƏT GÖR: