18 May 2024

Şənbə, 13:34

SABİTLİK XƏTTİ

Gürcüstan prezidentinin Bakıya səfəri iki ölkənin tərəfdaşlığın möhkəmləndirilməsi kursuna sadiq olduqlarını nümayiş etdirdi

Müəllif:

18.02.2014

Fevralın 12-13-də Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanda rəsmi səfərdə olub. Onu Gürcüstan parlamentinin deputatları, Təhlükəsizlik Şurasının katibi, administrasiyanın rəhbəri və prezidentin xarici münasibətlər üzrə katibi müşayiət edirdilər. Aeroportda rəsmi qarşılamadan sonra «Zaqulba» hökumət iqamətgahında Gürcüstan prezidenti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında görüş oldu. Onlar əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə danışıqlar aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, tərəflər enerji, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar. Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, onların birgə reallaşdırdıqları qlobal layihələrin yalnız region üçün deyil, Avropa üçün də əhəmiyyətli olduğu vurğulanıb. Görüşdə iki ölkə arasında siyasi münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edilib. «Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik», - deyə İlham Əliyev danışıqların yekununda verdiyi açıqlamasında bildirib.

Gürcüstan prezidenti G.Marqvelaşvili də ölkəsinin Azərbaycanın, Azərbaycanın isə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini deyib: «Biz beynəlxalq forumlarda bu mövqeyimizi çox mütəşəkkil şəkildə ortaya qoyuruq. Ümid edirik ki, ölkələrimizdə mövcud olan münaqişələr beynəlxalq hüquqa əsasən, sülh yolu ilə həll olunacaq». Həyata keçirilən layihələr nəinki iki dövlət, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanları yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insan üçün daha yaxşı gələcək deməkdir: «Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcək». Gürcüstan prezidenti ölkəsindəki etnik azərbaycanlılar və Azərbaycandakı etnik gürcülərlə bağlı layihələri xüsusi vurğulayıb. O, bu layihələrdə tərəfdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını görür. Marqvelaşvili səfərdən döndükdən sonra Gürcüstanda yaşayan azərbaycanlılarla görüşəcəyini, Novruz bayramını onlarla birgə qeyd edəcəyini bildirib.

Georgi Marqvelaşvilinin Azərbaycana səfəri Gürcüstanın Bakı-Tiflis-Qars layihəsinə münasibətinin dəyişdiyinə dair spekulyasiyalarla məşğul olanlara yaxşı cavabdır. O, «Trend» agentliyinə müsahibəsində bu layihəni tarixi, bütün regionun geosiyasətini dəyişən layihə, 2 qitə - Asiya ilə Avropa arasında körpü adlandırıb. «Yaxın zamanlarda NATO ISAF missiyası qoşunları Əfqanıstandan çıxarılacaq və biz onları bu nəqliyyat dəhlizi vasitəsilə də çıxartmaq imkanı təqdim edirik. Lakin bu hələ başlanğıcdır», - deyə Marqvelaşvili qeyd edib.

«Belə əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitlik fonu yaradır. Biz ümid edirik və bu barədə Prezident İlham Əliyevlə danışdıq ki, bu sabitlik fonu bizim regionumuza yalnız gələcək inkişaf perspektivləri və gələcək imkanlar istiqamətindən baxılacağına xidmət edəcək», - deyə o, vurğulayıb.

G.Marqvelaşvili səfər proqramına uyğun olaraq, Azərbaycanın baş naziri Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüb. Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən Gürcüstanın dövlət başçısı Heydər Əliyev Mərkəzində də olub. Onun şərəfinə rəsmi nahar verilib. Fevralın 13-ü səhər  İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olan Marqvelaşvili daha sonra Azərbaycanın şimal-qərbinə səfər edib, Qəbələ, Qax rayonlarında olub, orada yaşayan gürcü əhali ilə də görüşüb.

Səfər çərçivəsində heç bir bə- yannamə və ya kommunike imzalanmayıb. Bunun səbəbi heç də yalnız ötən 20 ildə iki ölkə arasında hüquqi bazanın kifayət qədər formalaşması deyil. Müvafiq beynəlxalq razılaşmalarla, protokollarla və s. möhkəmləndirilməsinə ehtiyac olan yeni sahələr, yeni layihələr hər zaman var. Məsələ ondadır ki, Gürcüstanın yeni Konstitusiyasına əsasən, orada hakimiyyətin əsas başçısı prezident yox, baş nazirdir. İndi Gürcüstanda prezident sadəcə «ölkəni beynəlxalq arenada təmsil edir». Ölkənin xarici siyasətinin formalaşdırılması və reallaşdırılması hökumət başçısı tərəfindən həyata keçirilir, bu işdə ona xarici işlər naziri kömək edir. Odur ki, prezident Marqvelaşvilinin Bakıya səfəri hüquqi deyil, siyasi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsi kursuna sabiq olduqlarını nümayiş etdirib.

Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra Avropa İttifaqı dövlət başçılarının sammitində və «Şərq tərəfdaşlığı» ölkələrinin Vilnüs toplantısında iştirak edib. Əvvəlcə onun ilk rəsmi səfərini Azərbaycana edəcəyi elan olunmuşdu. Lakin ötən ilin dekabrına planlaşdırılan bu səfər «texniki səbəblərdən» təxirə salındı. Nəticədə, Gürcüstan prezidenti ilk rəsmi səfərini yanvarın 20-də Türkiyəyə etdi.

