22 May 2024

Çərşənbə, 03:04

MARAQLAR ÜST-ÜSTƏ DÜŞƏNDƏ

Avropa üçün enerji təhlükəsizliyinin təmini baxımından ən real variant Azərbaycandır

Müəllif:

22.04.2014

Ukraynada baş verən hadisələr fonunda Qərb və Rusiya münasibətlərinin daha da pisləşməsi, yeni "qaz müharibəsi"nin başlama qorxusu yaradır. İlk addımı kimin atacağı da önəmli deyil - Rusiyaya qarşı yeni sanksiyalar vədi verən Brüssel və Vaşinqton, qazın hər min kubmetrinin 500 dollara endirilməyənədək, Rusiyaya qaza olan 2,2 mlrd. dollar borcunu qaytarmaq niyyətində olmayan Kiyev və ya Ukrayna iqtisadiyyatına bundan sonra subsidiya verilməsinin mümkün olmadığını bəyan edən Moskva.  Əsas nəticə - rəsmi şəxslərin məlumatlarına görə, Avropa bu dəfə qaz təminatı mənbələrinin şaxələndirilməsinə qətiyyətlə nail olmaq fikrindədir. Halbuki bunu xeyli əvvəl də etmək mümkün idi. 

"R+"un artıq yazdığı kimi, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirib ki, təşəbbüskarı Rusiya olduğu "Cənub axını" qaz kəməri Avropa üçün siyasi prioritet deyil. Çünki tədarükçü əvvəlki kimi - "Qazprom"dur. Bu şərtlərdə Avropa üçün prioritet İtaliyadan keçməklə Azərbaycandan gələn qazboru layihəsi ola bilər.

Vaxtı ikən AB "Nabucco" layihəsinin verilən irimiqyaslı dəstəyi, o cümlədən maliyyə yardımını ləngidərək,  nəticədə, öz bazarında qazın  alternativ mənbələrinin yaranmasını bir neçə ilə təxirə saldı. ABŞ-dan qazın nəqlinə həvəssiz icazə verən Vaşinqton da, hazırda Avropaya ancaq vədlərlə yardım edə bilir. Halbuki, ABŞ 2013-cü ildə Rusiyanı ötərək, qaz hasilatının həcminə görə dünyada birinci yerə çıxıb - belə ki, həmin vaxt qaz hasilatı 670 mlrd. kubmetrə qarşı, təxminən, 690 mlrd. kubmetr təşkil edib. Lakin ABŞ-dan qaz ixracı Rusiyadan ixrac edilən 190 mlrd. kubmetr qaza qarşı cəmi 45 mlrd. kubmetr təşkil edib. Bununla əlaqədar, Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Avropanı bütünlüklə qazla təmin etmək vədi 2020-ci ildən tez reallaşa bilməz. Çünki nəinki Amerikanın özündə qaz hasilatı artırmaq lazım gələcək, həm də maye qazın göndərilməsi və qəbulu üçün terminallar, o cümlədən iri qazdaşıyan donanma tikilməlidir. Yeri gəlmişkən, ABŞ-dan nəql edilən qaz heç də ucuz olmayacaq - hazırkı qiymətlərlə Amerika qazı Avropaya Rusiyanın "mavi qazı"ndan 50% baha başa gələcək. Hərçənd qiymət amili - olduqca dəyişən vahiddir. Belə ki, yeni texnologiyalar istər hasil edilən qazın, istərsə də maye şəklində qazın nəqlinin maya dəyərini aşağı sala bilər. 

Bu şərtlərdə Avropa üçün qaz tədarükünün şəxalənməsinin əsas mənbəyi Xəzər regionu ola bilər. "Lukoil"ın İdarə Heyətinin sədri Valeri Qrayferin sözlərinə görə, Xəzər dənizində qazın hasilatı 2020-2024-cü illərə qədər 270 mlrd. kubmetrə çata bilər. Təbii ki, qazın hamısı Avropaya nəql edilməyəcək, belə ki, məsələn, Qazaxıstan və Türkmənistan daha çox şərq istiqamətinə - Çinin sürətlə artan bazarına üstünlük verirlər. Amma AB-nin böyük meyilliliyi, üzərinə risklər götürmək, maliyyələşmədə yardım etməklə, Trans-Xəzər qaz boru kəmərinin reallaşdırılmasını sürətləndirə və Avropa bazarlarına "mavi yanacaq"ı Xəzərin şərq sahillərindən cəlb edə bilərdi. Lakin hələlik əsas Avropa üçün diversifikasiyanın daha real variantı Azərbaycan hesab olunur.  

