15 May 2024

Çərşənbə, 15:26

QAZ TORU

Artıq "qaz müharibəsi"ndəki siyasi məqamları inkar etmək, hər şeyi biznesin üzərinə atmaq mümkün olmayacaq

Müəllif:

15.04.2014

Rusiya ilə Ukrayna arasında 2006 və 2009-cu illərdə yaşanmış "qaz müharibəsi"nin təkrarlanması getdikcə daha real şəkil alır. Kiyev qaza görə yığılıb-qalmış borcunu ödəyə bilmir, Moskva isə Ukraynaya qaz ixracını məhdudlaşdıra biləcəyinə işarə edir. Bunun əvəzində  Kiyev Avropaya qaz tranzitini dayandıracağı ilə hədələyir,  bu addımını "tranzitə dəstək imkanlarının tükənməsi" ilə əsaslandırır. Moskva isə öz növbəsində, Ukraynada hakimiyyətin legitimliyini tanımadığı halda, bu ölkəyə iqtisadi dəstək verməsinin, Ukrayna iqtisadiyyatının milyardlarla dollarla subsidiyalaşdırmasının sonsuzadək davam edə bilməyəcəyini söyləyir.

Xatırladaq ki, bunadək tədarükçü ölkə ilə tranzit ölkə arasında ziddiyyətlərin yaranması Avropa ölkələrinin, təxminən, 2 həftə Rusiya qazına həsrət qalmaları ilə nəticələnmişdi. Formal olaraq, mübahisənin əsas səbəbi qiymət və tranzit şərtləri idi; bununla yanaşı, Moskva Kiyevi qaz oğurluğunda ittiham edirdi. İndi isə vəziyyət daha ağırdır. Artıq "qaz müharibəsi"ndəki siyasi məqamları inkar etmək, hər şeyi biznesin üzərinə atmaq mümkün olmayacaq. Bu üzdən  Brüssel ciddi narahatlıq keçirməyə başlayıb. Artıq Avropanın paytaxtında oxşar problemlər təkrarlanacağı təqdirdə, hansı addımların atılacağı haqda ciddi düşünməyə başlayıblar. Brüssel indi ümumilikdə Rusiyadan enerji asılılığının azaldılması yolları haqda da ciddi-ciddi düşünür. Hazırda Avropanın təbii qaza olan təlabatının təxminən 30%-ni Rusiya ödəyir. Üstəlik, Baltik dənizinin dibi ilə çəkilmiş "Şimal axını" boru xəttinə rəğmən, bu həcmin böyük bir hissəsi Avropaya məhz Ukrayna vasitəsilə nəql olunur.

Rusiya aprelin 1-dən Ukraynaya satılan qazın qiymətindəki  bütün güzəştləri aradan qaldırıb. Kiyevə bu güzəştlər 2010-cu ildə iki ölkə arasında əldə edilmiş Xarkov razılaşmasına, həmçinin 2013-cü ilin sonlarında prezidentlər Viktor Yanukoviçlə Vladimir Putin arasındakı razılaşmaya əsasən edilirdi.

Güzəştlərin ləğvi nəticəsində, təxminən, 1 ay ərzində qazın qiyməti min kubmetrə görə 268,5 dollardan 485 dollara yüksəlib. Ukrayna "Qazprom"un müəyyənləşdirdiyi bu qiymətin həddindən artıq baha olduğunu, ölkə iqtisadiyyatının hazırki vəziyyətində bunun Ukraynaya ciddi zərbə olacağını bəyan edib. Bundan başqa, Kiyevin hələ "mavi yanacağı" güzəştli qiymətlərlə aldığı mart üçün Rusiyaya yığılıb-qalmış borcu 550 milyon dollardan artıqdır. Ümumilikdə ilin əvvəlindən indiyədək yığılmış borc isə 2,2 milyard dollardır. Bu şəraitdə Rusiya qaza görə hesablaşmalarda əvvəlcədən ödəniş sisteminə keçməyə hazırlaşır. "Nə qədər ödəyəcəklərsə, o qədər də qaz alacaqlar", - deyə Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsinə dair keçirdiyi toplantıda bildirib. Amma "Ukraynanın hazırkı durumu və Rusiya ilə Aİ arasında danışıqlar prosesinin başa çatmaması nəzərə alınaraq", yeni sistemə keçid "əlavə məsləhətləşmələrdən sonraya" saxlanılıb. Bu yerdə əlbəttə ki, Krımın da çətin vəziyyətdə olduğu nəzərə alınmalıdır...

