15 May 2024

Çərşənbə, 04:57

RİSKSİZ BORCLAR

Kreditləşmədə müəyyən edilmiş məhdudiyyətlər banklara böhranlı itkilərdən xilas olmağa imkan verəcək

Müəllif:

15.04.2014

Məlumdur ki, kredit resurslarının daha səmərəli yerləşdirilməsini təminetmə prosesində risklərin idarə edilməsi üçün hər bir bank kredit layihələrinin seçimini diqqətlə həyata keçirməlidir. Qiymətləndirmə kreditləşmənin məqsədi, kreditin ödənilməsi üçün real mənbələrin mövcudluğu, borc alanın maliyyə vəziyyətinin dinamikliyi, onun kredit tarixçəsi, iqtisadiyyat sektoru və regionun vəziyyəti, habelə kreditin kifayət qədər təminatı və ödəniş səviyyəsindən asılı olaraq keçirilməlidir. Kreditin verilməsində müəyyən edilmiş məhdudiyyətlər sayəsində böhranlı itkilərdən xilas olmaq, o cümlədən kredit portfelini diversifikasiya etmək və sabit gəlir daxilolmasını təmin etmək mümkün olacaq.  

Azərbaycanda sonuncu il ərzində kreditlərin verilməsinə qoyulan məhdudiyyətlərə baxmayaraq, məlum olduğu kimi, istehlak kreditləşməsi bumu hələ də davam edir. 

Məhz yaranmış şərait fonunda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir və ya bir-biri ilə bağlı borc alanların qrupları üzrə kredit risklərinin tənzimlənməsi haqda yeni qaydalar, bir tərəfdən, yerli banklara qarşı etimad səviyyəsinin artırılması, digər tərəfdən isə ümumilikdə, bazarın səmərəliliyinin yüksəlməsi üçün xüsusi önəm əldə edirlər.  

Bu arada, ötən ayın sonunda rəsmi surətdə qüvvəyə minən AMB-nin yeni tələblərinə uyğun olaraq, bir və ya bir-biri ilə əlaqəli borcalanların kreditinin maksimal miqdarı bankın birinci səviyyəli kapitalından 20% artıq olmamaq şərti ilə müəyyən olunub (baza kapitalı). Bu da kredit tələbinə uyğun borcun bazar dəyərinin kreditin 100%-dən aşağı olmadığı hala aid edilir (əgər borc qismində daşınmaz əmlak götürülübsə, o zaman 150%). Əks halda, maksimal hədd bankın birinci səviyyəli kapitalının  7% faizini təşkil edir. Bankın birinci səviyyəli kapitalın 10%-dən artığını təşkil edən ümumi iri kredit riskləri üzrə bu hədd, birinci səviyyəlinin miqdarını səkkiz dəfə üstələməməlidir. Bundan başqa, qaydalar bir borc alan üçün avtomobil kreditləşmə sahəsində risklərin yuxarı həddini müəyyənləşdirir. 

Belə ki,  alınan avtomobilin qiyməti 30 min manatdan çoxdursa və kreditin rəsmiləşdirilməsi zamanı avtomobilin buraxılmasından bir ildən çox vaxt keçməyibsə, bu zaman bu cür kredit üzrə risk, onun dəyərinin 60%-ni üstələyə bilməz. Dəyəri 30 min manatdan az avtonəqliyyat vasitələr üçün bu hədd 50% təşkil edəcək. Avtomobilin buraxılış ilində kreditin rəsmiləşdirilməsinə qədər bir ildən çox keçən avtomobillər üzrə riskli hədd, alınan aktivin dəyərinin 20%-dən çoxunu təşkil etmir. Bu o deməkdir ki, avtomobilin alınması üçün kreditlər üzrə ilkin ödəniş, yuxarıda qeyd olunan meyarlar üzrə nəqliyyat vasitəsinin dəyərinin müvafiq olaraq 40, 50 və 80%-ni təşkil edəcək.

Qeyd edək ki, bank kreditləşməsi  sahəsində islahatların zəruriliyini beynəlxalq maliyyə institutları da qeyd edir. Belə ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Mərkəzi Bankının respublikada istehlak kreditlərinin məhdudlaşdırılması templərinə yönəlmiş qərarını dəstəklədiyini açıqlayıb. "Mərkəzi Bankın kiçik və orta müəssisələrin kreditləşməsi xeyrinə istehlak kreditlərinin məhdudlaşdırılması üzrə qərarı real sektorun kreditləşməsinin artımına yardım etməlidir. Kiçik və orta biznesin əlavə kreditləşməsi qeyri-neft sektorunda şirkətlərin sayının artmasına, Bakı və regionların inkişafındakı fərqi aradan qaldırmağa yardım etməlidir", - deyə "Asian Development  Outlook" hesabatında qeyd olunur. 

