18 May 2024

Şənbə, 18:56

GÖYÜN YEDDİNCİ QATINDA

Sovet kosmonavtikasının təşəkkülündə Azərbaycan hansı rolu oynayıb?

Müəllif:

01.04.2014

Tarix özbaşına yaranmır. Onu konkret insanlar yaradırlar. Bir çox hallarda belə insanların adlarına hər addımda rast gəlinirsə, bəziləri zaman keçdikcə unudulur.

Kosmonavtikanın xüsusiyyəti elədir ki, bu sahədə çalışan bir çox insanlar - mühəndislər, raketçi-konstruktorlar, fiziklər və kimyaçılar uzun illər məşhurluq qazanmırlar.

Rusiyalı yazıçı və jurnalist, bir sıra elmi-fantastika və elmi-populyar kitabların müəllifi olan Anton Pervuşinin əsas mövzusu kosmonavtikadır. O, bu gün mütəxəssislərlə söhbətləşən, köhnə arxivləri araşdıran, oradakı məlumatlardan öz yaradıcılığında istifadə edən şəxslərdəndir. Yazıçının "R+"a bildirdiyinə görə, kosmonavtika ilə bağlı bir sıra önəmli hadisələr burada - Bakıda baş verib.

Sovet kosmonavtikası raket istehsalı ilə başlayıb. Lakin dövlət bu sahəyə xüsusi ehtiyatla yanaşıb. Sovet alimləri hökuməti bu gənc sahənin inkişafının vacibliyinə inandırmaq üçün xeyli zəhmət çəkməli olublar. 1932-ci ildə məşhur Sergey Korolyovun hazırladığı raket üçün yanacaq problemi meydana çıxıb. Həmin dövrdə maksimum qatı, idealda isə ümumiyyətlə möhkəm və yüksək enerjili yanacaq tələb olunurdu.

Korolyov mühəndis Nikolay Yefremovu Bakıya göndərib. Burada o, raket texnikası üzrə mühazirə oxumalı idi. "Yefremov orada Azərbaycan Neft İnstitutunun əməkdaşı Qurviç ilə tanış olur, ona "qatılaşdırılmış" benzin haqqında danışır. Bu məhsulun istehsal texnologiyası çox sadədir: benzin kanifoli lə qarışdırılır və solidol tipli kütlə əmələ gəlir. Bakının "qatı" benzini Tixonravovu "09" işarəli yeni raketin istehsalına sövq edir", - deyə Pervuşin danışır.

Bu halda raket istehsalı texnologiyası xeyli sadələşib. "QİRD-09" adlı ilk sovet raketinin qurulmasına 17 avqust 1933-cü ildə Moskva yaxınlığındakı Naxabino poliqonunda start verilib. Raket "Bakı yanacağı" ilə 18 saniyədə, təxminən, 400 metr hündürlüyə qalxıb. Korolyov bu göstəricini son dərəcə uğurlu nəticə sayaraq, ölkə rəhbərliyinə bu haqda məlumat verib. Nəticədə, rəhbərlik raket istehsalını perspektivli sahə kimi təsdiqləyib.

 

Kərim Kərimov

Təəssüf ki, bu sahənin inkişafı ilkin mərhələsindəcə müharibə dövrünə düşüb. İkinci Dünya müharibəsinin başlandığı vaxt artıq Bakıda raket mütəxəssislərindən ibarət böyük bir qrup var idi. Onların arasında məşhurluq qazanmış gənc mühəndis Kərim Kərimov daha öndə idi. Digər bakılı həmkarları kimi, Kərimov da raket üçün  "qatı" yanacaqla məşğul olurdu. Məlum olduğu kimi, faşist Almaniyası raket istehsalı sahəsində digər ölkələri xeyli qabaqlayırdı. Məhz bu üzdən müharibədən sonra onların bu sahədəki fəaliyyətini öyrənmək üçün Penemyunde poliqonuna (Almaniyanın şimal-şərqində yerləşən Penemyunde şəhəri yaxınlığındakı Üçüncü Reyxin raket mərkəzi) və digər "elmi şəhərlər"ə SSRİ və ABŞ-dan mütəxəssislər yollanmışdılar.

1946-cı ildə K. Kərimov Almaniyanın Nordhauzen şəhərinə ezamiyyətə göndərildi.  Orada dağlarda yaradılmış sexlərdə məşhur FAU raketləri hazırlanırdı. Amma sovet həmkarlarından əvvəl artıq amerikalılar özlərini Reyxin bu "intellektual mülkiyyət"inə yetirmiş, ən qiymətli işləri oradan götürmüşdülər.  Belə qurğuların ən məşhur istehsalçısı olan Verner fon Braun da amerikalılar tərəfindən "götürülmüşdü" və 15 il sonra o, Amerika astronavtikasının banisinə çevrilmişdi.