Hələlik,  Moskva təkəbbürlə səbir edir, Ukraynanın yeni hökuməti isə çətin vəziyyətdən çıxış yolları axtarır. Kiyevin nəzərdən keçirdiyi variantlar arasında Avropadan qaz alınması məsələsi də var. Çünki indi Avropadan Rusiya qazını daha ucuz qiymətə almaq olar, nəinki Rusiyanın özündən. Söhbət Polşadan, Macarıstandan və xüsusilə də Slovakiyadan ehtiyat qazın alınmasından gedir. Bundan başqa, Kiyevə paket enerji yardımı da vəd olunur - maliyyə yardımı, qazla təminat və Avorpa qazının Ukraynada saxlanması, Ukraynanın qaz nəqli sisteminin birgə istismarı.

Ekspertlər əmindirlər ki, hələ ki, Avropanın narahatlığına əsas yoxdur - qarşıdan yay gəlir, yeraltı anbarlar doludur, qaz boruları sisteminin bir-birindən asılılığı isə 5 dəfə əvvəlkindən daha ciddidir. Amma acı təcrübəni yaşamış Avropa indi uzaq perspektiv haqda düşünür. Məsələn, əvvəllər Almaniya kansleri Angela Merkel (Almaniya qaza olan tələbatının, təxminən, 40%-ni Rusiyanın hesabına ödəyir) ölkəsinin enerji siyasətinə yenidən baxmağa hazırlaşdığını bildirib. Kanslerin fikrincə, Almaniya üçün Britaniya və Norveç qazı Rusiya qazının alternativi ola bilər.

Avropalılar enerji təhlükəsizliyi sahəsində Türkiyə və Azərbaycanı da Avropanın vacib tərəfdaşları adlandırırlar. Azərbaycanın nəinki nəhəng karbohidrogen resurslarına malik olması, həm də Mərkəzi Asiyadan "mavi yanacağ"ın Avropaya nəqli baxımdan əlverişli məkanda yerləşməsi onun qiymətini daha da artırır. Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib ki, "Cənub axını" qaz xətti Avropa üçün siyasi prioritet deyil. Çünki o, "Şimal axını"ndan fərqlənsə belə, Avropanın əsas qaz tədarükçüsü "Qazprom" olaraq qalır. Barrozunun sözlərinə görə, Avropa üçün "Cənub axını"nın əvəzinə Azərbaycandan İtaliya vasitəsilə çəkiləcək qaz kəməri prioritet təşkil edə bilər.

"Cənub axını" Qara dənizdən keçməklə Cənubi və Mərkəzi Avropaya uzanan, gücü 63 milyard kubmetr olan qaz borusu layihəsidir. Rusiya onun əhəmiyyətini təchizatın şaxələndirməsi, tranzit ölkələrdən asılılığını azaldılması ilə izah edir. Layihənin qurudakı hissəsinin reallaşdırılmasına dair hökumətlərarası razılaşmanı Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avstriya imzalayıblar. Hazırda Bolqarıstanda və Serbiyada boru xəttinin tikintisinə başlanılıb. Onun 2018-ci ildə tam layihə gücü ilə istismara verilməsi planlaşdırılır.