Bu dəyişikliyi anlamaq və qəbul etmək olar. Azərbaycan Gürcüstan üçün tərəfdaş kimi nə qədər əhəmiyyətli olsa da, Türkiyənin Tiflisin əsas iqtisadi tərəfdaşı olduğu məlumdur. Türkiyə Gürcüstanla ticarət dövriyyəsinin həcminə görə, sabit olaraq ilk yerdədir, onun ən böyük xarici investorudur. Gürcüstanın Azərbaycan üçün olduğu kimi, Türkiyə də Gürcüstan üçün Qərbə qapı rolunu oynayır. Gürcüstan vətəndaşları Türkiyəyə vizasız, pasportsuz gedə bilirlər - onların bunun üçün sərhəddə şəxsiyyət vəsiqələrini təqdim etmələri kifayətdir. Hazırda 100 minlərlə gürcü Türki-yədə işləyir. Ankara ardıcıl olaraq Tiflisin «Avratlantik məkan cəhdlərini», Gürcüstana NATO-ya üzvlük üçün «yol xəritəsi»nin verilməsini dəstəkləyir.

Bundan başqa, Marqvelaşvilinin ilk səfərini Ankaraya, ikinci səfərini Bakıya etməsi Gürcüstanın yeni rəhbərliyinin xarici siyasi prioritetlərini göstərməklə yanaşı, Türkiyə-Gürcüstan-Azərbaycan formatında üçtərəfli əməkdaşlığa sadiqliyini də nümayiş etdirib. Bakıda bu, birmənalı olaraq müsbət qarşılanır. Çünki Azərbaycanın təşəbbüsü ilə çəkilmiş bütün strateji boru xətləri və dəmiryol layihələri, məhz, bu üçtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq sayəsində mümkün olub. Odur ki, Gürcüstan prezidentinin səfər ardıcıllığının dəyişməsi İrəvandan fərqli olaraq, Bakıda heç bir qıcıq yaratmayıb.

Bu 3 ölkə arasındakı sıx əməkdaşlıq de-fakto formalaşmış Türkiyə-Gürcüstan-Azərbaycan strateji xəttindən danışmağa imkan verir. Onun maddi əsasını Azərbaycanın enerji resurslarının daşınması üzrə artıq reallaşdırılmış strateji layihələr təşkil edir. Həmin layihələrdə gələcəkdə Qazaxıstan və Türkmənistanın enerji daşıyıcılarının da Qərb bazarlarına çıxarılması nəzərdə tutulub. Bundan başqa, Bakı-Tiflis-Qars dəmir yolu magistralının inşası yekun mərhələsinə qədəm qoymaqdadır. Türkiyənin «Marmara» layihəsi, o cümlədən 3 dost ölkənin avtomobil yollarının, limanlarının inkişafı ilə birlikdə, həqiqətən də, Şərqlə Qərbi birləşdirən nəhəng körpü əmələ gəlməkdədir. Ankara, Tiflis və Bakının regional sabitlik və təhlükəsizlik məsələlərindəki mövqeləri də bir-birinə çox yaxındır, beynəlxalq arenada onların maraqları üst-üstə düşür, bütün işlər üçtərəfli əməkdaşlığın gələcəkdə də möhkəmlənməsinə yönəldilib.

G. Marqvelaşvilinin Bakıya səfərilə, demək olar ki, eyni vaxtda KİV-də Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının 3-cü toplantısının bu həftə Gəncədə keçiriləcəyi haqda xəbər də yayılıb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Məlumatı Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun verib.

Xatırladaq ki, bu formatda görüşlərin əsası 2012-ci il iyunun 8-də Türkiyənin Trabzon şəhərində 3 ölkənin XİN başçıları tərəfindən imzalanmış Trabzon bəyannaməsi ilə qoyulub. Bəyannamədə Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, enerji, infrastruktur, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın əsas istiqamətləri göstərilir. Üçtə-rəfli formatda 2-ci toplantı ötən ilin martında Batumidə keçirilmişdi.

Gürcüstan prezidentinin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşündə üç ölkənin XİN başçısının artıq ənənəvi hal almış görüş formatına əlavə olaraq, Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin müvafiq komitələri arasında da əməkdaşlığın qurulmasına dair təşəbbüs səslənib. İki və üçtərəfli əməkdaşlığın digər formaları kimi, bu da həm ölkələrimizdə, həm də bütünlükdə regionda sabitliyin, təhlükəsizliyin və inkişafın möhkəmlənməsinə töhfə olacaq. Beləliklə, bütün sadalanan amilləri nəzərə alsaq, prezident Georgi Marqvelaşvilinin Azərbaycana səfərini uğurlu saymaq olar.

 

 

İLKİN MƏNBƏLƏRDƏN

«Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk».

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 

«Ümid edirik ki, ölkələrimizdə mövcud olan münaqişələr beynəlxalq hüquqa əsasən, sülh yolu ilə həll olunacaq».

Georgi MARQVELAŞVİLİ, Gürcüstan prezidenti



MƏSLƏHƏT GÖR:

652