"Bu gün ölkədə iqtisadiyyatın diversifikasiya olunması üçün əsas maneələrdən biri maliyyə vəsaitlərinə məhdud girişin olmasıdır. Bu gün bir il üçün yüksək faiz dərəcələri ilə pul götürmək çətin deyil. Lakin bu, real sektora lazım olan şey deyil", - deyə öz növbəsində, Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko bildirib. 

Beynəlxalq Valyuta Fondu da (BVF) Azərbaycan Mərkəzi Bankının pul siyasətinin neytrallığının qorunmasına dair səylərini, eləcə də istehlak kreditlərinin artımının məhdudlaşdırılması üzrə tədbirləri düzgün kimi qiymətləndirib. "İstehlak kreditləri seqmentində yüksək faiz dərəcələri mövcuddur ki, nəticə etibarilə bankların marjasına gətirib çıxarır. Bu seqmentin məhdudlaşdırılması, əlbəttə ki, bankların dərhal biznesi kreditləşdirəcəkləri demək deyil. Lakin mənfəətlilik məhdudlaşdırılarsa, bank sektoru gəlir əldə etmək üçün başqa mənbələr axtarmağa başlayacaq", - deyə fondun mütəxəssisləri qeyd ediblər.

Buna baxmayaraq, artıq qeyd edildiyi kimi, Azərbaycanda bankların kredit qoyuluşları illik hesablamaların 28,34% artması fonunda, təkcə yanvar-fevral ayları ərzində ev təsərrüfatlarının kreditləşməsi 40,8% artıb. Eyni zamanda il ərzində vaxtı keçmiş kreditlərin həcmi də 9,3% artaraq, kredit portfelinin  5,31%-ni təşkil edib. 

Bununla bərabər, Azərbaycanda 2005-ci ildən Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti yaradıldıqdan sonra, borcalanların kredit tarixçələrinin yaranmasına başlanıldı. Reyestr banklar, qeyri-bank kredit təşkilatları, borcalanlar, borcalanların kapitalında iri iştirak paketlərinin sahibləri, onlar üzrə kredit və girovlar üzrə şəxsi məlumatlar spektrini əhatə edir. Kredit bürosu öz növbəsində lizinq şirkətləri, təşkilatları, mikrokreditləşmə həyata keçirən, qeyri-maliyyə təşkilatları, o cümlədən kommunal və telekommunal şirkətlər, məhsullarını kreditə satan ticarət obyektləri və s. kimi digər maliyyə institutlarından kredit məlumatları toplaya bilərlər.  

Mərkəzi Bank kredit reyestrinə müraciətlərin sayının 29,2% artdığını təsdiq edib. Təkcə fevral ayında müraciətlərin sayı 201 604 təşkil edib ki, onun 198 152 sorğu banklardan daxil olub. 3 452 şəxs öz kredit hesabatlarını almaq məqsədilə müraciət edib. Qeyd edək ki, kredit reyestrində 2 015 488 borcalan haqda məlumat var, kreditlər haqda məlumatların ümumi sayı isə 6912676-dır.  

Amerika-Azərbaycan (AmCham) Ticarət Palatası mütəxəssislərinin fikrincə, mərkəzləşdirilmiş kredit reyestrlərinə kommunal xidmət müəssisələrindən əldə olunan informasiyaların daxil edilməsi, eləcə də girovlar üzrə ətraflı məlumatların yerləşdirilməsi yolu ilə genişləndirilməsi zəruridir. Daha sonra isə müvafiq risklərin səmərəli idarə edilməsi üçün AmCham ölkədə ilk özəl kredit bürosunun yaradılması prosesini sürətləndirməyə çağırır. Onların fəaliyyəti gecikmənin həcminin azalmasına, bununla da, kreditlərin verilməsi üçün xərclərin ixtisar olunmasına gətirib çıxaracaq. Nəticədə isə bu, faiz dərəcələrinin azalmasına səbəb olacaq.  

Bir sözlə, Azərbaycanda getdikcə ümumi səylərlə daha çox populyarlıq qazanan bank kreditləşməsini, borcalanlar üçün daha az riskli və sərfəli məhsula çevirmək olar.


MƏSLƏHƏT GÖR:

637