24 Aprel 2024

Çərşənbə, 13:15

"SONUNCU MOGİKANLAR"ın ACI TALEYİ

Azərbaycanlı əhalinin Ermənistandan kütləvi deportasiyasının 25-ci ildönümü tamam oldu

Müəllif:

28.05.2013

Bu il azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına başlanılmasından 25 il ötdü. 1988-ci ilin aprel-may aylarında bu proses özünün pik həddinə çatdı. Azərbaycanlı əhalinin Ermənistandan kütləvi şəkildə qovulması zorakılıqlar, qətllər və talanlarla müşayiət olunurdu. Nəticədə 200 000-dən artıq azərbaycanlı - əcdadlarının torpaqlarında yaşayan və vaxtilə Ermənistan əhalisinin təxminən 90%-ni təşkil etmiş "sonuncu mogikanlar" Ermənistandan sürgün edildilər.

Qeyd edək ki, azərbaycanlıların milli zəmində hücumlara və qətllərə məruz qalması faktları hələ 1986-cı ildə, həmçinin 1987-1988-ci illərdə də qeydə alınmışdı. Amma sovet Ermənistanından azərbaycanlı əhalinin tam sürgünü 1988-ci il aprelin 24-dən sonra başladı: bununla ermənilər 1915-ci ildə baş vermiş "erməni soyqırımı"nı "qeyd etdilər".

1988-ci il aprelin 26-da azərbaycanlıların Kiçik Vədi kəndinə hücum edildi. Daha sonra mayın 11-də yerli hakimiyyət orqanı və milisin dəstəklədiyi erməni millətçiləri Şirazlı kəndinin azərbaycanlı əhalisinə  amansızlıqla divan tutdular. 64 ev dağıdıldı, onlardan 8-i yandırıldı, 330 azərbaycanlı ailənin mülkü talan edildi. Erməni vandallar ziyarətgahı da dağıtdılar, onun gözətçisi olan 90 yaşlı Seyid Ağbal ağanı (Mir-Ağbal Mir-Yaqub oğlu Nağıyev) amansızcasına döydülər və qoca aldığı xəsarətlərdən dünyasını dəyişdi. Ermənilərin Şirazlı kəndini talan etdikləri zaman xəsarət almış 2 yaşlı uşaq da sonradan vəfat etdi, daha 8 azərbaycanlı ağır yaralandı. Həmin dövrdə onlara digər azərbaycanlı kəndi də hücumlara məruz qaldı, nəticədə kənd sakinləri bütün mülklərini və doğma yurdlarını qoyaraq qaçmaq məcburiyyətində qaldılar.

Şirazlıdan qovulan 880 azərbaycanlı Sovet-Türkiyə sərhədinə qaçaraq sovet sərhədçilərindən yardım istədi. Lakin bu yardımı görməyən qaçqınlar sərhəddəki tikanlı məftillərdən aşaraq neytral zonada özlərinə çadır-şəhərciyi saldılar. Burada onlar 4 ay ərzində Araz çayının sahilində, azərbaycanlıların Şidli (indiki Yereknavan) kəndindən bir qədər aralıda açıq səma altında yaşamalı oldular. İyunun 20-də bu insanlara Ararat rayonunun daha 5 azərbaycanlı kəndinin əhalisi də qoşuldu.

Sovet-Türkiyə sərhədində məskən salmış azərbaycanlı kəndlərinin sakinlərindən ibarət nümayəndə heyəti ağsaqqallar və ziyalılarla birlikdə dəfələrlə Kremldə SSRİ rəhbərliyilə görüşlərdə olmuşdular. Onlar o zamankı Azərbaycan SSR-in rəhbərliyinin diqqətini məsələyə cəlb etmək üçün dəfələrlə Bakıya da gəliblər. Lakin Ermənistan SSR rəhbərliyi tərəfindən doğma yurdlarından qovulmuş azərbaycanlılara nə Moskvada, nə də Bakıda yardım göstərən oldu.

Qeyd edək ki, Ermənistandakı azərbaycanlıların yaşadıqları kəndlərə hücumlar heç də yalnız rayon rəhbərliyi tərəfindən təşkil olunmurdu. Ermənistan SSR-in bir sıra səlahiyyətli nümayəndələri, xüsusilə Nazirlər Soveti sədrinin müavini, sonradan Ermənistan SSR KP MK-nın birinci katibi olmuş Suren Arutyunyan da belə hücumlara rəhbərlik edirdi.