Barrozu isə Cənub qaz axınına dəstəyini ifadə edib. Söhbət "Şahdəniz-2" yatağının 2-ci fazasında əldə olunacaq qazın Avropa istiqamətində nəqlinin həyata keçiriləcəyi boru xəttindən gedir. Trans-Adriatik qaz kəməri Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Cənubi İtaliyaya uzanmalı, 2019-cu ildən başlayaraq, 10 milyard kubmetr qaz ixracını həyata keçirməlidir. Azərbaycanla Türkiyə arasında Transanadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılmasına dair hökumətlərarası saziş də imzalanıb. Bu layihələr və onların Qərb tərəfindən dəstəklənməsi Bakıya ciddi gəlir gətirməlidir. Bununla Azərbaycan nəinki avropalı tərəfdaşları ilə, həm də Türkiyə ilə əlaqələrini möhkəmləndirə, öz qazı üçün Avropa bazarlarını genişləndirə bilər. Bunun ölkə iqtisadiyyatının inkişafına təkan olacağı şübhə doğurmur.

Qeyd edilməlidir ki, hazırda Aİ-nin Rusiyaya qarşı əsas silahı üçüncü enerji paketidir. Onun əsasını boru xətləri sisteminin qaz istehsal edən ölkələr və onu reallaşdıran şirkətlər arasında bölüşdürülməsi prinsipi təşkil edir. Yəni, qaydalara  əsasən, "Qazprom" Aİ ərazisindəki boru xətləri və paylayıcı şəbəkələr üzərində monopliya qura bilməz. Bununla yanaşı, Bolqarıstan parlamentinin birinci oxunuşda qəbul etdiyi qanuna görə, "Cənub axını" avropadaxili qaz borusu hesab edilmədiyindən, bu, üçüncü enerji paketinin tələblərindən yan keçməyə imkan verir. Barrozunun "Cənub axını" ilə bağlı reaksiyasına məhz bu hadisə səbəb olub - Brüsseldə hesab edirlər ki, Bolqarıstan Ümumavropa strategiyasına qarşı çıxmamalıdır.

Həqiqətən də, avropalıların problemi Aİ-də eyni əhəmiyyətə malik olmayan dövlətlərin cəmləşməsidir - istər iqtisadi göstəricilərinə görə, istər texniki imkanlarına, coğrafi ərazisinə və xüsusilə də Rusiyadan enerji asılılığının dərəcəsinə görə. Nəticədə "qaz müharibəsi"nin mümkün zərbəsi də Aİ üzvlərinin hər birinə eyni dərəcədə təsir etmir. Məsələn, Mərkəzi və Şərqi Avropa ölkələri qaz idxalı məsələsində Qərbi Avropadan daha zəif mövqedədirlər. Bolqarıstan, demək olar ki, 100% Rusiya qazından asılıdır. 2009-cu ildə baş vermiş böhran zamanı  ən çox əziyyəti məhz Bolqarıstan çəkmişdi. Baltikyanı ölkələr də qaza olan ehtiyaclarını, demək olar ki, 100%  Rusiyanın hesabına ödəyirlər. Bütün bunlarla yanaşı, böyük biznes maraqları da nəzərə alınmalıdır. Məsələn, Almaniyanın "Siemens" konserni aprelin əvvəlində Rusiya tərəfiilə yeni müqavilə imzalayıb. Sənədə əsasən, şirkət "Cənub axını"nın dəniz hissəsi üçün "Qazprom"a avadanlıqlar  satacaq.

