31 Марта 2017

Пятница, 00:28

ВАЛЮТА

Bakı əhalisi yaslardakı israfçılığa qarşı mübarizəni dəstəklədi

31.10.2014 16:47

Bakı, 31 oktyabr, Region Plus

Bakı əhalisi ölkə rəhbərliyinin tövsiyyəsi ilə israfçılığa qarşı başlanan mübarizəni müsbət qiymətləndirir. Bunu «Rəy» Monitorinq Mərkəzinin oktyabrın əvvəlində keçirdiyi sorğunun nəticələri göstərib.

Mərkəzdən “Region Plus”a verilən məlumata görə, bütövlükdə paytaxt sakinlərinin 73%-i sözügedən mübarizənin zəruriliyini vurğulayıb. Anketin müvafiq sualına cavab verərkən, respondentlərin 46%-i «tam razıyam, axır ki, bu həyati vacib məsələdə qayda-qanun yaratmağa başladılar» cavabını seçib, 27% isə bu mübarizəni dəstəkləyib və haqlı olaraq qeyd edib ki, «bu, vacib və lazımlı bir işdir». Daha 12% israfçılığa qarşı tədbirləri bir şərtlə dəstəkləyir ki, «onlar qanun çərçivəsində aparılsın və məmurların özbaşınalığına rəvac verməsin».

Yalnız 9% belə bir mübarizənin aparılmasının əleyhinədir.Onların fikrincə, «bu, hər kəsin şəxsi işidir və dövlət buna müdaxilə etməməlidir». «Mübarizə lazımdır, lakin əmin deyiləm ki, məhz belə aparılmalıdır» cavab variantını isə rəyi soruşulanların 4%-i seçib.

Respondentlərin 3 faizi bu suala cavab verməkdə çətinlik çəkib və bu göstəricinin kiçikliyi onu göstərir ki, insanlar baş verənlərə biganə deyil.

Bu həssas sahəni kimin tənzimləməli olduğu barədə suala verilən cavablarda diqqət çəkir. Bakı sakinlərinin əksəriyyəti (təxminən 60%) birmənalı olaraq bu sahənin əsas «tənzimləyici»si qismində dövləti görür. Qalan 40% respondent bu missiyanı Qafqaz Müsəlmanları İdarəsinin üzərinə qoyur.

Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır.

Bakı sakinləri «cümə axşamları»nın qeyd olunmasını «soyuq» qarşılayır. Bu yaxınlaradək norma kimi qəbul edilən bu mərasimin keçirilməsini indi 61% respondent vacib saymır. Bəzi yerlərdə keçirilən 52 mərasimini isə ümumiyyətlə əksəriyyət qəbul etmir.

Vacib bir məqama diqqət yetirək: rəyi soruşulanların tam əksəriyyəti (89%) ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti).

Bundan əlavə, məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi mollalara israfçılığa yol verilən məclislərə qatılmamağı məsləhət görüb. Bu məsləhətlər nəticə verirmi?

“Təəssüf ki, sorğunun nəticələri bu suala müsbət cavab verməyə imkan vermir: son iki-üç həftə ərzində israfçılığa yol verilən yas məclisində olmuş paytaxt sakinlərinin 55%-i həmin məclislərin mollaların iştirakı ilə baş tutduğunu vurğulayıb” – deyə məlumatda bildirilir.

Yeri gəlmişkən, «Rəy» Monitorinq Mərkəzinin intervyuerləri yas sahibləri adı altında bəzi mərasim zalları və məsçidlərə də baş çəkiblər.

Məlum olub ki, mərasim zalları yemək sifariş vermək istəyən şərti «yas sahibləri»nin məclislərini molla ilə təmin etməkdən imtina etdiyi halda, Qafqaz Müsəlmanları İdarəsinin məsçidlərində vəziyyət bunun tam əksinədir. Məsçidlərdə açıq etiraf ediblər ki, onların «müştəriləri» üçün heç bir məhdudiyyət yoxdur və lazım olarsa, istənilən məbləğə ehsan süfrəsi açıb, məclisə molla göndərə bilərlər.

Şəxsi söhbət zamanı mollalardan biri hətta bildirib ki, artıq Həcc ziyarəti etdiyi üçün onun xidmətləri standart 50 manata deyil, avtomatik olaraq baha qiymətə başa gələcək.

Eyni zamanda bələdiyyəyə məxsus mərasim evində xidmət göstərən mollalardan biri 2 min manat cərimələnmək təhlükəsi qarşımında ehsan məclisini aparmaqdan imtina edib.

Bu yerdə respondentlərdən birinin dediyi skeptik bir fikir tam yerinə düşür. Onun fikrincə, yas mərasimləri sadəcə biznes deyil, böyük biznesdir. Məsçidlər mərasim zallarının açılmasına külli miqdarda vəsait sərf ediblər və sadəcə tövsiyyə, bəyanat və cağırışlarla bu işi yoluna qoymaq olmayacaq.

 


Регионы:

Фото:

РЕКОМЕНДУЙ ДРУЗЬЯМ:

149
Лента новостей