5 May 2024

Bazar, 21:12

DÖYÜŞDƏ DOĞULMUŞ ORDU

Azərbaycan Silahlı Qüvvələrinin 95 yaşı tamam oldu

Müəllif:

02.07.2013

Biz bu parada qədər uzun bir yol keçdik. Biz buna layiq idik. İyunun 26-da dünya "Azadlıq" meydanında ordunun və hərbi texnikanın təntənəli keçidinə şahid oldu. Azərbaycan Silahlı Qüvvələrinin 95 yaşı idi. Amma bu, yalnız bayram deyil. Parad ordunun ictimaiyyət qarşısında özünəməxsus hesabatıdır. Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalması bu günə xüsusi çalar qatırdı.

 

Suverenlik uğrunda savaş 

Azərbaycan Demokratik Respublikasının hökuməti ayrıca korpusun - müstəqil Azərbaycan ordusunun ilk nizami hissəsinin yaradılması haqda qərarı 1918-ci il iyunun 26-da qəbul edib. 1998-ci il mayın 22-də Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla məhz həmin gün Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunub. Milli hərbi hissələrin yaradılması məsələsini Azərbaycanın görkəmli siyasətçiləri 1917-ci ilin oktyabr çevrilişindən dərhal sonra qaldırıblar. 1918-ci ilin mart hadisələri, Zaqafqaziya seyminin dağılması, Azərbaycanın müstəqilliyinin elan olunması isə milli hərbi hissələrin yaradılmasını əsas vəzifələrdən birinə çevirib.

Bu istiqamətdə işlər son dərəcə ağır şəraitdə gedirdi. Dünyanın aparıcı dövlətləri - ABŞ, Böyük Britaniya, Fransa və digərləri Azərbaycanın suverenliyini tanımaq istəmirdilər. Onlar var qüvvələrilə Azərbaycanın müstəqilliyinə təhlükə yaradan, Rusiya İmperiyasının bərpasını qarşısına məqsəd qoymuş əksinqilabçıları dəstəkləyirdilər. Azərbaycana qarşı qonşu Ermənistan ərazi iddiaları ilə çıxış edir, onların təhrikilə bəzi qüvvələr süni şəkildə erməni əhali ilə doldurulmuş Zəngəzur və Qarabağın Azərbaycandan ayrılması tələblərini irəli sürürdülər.

Gürcüstanla da münasibətlərdə hər şey qaydasında deyildi. Geyim, qida, silah çatışmazlığı kimi problemləri də buraya əlavə etsək, Silahlı Qüvvələrin yaradılmasının hansı ağır şəraitdə hə-yata keçirildiyi aydın olar.

İlkin olaraq Azərbaycanın gələcək ordusunun əsasını daha çox Vəhşi diviziya kimi tanınan yerli Qafqaz atlı diviziyasının Tatar (yəni Azərbaycan) atlı alayının döyüşçüləri təşkil edirdilər. Sayı, təxminən, 600 nəfər olan könüllülərə ümumi komandanlığı general-leytenant A.Şıxlinski həyata keçirirdi. Azərbaycan milli hökumətinin Tiflisdən Gəncəyə köçməsindən sonra Bakıda hakimiyyəti ələ almış bolşevik-daşnak kommunası (Bakı soveti) bu şəhərə hücum etmək qərarına gəldi. Aydındır ki, Azərbaycan döyüşçülərindən ibarət kiçik kontingent bu qüvvələrə müqavimət göstərə bilməzdi. Bu vəziyyətdə Azərbaycana köməklik göstərə biləcək yeganə dövlət Türkiyə idi. Bu məqsədlə ADR Nazirlər Sovetinin rəhbəri Fətəli xan Xoyski Türkiyə hökumətinə müraciət etdi, onlardan hərbi yardım istədi. Türkiyə müraciəti dərhal müsbət cavablandırdı.