Bir neçə ay ərzində sovet rəhbərliyindən yardım görməyən azərbaycanlılar ölməmək üçün Sovet-Türkiyə sərhədindəki  Araz çayını üzərək keçməklə Türkiyəyə üz tutmaq məcburiyyətində qaldılar. Yalnız bundan sonra Sovet rəhbərliyi, guya, çoxmillətli SSRİ-nin dünyadakı imicinin korlanacağından ehtiyatlanaraq DİN və sərhəd qoşunları vasitəsilə azərbaycanlıların problemini "ermənisayaq" həll etdi. Yəni Moskva Ermənistan rəhbərliyi və erməni millətçilərinin azərbaycanlılara qarşı yol verdiyi azğınlığın qarşısını almaq əvəzinə, SSRİ DİN və Sərhəd Qoşunlarının müşayiətilə on minlərlə azərbaycanlının Ermənistan SSR-dən çıxarılmasına qərar verdi. Bir neçə həftə ərzində Sovet-Türkiyə sərhədində məskunlaşmış azərbaycanlılar gecəylə Ermənistan vasitəsilə Naxçıvana, oradan isə Azərbaycanın başqa bölgələrinə   aparıldılar.

1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə "Qarabağ" komitəsinin fəallarından olan Rafael Kazayan (hazırda Ermənistan Elmlər Akademiyasının akademikidir) hər kəsə açıq şəkildə çağırış etdi. O, hamını "əvvəlcədən yaradılmış dəstələrin köməkliyilə emiqrasiyanın reallaşdırılmasına" səslədi: "Bu onillikdə ilk dəfə olaraq Ermənistanı türklərdən təmizləmək üçün əla imkan əldə etmişik. Hesab edirəm ki, bu, on ildə apardığımız mübarizənin ən böyük nəticəsidir" ("Ermənistan: mübarizənin iyirmi ayı". Sənədlər toplusu. Erməni ümummilli hərəkatının nəşri. İrəvan, 1989, s.15).

1988-ci il sentyabrın sonlarında Ararat vadisində bir nəfər də olsun, azərbaycanlı qalmamışdı. Ermənistan hökuməti özünü "türklərsiz respublika" elan etmiş və bundan sonra 1989-cu il ərzində Ermənistanda qalmış digər azərbaycanlılar da oradan qovulmuşdu. Daha sonra isə bütün Ermənistan boyunca azərbaycanlılara məxsus ziyarətgahlar, memarlıq və tarixi abidələrin məhvinə başlanıldı, toponimlərin adları kütləvi şəkildə dəyişdirildi.

Bu gün Ermənistandan olan yüz minlərlə qaçqın Azərbaycanda yaşayır. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından olan məcburi köçkünlərlə birlikdə onların sayı təxminən 1 milyondur. Bununla yanaşı, Ermənistan hökuməti yaxşı yaşamaq istəyində olan öz əhalisinin də ölkədən kütləvi şəkildə çıxıb getməsini əngəlləyə bilmir. Erməni ekspert Vigen Akopyan "Ermənilər və Ermənistan - millət dövlətdən daha geniş olduqda" məqaləsində yazır: "Ermənistan hökuməti geridə qalmış 20 il ərzində ölkəni 1 milyondan artıq insanın, yəni əhalinin üçdəbirinin tərk etdiyini boynuna alır. Bu, tamamilə anormal göstəricidir və dünyadakı orta göstəricini 10 dəfə üstələyir!"

Yəni qonşularına qarşı yürütdüyü aqressiv siyasətə görə, Ermənistan müstəqil dövlət kimi özünü təsdiqləyə bilməyib və artıq hazırkı hakimiyyəti dövlətçiliyin xilası düşün-dürmür. Bir tikə çörək dalınca qaçan və ölkəyə rəhbərlik edən Qarabağ klanından mümkün qədər uzaq olmağa çalışan ermənilər kütləvi şəkildə Rusiyanın Qara dəniz sahillərinə, Soçiyə, Krasnodara, Stavropola və digər regionlara axışırlar. Faktikiolaraq, ermənilər vaxtilə yaşamaları üçün köçürülüb-gətirildikləri Cənubi Qafqazı və hazırkı Ermənistan Respublikasını tərk edir. Müasir ermənilər üçün "vətən" anlayışı yaxşı yaşayışın, erməni diasporu və kilsəsinin olduğu yerdir. 



MƏSLƏHƏT GÖR:

514