19 May 2024

Bazar, 13:14

BİRTƏRƏFLİ HƏRƏKƏTİN OLDUĞU KÜÇƏ

İrəvanda hesab edirlər ki, öhdəlik qarşılıqlı yox, yalnız Ermənistanla bağlı olmalıdır

Müəllif:

08.04.2014

"Krım böhranı" Moskva ilə İrəvan arasındakı müttəfiq münasibətlərini ciddi sınaq qarşısında qoyub. BMT Baş Assambleyasında Ermənistan nümayəndə heyətinin səsverməsi erməni ictimaiyyətində son dərəcə qızğın diskussiyalara yol açıb. Xatırladaq ki, BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi qətnamə qəbul edib. Qətnaməni BMT üzvü olan 193 dövlətin 100-ü dəstəkləyib, 11-i sənədin əleyhinə səs verib, 58-i bitərəf qalıb, 23 dövlət isə ümumiyyətlə, səsverməyə qatılmayıb. Azərbaycan qətnaməni dəstəkləyib. Ermənistan öz növbəsində Rusiya, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve kimi sənədin əleyhinə səs verib.

Ermənilərin bu mövqeyi heç də gözlənilməz deyildi. Birincisi, hələ səsvermə ərəfəsində Ermənistan prezidenti Serj Sarqsyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı "Krımın öz müqəddəratını təyin etməsini" dəstəkləmiş, nəticədə, ABŞ-ın Ermənistandakı səfiri tərəfindən sərt tənqid olunmuşdu. Bu yerdə, əlbəttə ki, həmin diplomatın söhbətin Azərbaycanın ərazi bütövlüyündən getdiyi vaxt belə sərtlik göstərməməsinin səbəbilə maraqlanmaq olardı.  Amma bu, başqa söhbətin mövzusudur.

Vacib olanı başqa məqamdır: deyəsən, İrəvan ABŞ-ın bu tənqidindən əməlli-başlı qorxuya düşüb. Ermənistandakı mənbələrin bildirdiyinə görə, İrəvan əvvəlcə səsvermədə "neytral" mövqe tutmaq istəyib və yalnız son anda Rusiyanın ciddi təzyiqi ilə fikrini dəyişib. Hər halda, İrəvanda nəşr olunan "Qraparak" qəzeti yazır ki, "Ermənistanın  BMT-də qətnamənin əleyhinə səs verməsi həm də Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan üçün gözlənilməz olub. Çünki səsvermə ərəfəsində İrəvandan ona zəng edilib və ölkənin neytral qalacağı bildirilib. Diplomatdan bu xəbərin Ermənistanın BMT-də səs verməsinədək İrəvandakı səfiri İvan Kuxtu müvəqqəti olaraq geri çağırmış Kiyevə çatdırılması istənilib.

Maraqlıdır ki, İrəvanın özündə belə, ölkənin bu mövqeyilə heç də hamı razı deyil. Məsələn, Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan rəsmi İrəvanın əvvəlcə səsvermədə bitərəf qalmaq niyyətində olsa, sonda Moskvanı dəstəkləməsini sərt tənqid atəşinə tutub. "Ermənistan hakimiyyəti Avropa ilə Rusiya arasında get-gəl etməməlidir", - deyə Manukyan parlamentdə keçirdiyi brifinqdə bildirib. O, Ermənistanın Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsinin Rusiya ilə strateji müttəfiqlikdən irəli gəldiyini, 2 şərdən daha yüngülünün seçimi olduğunu söyləyib: "Amma Ermənistan öz xarici siyasətini elə acınacaqlı duruma salıb ki, artıq o, xarici siyasi gündəmi özü müəyyənləşdirə bilmir. Hansı tərəfdən daha möhkəm qışqırırlarsa, o tərəfin dediyi olur".

"Çiçəklənən Ermənistan" partiyasından olan deputat Stepan Marqaryan isə bildirib ki, bütün münasibətlər ölkənin öz təhlükəsizliyinin təmininə əsaslanmalıdır. Onun fikrincə, bu səbəbdən, Krımla bağlı səsvermədə İrəvan neytrallıq nümayiş etdirməli idi. Marqaryan hesab edir ki, bu neytrallığın Rusiyaya heç bir zərəri olmayacaqdı: "Qətnamənin əleyhinə səs verməklə isə İrəvan Rusiyaya fayda verməməklə yanaşı, özünə də ziyan vurdu".

Ermənistanın Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Meqrabyan daha açıq danışıb. NEWS.am saytına açıqlamasında o, BMT-dəki səsverməni Ermənistanın məsum səhvi adlandırıb: "Bu, aydın şəkildə göstərir ki, Ermənistan Respublikası de-fakto müstəqil dövlət kimi mövcud ola bilməz. O, Rusiyanın müti quludur". Daha sonra Meqrabyan xəbərdarlıqla da çıxış edib: "İndi yalnız Ermənistan-Ukrayna münasibətləri deyil, İrəvanın beynəlxalq birliklə münasibətləri də zərbə altına qoyuldu. Ermənistan özünü sivil dünyada kənarda qoydu".