1918-ci il iyulun 10-da Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan və Türkiyədən olan döyüşçüləri Kürdəmirdə bolşeviklərlə döyüşə girdi və ilk qələbəsini əldə etdi. Ordunun cənubdakı qrupuna polkovnik Həbib bəy Səlimov rəhbərlik edirdi. Qələbə yürüşü ordunun sentyabrın 15-də Bakıya girməsilə nəticələndi. Şəhər bolşeviklərdən və daşnaklardan xilas edildi, həmin ərəfədə ermənilərin xahişilə köməyə gəlmiş ingilis hərbi dəstəsi isə Qafqaz İslam Ordusunun Bakını ələ keçirməsindən bir gün əvvəl geri çəkilmişdi. Müstəqil Azərbaycanın hökuməti Bakıya köçdü, milli silahlı qüvvələrin formalaşdırılmasının birinci mərhələsinə start verildi.

1918-ci il noyabrın 1-də hərbi nazirlik yaradıldı. Nazir portfeli hökumətin başçısı Fətəli xan Xoyskiyə verildi. General-leytenant Səməd bəy Mehmandarov isə onun müavini vəzifəsini tutdu. Hökumətdə ikinci vəzifə olan hərbi nazir postunu doktor Xosrov bəy Sultanov tutdu. Sonradan o, Qarabağın general-qubernatoru oldu. 1918-ci il dekabrın 25-də isə Səməd bəy Mehmandarov üçüncü Nazirlər Kabinetində hərbi nazir postuna təyin edildi. Onun müavini general-leytenant Əliağa Şıxlinski idi. ADR ordusunun Baş Qərargahının rəisi general-mayor Həbib bəy Səlimov təyin olundu.

1918-1920-ci illərdə Silahlı Qüvvələrin piyada və süvari hissələri, artilleriya briqadaları və divizionları, həmçinin digər hərbi-texniki hissələr yaradıldı. ADR ordusunun əsasının bir süvari və iki piyada diviziyası təşkil edirdi. 1918-ci ilin dekabrında Tatar atlı alayından iki atlı alayı yaradıldı - 1-ci Tatar və 2-ci Qarabağ. Sonradan diviziyaya 3-cü Şəki alayı da daxil edildi. Qərargahı Gəncədə yerləşən atlı süvari diviziyasının komandiri general Teymur bəy Novruzov təyin olundu. 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sayı 40 min nəfərə çatdırıldı. Bu dövrdə Xəzər donanması da yaradıldı. Onun bolşeviklərin Bakıdan qaçan zaman özlərilə aparmağa çalışdıqları 2 kanoner qayığı - "Ardağan" və "Qars" və bir neçə yardımçı gəmisi var idi.

Milli Silahlı Qüvvələrin təşəkkülü daşnaklarla mübarizə şəraitində keçib. Bəzən onlar Zəngəzur, Qarabağ, Gəncə qəzalarının ermənilərin yaşadığı kəndlərini ADR hökumətinə qarşı qaldırmağa da nail olurdular. Zaqafqaziyada general Tomsonun başçılıq etdiyi Britaniya hərbi missiyasının mövcudluğu isə separatçılarla mübarizəni çətinləşdirirdi. Respublikanın cənub-qərbində ADR-in hakimiyyətinin təsdiqlənməsinə ciddi əhəmiyyət verən Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarında Qarabağ general-qubernatorluğunu yaratdı. Xosrov bəy Sultanov bu qəzanın general-qubernatoru təyin olundu.

 

Şuşa 

Xosrov bəy Sultanovun vaxtaşırı Bakıya yazdığı teleqramlar bu regionun hansı vəziyyətdə yaşadığını açıq şəkildə göstərirdi. Ermənilər Azərbaycan ərazilərinə iddialarından əl çəkmək niyyətində deyildilər. Ermənistan ordusunun və silahlı birləşmələrinin bir hissəsi general Dro və digərlərinin ümumi rəhbərliyi altında dinc azərbaycanlıları qətlə yetirir, onları qarət edir, kəndlərə od vururdular.