Beləliklə, sovet raketçiləri amerikalılardan qalanları zərrə-zərrə toplamalı olmuşdular. Bu mənada Penemyunde İnstitutunun texniki şöbəsinin rəhbəri fon Qryotrubun işə cəlb olunmasını böyük nailiyyət saymaq mümkündür.

Kərimov sonralar bu özündən razı almanın və xanımının öz davranışları ilə sovet mütəxəssislərinin, çalışqan insanları necə mat qoymalarından gülərək danışırdı. Onlara ayrıca bağ evi ayrılıbmış. Üstəlik, Qryotrub öz inəyinin də SSRİ-yə gətirilməsini tələb edir, o, inəyin südündən başqa heç bir südü içmədiyini deyirmiş.

Kərimovun özünə gəlincə, o, sadəliyi, valehedici əmək qabiliyyəti, enerjisi, ən qısa zamanda optimal yolları tapa bilmək bacarığı ilə seçilirdi. Beləliklə, Kərim Kərimov böyük mühəndislikdən aparıcı idarələrin rəhbəri postunadək olan müddəti çox asanlıqla keçmişdi.

Müharibədən 20 il sonra Kərimov hərbi qitələrarası raketlərin hazırlanması ilə məşğul idi. Amma tezliklə SSRİ ilə ABŞ arasında yarış Yerdən kosmosa keçdi və Kərimova kosmosun tədqiqi sahəsinə keçməsi təklif olundu. Kərimovun özünün dediyinə görə, o, əvvəlcə bu təklifi şəxsi demobilizasiya kimi qəbul edib və bir qədər inciyib. 1965-ci ildə o, Ümumi Maşınqayırma Nazirliyinə təyinat alıb. Burada Kərimov Baş Kosmik İdarəyə rəhbərlik etməyə başlayıb. 1966-cı ildə Uçuşlar ızrə Dövlət Komissiyasının rəhbəri postunu tutub və düz, 20 il bu vəzifədə çalışıb. Kərimovun bu vəzifəni icra etdiyi yalnız 1987-ci ildə üzə çıxıb.

K.Kərimov həmişə deyirdi ki, iş prosesində yol verilən ən cüzi nöqsan, kiçik yanlışlıq bütünlükdə layihəni məhv edə, yüzlərlə, minlərlə mütəxəssisin zəhmətini puça döndərə, ən başlıcası isə insan həyatı bahasına başa gələ bilər. O, kosmonavtları şəxsən yola salır, onların təhlükəsizliyi ilə bağlı da hər zaman böyük məsuliyyət hiss edirdi. O, özünün xatirələr kitabında yazır ki, 1967-ci ildə "Soyuz-1" gəmisi ilə kosmosa 2-ci dəfə uçmuş Vladimir Komarovun Yerə qayıdan zaman həlak olmasına səbəb paraşütün yerləşdiyi konteynerin daxili səthinin texnologiyaların pozulduğu zavodda hazırlanması olub.

"Soyuz-11"in Georgi Dobrovolski, Viktor Patsayev və Vladislav Volkovdan ibarət heyətinin faciəvi ölümünə də bənzər yanlışlıq yol açıb.

O zaman "soyüq müharibə" hər yerdə hiss olunur, Moskva rəhbərliyi konstruktoru tələsdirirdi. Məsələn, 1967-ci ilin iyulunda Müdafiə Şurasının toplantısında Brejnev "Vosxod" proqramının pozulmasından narazılığını bildirmiş, bunun böyük kosmik fövqəldövlət olan SSRİ-nin nüfuzuna zərbə vurduğunu bəyan etmişdi. O zaman Brejnevin azsaylı opponentləri arasında Kərimov da var idi. K. Kərimov etirazını kosmonavtların həyatının təhlükəyə atılmasının yolverilməz olduğu ilə əsaslandırmışdı.

Kərim  Kərimov SSRİ-nin idarə olunan kosmonavtika ilə bağlı bütün layihələrində iştirak etmişdi. O, 74 yaşında istefaya getsə də, Uçuşların İdarəolunması Mərkəzində həftədə 3-4 dəfə məsləhətçi kimi fəaliyyətini davam etdirirdi. Kərimov hər dəfə eyni vaxtda - saat 07:10-da işə adi elektrik qatarı ilə gedirdi.

