30 Aprel 2024

Çərşənbə axşamı, 08:15

CƏNUBİ QAFQAZDA PAX RUSSICA?

"HANSISA MƏRHƏLƏDƏ, MOSKVANIN HAMIYA ÖZÜNÜN İSTƏDİYİ SÜLHÜ QƏBUL ETDİRMƏYƏ CƏHD GÖSTƏRƏCƏYİNİ İSTİSNA ETMİRƏM"Suallarımızı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın məsləhətçisi, hazırda Miçiqan Universitetinin professoru olan Jerar LİBA

Müəllif:

13.03.2013

-Məlum olduğu kimi, Barak Obamanın birinci prezidentlik dövründə Cənubi Qafqaz Amerikanın xarici siyasətində diqqət mərkəzində olmadı. Obamanın yenidən dövlət başçısı seçilməsi və onun komandasının yenilənməsindən sonra, ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasətində hansısa dəyişiklik gözləmək olarmı?

 - Fikrinizlə tam razılaşa bilmərəm. ABŞ Cənubi Qafqaza daim maraq göstərib. Dövlət katibinin region ölkələrinə səfəri də bunun göstəricisi idi. Amma bu marağın intensivliyində bir qədər azalma müşahidə olunurdu. ABŞ xarici siyasət və təhlükəsizlik məsələsinə  yenidən baxır və hazırda bu istiqamətdə ciddi proseslər yaşanır. Məqsəd əsas oyunçulardan birinə çevrilməkdir. Lakin Vaşinqton etiraf etməsə və ya etmək istəməsə belə, iqtisadi problemlər içərisindəki Birləşmiş Ştatlar artıq diplomatik və siyasi mənada fövqəldövlət deyil. O, indi yalnız hərbi sahədə fövqəldövlət olaraq qalır. Bununla yanaşı, hərbi gücdən istifadədə də məhdudiyyətlər var. Bu vəziyyət heç də təəccüblü deyil. Belə durumun yaranacağı hələ 1990-cı ilin ortalarında proqnozlaşdırılmışdı. Bu mövzu ilə maraqlananlara Zbiqnev Bjezinskinin 1998-ci ildə dərc edilmiş "Böyük şahmat lövhəsi" kitabını oxumağı məsləhət görürəm. Orada bildirilirdi ki, ABŞ-ın fövqəldövlət  qismində  dünyanı öz istədiyi kimi "qurmaq" üçün bir pəncərə imkanı var.

Mən Obamanın ilk administrasiyasının Cənubi Qafqaza intensiv maraq göstərməməsini Vaşinqtonun SSRİ-nin dağılmasından bir müddət sonrakı üstünlüyünü qoruyub-saxlaya bilməməsi  ilə əlaqələndirirəm.

Hətta fövqəldövlət olduqda belə, eyni vaxtda çoxlu sayda müharibə aparmaq mümkün deyil. Nə qədər çox sayda müharibəyə girirsinizsə, onların effekti bir o qədər azalır.

- ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, prezident Obama Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində heç zaman Rusiyanın sabiq prezidenti Medvedev qədər fəal olmayacaq. Bu fikirlə razısınızmı?

- Brayza haqlıdır. Amma bu, Cənubi Qafqazın Obama üçün əhəmiyyətsiz olması ilə bağlı deyil. Artıq qeyd etdiyim kimi, söhbət dünyəvi məsələlərdə yenidənqurmadan gedir. Obama ABŞ-ın xarici siyasətində Cənubi Qafqazdan dəfələrlə vacib olan Fələstin-İsrail münaqişəsində də  ciddi fəallıq nümayiş etdirməyib. Vaşinqton fəallığını azaltmalı olub. ABŞ əvvəlkitək, harada mümkündürsə, orada öz nüfuzunu artırmaq yollarını arayır. ABŞ-ın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan Gürcüstanda baş verənlərə nəzər salsaq, Amerikanın xarici siyasətində bir çox məsələlərdə ruh yüksəkliyinin olmadığını anlamaq olar.

- Yeri gəlmişkən, eks-prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki şəxsi fəallığı haqda danışaq. Göründüyü kimi, Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa əlaqələrin təşkili istiqamətində sələfinin siyasətini davam etdirmir. Bu, artıq Qarabağ probleminin həllinin Moskvanın prioritetləri siyahısında olmadığı anlamına gəlirmi? Yaxın aylarda bu məsələdə Rusiyanın vasitəçiliyindən nə gözləyə bilərik?

