15 May 2024

Çərşənbə, 08:16

SU AXARINI TAPAR

"Azərsu" Bakının paylayıcı sisteminin genişmiqyaslı bərpa işlərini həyata keçirməyi planlaşdırır

Müəllif:

15.04.2014

1997-ci ildən başlayaraq respublikanın su təminatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 3 mlrd. manat vəsait sərf olunub. Buraya büdcədən ayrılan vəsaitlər və beynəlxalq maliyyə qurumlarının (BMQ) kreditləri də daxildir. Hazırda Bakıda, bütün regional mərkəzlərdə və Azərbaycanın, təxminən, 700 kəndində su təminatının yenidənqurulması işləri aparılır. "Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hər bir yaşayış məntəqəsinin ortamüddətli perspektivdə günboyu içməli su ilə təmin edilməsinə dair göstəriş verib. Bu göstərişin yerinə yetirilməsi üçün su təsərrüfatının yenidən qurulması üzrə genişmiqyaslı işlər aparılır, bu sahədə qabaqcıl texnologiyalar öyrənilir və tətbiq olunur", - deyə "İteca Caspian" şirkətinin təşkil etdiyi "Xəzər su texnologiyaları" CATEC-2014 ikinci beynəlxalq sərgi-konfransın açılış mərasimində iştirak edən "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov deyib. 

Q.Hüseynovun sözlərinə görə, yaxın perspektivdə su-kanalizasiya infrastrukturunun təkmilləşdirilməsinə, təxminən, 10 mlrd. manat həcmində sərmayənin yatırılması planlaşdırılır. Bununla belə, "Azərsu"nun rəhbəri hesab edir ki, işlərin daha dəqiq dəyəri konkret layihələrin seçilməsi, işlərin həcminin müəyyən edilməsi və texnologiyaların tətbiq edilməsindən sonra müəyyən olacaq. 

Bununla yanaşı, ölkənin su təminatı sisteminin yeni modernləşdirmə mərhələsində qurum BMQ iştirakı ilə reallaşdırılan layihələr üzrə tenderlərə yerli şirkətlərin iştirakını cəlb etməklə, daha da münasib şəraityaratmaq niyyətindədir.  Müqayisə üçün, 2013-cü ilin ilk rübündə "Azərsu" ilə çalışan podratçı şirkətlər arasında yalnız ikisi yerli şirkət idi. Lakin ötənilki CATEC sərgisindən sonra milli su operatorunun rəhbərliyi bu şirkətlərlə əməkdaşlığı genişləndirmək qərarına gəlib. 2013-cü ilin nəticələrinə əsasən, "Azərsu" podratçılarının ilk beşliyini yerli şirkətlər təşkil edib. Q.Hüseynovun sözlərinə görə, bu misal yerli şirkətlərin milli bazarın kəşf edilməsinə imkan yaradan buna bənzər forumların əlverişliliyini nümayiş etdirir.

Ölkənin baş su operatorunun təşəbbüslərinin miqyası dəyərləndirilərsə, əminliklə demək olar ki, yerli şirkətlər işsizlik və ya sifarişin az olması kimi hallarla üzləşməyəcək. Belə ki, növbəti bir neçə il ərzində "Azərsu" Bakını keyfiyyətli içməli su ilə təmin edilməsi məsələsini tam aradan qaldırmaq üçün təxminən, 1,5 mlrd. dollar cəlb etməyi planlaşdırır. Bununla belə, Q.Hüseynovun dediyinə görə, Azərbaycanda su təminatı üzrə tariflərin qalxması gözlənilmir, çünki bugünkü tariflərin səviyyəsi müəssisənin rentabelliyinin təmin edilməsi üçün kifayətdir. Bundan başqa, əhalidən yığılan ödənişlərin həcmi kifayət qədər yüksəkdir və 94% təşkil edir. 

"Hazırda Bakının hər bir sakini hər gün, orta hesabla, 500 litr su sərf edir, lakin verilən suyun bütün həcmi istifadəçiyə çatmır", - deyə "Azərsu" ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov məlumat verib. 

"Su itkisinin əsas səbəbi köhnə su borularıdır. Bəzi sahələrdə su itkisi 56%-ə qədər çatır. Daha bir problem, evlərin damlarında quraşdırılan su çənləridir. Onlar da ciddi su itkilərinə səbəb olur. Ona görə də günboyu su təminatı qrafikinə keçən bütün binalarda su operatoru Bakı Şəhəri İcra Hakimiyyəti ilə birgə su çənlərinin yığışdırılması ilə bağlı tədbirlər görür", - deyə Q.Hüseynov öz növbəsində bildirib.

"Azərsu"nun əsas məqsədi su itkilərinin azalmasıdır. Bu da paytaxtın hər sakini üçün suyun istifadə həcmlərini nəzərəçarpacaq dərəcədə artmasına imkan yaradacaqdı. Bu problemlərin həll edilməsi və paytaxtın fasiləsiz su ilə təmin edilməsinin variantlarından biri - "Azərsu" üçün paket hazırlayan məşhur fransız şirkəti tərəfindən təklif olunub. Misal üçün, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunları öncəsi Bakıda günboyu su təminatı ilə bağlı texniki həllərin kompleks tətbiq olunması nəzərdə tutulub. Paytaxtın su-boru şəbəkəsini məlumatlandırma qurğusu ilə təmin olunması nəzərdə tutulur. Bu da su itkisini dərhal müəyyənləşdirməyə imkan verəcək və bununla da su təminatının səmərəliliyini yaxşıllaşdıracaq. Fransalı tərəfdaş, həmçinin suyun keyfiyyətinə dair laboratoriya yaratmaq, xüsusi mərkəzdə heyət üçün treninqlər təşkil etmək, eləcə də su sərfiyyatını uzaqdan müəyyən etməyə imkan verən su sayğaclarının tətbiqini də təklif edir.