AB "Nabucco" layihəsinin (nəticədə, layihə ən yaxşı zaman üçün rəfdə qaldı) dəstəklənməsinə dair mümkün yollar haqda uzun müddət düşünərkən, Azərbaycan Trans-Anadolu qaz boru kəməri layihəsinə (TANAP) özü təşəbbüs göstərdi. Bu boru kəməri Azərbaycan qazını Türkiyənin şərqindən qərbinə, Yunanıstan sərhədinə çatdıracaq. Daha sonra qaz Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya və şaxələnərək Bolqarıstana gedəcək.  

Yeri gəlmişkən, tamamilə Rusiya qazından asılı olan Bolqarıstan üçün qarşıdakı 2019-cu ildən etibarən Azərbaycan "mavi yanacaq"ının tədarükü son dərəcə önəmlidir.  

"2013-cü ilin sentyabrında imzalanan müqaviləyə görə, Azərbaycandan 1 mlrd. kubmetr qaz Yunanıstan ilə interkonnektor vasitəsilə daxil olacaq. Qaz kəmərinin texniki layihəsi bu il hazır olmalıdır. Aprelin sonundan layihənin maliyyələşdirilməsi məsələsini həll etməyə başlayacağıq. Layihədə iştirak etmək üçün bir neçə bank ilkin olaraq öz təkliflərini verib. Gələn il interkonnektorun bilvasitə tikintisi başlayacaq", - deyə Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynev azərbaycanlı həmkarı Natiq Əliyevlə keçirilən danışıqların nəticələri üzrə açıqlama verərkən bildirib.  

Bu layihə rəsmi Bakı üçün də son dərəcə önəmlidir. Paytaxtda əmindirlər ki, cəsarətli enerji siyasəti yürüdülməsə idi, bu layihə heç vaxt reallaşmazdı. "Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər təşəbbüskarı olduğumuz bütün enerji layihələrində biz uğur qazanmışıq", - deyə Prezident İ. Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş geniş iclasında bildirib. 

Hərçənd Türkiyənin "Doğal Gaz İletim A.Ş." şirkətinin icraçı direktoru Saltuk Düzyolun bu yaxınlarda TANAP-ın tikintisinin "Türkiyə ilə bəzi anlaşılmazlıq üzündən" təxirə salındığına dair açıqlaması, ekspertləri bir qədər şoka salmışdı. 

Axı, bu bəyanatla birgə Azərbaycan Dövlət Neft Fondunun 2014-cü il üzrə xərclərinin azaldılması başlanılıb və elə ixtisara da TANAP-ın tikintisinə 800 mln.  dollar həcmində xərc bəndi üzrə azalması daxil edilib.

Hələ bir neçə həftə bundan əvvəl Prezident İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan səmimi şəkildə TANAP layihəsinin tezliklə reallaşdırılmasından danışdıqları halda, hansı problemlər ola bilərdi ki?

"Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə, Türkiyə sərmayələri Azərbaycana yatırılır. Bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində, təqribən, 20 mlrd. dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına yatırılacaqdır. Bu da bizim xaricə yatırdığımız ən böyük sərmayədir", - deyə İ. Əliyev R.T.Ərdoğanla Bakıda 4 aprel tarixində baş tutan görüş zamanı bildirib. 

Türkiyə də TANAP boru kəmərinin tezliklə tikilməsini hədəfə alıb. "Nazirlər Kabinetinin qərarı ilə hazırda rəsmiləşdirmə prosesi başlamışdır. Bu prosesi davam etdirib başa çatdıra bilsək, hər halda bu ilin sonuna qədər kəmərin təməlini qoya bilərik. Bu məsələ ilə bağlı narahatlığımız yoxdur. Bizim əsas məqsədimiz odur ki, bir an əvvəl buldozerlər işləməyə başlasın və qısa müddətdə, inşaallah, TANAP marşrutu ortaya çıxsın. Təbii ki, bunlar layihə və plan şəklində vardır. Amma bu kanallar açılmağa başladığı andan etibarən, bütün borular orada göründüyü anda artıq dünya bunu çox yaxından izləyəcək", - deyə R.T.Ərdoğan qeyd edib. 

Ona görə qeyd etmək lazımdır ki, TANAP layihəsinin tikintisinin gecikməsinə dair məlumatlar yalandır.  ARDNF-in xərclərinin, xüsusən də Azərbaycanın TANAP layihəsində maliyyə payının azaldılması ancaq layihəyə uyğun olaraq planların düzəldilməsini nümayiş etdirir. Bu layihəyə görə, tikinti işləri 2014-cü ilin sonu 2015-ci ilin əvvəlində başlayacaq. 