Əlbəttə ki, ABŞ da baş verənlərdən kənarda qalmayıb. O, NATO üzvü olan ölkələrin enerji daşıyıcıları ilə təminində diversifikasiyaya nail olmaq niyyətini açıqlayıb. Bu ayın əvvəlində ABŞ dövlət katibi Con Kerri enerji üzrə Aİ - ABŞ Şurasının toplantısında ölkəsinin gələn ildən Avropaya qaz ixracına başlayacağını bəyan edib. "Biz Avropaya bu gün onun istehlak etdiyindən daha çox qax ixrac edəcəyik", - deyə dövlət katibi bildirib.  Bundan başqa, martda ABŞ parlamentariləri hökuməti Amerika nefti və qazının ixracında məhtudiyyətləri aradan qaldırmağa çağırıb. Qeyd edək ki, hazırda ABŞ-ın Energetika Nazirliyi hər dəfə enerji daşıyıcılarının ixracı üçün icazə almalıdır. "Spiegel" isə yazır ki, Amerika qazının Avropaya ixracı, çətin ki, 2016-cı ilədək mümkün olsun. Qəzet bu fikri hazırda ABŞ-ın mayeləşdirilmiş qaz ixracı üçün texniki imkanlarının olmaması ilə əsaslandırır. Üstəlik, Almaniyanın özü belə qazın qəbulu üçün terminallara malik deyil. O da nəzərə alınmalıdır ki, hazırda dünyada mayeləşdirilmiş təbii qazın əsas istehlakçıları əvvəlkitək Asiya ölkələridir. Odur ki, hələlik Rusiya ilə Avropa öz aralarında razılığa gəlməlidirlər.

2009-cu ildə yaşananların təkrarlana biləcəyini Rusiyada da istisna etmirlər. "Qazprom"un rəhbəri Aleksey Miller və Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç Çinə yollanaraq, Rusiyanın enerji daşıyıcıları üçün şərq marşrutları məsələsini müzakirə ediblər. Dvorkoviçin sözlərinə görə, Rusiya ilə Çin Vladimir Putinin mayda Pekinə edəcəyi səfərədək lazımi işlərin başa çatdırılması üçün enerji müqavilələrinin hazırlığı prosesini sürətləndirmək niyyətindədirlər.

Ekspertlərin fikrincə isə Çinin Rusiya qazının ixracında Qərbi tam əvəzləməsi çətin məsələdir. Əgər bu gün Rusiya Avropaya ildə 160 milyard kubmetr təbii qaz ixrac edirsə, Çinin hələlik "mavi yanacaq"a olan ehtiyacı 38-60 milyard kubmetrdir. Üstəlik, Moskva ilə Pekin illərdir ki, qazın qiyməti ilə bağlı razılığa gələ bilmirlər. Amma indi Qərbi Sibirdə qaz kəmərinin tikintisinə başlanılması üçün "Qazprom"un Çinə qiymət məsələsində əvvəlcədən ödəmə şərtilə güzəştə getməsi  mümkündür. Bundan başqa, hazırda Çin bazarı uğrunda regionun digər ölkələri, ilk növbədə isə Mərkəzi Asiya dövlətləri də rəqabət aparır. Aydındır ki, bütün baş verənlər Rusiyaya ciddi zərbə ilə nəticələnə bilər. Çünki Rusiyanın dövlət büdcəsinə daxilolmaların yarıdan çoxu məhz enerji daşıyıcılarının satışından gəlir. Üstəlik,  Rusiyanın qaz monopoliyaçısı gəlirlərinin yarıdan çoxunu məhz Avropa bazarlarından qazanır. Aİ-nin üçüncü enerji paketiilə mübarizə uzana, məsələ Stokholm arbitrajınadək gedib çıxa bilər. Bütün bunlar "Qazprom"a həm maddi itkilər, həm də mövqelərinin zəifləməsi bahasına başa gələcək və bu, şübhəsiz ki, onsuz da zəifləmiş Rusiya iqtisadiyyatının xeyrinə olmayacaq. Amma Rusiya ilə enerji sahəsində qarşıdurma Avropaya da ucuz başa gəlməyəcək - istər iqtisadi, istərsə də siyasi mənada. İstənilən halda, Avropa Parlamentinə mayda keçiriləcək seçki Brüsselin "qaz müharibəsi"ndəki istək və imkanlarına dəyişikliklər edə bilər.



MƏSLƏHƏT GÖR:

543