"Milli müqəddərat" birliyinin rəhbəri Paruyr Hayrikyan isə hesab edir ki, Ermənistan BMT-dəki səsverməsi ilə özünü "beynəlxalq təcridə məruz qalmış ölkələr"lə bir sıraya qoyub.

Hələlik "Krım böhranı"nın ətraflı analizini bir kənara qoyaq. Dünyanın informasiya məkanında bu mövzu daim, detalları ilə,  müxtəlif mövqelərdən işıqlandırılır. Vacib olan bu deyil. Ermənistanın başqasının sərhədlərinə, ərazi bütövlüyünə hörmət etməyən dövlət olduğu hər kəsə bəllidir. Odur ki, BMT-dəki səsvermə Ermənistanın xarici siyasət prinsiplərinə zidd deyil. Üstəlik, Ermənistanın Rusiya ilə münasibətləri sadəcə dövlətlərarası münasibət deyil. Rusiyalı jurnalist Mixail Leontyevin hələ ötən yay dediyi kimi, Rusiya olmasaydı, yəqin ki, Ermənistan artıq dünya xəritəsindən silinmişdi.

İrəvanın əvvəlcə BMT-dəki səsvermədə "neytrallığını qorumaq" fikrində olması göstərir ki, ermənilər qarşı tərəfdə cəmləşmiş dövlətlərin daha cəlbedici olduğunu düşünüblər. Bu, onlara Rusiyanın dəstəyindən imtina üçün kifayət edəcək səbəb kimi görünüb. Üstəlik, ortada Qərbdən gələ biləcək ciddi maliyyə yardımları var. Doğrudur, bu yardım hələ də arzu və vəd səviyyəsindədir. Amma Folknernin dediyi kimi, insan gözlədiyi pullar hesabına da kifayət qədər çox yaşaya bilər.

Görünən odur ki, İrəvanda müttəfiq münasibətlərini birtərəfli hərəkətin olduğu küçə kimi təsəvvür edirlər. Onlar əmindirlər ki, mənəvi, siyasi öhdəliklər yalnız Ermənistan qarşısında götürülür və bunun qarşılığı olmamalıdır. Hər halda, ekspertlər İrəvanın Moskvaya qarşı daha bir "demarş"ını xatırladırlar - 2013-cü ilin mayında Serj Sarqsyan ölkəsinin KTMT üzvü olmasına rəğmən, qurumun Qazaxıstandakı toplantısına qatılmamış, daha sonra isə Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən iclasına qatılmaqdan imtina etmişdi. İrəvanda əmin idilər ki, prezidentin bu qərarları, ilk növbədə, KTMT-dən (o cümlədən AİB-dən) olan həmkarları ilə blokun sülhməramlı qüvvələrinin yaradılmasına, Əfqanıstanla bağlı vəziyyətə dair müzakirələrdən "qaçmaq" niyyətindən irəli gəlirdi. Tezliklə NATO kontingenti Əfqanıstandan çıxarılacaq. Ekspertlər düşünürlər ki, bu, Əfqanıstanda dövlət strukturlarının üzərlərinə düşən işlərin öhdəsindən gələ bilməmələrinə, ölkənin müasir tarixində dəfələrlə olduğu kimi, yenidən silahlı anarxiyaya, müharibələrə aparıb çıxara bilər. Bu halda talibançılar yenidən siyasi meydana çıxa bilər, bu isə artıq silahlı dəstələrin Əfqanıstandan Mərkəzi Asiya ölkələrinə hücumlarını da real edər. Bu halda taliblərin mümkün hücumunu önləməli olacaq sülhməramlı korpusa öz hərbçilərini yalnız Qırğızıstan, Qazaxıstan və Tacikistan deyil, Ermənistan da göndərməli olacaq. Amma Sarqsyan üzərinə bu cür öhdəlik götürmək istəməyib. 2010-cu ilin yayında Qırğızıstanın Oş şəhərində qanlı toqquşmalar yaşanan zaman da siyasi dairələr oraya KTMT sülhməramlılarının göndərilməsi məsələsini müzakirə etmiş, Ermənistan KİV-i isə yenə də "səs-küy" qaldırmışdı: bizim çağırışçılarımız niyə başqasının müharibəsində iştirak etməlidirlər?

Bütün bunlar Ermənistanın Rusiyanın həqiqi və sadiq müttəfiqi olub-olmaması sualını ortaya çıxarır. Yoxsa ermənilər, sadəcə, öz öhdəliklərini yada salmadan, Moskvanın dəstəyindən və himayəsindən yararlanmaq istəyirlər?



MƏSLƏHƏT GÖR:

632