"Layihənin reallaşdırılması qrafik üzrə həyata keçirilir. Aprelin sonunda yekun maliyyə qərarı həll olunacaq və biz onun müsbət-mənfi tərəflərinə qədər dəqiqliklə dəyərini biləcəyik. Geoloji işlər aparılıb, bütün marşrut boyu ərazi müəyyənləşdirilib, "Botas" şirkəti torpaqların alınma proseduruna başlayıb. Çatdırsaq, bu ilin sonuna layihənin təməlqoyma mərasimini keçirəcəyik", - deyə SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib. 

Onun sözlərinə görə, TANAP layihəsi üzrə əsas tikinti işlərinə 2015-ci ildə başlanılacaq. Hazırlıq işləri çərçivəsində TANAP layihəsi üçün müxtəlif diametrli polad boruların tədarükü və qazkompressor stansiyaların tikintisinə dair artıq tender keçirilir. Digər tərəfdən artıq "Cənub Qaz Dəhlizi" QSC-nin ilkin səhm emissiyası da qeydiyyata alınıb. QSC "Şahdəniz-2" layihələrinin səmərəli idarə edilməsini, Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinin gücünün artırılmasını, TANAP və TAP layihələrinin tikintisini təmin etməlidir. "Cənub Qaz Dəhlizi" QSC-nin hər birinin qiyməti 1 mln. dollar olan 100 adi adlı sənədsiz səhmi qeyiyyata alınıb və  nizamnamə kapitalı 100 mln. dollara çatıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i isə ARDNŞ-ə məxsusdur. 

TANAP layihəsinin miqyası, Azərbaycanın hazırda verə biləcəyi təminatdan daha çox həcmdə qaz ehtiyatına hesablanıb. Məlum olduğu kimi, bağlanmış müqavilələrə əsasən, Azərbaycan "Şahdəniz" yatağının Mərhələ-2 çərçivəsində 16 mlrd. kubmetr qaz tədarük edəcək. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə İtaliya, Yunanıstan və Bolqarıstana satılacaq. TANAP-dan ilkin mərhələdə 20 mlrd. kubmetr qaz nəql olunacaq. Bu həcm 32 mlrd. kubmetrə qədər artmaq imkanına malikdir. Bu da digər ölkələrin, xüsusən də İran və İraqın qazının nəqli üçün imkanlar açır. 

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Reza Nemətzadənin  Almaniyada nəşr olunan "Handelsblatt" qəzetinə müsahibəsində bildirdiyi kimi, İİR dünya qaz bazarında daha böyük rol oynamaq istəyir və Avropaya qaza olan tələbatını təmin etməyi təklif edir. Eyni zamanda M.R. Nemətzadə vurğulayıb ki, İran Rusiyaya rəqib olmaq istəmir: "Lakin məlum olduğu kimi, avropalıların qaza tələbatı get-gedə artır, buna görə biz bazarda öz payımızı almaq istəyirik". 

Prinsipcə, məhz, üçüncü tərəfin qazını nəql etmə imkanı ilə Türkiyə tərəfinin TANAP-da payını artırmaq istəyi ilə bağlıdır. Hazırda iştirakçı şirkətlərin payları aşağıdakı kimidir: SOCAR - 68%, BP -12%, Botas - 20%. "Lakin Türkiyə tərəfi payını daha 10% artırmaq istəyini bildirib. Hesab edirik ki, nəticədə, ARDNŞ-in TANAP-da payı 58%, BP-12%, Botas-30% təşkil edəcək. Layihənin reallaşdırılmasını hələlik bu heyətlə həyata keçirəcəyik", - deyə R. Abdullayev açıqlama verib. 

"TANAP - birgə layihəmizdir. Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir. Bu layihənin həyata keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynayıb. Bu layihənin həyata keçirilməsi nəticəsində bizim ölkələrimiz bir-birinə daha da sıx bağlı olacaq, siyasi və iqtisadi imkanlarımız böyük dərəcədə  artacaq. Biz çalışacağıq ki, bu layihəni vaxtında icra edək. Ümid edirəm ki, 2018-ci ildə biz bu layihənin açılışını əziz qardaşımla bərabər qeyd edəcəyik", - deyə Prezident İlham Əliyev R.T.Ərdoğanla keçirilən həmin görüşdə bildirib. 

Az qalıb.



MƏSLƏHƏT GÖR:

457