8 May 2024

Çərşənbə, 03:02

SƏXAVƏTİ ƏSİRGƏMƏDƏN

Bakı milyonçuları və Peterburqda məscid

Müəllif:

01.10.2013

1913-cü ilin sentyabrında Peterburqun məscid tikintisi üzrə komitəsinin rəhbəri polkovnik Abdul Əziz Dövlətşin Bakıya gəldi. Səfərdə məqsəd Bakı milyonçularını  inşaat işinin həlledici mərhələsinə cəlb etmək idi.

 

İlk ianə

Peterburqda mədəniyyət  tikintisinin ucaldılması ideyası Rusiya paytaxtının müsəlman icmasına məxsus idi. İcma bu təklifi 1881-ci ildə irəli sürmüşdü. Lakin hökumət öz vətəndaşlarının istəyindən "xəbərsiz qalmağa" üstünlük verirdi. Amma şəhərin müsəlmanları məscidin tikintisi üçün ianə toplamağa başlamışdılar. Müsəlmanların iyirmi il sonra 12 aprel 1902-ci ildə keçirilən toplantısında yenidən Peterburqda məscid tikintisi məsələsi gündəmə gətirildi. Bu dəfə hökumət məsələyə 4 il sonra reaksiya göstərdi. 1906-cı ildə Peterburqda məscid tikintisi üzrə komitənin yaradılmasına icazə verildi. Bu vaxtadək artıq 53 min rubldan artıq ianə toplanmışdı. Komitəyə isə bütün Rusiya ərazisində 10 il ərzində 750 min rubl ianə toplanılmasına icazə verdilər.

Elə birinci ildə komitə 100 min rubldan artıq vəsait toplaya bildi. Buxara əmiri Abdul Əhəd Xanın məscid üçün torpaq sahəsinin alınmasına 500 min rubl ayırması ilə ianə toplanışı daha geniş vüsət aldı. Buxara əmirinin bakılı milyonçu Hacı Zeynalabdin Tağıyevlə möhkəm dostluq münasibətlərinin olduğu hər kəsə bəlli idi. Bakıya gəldikdə o, yalnız Tağıyevin evində qalır, dostunun işlərinə diqqət göstərirdi. Belə səfərlərindən birində əmir Tağıyevin açdığı rus-müsəlman qadın məktəbinə baş çəkmişdi.

H.Z.Tağıyev isə Buxara əmirinin xeyriyyəçiliyinə dəstək verirdi. O, Peterburqda məscid tikintisinə 15 min rubl ödədi. Eyni məqsədlə daha 5 min rubl Ağa Murtuza Muxtarov tərəfindən ayrıldı.  Məscidin tikintisinə icazəni isə II Nikolay 27 iyun 1909-cu ildə verdi. Aydın idi ki, bu tikinti siyasi önəm də daşıyırdı: III Aleksandrın dönəmində Orta Asiyanın Rusiyaya birləşdirilməsindən sonra sarayda müsəlman icmasının maraqlarına da diqqətlə yanaşmağa çalışırdılar. 1910-cu il fevralın 3-də məscidin təməlqoyma mərasimi təntənəli şəkildə baş tutdu. Mərasimdə Buxara əmiri, tatar milli elitasının nümayəndələri, başda Orenburq müftisi M.Sultanov olmaqla, dini xadimlər, hökumət nümayəndələri, hərbçilər, Osmanlı və Fars dövlətlərinin konsulları, həmçinin çoxlu sayda müsəlman şəhər sakinləri iştirak edirdilər.

1913-cü ildə Rusiyada Romanovlar sülaləsinin çarlığının 300 illiyi qeyd olunurdu. Bu münasibətlə bütün ölkə ərazisində təntənəli mərasimlər düzənlənmişdi. Şübhəsiz ki, əsas tədbirlər imperiyanın paytaxtında - Peterburqda keçirilirdi. Bu münasibətlə ölkənin müxtəlif yerlərindən bütün təbəqələrdən olan insanlar paytaxta axışırdı. Bakı şəhərini  mərasimdə təmsil etmək üçün nümayəndə qlasnı Ağa Yusuf Dadaşov seçilmişdi.

 

Çilçıraqlar üçün vəsait

21 fevral 1913-cü ildə tamamlama işlərinin hələ başa çatmadığı məsciddə namaz qılındı. Peterburqda A.Y.Dadaşov Abdul Əhəd Xanın oğlu, 1910-cu ildə Buxara əmiri taxtına əyləşmiş Ali Xanla görüşdü. Dadaşov ona Peterburqda məscid tikintisinə 20 min rubl vəsait ayırmaq niyyətini çatdırdı. Məbləğin 10 min rublu çilçıraqların, qalan 10 minisə xalçaların alınması üçün nəzərdə tutulurdu. Bununla əlaqədar olaraq, Buxara əmiri Dadaşovu "1-ci dərəcəli Ulduz" ordeni ilə təltif etdi. Həmin ilin aprelində isə çarın əmri ilə A.Y.Dadaşov mülki müşavir  rütbəsilə mükafatlandırıldı.

Peterburqda məscid tikintisi üzrə komitənin sədri polkovnik A.A.Dövlətşin məscidi işıqlandırmalı olan çilçıraqlar və fənərlərin şəkillərini gətirərək Bakıya gəldi. Üzərində sifarişin qiymətlərinin də yazıldığı şəkillər Bakı milyonçularına təqdim edildi. Onlar da öz növbələrində məscidi işıqlandıracaq aksessuarların alınmasına vəsait ayırmağa razılıq verdilər. Ən bahalı çilçırağın alınması üçün 9500 rublu H.Z.Tağıyev ödədi. İsa bəy Hacınski, Ağa Bala Quliyev, Mirzə Əsədullayev, Əli bəy və Bala bəy Aşurbəyov qardaşları, Əşrəf, Nəcəf və digər Əmiraslanov qardaşları, İsmayıl bəy Səfərəliyev də qiyməti 1100-1200 rubl arasında olan çilçıraqların alınması üçün vəsait ayırdılar. Bu gün Sankt-Peterburq şəhərində yerləşən həmin məscid islam mədəni memarlıq abidəsidir. Bina 1909-1920-ci illərdə memar N.V.Vasilyevin layihəsi əsasında mühəndis S.S.Kriçinski və memar A.İ.fon Qoqknin iştirakı ilə tikilib. Orada "Quran"dan ayələrin yazılmasında türkoloq, SSRİ Elmlər Akademiyasının gələcək üzvü A.N.Samoyloviç iştirak edib. 1927-1930 və 1940-1956-cı illərdə məscid fəaliyyət göstərməyib. 1940-cı ildə isə o, Leninqrad Səhiyyə İdarəsinə verilib və tibbi avadanlıqlar anbarı kimi istifadə edilib. 1957-ci ildə binanı yenidən dindarlara qaytarıblar.



MƏSLƏHƏT GÖR:

682