 

Tofiq  İsmayılov

Sovet kosmonavtikasına texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki Tofiq İsmayılovun verdiyi töhfələri də unutmaq olmaz. O, 1956-cı ildə Moskva Elektrotexnika və Rabitə İnstitutunu bitirib. 1964-cü ildə Bakıya dönən İsmayılov əvvəlcə mühəndis kimi çalışıb, sonra Azərbaycan Politexnik İnstitutunda dərs deyib. 80-ci illərin əvvəllərində fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda davam etdirən T.İsmayılov, burada yarımkeçiricilər sahəsində elmi işə başlayıb. 1985-ci ildə SSRİ-də ilk və yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunu yaradan İsmayılov Azərbaycan Elmlər Akademiyası yanında fəaliyyət göstərən bu instituta rəhbərlik edib. Onun insanları bir araya gətirmək, eyni düşüncəli insanlardan kollektiv formalaşdırmaq, ən yaxşı, ən istedadlı mütəxəssisləri bir araya toplamaqda böyük bacarığı var idi. İsmayılovun növbəti və təəssüf ki, sonuncu ünvanı Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Tədqiqatı və elmi-istehsalat işləri üzrə direktoru və baş konstruktoru olub. 1991-ci ilin məşum 20 noyabr gecəsində artıq qızışmaqda olan münaqişənin qarşısını almaq üçün Azərbaycan xalqının qaymaqları, siyasətçiləri, alimləri vertolyotla Qarabağa yollanmışdılar. Separatçılar tərəfindən vurulan "Mi-8" vertolyotunda Tofiq İsmayılov da var idi.

 

Musa Manarov 

Kosmonavtikanın inkişafına öz töhfəsini vermiş daha bir həmvətənimiz Musa Manarovdur. 1987-ci il dekabrın 21-dən 1988-ci il dekabrın 21-dək o, "Soyuz TM-4" kosmik gəmisində bort mühəndisi kimi uçuş keçirib, bundan sonra isə "Mir" orbital kompleksinin göyərtəsinə keçib. Manarov o zaman hələ də təkrarlanmamış dünya rekordu müəyyənləşdirib - o, 365 sutka 23 saat orbitdə olub. Elə həmin il Manarova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1990-cı il dekabrın 2-dən 1991-ci il mayın 26-dək Manarov "Soyuz TM-11" kosmik gəmisində və "Mir" orbital kompleksində bort mühəndisi kimi 2-ci uçuşunu keçirib. Bu uçuş 175 sutka 2 saat davam edib. O, 7 dəfə açıq kosmosa çıxıb və ümumilikdə orada 34 saat 23 dəqiqə qalıb.

 

Kosmos - insan məskəni

Həmin uzaq 60-70-ci illərdə yalnız çox dərrakəli şəxslər deyil, adi insanlar belə bu gün olmasa da, sabah kosmos erasının gələcəyinə əmin idilər. SSRİ və ABŞ-ın xəyalpərəst yazıçıları hələ uzaq 80-ci illərdə Marsı, Yupiterin peyklərini öyrənən qəhrəmanlarından yazırdılar. O günlərdə raket texnikası ilə bağlı çox sayda simpoziumlar keçirilirdi. Kosmonavtikanın əsas nəzəriyyəçisi olan Keldış Bakıya tez-tez gəlirdi. O, 1972-ci ildə məhz Bakıda Beynəlxalq Astronavtika Konqresində səsləndirdiyi məruzəsində "kosmosun insan məskəni olacağına" əminliyini ifadə etmişdi: "Əminliklə söyləmək olar ki, insanlar planetlər arasında uçacaqlar. İllər əvvəl insanların yeni qitələrdə konkret nə tapacağını söyləmək çətin olduğu kimi, onların planetlərdə də nələrə rast gələcəklərini indidən söyləmək mümkünsüzdür. Necə ki, vaxtilə ilk cəsur dənizçilərin okeanda üzdükləri qayıqlar indi bizə primitiv, qeyri-təkmil təsir bağışlayır, gələcəkdə yeni planetlərə uçacaq şəxslərə də müasir raketlər eyni təsiri bağışlaya bilər. Çünki biz hələ Yer kürəsindən kənara gedən yolun lap başlanğıcındayıq.  Hələ bir çox çətin texniki məsələlər çözülməlidir. Amma proses başlayıb, o, tempini sürətlə artırır. Və şübhə yoxdur ki, "Günəş sisteminin fəthi qarşıdakı yüzillikdə bəşər övladının taleyinə çevriləcəyinə" dair K. E. Tsiolkovskinin peyğəmbərcəsinə söylədiyi fikirlər həqiqət olacaq.



MƏSLƏHƏT GÖR:

653