Paytaxtın su təminatının təkmilləşdirilməsi prosesi kompleks xarakter daşıyır və paylayıcı sistemin reabilitasiyası ilə birgə, "Azərsu" digər kapital tutumlu layihələr həyata keçirir. Üç il bundan əvvəl 263 kilometrlik Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatıb. Bu kəmər vasitəsilə paytaxta saniyədə 15 kubmetr su nəql oluna bilər. Bakının su təminatı sisteminin modernləşdirilməsinin bundan geri qalmayan miqyaslı layihəsi 2011-ci ildə Ceyranbatan su anbarında aparılıb. Orada ultrafiltrasiya sisteminin istifadəsi ilə səthi mənbələrdən gün ərzində 520 min kubmetr yüksək keyfiyyətli içməli su istehsal edə biləcək, postsovet məkanında ən iri müəssisənin tikinti işləri aparılıb. 

Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə və Ceyranbatan su anbarının yeni təmizləyici qurğularından  istifadəçiyə çatdırılan təmiz suyun çirklənməsinin qarşısını almaq üçün,"Azərsu" şəhər su kəməri sisteminin yaxşılaşdırılması, su kanalları və təmizləyici qurğular təsərrüfatının yenilənməsi, mövcud olan su anbarlarının köklü şəkildə yenidən qurulması və yeni su anbarlarının tikintisi ilə bağlı kompleks tədbirlər görür. 

Müvafiq proqrama əsasən, Bakının şərq hissəsinin su təminatında böyük rol oynayan "+110 Şərq" su anbarları kompleksinin yenidən qurulması ilə bağlı işlər görülür. İşlər hər biri 12,5 min kubmetr həcmində olan kompleksin 10 su anbarının təmiri və yaxşılaşdırılması ilə başlayıb. Bu gün beş su anbarının əsaslı təmiri başa çatıb, onlar artıq istismara verilib. 

Paytaxtın Nizami rayonunda yerləşən bu kompleks Xətai, Nizami, Suraxanı və Sabunçu rayonlarının bir çox hissəsini içməli su ilə təmin edir. Kompleksin yenidən qurulması tamamlandıqdan sonra,  bu rayonların 220 mindən çox sakini içməli su ilə mütəmadi şəkildə təmin olunacaq. 

Ötən ilin əvvəlində analoji işlər "+69 Şərq" su anbarları kompleksində də aparılıb. 

Eyni vaxtda "Azərsu" ASC paytaxt qəsəbələrinin su təminatının yaxşıllaşdırılması ilə bağlı daha bir miqyaslı layihə həyata keçirir. Xüsusilə söhbət hər biri 200 min kubmetr həcmində olan 10 yeni su anlarının tikintisindən gedir.  Abşeron yarımadasının su təminatı sisteminin reabilitasiyası çərçivəsində Ceyranbatan su anbarını  Pirallahı qəsəbəsi ilə birləşdirəcək yeni magistral su kəmərinin tikintisi aparılır. 

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı yeni su xəttinin tikintisinin birinci mərhələsinin həyata keçirilməsindən sonra, yaxınlıqda yerləşən qəsəbələrdə 130 min sakinin fasiləsiz su ilə təmin edilməsi mümkün olacaq. Boru kəmərinin bütün sahələrinin tikintisi ilə Abşeron yarımadasında, təxminən, 1 mln. sakinin su təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.

 

 

BİZİM ARAYIŞ:

2017-ci ildə ilk Şollar su kəmərinin Bakıya çəkilməsindən 100 il keçəcək.

Təqdirəlayiqdir ki, bu mötəbər hadisə ərəfəsində ötən əsrin əvvəllərindən, Xaçmaz yaxınlığında yerləşən Şollar bulağından mənbəyini götürən  paytaxtın ilk su kəmərini layihələndirmiş məşhur ingilis mühəndisi Uilyam Lindleyin övladları Bakıya gəliblər. Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin vəsaiti ilə tikilmiş, uzunluğu 187 km və 24 artezian quyusu ilə təmin olunan su kəməri bu gün də texniki nöqteyi-nəzərdən unikal mühəndis layihəsi sayılır.

Müasir  texnika istifadə olunmadan tikilən su xətti, yüksək keyfiyyəti və unikallığı ilə seçilir. Bu gün də saniyədə 1 270 litr sabit effektivliyi ilə istifadə olunur və əsaslı təmirə ehtiyac duymur. Bu da Uilyam Lindleyin yüksək peşəkarlığını təsdiq edir. Məşhur mühəndisin övladları Karin Mariya Marta,Yucin Cozef, Katerina Morvin, Aleksandr Horst və Lindley irsinin tədqiqatçısı, Polşa Elmlər Akademiyasının Siyasi Tədqiqatlar İnstitutunun direktoru Rixard Zelixovski ilə söhbəti zamanı "Azərsu"nun rəhbəri Qorxmaz Hüseynov görüş iştirakçılarını 2017-ci ildə Şollar su kəmərinin 100 illiyi ilə bağlı təntənəli mərasimə dəvət edib.



MƏSLƏHƏT GÖR:

589