1919-cu il oktyabrın əvvəllərində general Cavad bəy Şıxlinskinin rəhbərlik etdiyi dəstə Zəngəzura göndərildi. Orada, təxminən, iki ay müddətində hərbi əməliyyatlar davam etdirildi. Məlum oldu ki, erməni əhali kifayət qədər yaxşı silahlandırılıb, öyrədilib və döyüşməyə hazırdır. Şıxlinskinin dəstəsinə Şuşa tərəfdən də yardım göndərildi. Nəticədə ermənilər təşvişə düşdülər və İngiltərəyə, Rusiyaya müraciət etdilər. Onlar bu dövlətlərdən ADR ordusunun dayandırılmasını istəyirdilər. Hərbi nazirin əmrilə hücum dayandırıldı və ordu hissələri dislokasiya yerlərinə qaytarıldı.

 

İlk parad və generalların aqibəti

1920-ci il martın 20-də Bakıda ADR ordusunun ilk hərbi paradı keçirildi. Həmin gün gecəyarı bayram əhval-ruhiyyəsindən, Şuşa və Xankəndi qarnizonlarının azsaylı olmasından istifadə edən erməni qiyamçılar onlara hücum etdi, Qarabağı Azərbaycanın digər hissəsilə birləşdirən Əskəran yolunu ələ keçirdilər. Qiyamçıların rəhbəri general Dro idi. Vəziyyət ciddi idi və təxirəsalınmaz tədbirlər tələb olunurdu. İlk olaraq Cəmşid xan Naxçıvanski 2-ci Qarabağ atlı alayının komandiri təyin olundu. Yeni komandir Xankəndiyə gəldi və ordunun Qarabağa hücumunu hazırlamağa başladı.

Əskəran yolu və ona bitişik şərq yüksəkliklərinə aprelin 3-də hücum başlandı və əməliyyat axşamadək davam etdi. Ordunun həmləsinə tab gətirə bilməyən düşmən qaçmağa başladı. Aprelin 4-ü sübhdən düşmənin təqibinə başlanıldı. Axşam saatlarında Xankəndi döyüşsüz azad olundu. Hücum Şuşayadək davam etdirildi və bu şəhər də ələ keçirildi. Tezliklə 1-ci Cavanşir piyada və 2-ci Qarabağ atlı alayları yardım üçün bu şəhərə gətirildi. Qısa fasilədən sonra Keşişkəndə hücum edildi. Əməliyyatı həyata keçirən dəstəyə general Səlimov başçılıq edirdi. Günortayadək qiyamçılar məğlub oldular.

Bu arada bolşeviklər Bakının ələ keçirilməsi üçün yeni plan üzərində işləyirdilər. Onlar planlarını 1920-ci il aprelin 28-də həyata keçirdilər.

Təxminən, 2 il müddətində Vətənin müstəqilliyini qoruya bilmiş azərbaycanlı sərkərdələrin taleyi müxtəlif oldu. Nəriman Nərimanov Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini həbsxanadan çıxararaq Moskvaya göndərə bildi. Onlar Moskvada yeni hökumətə xidmət göstərməyə başladılar. Bəziləri xaricə qaçdı. Amma əksəriyyət sovet hökuməti tərəfindən güllələndi.

Hər kəsi, hətta generalı da öldürmək, güllələmək olar. Amma xalqın ənənələrini, yaddaşını öldürmək, güllələmək mümkün deyil. Bu gün on minlərlə gənc ADR-in görkəmli sərkərdələrinin şərəfli əməllərini yaddan çıxarmayaraq yenidən müstəqillik qazanmış Azərbaycanın ordusunda xidmət edir. Onlar əcdadlarının yolunu sonadək getməyə - Vətəni düşməndən azad etməyə hazırdırlar.



MƏSLƏHƏT GÖR:

670