21 May 2024

Çərşənbə axşamı, 20:29

SONUNCU XƏBƏRDARLIQ

Prezident İlham Əliyev Bakıda ağacların qanunsuz kəsilməsinə son qoyulmasını tələb etdi

Müəllif:

22.04.2014

"Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir". Azərbaycan Prezidenti İlham Əliyev hökumətin son iclasında Bakıda ağacların qanunsuz kəsilməsinə münasibətini, məhz, belə ifadə edib. "Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağacların kəsilməsi tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər", - deyə dövlət başçısı bildirib. O, məsələyə indiyədək dəfələrlə toxunduğunu da məmurlara xatırladıb.

İlham Əliyev deyib ki, ötən illərlə müqayisədə indi yaşıllıqların qırılması sahəsində vəziyyət daha yaxşıdır. Bununla yanaşı, kampaniya çərçivəsində dövlət strukturları tərəfindən 10 milyondan artıq ağacın əkildiyini və bu  prosesin davam etdiyini də xatırladıb: "Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Onlar məsuliyyətə cəlb edilməlidir. Bu, mənim son xəbərdarlığımdır".

 

Ağacların  yerində

Prezidentin narahatlığı tamamilə başadüşüləndir. Bu yaxınlarda bəzi KİV-lərdə Bakının Mərkəzi Botanika Bağında qiymətli ağac növlərinin kəsilməsilə bağlı məlumatlar yer almışdı və bu, paytaxt ictimaiyyətinin hiddətinə səbəb olmuşdu. Xoşbəxtlikdən sonradan məlumatın yanlış olduğu üzə çıxdı. Bununla yanaşı, paytaxtın digər ərazilərində vaxtaşırı qanunsuz ağac kəsilməsi faktlarına rast gəlinir. Belə hallardan biri aprelin 11-nə keçən gecə Bakının Xətai rayonunda, Məzahir Rüstəmov 21 ünvanında yerləşən istirahət parkında yaşanıb. Əvvəllər həmin ərazidə rayon icra hakimiyyəti tərəfindən parkın abadlaşdırılması işləri aparılmış, o cümlədən parkda küknar şitilləri əkilmişdi. Bu işlər sakinləri razı salmışdı. Amma bir neçə gün sonra parkdakı nəinki yaşlı, hətta yeni əkilmiş ağacların da yox olması onların təəccübünə səbəb olub. Sakinlərin müvafiq strukturlara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətindən sonra onlara ağacların qanunsuz kəsildiyini  bildiriblər. İcra hakimiyyətindən isə sakinlər anlaşılan cavab ala bilməyiblər. Amma məlum olduğu kimi, xəbəri gizli saxlamaq asan deyil. Sakinlər müəyyənləşdiriblər ki, ərazi hansısa obyektin tikintisi üçün alınıb. "Bəs, indi bizim uşaqlarımız harada oynayacaqlar? Burada tikinti işlərinə başlanılacaqsa, sakinlər harada dincələcəklər?", - deyə yerli sakinlər sual edirlər. Hiddətlənmiş insanlar parkın 70-ci illərdə Heydər Əliyev tərəfindən salındığını, onun təməli qoyulan zaman şəxsən Heydər Əliyevin ilk ağacı parka əkdiyini bildirirlər. "Buralar, sanki, meşə idi. Bu gün ağacların əksəriyyəti kəsilib, ərazinin yeni "sahibləri" isə buranı aldıqlarını, odur ki, ərazidən istədikləri kimi istifadə haqqına malik olduqlarını söyləyirlər", - deyə sakinlər bildirir.

Bu yaxınlarda qanunsuz ağac kəsilməsi faktı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində də qeydə alınıb. Bu əməllər sağlam düşünə bilən insanların məntiqinə heç cür uyğun gəlmir. Maraqlısı odur ki, vətəndaşların ağacları xilas etmək cəhdləri ciddi israr göstərmədikləri halda, əksərən nəticəsiz qalır. Artıq ağacları kəsmiş nuvorişlərin ərazidə obyekt tikməsinə sakinlərin imkan verməməsi hallarına rast gəlinir. Belə hallardan biri də Nizami rayonunda yerləşən Qara Qarayev prospektində baş verib. Ağacların kəsilməsinə, ərazinin "işğalına" qarşı keçirilən bir neçə aksiyadan sonra gələcək tikinti üçün qazılmış özül yeri belə, doldurulub. Bu işdə sakinlərin aksiyasına ölkənin birinci xanımı Mehriban Əliyevadan da dəstək gəlib. O, qanunsuzluqdan yerli sakinlərin Heydər Əliyev Fonduna müraciətindən sonra xəbər tutub. İndi həmin özülün yerində yenidən gül-çiçəkli bağ salınıb.