- Hesab etmirəm ki, Rusiyanın iki son prezidentindən hər hansı biri digərinin qəbul etmədiyi siyasəti yürüdüb. Bu siyasətin daşıyıcısı Putindir. Onlar arasında əsas fərq üslubdadır.

Qarşıdakı aylarda da eyni şeyi gözləmək olar. Yəni, real nəticə gözləntisi son dərəcə az və ya ümumiyyətlə yoxdur. Bu, qısamüddətli perspektivə aiddir. Bundan başqa, hansısa anda, Rusiya ehtiyac duyarsa, Moskvadan hərbi əməliyyatlarla və ya onlarsız Pax Russica ("russ sülhü") qurmaq cəhdini gözləyirəm. Təəssüf ki, münaqişə tərəfləri problemin həllindən uzaqlaşır, ən yaxşı, amma eyni zamanda da, ən çətin variant olan birbaşa danışıqlardan uzaq düşür.

- Başqa və nisbətən yeni regional oyunçu - Avropa İttifaqı necə? Brüssel nizamlama prosesinə "yeni nəfəs" gətirə bilərmi?

- Avropa İttifaqının başı özünün sağ qalmasına elə qarışıb ki, onun Cənubi Qafqazda ciddi dəyişikliyə hansı vasitələrlə nail ola biləcəyini təsəvvür etmirəm. Fransa Malidə təkbaşına əməliyyat aparır, Böyük Britaniya Aİ-ni tərk etmək haqda düşünür, İtaliya da keçirilən seçkidə komik qələbə qazanır. Fransa ilə Almaniyanın münasibətlərində isə əvvəlki harmoniya haqda danışmaq olmaz. Almaniyada hesab edirlər ki, Aİ-dəki iqtisadi böhranın bütün yükü məhz Berlinin çiyinlərinə düşür, müvafiq olaraq o, qalan bütün ölkələrə faciəvi sərt iqtisadiyyat siyasətini qəbul etdirə bilər.

Davam edəkmi? Etiraf etmək lazımdır ki, hazırda Aİ çəkisi olan oyunçu deyil.

 - Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması perspektivi  ilə bağlı da fikrinizi bilmək istərdik. Ermənistan prezidenti Serj Sarqsyan seçkiqabağı kampaniyası zamanı Ankaranı Türkiyə-Ermənistan protokollarının ləğvi  ilə hədələdi, Ankaranın hər hansı addımlar atmayacağı təqdirdə İrəvanın buna gedə biləcəyini söylədi. Ermənistan prezidenti həqiqətən bu addımı ata bilərmi və bilərsə, bu, hansı nəticələrə aparıb çıxarar?

- Ermənistan prezidenti həqiqətən də protokollardan imzasını geri çəkə bilər. Onun üçün bu qərarın heç bir siyasi fəsadı olmayacaq. Sarqsyan imzasını geri çəkməsi haqda danışa bilər. Amma Ankara Sarqsyana alternativ yol qoymayan addım atmasa, o, çətin ki, buna getsin.

Düşünürəm, protokollardan imzanın geri çəkilməsi vəziyyəti hazırkından xeyli ağırlaşdırar.

Bu, protokolların ləğv edilməli olduğu anlamına gəlmir. Şəxsən düşünmürəm ki, həmin protokollardakı ifadələr, diplomatik baxımdan, ən uğurlu ifadələrdir. Təəssüf ki, bəzi səbəblərdən sənədi imzalayan tərəflər və vasitəçilər tarixən mövcud olan emosional, siyasi, tarixi məsələlərə dair çox asan və rahat cavablar, ifadələr axtarmaqla məşğul olublar. Mən hesab etmirəm ki, hazırkı şəraitdə bu, protokolların mümkün variantları arasında ən yaxşısı idi. Bu prosesin başlanılması üçün daha əlverişli şəraitin yaradılması vacib idi. Qədim və ağrılı məsələlərin kompleksini aradan qaldırmaq üçün daha yaxşı şans verilməli idi. Bəlkə də belə şans hələ də qalmaqdadır.


MƏSLƏHƏT GÖR:

512