Sakinlərin öz həyətlərini xilas edə bildiyi daha bir fakt haqda "R+" jurnalına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, ekoloq, pensiyaçı Nəcəf Hüseynov danışıb: "Bir neçə il əvvəl nuvorişlər düz bizim həyətimizdə klinika tikmək istəyirdilər. Onlar əraziyə az qala polis dəstəsilə gəlmişdilər. Amma biz ağaclarımızı qoruya bildik. İndi mən təqaüdçüyəm. Onda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışırdım. Nazirliyə, daha sonra isə icra hakimiyyətinə və Heydər Əliyev Fonduna ard-arda məktublar yazdım. Gələcək tikinti ərazisinin ətrafına çəkilmiş hasar dərhal söküldü. Amma heç də bütün sakinlər belə dirəniş göstərmirlər. Nəticədə, bu gün Bakıda çoxlu sayda ağaclar, o cümlədən qiymətli növdən olan ağaclar kəsilir. Qanunsuz ağac kəsilməsi halı ilə qarşılaşan hər kəsi buna biganə qalmamağa, şəhərdə münbit ekoloji vəziyyətə sahib olma haqqını qorumağa, nuvorişlərin arxasında kimlərin durmasından asılı olmayaraq, belə faktlarla bağlı hökumətə müraciət etməyə  çağırıram".

Nəcəf Hüseynov ağacların həyat mənbəyi olduğunu xatırladır: "Elə şəhərlər, ölkələr var ki, orada ağaca qızıl qiyməti verirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində bu yaxınlarda ölkənin hər bir ağacına nadir rəqəmsal kod verilməsi haqqında qərar qəbul olunur. Belə lövhəciyin olması həmin ağacın dövlət tərəfindən qorunduğunu göstərəcək və ona xüsusi hüquqi status qazandıracaq. Bununla da, həmin ağaca zərər vermək, onu kəsmək, yerini dəyişmək qadağan olunacaq. Bu tələbləri pozan şəxsləri 300 dollardan 13 min dollaradək cərimə gözləyir".

Ekoloq Azərbaycanda belə qanunların olmamasından təəssüflənir: "Amma bir çox inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyimizə ehtiyac var. Bu, heç olmasa, əlimizdə olanın qayğısına qalmaq, onu qorumaq üçün lazımdır". N.Hüseynov hesab edir ki, ağacların qanunsuz kəsilməsinə görə tətbiq olunan hazırkı cərimələr rəmzi xarakter daşıyır və qanunu pozanlar üçün tikəcəyi obyektdən götürəcəyi gəliri itirməkdənsə, ağacları kəsməyə görə cərimə ödəmək daha sərfəlidir.

Qeyd etmək lazımdır ki, bəzən məmurların əməlləri hökumətin ölkənin yaşıllaşdırılmasına yönəlmiş siyasətilə ziddiyyət təşkil edir. Yalnız 2012-ci ildə dövlət başçısının sərəncamı ilə Bakının yaşıllaşdırılması üçün 2 milyon manat ayrılıb.

"Dövlət strukturlarının, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və icra hakimiyyətinin belə şəxslərə tətbiq edə biləcəyi yeganə sanksiya cərimədir. Onun məbləği kəsilmiş ağacın növündən, diametrindən, eyni zamanda qanun pozuntusunun fiziki, yoxsa hüquqi şəxs tərəfindən həyata keçirilməsindən asılı olaraq dəyişir", - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin müdafiəsinin və qorunmasının təşkili departamentini təmsil edən adının açıqlanmasını istəməyən meşəbəyi "R+"a açıqlamasında bildirib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz kəsilməsi faktının qarşısını alır və qanunu pozanları cərimələyir: "Müvafiq orqanlar bu sahəyə ciddi nəzarət edir. Doğrudur, bəzən ağaclar gecə saatlarında kəsilir. Ağacların kəsilməsi strateji dövlət obyektlərinin tikintisilə bağlıdırsa, bu halda başqa yerdə cavan ağaclar əkilir. Beləliklə, paytaxtın yaşıllıq massivində balans qorunur. Bəzi hallarda isə ağacların yeri dəyişdirilir".

Martın əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyini  Mirəli Seyidov, 14 ünvanında yaşayan sakinlərin ərazidə çoxillik ağacların kəsilməsilə bağlı şikayəti əsasında cərimələyib. Şikayət əsasında əraziyə baxış keçirilən zaman gecə saatlarında diametri 38-40 santimetr olan onlarla şam ağacının kəsildiyi məlum olub: "Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Resurslar Departamentinin əməkdaşları faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsilə protokol tərtib ediblər. Nəticədə,  Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində cərimələnib. Eyni zamanda quruma yeni yaşıllaşdırmanın  həyata keçirilməsi və ona qulluq edilməsi tapşırılıb. Müvafiq müraciət Yasamal Rayon İcra Hakimiyyətinə də ünvanlanıb".

Məlum olub ki, torpaq sahəsinin bina tikintisi üçün ayrılması zamanı icra hakimiyyəti qərarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmadan verib. Bununla yanaşı, qurum inşaat və abadlıq işlərinin aparılması qərarını da Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmayıb. Bu işə başlanıldığı zaman əvvəlcə hansı ağacların sağlam olduğu, hansıların inkişafdan qaldığı müəyyənləşdirilməli, sağlam ağacların yeri dəyişdirilməli idi. Bu prosedura əməl olunsaydı, bu hal yaşanmazdı. Bununla yanaşı, nazirlikdən etiraf edirlər ki, qurumun müvafiq strukturlarının apardığı monitorinqlər ağacların qanunsuz kəsilməsi hallarının tez-tez baş verdiyini, bunun da yaşıllıqların məhvinə apardığını göstərir və baş verənlər əhalinin haqlı narazılığına səbəb olur.

Bununla yanaşı, bu gün dövlətin Bakının yaşıllaşdırılması üçün ayırdığı vəsaitlərdən qeyri-effektiv istifadə də müşahidə olunur. Nəticədə, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti şəhərin simasını dəyişir: hara baxsan solmuş ekzotik ağac növləri - palmalar və evonimuslar. "Bu ağacları trestin əməkdaşları Dubaydan, İrandan və digər isti ölkələrdən gətirirlər. Bəzi palma növlərini isə əməkdaşlar öz şitilliklərində yetişdirirlər", - deyə qurumun nümayəndəsi Oqtay Heydərov bildirib.

Müstəqil ekoloqlar Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyini məsələyə qeyri-peşəkarcasına yanaşmada günahlandırır. "Bu struktur praktiki olaraq, pərakəndə haldadır. Onlar şəhərə dekorativ ağaclardansa, çinar, qovaq, Eldar şamı, Qafqaz tozağacı əksələr, daha yaxşı olar. "Estetik" və dekorativ tinglər Abşeronun daşlı torpaqları üçün deyil. Onlara ciddi qulluq lazımdır. Bundan başqa, palmalar, evonimuslar şəhərin ekoloji problemlərini həll etmək,  atmosferi zəhərli elementlərdən təmizləmək, tozu və səsi udmaq iqtidarında deyil", - deyə Milli Ekoloji Proqnozlaşdırılma Mərkəzinin sədri Telman Zeynalov bildirir.

 

Ağac nədir? 

İndisə orta məktəbdə öyrəndiyimiz kimi, barmaq hesabı ilə izah edirik. Ağac nədir? BMT-nin saytında yazılıb ki, "ağaclar istidə bizə kölgə verir, meyvə gətirir, gözəllik verir. Ekoloji nöqteyi-nəzərdən onlar daha vacibdirlər: ağacların havaya buraxdığı oksigen atmosferi təmizləyir, hərarəti aşağı salır, havanı daha rütubətli hala gətirir. Torpağı möhkəmləndirir, torpaqüstü axmaya imkan vermir, torpağın erroziyasını azaldır, uçqunların qarşısını alır, səhralaşmanın nəticələrini yüngülləşdirir, sahil zonalarını qoruyur və qum təpələrini sabitləşdirir. Quşlar üçün, şəhər və vəhşi təbiətin digər canlıları üçün ağaclar yaşamaq, qidalanmaq baxımından vacibdir. Ağaclar faktiki olaraq, bir çox təbii sistemin əsasını təşkil edir. Meşələr, şəhərlərdəki meşəsalmalar quruda biomüxtəlifliyin ən vacib anbarıdır. Onlar bütün məlum növlərin 90%-i üçün anbar rolu oynayır.

Ağaclar karbon qazını udur: BMT-nin Ətraf mühit proqramının qiymətləndirməsinə görə, dünyadakı meşələr 283 giqaton karbon saxlayır. Meşələrdə, ölmüş ağaclarda, zibildə və torpaqda bu, atmosferdəkindən, təxminən, 50% artıqdır. Hər il atmosferdə karbonun miqdarının artmasının əsas səbəbi, məhz, dünyada meşələrin məhv olmasıdır. Bu, atmosferdə karbonun artmasının səbəbi kimi nəqliyyat sektorundan daha öndədir. Meşələrin məhvinin qarşısının alınması tullantıların azaldılmasının ən effektiv yoludur. Ağacların kəsilməsi səhralaşmaya, havaya istixana qazlarının yayılmasına, iqlim dəyişikliklərinə səbəb olur.

Görün,  kiminsə kommersiya maraqları üzündən ağacların kəsilməsi şəhərimizdə nələrə yol açır. Bakı gözəl mənzərədən, kölgədən, təmiz havadan, yayın bərk istisi zamanı sərinliklərdən, karbon qazının yaşıllıqlar tərəfindən udulmasından məhrum olur. Şəhər xüsusi ekoiqlimini itirir.  Əgər əvvəllər biz ağacların kəsilməsini absurd sayıb, buna inanmırdıqsa, bu gün bununla barışmağa başlayır, ürəyimizdə ağrı keçiririk. Amma hələ gec deyil və bu halların qarşısını ala bilərik. Və bu məsələdə qəti vətəndaşlıq mövqeyi çox böyük rol oynaya bilər.



MƏSLƏHƏT GÖR:

521